Cinnilər (Cin/çen) — erkən orta əsrlərdə indiki İrəvan və indiki Gürcüstan ərazisində yaşamış türkdilli və türkəsilli tayfalardan biri olmaqla yanaşı Azərbaycan türklərinin etnogenezində rol oynamış tayfa. Mənbələrin verdiyi məlumata görə, ilkin türk dövründən başlamış XVIII əsrə qədər Gürcüstan ərazisindən Şəmkirə qədər Kür boyunca Cinni tayfaları yaşamış, XVIII əsrin sonlarında isə gürcü kralının tabeliyindən çıxaraq kəngərlilərlə birlikdə Qarabağ mahalına köçmüşlər.[1]
Goranboy rayonunun Cinli-Boluslu (indiki adı Boluslu) və Cinli-Zeynallı kəndlərini cinni tayfaları salmışlar. Mirzə Adıgözəl Bəyin "Qarabağnamələr" əsəri olan bu tarixi sənəddə, cinni tayfaları Şuşa xanı Pənahəli xana sonadək sadiq və loyal mövqedə qalmış, dönük çıxmamış və döyüşkənlikləri ilə seçilmiş qəhrəman elat olmaqla qeyd olunmuşlar.
Güney Qafqazda cinnilər həm Ermənistan, həm də Gürcüstan ərazisində III–IV əsrdən məskunlaşıblar. Ermənistandakı Cinnilər IV əsrdən xristian dinini qəbul etmişdilər. VIII əsrə qədər ermənlərin qoşunlarının başçılarının hamısı cinni tayfasından idi. Cinnilərin əcdadı Mamiqun adlı başçının adı ilə ermənicə Mamikonian "Mamiqunlar" adını daşıyırdılar.[2] Gürcüstanda Kür çayının sahilində yaşayan cinnilər əvvəlcə xristian dinini qəbul etməmişdilər. Onların yaşadığı qala indi gürcü dilində Şamşvilde adlanır ki, bu da üç ox (gürcü dilində sami – üç, şvilde – ox) adının tərcüməsidir.
"Sisakan tarixi" əsərinin müəllifi, əslən türk cinni olan Stepan Orbelian (atasının adı Tarsancdır. Bu ad Xəzər sərkərdələrindən biri, Bizans mənbələrində adı çəkilən Tarmanc adı ilə müqayisə olunur) yazır ki, cinnilər III əsrdə Çin-Bakurun başçılığı ilə Dəryal (türkcə dar-darısqal və yal sözlərindən ibarət olan bu ad sonralar səhvən farsca Dar-alan – Alan qapısı kimi izah edilmişdir, halbuki heç bir mənbədə bu toponimin Daralan forması yoxdur) keçidi vasitəsiylə Şimaldan Gürcüstana gəlmiş və gürcü çarı onları hörmətlə qəbul edərək yerləşmələri üçün Orbeti (qartal yurdu) qalasını vermişdir. Cinnilərin hakim sülaləsi bu qalada yaşadığına görə Orbeli adlanırdı. Bu sülalə min ilə yaxın hakimiyyətdə olmuş və 1117-ci ildə süqut etmişdir. Gürcülərdə XIX əsrə qədər məşhur Orbeli knyaz nəsli də öz adını türk cinnilərdən almışdı. Erməni tarixçisi N. Q. Adons yazmışdı ki, XIX əsrin əvvəllərində Gürcüstanda knyaz Orbelianlar əcdadlarını cinnilərin arasında axtarırlar və Çin-Bakuru özlərinin ulu əcdadı hesab edirlər. Orbeli (Orbelian) xan nəsli 1117-ci ildə Gürcüstanda Lori qalasını tikdirmişdilər, lakin xristian ermənilər və gürcülər Orbelilərə qarşı mübarizə aparırdılar. Nəticədə bu xan nəslinn bir hissəsi qoşunu ilə Sisakana köçüb gəlmiş, xristian dinini qəbul etmiş, sonra da hakimiyyəti ələ almışdı. XIII əsrdə Sisakanın hakimi Stepan Orbelian idi. Onun 1290-cı ildə yazdığı "Sisakan nəslinin tarixindən" adlı əsəri qrabar dilində yazılmışdır. Bu da təbii idi. O vaxt Sisakanda (Sisakan kilsəsi Alban kilsəsinə tabe idi. Ərəb xəlifəsi isə Alban kilsəsini erməni kilsəsinə tabe etmişdi) kilsə artıq erməni kilsəsinə tabe idi və xristian Qafqaz albanları arasında da bütün yazı-pozu qrabar (qədim erməni) dilində aparılırdı. Xristian dininə qulluq edən Stepan Orbeliani də əsərini erməni dilində yazmalı idi[3].
Sisakanda sakların Sisak sülaləsi uzun müddət hakimiyyətdə olmuşdu. Zəngəzurda qədim qala və istehkamları da onlar tikdirmişdilər. Stepan Orbelian yazır ki, Yuxarı Qarabağda Dizak qalasını Sisak nəsli tikmişdir. Sisakların digər məşhur qalası Şəki qalası idi.
Sisakanın Qafqaz Albaniyasının tərkib hissəsi olması Stepan Orbelianın belə bir məlumatı ilə də təsdiq olunur ki, alban çarı Asuagen öz çar bayrağını Syuni yepiskopuna bağışlamışdı. Müəllif daha sonra yazır ki, sisaklar təkcə Syuninin yox, həm də alban çarlarının əcdadıdır, hətta onlara nisbətən daha qədimdir. Əsərinin V fəslində Stepan Orbelian yazır ki, Ermənistan əhalisindən əvvəl Syunilər dindar (yəni xristian) oldular.
Sisakların türk olduğun göstərən bir fakt da var. Alban tarixçisi Moisey Kalankatlı yazır ki, sisaklar Yafətin nəslinə mənsubdur. Yafət dedikdə müəllif türkləri nəzərdə tutur. Çünki, Yafətin oğlanlarının içərisində Qamer (kimmerlər), Maqoq (skiflər) və Madayların da adını çəkir[4]. V əsr ərmən tarixçisi Moisey Xorenli yazır ki, Syuni hakimləri erməni yox, Sisak sülaləsindəndir,[5] yəni saklardır.
Cinni coğrafi adına Azərbaycan ərazisində olmaqla yanaşı qonşu dövlətlərin ərazisində və digər yerlərdə təsadüf edilir. Bu tayfanın üzvləri tərəfindən salınmış yaşayış məntəqələri onların adı ilə Cinni adlandırılmışdır.
Naxçıvan ərazisində olan Cinlər toponim haqqında Q. Qeybullayev qeyd edir ki, Çin Türküstanından gələn türk etnoslarına "çinlilər" deyilmiş, bir zamandan sonra bu söz assimilyasiya olunaraq "Cinni" şəklinə düşmüşdür. Bu adın olması sübut edir ki, Çin Türküstanından bura türk etnosları zaman-zaman axıb gəlmişlər[6].
XVIII əsrin sonlarında Qazax mahalından Qarabağa köçmüş Cinni tayfasına mənsub ailələrin məskunlaşması nəticəsində yaranmış, Xaçınçayın sahilində, dağ ətəyində, Ağdam rayonunun Əlimədədli inzibati ərazi vahidində yerləşən etnotoponim Cinni yaşayış məntəqəsi.[7] Qədim erməni mənbələrində bu tayfanın adı çen kimi əksini tapmışdır. Bu həmin dildə "ç" səsinin olmaması, etnonimdəki "i" səsinin "e" səsi ilə əvəz edilnməsinin nəticəsidir; bunu həmin etnonimin qədim gürcü mənbələrində Cin kimi yazılması da təsdiq edir. Bu tayfanın dil mənsubiyyəti haqqında ermənitədqiqatçıları (Q. Sandalçian, Gevork Aslan və b.) çox yazmaqdan çəkinirlər, həm də bu tayfanın Cin ölkəsindən gəlmə, bəziləri isə etnik mənsubiyyətcə cinlilər olmasını sübut etməyə çalışırlar. Təəssüf ki, bu ehtimala bəzi Azərbaycan tədqiqatçıları da inanırlar (məsələn, Fəridə Məmmədova da bu fikirdədir). Əslində cinli Cin Türküstanından gələrək Ermənistanda III əsrdən yaşamağa başlamış qədim türk tayfalarından biridir. Onların türkdilli olmasını sübut edən iki fakt var: birincisi, tayfanın başçılarının – Mamiqun və Qonaq adlarının qədim türk mənşəli olması; Qeyd olunmalıdır ki, Mamiqun adının sonundakı "qun" komponenti türklərdə və monqollarda çarların və əmirlərin adlarında vardır. A. Bakıxanov yazır ki, III əsrdə Albaniyaya şimaldan basqın etmiş türkdilli basillərin çarının adı Katarqun idi.[8]
18-ci əsrdə Gürcüstandakı Bolus (gürcücə Bolnisi) bölgəsindən bu bölgəyə və Qarabağa köçmüş cinlilər tayfasının adı ilə bağlıdır. Yəni, toponim "Bolusdan / Bolnisidən gəlmiş cinlilər" mənasındadır. Kəndin əvvəlki adı Cinli Boluslu olmuş və 30 sentyabr 2011-ci ildə dəyişdirilərək Boluslu adlandırılmışdı. Monqol xanı Çingiz xanın bir sərkərdəsi Çurmaqun, onun oğlu isə Abuqun adlanırdı. Elxanilər (XIII – XIV əsrlər) sülaləsindən bir xaqanın adı Arqun idi. Qonaq adına gəldikdə bu, Konak, Kunak formalarında qədim türklərəd geniş yayılmış addır. Qara dənizin şimal sahillərində skiflərin bir çarı yunan mənbələrində Xunaxis (-is yunan dilində şəkilçidir) idi. Alban tarixçisi Musa Kalankatlı xəzərlərdə bir xaqanın adının Xonak olduğunu yazır. Volqaboyu bulqarlarda Konak, V əsrdə Cənubi Rusiya çöllərində yaşayan türkdilli avarlarda Kunak çarları məlumdur. Bu ad ya türk dillərindəki hunak "arxa", "dirək", ya da konak "gecələnən yer" sözlərindən birini əks etdirir. İkincisi, cinlilər Gürcüstanda da erkən orta əsrlərdə yaşayırdılar. Gürcü mənbələrində onlar aydın şəkildə "türk" adlandırılır. Erməni tarixçisi P. K. Patkanov açıq yazır ki, çenlər heç də çinli (Çin ölkəsinin köklü əhalisi) yox, türklər idilər. Onun fikrincə, bu tayfa Ermənistana Volqaboyundan gəlmişdir. Volqaboyunda isə Çin ölkəsindən çıxmış çinlilər ola bilməzdi. Bu zahiri oxşarlıqdır. Maraqlıdır ki, bəşər tarixində yalnız çinlilər bu və ya digər şəkildə heç vaxt qərbə tərəf miqrasiya etməmişlər. Hələ V əsr erməni müəllifi də cinlilərin "şimal-şərq ölkələrindən" gəldiyini yazmışdır. İkincisi, qədim gürcü mənbələrində göstərilir ki, Gürcüstana cinlilər Şimaldan Cin-Bakurun (qədim türk dillərində şəxs adlarının əvvəllində çin sözü "qüdrətli", " qüvvətli", "bərk" deməkdir) başçılığı ilə Dəryal keçidindən keçib gəlmişlər.[8]