Voleybolçu
Voleybol — hərəsində 6 oyunçu olan iki komanda arasında topla oynanılan idman növü. 1964-cü ildən Yay Olimpiya Oyunlarının proqramındadır. Oyunun məqsədi topu tor üzərindən aşırıb rəqib komandanın meydançasında yerə dəyməsinə nail olmaq və bununla da xal qazanmaqdır. Populyarlıq kütləsinə görə komanda idman növlərində futbol və basketboldan geri qalsa da, bu gün voleybol həndbol, buz hokkeyi, reqbi kimi məşhur idman növlərindən daha çox audutoriyaya malikdir. Son dövrlər böyük mailiyyələr yatırılan voleybol ən çox pul qazandıran idman növlərinin top 10 siyahısına girə bilməmişdir.
== Tarixi ==
=== Yaranışı və dünyaya yayılması ===
Voleybol oyunu 1895-ci ildə ABŞ-də bədən tərbiyəsi müəllimi Uilyam Morqan tərəfindən yaradılıb. Uilyam Morqan bu oyunu "Mintonette" adlandırmışdı. İlk voleybol oyunu isə 7 iyul, 1895-cİ ildə təşkil olunub. YMCA (Sprinqfild Gənc Kişilər Xristian Birliyi) adlı dərnəyin üzvü olan Uilyam Mintonette oyununu gənclərin idmanla məşğul olması üçün irəlilətmiş, basketbol, beyzbol, tennis və həndbolun bəzi funksiyalarını bu oyunda bir araya gətirmişdir. Morqan toru tennisdən nümunə götürmüş və onun uzunluğunu hardasa 183 sm-ə qədər yüksəltmişdir ki, bu da orta insan boyunun bir qədər üzərində idi.