Səyyad İbrahimov
Səyyad Cabbar oğlu İbrahimov (27 avqust 1936, Nuxa – 17 dekabr 2016, Bakı) — azərbaycanlı neftçi-alim, Azərbaycan neft sənayesinin nümayəndəsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin I vitse-prezidenti (1994–1997)., Azərbaycan SSR əməkdar mühəndisi (1991). Səyyad İbrahimov texnika elmləri namizədi alimlik dərəcəsini almış (1992), 20 elmi məqalənin və 17 ixtiranın müəllifi (istehsalat proseslərinin təkmilləşdirilməsi və səmərələşdirilməsi) olmuşdur.
Səyyad Cabbar oğlu İbrahimov 1936-cı ildə Şəki şəhərində ziyalı ailəsində anadan olmuşdur. Səyyad İbrahimov 1954-cü ildə orta məktəbi qızıl medalla bitirərək Azərbaycan Sənaye İnstitutunun neft-mexanika fakültəsinə daxil olur. 1959-cu ildə institutu fərqlənmə diplomu ilə bitirərək təyinatını Neft Daşlarına alır və həyatının növbəti 32 ilini bura həsr edir.
Əmək fəaliyyətinə Neft Daşlarından başlayan Səyyad İbrahimov 1959–1972-ci illərdə burada çilingər, mexanik, böyük mexanik, neft-qazçıxarma ustası, mədən müdrinin müavini, mədən müdiri, 1979–1980-ci illərdə Neft Daşları Neft Qaz Çıxarma İdarəsinin (NQÇİ) baş mühəndisi, 1980–1991-ci illərdə isə Neft Daşları NQÇİ-nin rəisi kimi çalışmışdır.
Səyyad İbrahimov Neft Daşlarının dünya miqyasında şöhrətlənməsində neft mütəxəssisi və istehsalat təşkilatçısı kimi xidmət göstərmişdir. Bəxtiyar Məmmədov, Bəhmən Hacıyev, Qurban Abbasov kimi şəxslərdən sonra Neft Daşlarına rəhbərlik etmişdir. Onun rəhbərlik etdiyi 11 il ərzində Neft Daşları neft sənayesinin öncülü olaraq qaldı. Belə ki, bu dövrdə:
mövcud 11 ədəd neftyığma məntəqəsi yeni üç iriləşdirilmiş neftyığma məntəqəsi ilə əvəz edilmiş,
iriləşdirilmiş separasiya qurğuları tikilmiş,
1 saylı sıxıcı kompressor stansiyası genişləndirilmiş,
yeni helikopter meydançası tikilmiş,
Neft Daşlarından sahilə — Dübəndi neftyığma məntəqəsinə iki sualtı neft kəməri çəkilmiş,
analoqu olmayan gücü 48 Mvt olan qaztrubinli elektrik stansiyasının tikilməsi və s.