Vəfadar Eminov
Vəfadar Eminov (tam adı: Vəfadar Osman oğlu Eminov; 1 may 1966, Kirəç Muğanlı, Marneuli rayonu, Gürcüstan SSR, SSRİ – 23 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi.
== Həyatı ==
1966-cı il mayın 1-də Borçalı mahalının Kirəc-Muğanlı kəndində anadan olmuşdur. 1983-cü ildə doğulduğu Kirəc-Muğanlı kəndində məktəbi bitirmiş,, 1988-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olmuşdur. Universitetdə axşam şöbəsində oxuyur, 1 nömrəli tikiş fabrikində isə fəhlə işləyirdi.
== Qanlı Yanvar faciəsi ==
Yanvarın 23-də təxminən gündüz saat bir radələrində yolüstü Qədirli adına xəstəxanaya gedib, yaralı dostuna baş çəkib və yaralılara vurulmaq üçün qan vermişdir. Xəstəxanadan çıxıb «Olimp» mağazasına tərəf piyada düşərkən güllələnmişdir. Şahidlərin sözlərinə görə, onlar Vəfadara güllələnəcəyi yerdən keçməməyi desələr də, Vəfadar həmin yerdən keçməyə çalışmışdır.Vəfadarın sön sözü müxtəlif mənbələrdə müxtəlif cür qeyd edilsə də («Yaşamaq istəyirəm, sağalacağammı?», «Ölmək istəmirəm.», «Ölürəm, qoymayın.»), son sözü ilə ölmək istəmədiyini bildirmişdir. Lakin atılan güllə qaraciyərə dəymiş, nəticədə Vəfadar 4 litr qan itirmiş, 3 litr qan vurulsa da, aldığı xəsarətdən vəfat etmişdir.Həlak olandan sonra cibindən çıxan sənədlər bunlardır: tələbə bileti, qiymət kitabçası, cib dəsmalı, pencəyinin düyməsi, «Qarabağ» siqareti (maraqlıdır ki, o, siqaret çəkməyib), «Azadlıq» qəzetinin ikinci nömrəsi və 30 qəpik pul. Bunlardan ancaq «Azadlıq» qəzeti qana bulanmışdır.Şəhidlər xiyabanında dəfn olunmuşdur.
== Xatirəsi ==
Haqqında 1997-ci ildə Sədaqət Davud qızı tərəfindən «Ömrə bağışlanan ömür» kitabı çap edilmişdir.