İbşir Mustafa Paşa (ö. 11 may 1655) — IV Mehmed dövründə 5 ay 13 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır.
İbşir Mustafa Paşa | |
---|---|
مصطفى باشا | |
28 oktyabr 1654 – 11 may 1655 | |
Əvvəlki | Bığlı Qoca Dərviş Mehmed Paşa |
Sonrakı | Qara Div Murad Paşa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1607 |
Vəfat tarixi | |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi |
Həyat yoldaşı |
|
Əslən abxazdır və dayısı Abxaz Mehmed Paşanın yanında böyümüşdür. Belə ki, II Osmanın qatillərinin ələ keçirilməsi üçün üsyan edən Abxaz Mehmed Paşanın ordusunda iştirak etmişdir. Onun 1629-cu ildə Bosniya bəylərbəyi seçilməsi ilə Mustafa ağa da Bosniyaya getdi. 1633-cü ilin sentyabrından etibarən Lehistana tərtiblənən hücumlarda iştirak etmişdir. Dayısı Abxaz Mehmed Paşanın edamından (1634) sonra Kəmankeş Mustafa Paşanın xidmətinə girdi və onun vasitəsilə saraya alındı. IV Muradın İrəvan səfərinə miraxur olaraq qatıldı. Bağdad səfərindən döndükdən sonra baş miraxurluğa yüksəldildi (1639). Həmin ilin aprelində vəzirlik rütbəsiylə Budin bəylərbəyliyinə gətirildi. Ardından Silistrə, Mərəş, Mosul, Van, Qaraman, Timeşvar əyalətlərinin idarəsinə gətirildi. 1647-ci ildə Sivas ətrafında başlayan Cəlali üsyanlarını yatırmaq üçün Sivas bəylərbəyi və sərdar-ı əkrəm seçildi. Əvvəlcə 20 may 1648 tarixində üsyankar Varvar Əli Paşanı öldürtdü və başını paytaxta göndərdi. Bu əsnada Əli Paşanın həbs etdirdiyi Qaraman bəylərbəyi Körpülü Mehmed Paşa və bəzi vəzirlər azad edildi. Ertəsi il Gürcü Nəbi və Aslan Paşa üsyanlarını yatırmaqla vəzifələndirildi. Həmin ilin sonunda Dəməşq əyalətinə göndərildi.
1650-ci ilin sonunda Hələb bəylərbəyi olan İbşir Mustafa Paşa çox keçmədən Sivas hakimi seçildi. Üsyançı Abxaz Həsəni ələ keçirmək üçün göndərilmək istənilsə də, əslən eyni yerdən olduqları üçün bu vəzifədən alındı və Bağdada göndərildi. Bu əsnada vaxtilə Cəlali üsyankarı olan Qatırçıoğlu Mehmed Paşanın Abxaz Həsənin üzərinə göndərilməsi xəbərini eşidən Mustafa Paşa qəzəbləndi və özü də Abxaz Həsənin tərəfinə keçərək üsyana qoşuldu. Onunla birlikdə Ankara və Əskişəhərə daxil oldu, hər iki şəhərin önəmli şəxslərini öldürtdü. Anadoluda ona qarşı duran heç kəs qalmadığı üçün hamı onun göndərdiyi əmrləri yerinə yetirirdi. Nəhayət ki, İbşir Mustafa Paşaya Hələb bəylərbəyliyi, Abxaz Həsənə isə Türkmən ağalığı verilərək üsyan yatırıldı. Hələbdə böyük bir mərasimlə qarşılanan Mustafa Paşa bir-birinə düşmən olan sipahi və yeniçəriləri barışdırdı.
Ancaq İbşir Mustafa Paşa bir müddət sonra Hələbdə istədiyi kimi hərəkət etməyə başladı. Tarhuncu Əhməd Paşanın sədarəti dövründə şəxsi xidmətçilərinin və əsgərlərinin bir qismini azad etməsi əmr edilsə də, vaxtilə üsyançılara qoşulduğu üçün özünə qarşı qəsd ediləcəyindən qorxub bu əmri yerinə yetirmədi. Ancaq çox keçmədən sədrəzəm Qoca Dərviş Mehmed Paşanın iflic keçirməsi ilə sədarət möhürü Mustafa Paşaya göndərildi (28 oktyabr 1654). Bu vəzifəyə gətirilməsində Ayşə Sultanın kəndxudası Mərcan ağa, Darüssəadə ağası Bayram ağa və şeyxülislam Əbu Səid Mehmed Əfəndinin böyük rolu oldu. Bu təyinatda əsas məqsəd Anadoluda hər an çıxa biləcək üsyanın qarşısını almaq idi.
İbşir Mustafa Paşa sədarət möhürünü aldıqdan sonra daha da sərtləşdi. Sədrəzəmliyə gətirilərək edam olunacağından qorxan Mustafa Paşa Hələb, Dəməşq və Anadoludakı bəzi qarışıqlıqları həll etmək bəhanəsiylə paytaxta getmirdi. Nəhayət, Türkmən ağası Abxaz Həsən ilə birlikdə 1654-cü ilin dekabrında Hələbdən ayrıldı.
İstanbulda tərəfdarları ilə düşmənləri arasında şiddətli mübarizə gedərkən, İbşir Mustafa Paşa paytaxta gəlməyib, İzmitdə qaldı. Nəhayət, validə Turhan Sultanın yaxın adamı Reyhan ağanın təkidləriylə paytaxta gəlməyə razı oldu. Yenicə nigahlandığı xanımı Ayşə Sultanın Üsküdardakı sarayında iqamət etdi (25 fevral 1655). Ardından İstanbula gəlib rəsmi vəzifəsinə başlayan Mustafa Paşa bütün əleyhdarlarını ya öldürtdü, ya da sürgün etdi. Vaxtilə ona tərəfdar olan sipahilər də Üsküdara gəlmiş, ancaq bir müddət sonra sədrəzəmdən istədiklərini almamağa başlamışdılar. Bu səbəblə sədrəzəmi padşaha və şeyxülislama şikayət edən sipahilər heç nə əldə edə bilmədilər. Digər tərəfdən kaptan-ı dərya Qara Murad Paşa ilə də münasibətləri korlanmışdı. Venesiyalılara qarşı qazandığı dəniz döyüşləri ilə nüfuzu artan Murad Paşanın səylərinə baxmayaraq sədrəzəmlə münasibətləri düzəlmədi. Vaxtilə Kösəm Sultan tərəfindən dəstəkləndiyi üçün sarayda sadiq adamları var idi. Məqsədi böyük bir üsyan tərtibləmək və İbşir Mustafa Paşanı aradan götürmək idi. Əvvəlcə İbşir Mustafa Paşa ilə paytaxta gələn ancaq sonradan araları açılan üsyançı sipahiləri ələ aldı. Bunlardan ən nüfuzlusu olan Cəlali Kürd Mehmedi razı saldı və onun köməyilə digər sipahiləri də yanına çəkdi. Ertəsi gecə dövlətdən narazı olan və malları müsadirə edilmiş digər şəxslərlə də görüşdü. Bu əsnada Yeniçəri ocağında nüfuzu olan Qara Hüseyn ağanı da öz tərəfinə çəkmişdi. 8 may 1655 tarixində 500 sipahi Kürd Mehmed rəhbərliyində Atmeydanına gəldi. Üsyançı rəhbərinin nitqindən sonra yeniçərilər də üsyançılara qoşuldu. Şeyxülislam Əbu Səid Mehmed Əfəndini də razı salaraq öz cərgələrinə alan üsyançılar əsl hədəfləri olan sədrəzəm İbşir Mustafa Paşanı da aralarına dəvət etsələr də, aqibətini başa düşdüyü üçün sədrəzəm bu təklifi qəbul etmədi. Mustafa Paşa sonunun yaxşı olmadığını başa düşərək Üsküdara qaçmaq istəsə də, bütün limanlar tutulmuşdu. Ardından İbşir Mustafa Paşa şeyxülislamla birlikdə saraya getdi. Bu əsnada sədrəzəmin və şeyxülislamın köşklərinə hücum edən üsyançılar, xüsusilə də Həsən Canın oğlu Xoca Sadəttin Əfəndinin nəslindən olan Əbu Səid Əfəndinin 150 illik əşyalarını və var-dövlətini ələ keçirdi. Sarayda keçirilən məclisdə artıq öldürüləcəyini başa düşən İbşir Mustafa Paşa sədarət möhürünü padşaha təslim etdi. Elə o andaca, möhür Qara Murad Paşaya verilərək sədarətə gətirildi. Bir müddət həbs olunan İbşir Mustafa Paşa üsyançıların paytaxtdan uzaqlaşmaması səbəbilə 11 may 1655 tarixində edam edildi. Cəsədi Kəmankeş Mustafa Paşanın türbəsinin yaxınlığına dəfn olunmuşdur.