Vəhdət Partiyası
Vəhdət Partiyası və ya qısaca VP ― Azərbaycanda 1994-cü ildə Hacı Cəbrayıl Əlizadə rəhbərliyində yaradılmış, 1998-ci ildən bu yana Tahir Kərimlinin sədrlik etdiyi siyasi partiya.
Partiyanın təsisçiləri sırasında Azərbaycan Xalq Cəbhəsinin təsisçilərindən və ilk Müvəqqəti Təşəbbüs Mərkəzinin üzvü Abdul Vahab Manafov, Azərbaycan Respublikası Ali Məhkəməsinin sabiq sədri Tahir Kərimli, Bakı və Kəndlər Birliyinin təsisçisi və ilk sədri Sabunçu Rayon İcra Hakimiyyətinin sabiq başçısı Hacı Cəbrayıl Əlizadə, Pənahi Makulunun oğlu professor Şəfiq Pənahi, Yasamal Rayon İcra Hakimiyyətinin sabiq başçısı Sahib Məmmədov kimi şəxslər olmuşdur. Partiyaya 1995–1998-ci illərdə Hacı Cəbrayıl Əlizadə sədrlik etmiş, 1998-ci ildən isə Tahir Kərimli sədrlik etməkdədir. Partiya sədrinin birinci müavini vəzifəsini isə 1995–1996-cı illərdə Sahib Məmmədov, 1998–2000-ci illərdə Yunus Oğuz, daha sonra isə Abdul Vahab Manafov icra etmişdir.
Partiyaya müxtəlif dövrlərdə dövlət qeydiyyatı olmayan Azərbaycan Müstəqil Demokratlar Partiyası kimi bir neçə partiya birləşmiş, 2000-ci ildə isə partiyadan ayrılanlar Milli Vəhdət Partiyasını təsis etmişdir. Partiya sıralarında Leyla Yunus və Yunus Oğuz kimi şəxslər də bir müddət fəaliyyət göstərmişdir.
Vəhdət Partiyası Azərbaycan Respublikasının Milli Məclisinin V və VI çağırışında 1 deputatla — partiya sədri Tahir Kərimli ilə təmsil olunmuş və dövlət büdcəsindən maliyyə yardımı almışdır.
Vəhdət Partiyası 2016–2021-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında Azərbaycan Sosial Demokrat Partiyası və Azərbaycan Sosial Rifah Partiyası ilə birgə vahid üzvlə — İlkin Zaur oğlu Şahbazovla təmsil olunmuşdur.
Vəhdət Partiyası 2006-cı ilədək radikal müxalifət, 2006-cı ildən isə konstruktiv müxalifət mövqeyində olmuşdur.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Vəhdət Partiyasının üzvlərinin 84%-i kişi, 16%-i isə qadın olmuşdur.