Fərhad və Şirin (Vəhşi)
Fərhad və Şirin — fars şairi Vəhşi Bafqinin Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasının təsiri ilə müstəqil olaraq yazdığı poemadır. Şair poemanı tamamlaya bilmədən dünyasını dəyişmişdir. Vəhşinin vəfatından təxminən 250 il sonra, Vüsal Şirazi təxəllüsü ilə yazan Mirzə Şəfi Şirazi həmin əsəri tamamlamağı öhdəsinə götürmüşdür. Lakin, əcəl ona da imkan verməmiş, poema yenə yarımçıq qalmışdır. Vüsalın vəfatından bir neçə il sonra, Sabir Şirazi təxəllüslü bir şair əsəri tamamlamağı öz öhdəsinə götürmüşdür. O, Vəhşi və Vüsalın əsərinə 608 misra artırmaqla əsəri başa çatdırmışdır.
Vəhşinin "Fərhad və Şirin" poeması yarımçıq olmasına baxmayaraq, Nizaminin "Xosrov və Şirin" poemasından sonra bu mövzuda yazılmış ən güclü əsər hesab edilir.
== Məzmunu ==
Vəhşi özü də zəhmətkeş ailəyə mənsub olduğundan, əsərini şahənşah Xosrov Pərvizə yox, zəhmətkeş Fərhada həsr etmişdir. Vəhşi də Nizami Gəncəvi kimi həyatın və kainatın əsas məqsədini eşqdə görmüş, eşqdən başqa hər şeyi etibarsız hesab etmişdir. O, eşq nemətindən məhrum olan bir insanı, dirilik suyu içib, əbədi yaşamaq hüququ qazanmış olsa da, mənəvi ölmüş hesab edir:
Şair, həqiqi eşq uğrunda yanıb kül olmağı belə, "vücudun həddi-kəmalə çatması" kimi qiymətləndirir.