Azərbaycanda Sualtı arxeoloji qazıntılar
Azərbaycanda Sualtı arxeoloji qazıntılar —
1968-ci il avqust ayının 9-da Azərbaycan Tarixi Muzeyində Xəzər dənizinin Azərbaycan sahili abidələrinin tədqiqi məqsədilə Sualtı Arxeoloji qrup yaradıldı. Muzeyin elmi əməkdaşı, arxeoloq Viktor Kvaçidzenin rəhbərlik etdiyi qrup 1968–1987-ci illərdə Xəzərin Azərbaycan sahili boyunca və Plita Poqorelaya, Pavlov və Kür sualtı bankələrinin, eləcə də Bulla, Oblivnoy, Səngi Muğan, Böyük və Kiçikdaş adalarının, Pirsaat silsiləsinin, Abşeronun Amburan burnunun (köhnə Bilgəh), Gürgan, və s. Azərbaycan akvatoriyası sualtı abidələrinin tədqiqi üçün arxeoloji ekspedisiyalar təşkil etmişdir.
1970–75-ci illərdə Nord-Ost-Kultuk sahili rayonunda (Şirvan milli parkı) quruda və suda aparılan arxeoloji kəşfiyyat və axtarışlar nəticəsində indi şərti olaraq I Bəndovan adlanan orta əsr şəhərinin qalıqları tapılmışdır. I Bəndovan şəhər yerindən mənsubiyyət nişanlı saxsı lövhəciklər, şirli kaşılar, saxsı qablar, dar və genboğaz bardaqlar, habelə şirli çoxrəng və birrəng qab-qacaq fraqmentləri aşkar olunmuşdur. Heyvan və quşların təsvir edildiyi gözəl nimçə və kasalar, həndəsi və nəbati naxışların cazibəli ahəngi diqqəti cəlb edir. Bu qab-qacağın çoxu 800 ildən çox suyun altında qaldığından, balıqqulağılarla örtülmüş, dəniz suyundan hamarlanmış vəziyyətdə dənizin dibindən çıxarılmışdır. Saxsı məmulatının bişirildiyi sobaların qalıqları da suyun altında tapılıb qeydə alınmışdır.
XII–XIII əsrlərə aid edilən bu şirli saxsı qab-qacağın bəzi fraqmentləri üzərində fars dilində ərəb qrafikası ilə lirik şer parçaları, xoş arzu ifadələri yazılmışdır. Onlardan birində "Yusif Kasəkinin istehsalı" qeydi onu göstərir ki, artıq o vaxt belə emalatxanalarda ixtisas bölgüsü mövcud olmuşdur.