Vətəndaş müharibəsi (İspaniya)
İspaniya vətəndaş müharibəsi (isp. Guerra Civil Española və ya Guerra de España) (17 iyul 1936 — 1 aprel 1939) – solçu siyasi qüvvələr (respublikaçılar, loyalistlər), digər tərəfdən isə general Fransisko Frankonun rəhbərlik etdiyi sağçı, millətçi, mühavizəkarlar arasında baş verən və sonda üsyançı qüvvələrin qələbəsi ilə sona çatan münaqişə. Nəticədə İspaniyada respublika quruluşu devrilmiş, İkinci İspaniya Respublikası sona çatmış və general Frankonun rəhbərlik etdiyi diktatura rejimi qurulmuşdur.
Milliyətçi general Frankoya Almaniya, İtaliya və Portuqaliya, respublikaçılara isə SSRİ, Meksika və ilk dövrlərdə Fransa hərbi, iqtisadi və siyasi dəstək verirdilər.
Respublikaçıların sıralarında mərkəzçilər, stalinistlər, sosialistlər, eyni zamanda çoxluq təşkil edən anarxist inqilabçılar yer alırdı. Onları əsasən Asturiya və Kataloniya kimi sənaye bölgələrinin əhalisi dəstəkləyirdi.
Millətçilərə monarxist-karlistlər, monarxist-alfonsistlər, falanqistlər, "CEDA" (La Confederación Española de Derechas Autónomas) partiyasının tərəfdarları, katolik və konservativ təşkilatların nümayəndələri daxil idilər. Katolik kilsəsi də onlara açıq dəstək göstərirdi. Respublika əleyhinə döyüşən ispanlar öz mübarizələrini anarxizm və allahsızlığa qarşı "səlib yürüşü" kimi qəbul edirdilər. Frankoya əsas dəstək verən bölgələr Navarra və Qalisiya əyalətləri, Burqos və Salamanka şəhərləri idi.