Səfiyyə Dibirova
Səfiyyə (Sofiya) Hacı qızı Dibirova (1933, Qullar, Balakən rayonu – 31 yanvar 2015, Balakən rayonu) — Azərbaycan dövlət və partiya xadimi, Azərbaycan Kommunist Partiyasının Qax (1970–1982), Vartaşen (1963–1970), Zaqatala (1962–1963), Balakən (1960–1962) rayon komitələrinin birinci katibi, Balakən Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri (1958–1960).
Səfiyyə Hacı qızı Dibirova 1933-cü ildə Balakən rayonunun Qullar kəndində kolxozçu ailəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Nuxa şəhərinə gəlmiş və buradakı müəllimlər institutuna daxil olmuşdur. 1954-cü ildə ədəbiyyət diplomu ilə doğulduğu kəndə qayıdaraq məktəbdə müəllimlik etmişdir.
Səfiyyə Dibirova 1954–1956-cı illərdə kənd məktəbində pioner baş dəstə rəhbəri, 1956–1957-ci illərdə Balakən rayon pionerlər evinin direktoru olmuşdur. 1957-ci ilin yanvar ayında o, Azərbaycan LKGİ Balakən Rayon Komitəsinin Pioner və məktəblilərlə iş şöbəsinin müdiri təyin olunmuşdur. İki aydan sonra isə Balakən Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədrinin müavini vəzifəsinə irəli çəkilmişdir.
1958-ci ilin iyun ayında Səfiyyə Dibirova Sovet İttifaqı Kommunist Partiyası üzvlüyünə qəbul edilmiş və eyni ildə Balakən Rayon ZDS İcraiyyə Komitəsinin sədri vəzifəsinə təyin olunmuşdur. Həmin illərdə vəzifələrdə çalışmaqla bərabər, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsinin qiyabi şöbəsində təhsil almışdır.
1960-cı ildə Səfiyyə Dibirova Azərbaycan Kommunist Partiyası Balakən Rayon Komitəsinin birinci katibi vəzifəsinə irəli çəkilmiş və bu vəzifədə iki il çalışmışdır.