İlham Namiq Kamal

İlham Namiq Kamal oğlu Əhmədov (9 yanvar 1949, Bakı) — Azərbaycan aktyoru, teatr rejissoru, "İlham" Miniatür teatrının direktoru və bədii rəhbəri, ADMİU-nun "Musiqili teatr aktyoru" kafedrasının müdiri, Azərbaycanın xalq artisti.[1]

İlham Namiq Kamal
Doğum adı İlham Əhmədov
Doğum tarixi 9 yanvar 1949(1949-01-09) (75 yaş)
Doğum yeri
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 1968-ci ildən
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2002 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1982 "Sənətkar" medalı — 2014
"Şöhrət" ordeni — 2013
Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu — 2023

İlham Namiq Kamal oğlu Əhmədov əslən Şamaxıdandır. 9 yanvar 1949-cu ildə Bakıda doğulub. Buradakı 31 saylı orta məktəbi 1966-cı ildə bitirərək Mirzəağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. SSRİ xalq artisti Adil İsgəndərovun və Azərbaycan artisti Rza Təhmasibin kursunda təhsil alıb. Tələbə vaxtı fransız ədibi Jan-Batist Molyerin "Jorj Danden" satirik komediyasının tamaşasında baş qəhrəman rolunu uğurla oynayıb. Onu institutun tədris teatrının aktyor truppasına qəbul ediblər (16 dekabr, 1968). Bu kollektivdə Mirzə Cavad ("Aydın", Cəfər Cabbarlı), Şvester ("Meteor" Fridrix Dürrenmatt), Lomov ("Elçilik", Anton Çexov), Rekrutçu ("Sahildə Bir Ev",Stefan Sveyq), Baş katib ("Sehirli Kreslo", Friteş Korinti), Molla Səbzəli ("Üləma Məclisi" Mirzə Ələkbər Sabirin şerləri əsasında) rollarını oynayıb.

O, 1971-ci il noyabrın 25-dən 1972-ci il fevral ayının 2-dək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyor truppasında olub. Fevral ayının 3-dən Akademik Milli Dram Teatrında aktyor işləyib. 20 mart 1989-cu ildə istedadlı gənc rejissor Hüseynağa Atakişiyevin təşkil etdiyi Gənclər Teatrında aktyorluğa başlayıb. Bu kollektiv 26 yanvar 1993-cü ildən Azərbaycan Dövlət Gənclər Teatrı kimi fəaliyyət göstərir. İlham Namiq Kamal bu gənc kollektivin səhnəsində dörd il çalışıb. Burada Stanislav Stratiyevin "Çarəsiz sərnişinlər" (Məsuliyyətsiz), Rəhman Əlizadənin "Dadaşbala əməliyyatı" (Dadaşbala), İsi Məlikzadənin "Sultanqulu Körpüsü" (Sultanqulu), Robber Tomanın "Arvadımın Qatili" (Daniel), Vaqif Səmədoğlunun "Dağ Tikirik" (Kələntər), Georgi Xuqayevin "Arvadımın Əri Özüməm" (Kazbek) pyeslərinin səhnə təsfirində, "Gül, Sevin, Gül" (müxtəlif sifət-maskalar) şoutamaşasında baş rolları ifa edib.

Dövlət Gənclər Teatrında işləməklə yanaşı, eyni zamanda 1989–1991-ci illərdə paralel olaraq Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktyorluq edib. Bu teatrda dramaturq Georgi Xuqayevin və bəstəkar Eldar Mansurovun "Sevgilimin Anası və yaxud Evlənmə Əhvalatı" (Albadam), Cahangir AslanoğluHəsənağa Qurbanovun "Qarğa, Məndə Qoz var" (Adil, Farmazov, Aşıq, Professor və Əyyaş), rus bölməsində Eduardo de Filippov və Fərəc Qarayevin "Fulimeno Marturano" (Dominesko Soriano) musiqili komediyalarında oynayıb.[2]

1993-cü il iyun ayının 14-də bu truppadan çıxıb və özünün "İlham" Miniatür Teatrını yaradıb. Direktor və bədii rəhbər olduğu bu teatrda həm quruluşçu rejissor, həm də aktyor kimi çalışıb.[3] Teatrda hazırlanan bütün tamaşalara quruluş verir və onların əksəriyyətində baş rollarda oynayır. 1995-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyir, "Estrada sənəti" kafedrasının müdiridir. 4 övladı var: qızları — Qumru, Qumral, oğlanları — Ülvi, Ziya.

25 iyun 2013-cü ildə "Şöhrət" ordeni ilə təltif edilmişdir. 10 mart 2014-cü ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Sənətkar" medalına layiq görülüb.

Aktyor Cəfər Namiq Kamalın qardaşıdır.

13 dekabr 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilmişdir.[4]

  1. Kamal, İ. Şanslı aktyoram…: İlham Namiq Kamal: "Bu sənətin qəddar tərəfləri də var": [Xalq artisti ilə müsahibə] /müsahibəni apardı Xədicə Qiyas //Ekspress.- 2015.- 24–26 yanvar.- S.15.
  2. "Arxivlənmiş surət". 2024-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-26.
  3. Mədəniyyət TV. "Həmişə eyni yaşda olan 75 yaşlı İlham Namiq Kamal" (az.). Youtube.com. 10.01.2024. 2024-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-10.
  4. "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-13.
  • "Mən teatra hər zaman bir nağıl kimi baxmışam" //Odlar yurdu.- London, 2009, fevral.- səh. 16.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]