Sabir Nuri Türkel
Nuriyev Sabir Ayyət oğlu (Sabir Nuri Türkel) (1938-2009) — azərbaycanlı şair, ədəbiyyat tədqiqatçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Sabir Nuri Türkel 1938-ci il iyulun 16-da Sabirabad rayonunun Qəzli kəndində, el xanəndəsi Ayyət Nuri oğlunun və dini təhsilli şamaxılı qızı Məşədi Ceyranxanımın ailəsində dünyaya gəlmişdir. Kiçik yaşlarında valideynlərini itirdiyindən qardaş himayəsində tərbiyə və təhsil almışdır. Orta məktəbi bitirdikdən sonra, 1954-cü ildə Bakı şəhərindəki 10 saylı texniki peşə məktəbinə qəbul olunmuşdur. Bu məktəbi bitirdikdən sonra, 1956-cı ildə Bakı Pedaqoji Sənaye Texnikumuna göndərilmiş, 1960-cı ildə isə bu texnikumu bitirərək inşaatçı-texnik ixtisasına yiyələnmişdir. 1961-1962-ci illərdə Bakının Sabunçu qəsəbəsindəki 6 saylı texniki peşə məktəbində tərbiyəçi-müəllim, 1970-1972-ci illərdə Sumqayıtda və Bakıda inşaat ustası və iş icraçısı, daha sonra Kolxozlararası Layihə İnstitutunda smetaçı-mühəndis vəzifələrində çalışmışdır. Lakin yazıb-yaratmağa, o cümlədən, mətbuata olan böyük həvəs onu müvafiq ali təhsil almaq məqsədilə Azərbaycan Dövlət Universitetinə gətirmiş və 1972-ci ildə bu universitetin filologiya fakültəsini bitirmişdir. Bununla yanaşı, o, Azərbaycan Jurnalistlər İttifaqı Jurnalist Sənətkarlığı İnstitutunu (1977) və Azərbaycan KP MK-nın Marksizm-Leninizm Universitetini (1991) də bitirməyə müvəffəq olmuşdur.
Ümumiyyətlə, Sabir Nuri Türkel ədəbiyyat aləminə ötən əsrin 50-ci illərində ilk qələm təcrübələri – şeirləri ilə qədəm qoymuşdur. İlk məqaləsi 1953-cü ilin fevralında "Azərbaycan gəncləri" qəzetində dərc olunmuşdur.