Tarhuncu Sarı Əhməd Paşa (ö. 21 mart 1653) — IV Mehmed dövründə 9 ay Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır.
Tarhuncu Əhməd Paşa | |
---|---|
تارهونكو أحمد باشا | |
Əvvəlki | Gürcü Mehmed Paşa |
Sonrakı | Bığlı Qoca Dərviş Mehmed Paşa |
Əvvəlki | Çavuş Mehmed Paşa |
Sonrakı | Xədim Əbdürrəhman Paşa |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi |
Dini | islam |
İndiki Albaniyanın Mat qəsəbəsində dünyaya gəlmişdir. Daha sonra dəvşirmə olaraq paytaxta gətirilmiş, Əndəruna alınaraq burada təhsil almışdır. Silahdar Musa ağanın 1633-cu ildə Misir bəylərbəyi olması ilə onunla birlikdə saraydan ayrıldı. Əvvəlcə Musa Paşaya, daha sonra Həzərparə Əhməd Paşaya kəndxuda oldu. Həzərparə Əhməd Paşanın qətlindən sonra qardaşı Oruc bəy də Sofu Mehmed Paşaya qarşı çıxan sipahi üsyanında öldürüldü. Əhməd ağa isə şeyxülislam Əbdürrəhim Əfəndinin himayəsinə alınaraq qorundu. Sakitlik təmin edildikdən sonra Diyarbəkir bəylərbəyi təyin edildi. Bu vəzifədə ikən həccə getdi. Həcdən dönüş yolunda isə Misirə təyin edildiyini öyrəndi (5 fevral 1649).
Tarhuncu Əhməd Paşa 1651-ci ilin fevralında Misir bəylərbəyliyindən azad edilərək İstanbula çağırıldı. İstanbula gəldikdən sonra isə dövrün sədrəzəmi Gürcü Mehmed Paşa tərəfindən özünə rəqib görüldü. Əvvəlcə Misirdəki vəzifəsi əsnasında səbəb olduğu bəzi maliyyə problemləri səbəbilə Yeddiqüllə zindanlarına həbs olundu. Daha sonra bağışlanaraq Yanya sancaqbəyi təyin olundu.
Bu illərdə dövlət işləri Validə sultanın yaxın adamı Anadolu qazəsgəri Xocazadə Məsud Əfəndinin nəzarəti altında idi. Sədrəzəm Gürcü Mehmed Paşa sərt siyasəti səbəbilə vəzifədən alınmış, yerinə Məsud Əfəndinin tövsiyəsilə Tarhuncu Əhməd Paşa sədarətə gətirildi. Şeyxülislamın dəstəyi ilə Siyavuş Paşa sədarət namizədi seçilsə də, Validə Turhan Sultan bu təklifi qəbul etmədi. Gizlicə İstanbula dəvət olunan Əhməd Paşa Xocazadə Məsud Əfəndinin Süleymaniyyə səmtindəki köşkünə gəldi. Burada padşah və bəzi dövlət adamları ilə görüşdü. Bu müzakirələrdə Əhməd Paşa dövlətin bəzi problemlərinin həll edilməsi üçün yollar təklif etdi. Nəhayət, bu məsələlərin həllini öz üzərinə götürən Əhməd Paşa 20 iyun 1652 tarixində rəsmi olaraq sədrəzəm təyin edildi.
Tarhuncu Əhməd Paşa xəzinəni doldurmaq, tarazlığı pozulan pul əyarını tənzimləmək, gömrük gəlirlərini artırmaq, sarayın və donanma tərsanəsinin məsrəflərini azaltmaq üçün ciddi tədbirlər aldı. Bu vəziyyət isə həm daxildə, həm xaricdə mənfəət güdənlərin mənafeyinə zidd idi.
Əvvəlcə üləma zümrəsindən bəzi şəxslər narazı tacir və sipahiləri yanlarına alaraq sədrəzəmin əleyhinə propaqanda apardı. Bütün bu propaqandalar Bahai Mehmed Əfəndinin şeyxülislamlığa gətirilməsi ilə müvəqqəti də olsa dayandırıldı. Osmanlı tarixində ilk dəfə olaraq dövlətin gəlir və məsrəflərini detallı şəkildə öyrənib dövlət büdcəsinin hazırlanması üçün xüsusi bir komitə quruldu. Bu komitə Kəmankeş Mustafa Paşanın sədarətdən alındığı 1643 tarixindən 1652-ci ilədək olan bütün maliyyə dəftərlərinə nəzarət etdi. Bu dövrdə dövlət gəlirləri yeni vergilərin (dəyirman vergisi, xana vergisi və s.) hesabına 5329 yük qızıl olmuş, dövlət məsrəfləri isə təxminən 5500 yük qızıl olmuşdu. Bundan başqa Osmanlı imperiyası maliyyə sistemində ilk dəfə olaraq gələcək il üçün Tarhuncu büdcəsi adlanan büdcə dəftəri hazırlamışdı. Bu büdcəyə görə, əyalətlərdən gələcək olan gəlirlər 5329 yük olmalı idi. Tarhuncu Əhməd Paşa detallı büdcə dəftərini hazırladıqdan sonra sarayın və bəzi dövlət adamlarının gəlirlərini azaltmağa başladı. Məhz bu fəaliyyəti səbəbilə özünə çoxlu sayda düşmən qazandı.
20 noyabr 1652 tarixində İstanbul çarşısında çıxan böyük yanğın nəticəsində paytaxtda yenidən pul qıtlığı yaranmağa başladı. Sultan Mehmed isə hələ uşaq yaşlarında idi və yeganə marağı ov məraimləri idi. Bu ov mərasimlərində isə sədrəzəmin əleyhdarları padşahı, hətta Validə Turhan Sultanı ona düşmən edirdilər. Sonda Əhməd Paşanın saray çevrilişi hazırladığı şayəsi eşidildi və saray ağalarının müdaxiləsi ilə Əhməd Paşanın sədarətdən alınması ilə bağlı fərman yazıldı.
21 mart 1653 tarixində Novruz bayramı günü bayram hədiyyələrini padşaha təqdim edən sədrəzəm Əhməd Paşa donanma işlərini tənzimləmək üçün tərsanəyə getdi ancaq bu əsnada dərhal saraya çağırıldığı üçün dəniz yolu ilə saraya qayıtdı. Sarayın Hasbağça adlanan hissəsində onu Darüssəadə ağası qarşıladı və sədarət möhürünü geri istədi. Ardından bostançılar tərəfindən ələ keçirildi və orada boğularaq öldürüldü. Cənazəsi, ilk ağası olan Silahdar Musa ağanın xanımının göndərdiyi bir ağa vasitəsilə saraydan alındı və Üsküdara dəfn edildi.