İTSDA

İcbari Tibbi Sığorta üzrə Dövlət AgentliyiAzərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə
Yaradılma tarixi 27 dekabr 2007
Tabelik Azərbaycan Respublikası Prezidenti
Ünvan Bakı, Lev Tolstoy küçəsi 170, AZ1095
Rəhbərlik
Rəhbər Zaur Əliyev[1][2]
Birinci müavin Nigar Bayramova[3][4]
Rəsmi saytı its.gov.az

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 765 nömrəli Fərmanına[5] əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi adı altında fəaliyyətə başlamışdır. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli Fərmanı ilə onun əsasında "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" (bundan sonra – Agentlik) publik hüquqi şəxs yaradılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli Fərmanı ilə Agentliyin Nizamnaməsi[6] təsdiq edilmişdir. Fərmana əsasən Agentlik icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri icbari tibbi sığorta fondunda cəmləşdirən, icbari tibbi sığorta üzrə dövlət adından tibbi xidmətlərin mərkəzləşdirilmiş alıcısı funksiyasını həyata keçirən və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən qurumdur.

Agentlik tərəfindən icbari tibbi sığorta sisteminin tətbiqi pilot layihə olaraq 2017–2019-cu illər ərzində Mingəçevir və Yevlax şəhərlərində, Ağdaş rayonunda həyata keçirilmişdir. Pilot layihənin həyata keçirilməsi bu sahədə mümkün problemlərin aşkarlanmasına, səmərəli həll yollarının tapılmasına və təcrübənin əldə edilməsinə imkan vermişdir. Layihə müddətində əhalidən sığortahaqları toplanılmayıb.

Pilot layihənin müvəffəqiyyətlə nəticələnməsi onun bütün ölkə üzrə tətbiqinin reallaşmasına zəmin yaratdı. Nəticədə Nazirlər Kabinetinin 10 aprel 2020-ci il tarixli 136 nömrəli Qərarına əsasən icbari tibbi sığortanın ölkə üzrə 3 mərhələdə tətbiq edilməsi təsdiqləndi. Mərhələli tətbiqin qərarı icbari tibbi sığortaya keçiddə daha az risklərlə qarşılaşmaq, tibb müəssisələrini və əhalini sözügedən prosesə hazırlamaq, islahatın əhatə dairəsinin böyüklüyünün və tibb müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqinin nəzərə alınması ilə bağlı olmuşdur.

I mərhələ 2020-ci il 1 yanvar tarixindən etibarən 23 şəhər və rayonu (Mingəçevir, Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaş);

II mərhələ 2021-ci il 1 yanvar tarixindən 36 şəhər və rayonu (Gəncə, Naftalan, Şirvan, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul);

III mərhələ isə 2021-ci il 1 aprel tarixindən etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu da daxil olmaqla icbari tibbi sığorta sisteminin tətbiqinin bütün ölkəni əhatə etməsi ilə yekunlaşıb.

İcbari tibbi sığortanın ölkə üzrə tətbiqi ardıcıllığı

Agentliyin filialları

[redaktə | mənbəni redaktə et]

Agentliklə bölgələrdə fəaliyyət göstərən tibb müəssisələri arasında səmərəli əlaqələndirməni təmin etmək məqsədilə ölkənin müxtəlif bölgələrində Agentliyin strukturuna daxil olan 11 filial yaradılıb: Gəncə, Lənkəran, Şəki, Quba, Şirvan, Şamaxı, Mingəçevir, Göyçay, Ağcabədi, Şəmkir və Cəlilabad filialları.

Filialların fəaliyyət istiqamətlərinə icbari tibbi sığorta sahəsində Agentliyə dəstək göstərmək, əhalinin icbari tibbi sığortalanmasını həyata keçirmək və icbari tibbi sığortanın maliyyə dayanıqlığını təmin etmək, tibbi xidmətlərin keyfiyyətinin və səmərəliliyinin artırılması istiqamətində tədbirlər görmək, habelə icbari tibbi sığorta sahəsində maarifləndirmə işinin aparılması daxildir.

Agentliyin elektron xidmətləri

[redaktə | mənbəni redaktə et]

Agentliyin "Laboratoriya analizlərinin nəticələri", "E-TƏBİB", "Şəxsi Kabinetə giriş", "Elektron müraciət", "COVID-19 vaksin randevu", "COVID-19 PZR analizi nəticəsinin onlayn qaydada əldə edilməsi" və "Tibbi xidmətlərin onlayn ödənişi" adlı elektron xidmətləri var.

Çağrı Mərkəzi

[redaktə | mənbəni redaktə et]

Agentliyin Çağrı mərkəzi vasitəsilə icbari tibbi sığorta sistemi, sığortahaqları, icbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək dövlət tibb müəssisələri, Xidmətlər Zərfi, işə qəbul, koronavirus epidemiyası və s. barədə məlumat almaq mümkündür. Agentliyin Çağrı mərkəzi 5 yönəldici xətt üzrə xidmət göstərir. Çağrı mərkəzinin icbari tibbi sığorta xətti (1542–1), əlillik məsələləri ilə bağlı xətti (1542–2), göndərişlərin verilməsi ilə bağlı xətti (1542–3), koronavirusla bağlı xətti (1542–4) həftəiçi 5 gün 09:00-dan 18:00-dək, operator ilə əlaqə xətti (1542–0) isə 7/24 fəaliyyət göstərir.

Respublikanın istənilən regionundan stasionar və mobil telefonlardan "1542" Çağrı mərkəzinə ödənişsiz zəng etmək mümkündür.

Beynəlxalq əməkdaşlıq

[redaktə | mənbəni redaktə et]

Agentliyin bir sıra beynəlxalq təşkilatlarla — Ümumdünya Səhiyyə Təşkilatı, Dünya Bankı, BMT-nin Əhali Fondu, BMT-nin Uşaq Fondu, Qlobal Fond, Türkiyə Respublikası Ailə, Əmək və Sosial Xidmətlər Nazirliyi və Sosial Müdafiə Qurumu (SGK), Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi, ABŞ Beynəlxalq İnkişaf Agentliyi, Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ), Koreya Səfirliyi, Koreyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA), Yaponiya Səfirliyi, Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi (JICA), Asiya İnkişaf Bankı, Azərbaycana Birgə Yardım Təşkilatı (UAFA), Avropa İttifaqı və beynəlxalq şirkətlərlə müxtəlif istiqamətlərdə birgə layihələr və tədbirlər həyata keçirir.

  1. "Z.R.Əliyevin Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru təyin edilməsi haqqında" Arxivləşdirilib 2022-01-24 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 27 oktyabr 2015-ci il tarixli, 1474 nömrəli Sərəncamı. e-qanun.az  (az.)
  2. "Z.R.Əliyevin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında" Arxivləşdirilib 2022-01-24 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 11 sentyabr 2017-ci il tarixli, 3222 nömrəli Sərəncamı. e-qanun.az  (az.)
  3. "N.Y.Bayramovanın Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi direktorunun müavini təyin edilməsi haqqında" Arxivləşdirilib 2018-03-09 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 26 may 2016-cı il tarixli, 2070 nömrəli Sərəncamı. e-qanun.az  (az.)
  4. "N.Y. Bayramovanın İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyəti sədrinin müavini təyin edilməsi haqqında" Arxivləşdirilib 2018-10-14 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 2017-ci il tarixli, 3304 nömrəli Sərəncamı. e-qanun.az  (az.)
  5. "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI" (PDF). 2022-07-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-21.
  6. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin NİZAMNAMƏSİ Arxivləşdirilib 2022-01-24 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli Fərmanı

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]