İnsanın tənəffüs sistemi

Tənəffüs sayəsində bədənin bütün toxumaorqanları fasiləsiz sürətdə oksigenlə təmin olunur və maddələr mübadiləsi prosesində yaranan karbon qazı orqanizmdən uzaqlaşdırılır.

Tənəffüs orqanları müdafiə funksiyası daşıyır. Havadaşıyıcı yolların üzəri tərkibinə külli miqdarda xüsusi hüceyrələrvəzlər daxil olan selikli qişa ilə örtülmüşdür. Onların ayırdığı selik tənəffüs yollarının səthini nəmləndirir. Bu selik maddəsi bakteriosid təbiətli olub, tərkibinə lizosomlar daxildir. Lizosomlar bakteriyaların çoxalmasını zəiflədir və ya onlara öldürücü təsir göstərir.

Havadaşıyıcı yolların boşluğu çoxlu sayda qan kapillyarları ilə əhatə olunduğuna görə tənəffüs edilən soyuq havanın burada isinməsi təmin olunur. Ona görə də ağciyərlərə bakteriyalardan və yad hissəciklərdən azad olunmuş və isinmiş təmiz hava daxil olur.

Tənəffüs prosesinin gedişi bir neçə mərhələyə ayrılır: xarici mühitlə tənəffüs orqanları arasında gedən qazlar mübadiləsinə; ağciyər tənəffüsü və ya ağciyər kapilyarlarındakı qanla alveolların havası arasındakı mübadiləyə; qazların qanla daşınmasına; toxumalarda gedən qazlar mübadiləsinə toxuma və onlara gətirilən arterial qan arasında gedən mübadiləyə; hüceyrə tənəffüsünə hüceyrənin oksigenə olan tələbatının ödənilməsinə və karbon qazının çıxarılmasına. Xarici mühit və tənəffüs orqanları arasında gedən qazlar mübadiləsi xarici tənəffüs adlanır. Xarici tənəffüslə yanaşı, toxuma və qan arasında gedən qazlar mübadiləsi daxili tənəffüs adlanır.

Tənəffüs orqanlarının quruluşu

[redaktə | mənbəni redaktə et]

Tənəffüs orqanları sisteminə burun boşluğu, burun-udlaq, qırtlaq, nəfəs borusu, bronxlar və ağciyərlər aiddir. Tənəffüs yolu burun boşluğu ilə başlanır. Burun boşluğu sümük və qığırdaq toxumasının əmələ gətirdiyi bütöv arakəsmə ilə sağ və sol hissələrə ayrılır. Hava burun boşluğundan burun-udlağa, sonra qırtlağa, oradan traxeyaya keçir. Burun boşluğunun divarı, tərkibində kirpikli epiteli hüceyrələri olan selikli qişa ilə örtülmüşdür. Selikli qişa burada fasiləsiz xovlu səth əmələ gətirir.

Qan damarları burun boşluğunun divarında sıx tor əmələ gətirir. Buradan keçən soyuq hava isti arteriya qanının təsirilə bədən temperaturu səviyyəsinədək isindirilir. Burun boşluğunun yuxarı səthində çoxlu miqdarda faqositlər və leykositlər, həmçinin də antitellər olur.

Burun boşluğunun arxa hissəsində qoxulu maddələrin təsirinə həssas olan iybilmə hüceyrələri yerləşir. Kəskin qoxulu maddələrin təsirindən tənəffüs reflektor sürətdə ləngiyir.

Beləliklə, yuxarı tənəffüs yolları havanı qızdırmaq, nəmləndirmək və təmizləməklə mühüm funksiya icra edir və bununla da orqanizmi havanın tərkibinə daxil ola bilən zərərli təsirlərdən qoruyur.

Hava burun boşluğundan burun udlağa, oradan ağız boşluğu ilə əlaqəli olan qırtlağa keçir. Ona görə də insan yalnız burnu ilə deyil, həmçinin ağzı ilə də tənəffüs edir. Burunla tənəffüs etməyin ağızla nəfəsalmaya nisbətən bir sıra üstünlükləri var. Burunla nəfəs alarkən soyuq hava burun boşluğunda isinir və zərərli hissəciklərdən təmizlənir.

Qırtlağın ensiz hissəsində iki cüt səs bağı yerləşir. Onlardan yalnız aşağıda yerləşən bir cüt bağ səsin yaranmasında iştirak edir. Bağlar bir-birinə yaxınlaşarkən və dartılarkən, onların arasında yerləşən səs yarığının forması və ölçüləri dəyişir. Səs telləri arasındakı sahəyə səs yarığı deyilir. İnsan sakit nəfəs alarkən, bağlar boşalmış vəziyyətdə olur. Dərindən nəfəs alarkən bağlar bir-birindən xeyli aralanır, danışarkən və mahnı oxuyarkən bağlar bir-birinə yaxınlaşır, səs yarığı daralır. Bu zaman bağların kənarlarında titrəyişli hərəkətlər yaranır. Onlar səsin yüksəkliyini təmin edən səs dalğalarının mənbəyi kimi fəaliyyət göstərir. Nəfəs verərkən buraxdığımız hava səs tellərini basır və onların titrəyişləri səsin yaranmasına səbəb olur. İnsan səsinin yüksəkliyi səs tellərinin uzunluğundan asılıdır. Səs telləri qısa olduqca, rəqs tezliyi bir o qədər yüksək və səs də o qədər uca olur. Kişilərdə səs telləri uzun və qalındır, ona görə də onlarda səs tezliyi aşağıdır və kişilərin səsi yüksək və ya zil olmur. Uşaqlarda və qadınlarda səs telləri qısa və nazik olduğu üçün onların səsləri də uca və ya zil olmasına görə kişilərin səsindən fərqlənir. Qırtlaqda yaranan səs rezonatorların iştirakı sayəsində güclənir və yeni çalar alır. Səsin aydın nitqə çevrilməsi dilin, dodaqların, çənənin vəziyyətindən və səs cərəyanının paylanmasından asılı olaraq ağız və burun boşluğunda gedir. Aydın ifadəli nitq zamanı sadalanan orqanların normal işləməsi artikulyasiya adlanır.

Uşaqlar ana dilini öyrənərkən, onlarda 5 yaşınadək artikuliyasiyanın formalaşması daha asan olur. Kiçik uşaqlarla ünsiyyətdə olarkən, onların dediyi səhv sözləri təkrar etmək yox, əksinə, onları düzgün ifadə etməklə uşaqların nitqində yarana bilən qüsurların qarşısını almaq olur.

Nəfəs borusu və bronxlar

[redaktə | mənbəni redaktə et]

Tənəffüs etdiyimiz hava qırtlaqdan nəfəs borusuna keçir. Nəfəs borusunun ön divarı öz aralarında bağlar və əzələlərlə birləşmiş aypara şəklində olan qığırdaq toxumasından qurulmuşdur. Nəfəs borusunun arxa divarı yumşaq olub, qida borusuna söykənir və qidanın keçməsinə mane olmur.

Traxeyanın daxili divarı titrəyişli epiteli hüceyrələri ilə örtülmüşdür. Epiteli hüceyrələrinin titrəyişli hərəkətləri toz hissəciklərini ağciyərlərdən udlağa qaytarır. Bu ağciyərlərin özünütəmizləməsi prosesi adlanır.

Tənəffüs yollarının infeksion və xroniki xəstəlikləri

[redaktə | mənbəni redaktə et]

Burunətrafı boşluqlar, kəllənin bəzi sümüklərində xüsuisi hava boşluqları olur. Məsələn, alın sümüyündə frontal boşluq, yuxarı çənə sümüyündə haymor boşluğu var. Qrip, angina, kəskin respirator xəstəlikləri qulaqyanı boşluğun selikli qişasının iltihabını törədə bilər. Bu xəstəliyə ən çox haymor boşluğunda təsadüf olunur. Onların xəstəliyi haymorit adlanır. Bəzən alın boşluğunun frontit adlanan xəstəliyinə də təsadüf olunur. Frontit və haymorit zamanı burunla tənəffüs çətinləşir, burun boşluğundan çoxlu miqdarda selik ayrılır, bəzən də ayrılan seliyin tərkibində ölmüş leykositlərin hissələri olur.

Hava burun boşluğundan burun-udlağa, sonra udlağa və qırtlağa keçir. Yumşaq damağın ətrafında, qida borusunun və qırtlağın girişində badamcıqlar yerləşir. Limfa düyünlərində olduğu kimi badamcıqlar limfoid toxumadan qurulmuşlar. Badamcıqlarda çoxlu miqdarda limfositlər və faqositlər vardır. Onlar mikrobların inkişafını ləngidir və onları məhv edir. Belə halda onların özləri də müəyyən dəyişilməyə uğrayır, şişkinləşir və ağrılı olurlar. Bu zaman tonzillit adlanan xroniki xəstəlik yaranır.

Adenoid burun boşluğundan udlağa keçən yerdə limfoid toxumanın şişkinləşərək böyüməsi və ya artması deməkdir. Bəzən adenoid o qədər böyüyür ki, burunla nəfəs almağı çətinləşdirir. Tonzillit və adenoidin şiddətlənməsinin və artmasının qarşısını almaq üçün operativ və ya konservativ, yəni əməliyyatsız yolla onları vaxtında müalicə etdirmək zəruridir.

Difteriya hava-damcı yolu ilə yayılan xəstəliklərə aiddir. Bu xəstəliyə əsasən uşaqlar, bəzən böyüklər də məruz qalır. Difteriya xəstəliyi adi angina kimi başlanır. Bədən temperaturu yüksəlir, badamcıqlarda boz-ağ rəngli təbəqə yaranır. Limfa vəzlərinin iltihabı nəticəsində boyun nahiyəsi şişir. Difteriya xəstəliyinin törədiciləri – difteriya çöpcükləridir. Bu xəstəliyi törədən amillərin həyat fəaliyyəti zamanı yaranan difteriya toksinləri kəskin zəhərli maddələr olub, ürəyin nəqledici sistemini və ürək əzələsini zədələyir. Bununla da insan ürəyi üçün ağır və qorxulu xəstəlik olan miokard çatışmazlığı başlanır. İnsanın səhhətini qorumaq məqsədilə difteriyaya qarşı profilaktik peyvənd aparmaq lazımdır. Belə halda orqanizmdə yaradılan süni immunitet bir neçə il özünün müsbət effektini saxlayır.

Ağciyərlər döş boşluğunda sərbəst vəziyyətdə yerləşir. Konusabənzər formadadır. Ağciyərlərin genişlənmiş hissəsi diafraqmaya söykənir. Əsas bronxlar, ağciyər arteriyaları və venaları ağciyərlərə ürəklə həmsərhəd olan içəri tərəfdən daxil olur. Onların daxil olduğu yer "ağciyərlərin qapısı" adlanır. Ağciyərlər süngəri quruluşda olub, alveollardan, bronxlardan və qan damarlarından qurulmuşdur. Xaricdən ağciyərlər sıx birləşdirici toxumadan yaranmış plevra vərəqələri ilə əhatə olunmuşdur.

Ağciyərlər döş boşluğu orqanıdır. Onlar ürəyin, qan damarlarının, havaaparıcı yolların və yemək borusunun tutduğu yerdən başqa bütün döş boşluğu sahəsini əhatə edir. Ağciyərlərə daxil olandan sonra bronxlar burada daha kiçik diametrli şaxələrə ayrılırlar. Kiçik şaxələrin sonluğu içərisi hava ilə dolu olan nazik divarlı ağciyər qovucuqları və ya alveollarla tamamlanır.

Qovucuqların divarı bir qat epiteli hüceyrələrindən qurulmuş və onlar xaricdən sıx tor kimi kapilyarlarla bürünmüşdür. Deməli, ağciyər toxuması bronx şaxələrindən və ağciyər qovuqcuqlarından qurulmuşdur. Buradakı epiteli hüceyrələrinin buraxdığı bioloji fəal maddələr alveolların divarını içəri tərəfdən nazik pərdə şəklində örtür. Ağciyərlərin hər payında 300–350 milyon alveol vardır. Ağciyər alveollarının ümumi səthi 100 kv metrdən çoxdur. Bu isə insan bədəninin səthindən təxminən 50 dəfə artıqdır.

Nəfəsalma və nəfəsvermə hərəkətinin mexanizmi

[redaktə | mənbəni redaktə et]

Nəfəsalma və nəfəsvermə hərəkətləri ritmik surətdə bir-birini əvəz edir və bunun sayəsində nəfəsalma zamanı hava ağciyərlərə daxil olur və nəfəsvermə zamanı isə hava ağciyərlərdən xaric edilir. Nəfəsalma və nəfəs-vermə nəticəsində ağciyərlərin ventilyasiyası baş verir.

İnsan sakitlik vəziyyətində bir dəqiqədə 16 – 20 dəfə tənəffüs hərəkətləri edir. Bu zaman nəfəsalmanın yaranması qabırğaarası əzələlərin və diafraqmanın yığılması sayəsində mümkün olur. Diafraqma qarın və döş boşluqlarını ayıran eninəzolaqlı əzələdir. Diafraqma yığılarkən qarın boşluğu orqanlarını aşağıya doğru sıxır, qabırğaarası əzələlər yığıldığı üçün qabırğaları bir qədər yuxarıya qaldırır və bu zaman döş qəfəsinin, təbii ki, plevra boşluğunun da həcmi genişlənir. Həcmi genişləndiyinə görə plevra boşluğunda təzyiq yenə də aşağı düşür. Bu isə ağciyərlərdə, bronxlarda və alveollarda təzyiqin xeyli aşağı düşməsinə səbəb olur. Plevra boşluğunda təzyiqin atmosfer təzyiqi ilə müqayisədə xeyli aşağı olması, havadaşıyıcı yollardan havanın ağciyərlərə sorulması ilə nəticələnir.

Diafraqma əzələsi yastılaşır və qabırğalar öz ağırlığı hesabına aşağı enir. Döş qəfəsinin ölçüləri özünün adi həcminədək azalır. Bu zaman ağciyər qovuqcuqlarının və bronxların elastiki divarı yığıldığına görə, onların həcmi azalır. Deməli, nəfəsvermə zamanı döş boşluğunun ölçüləri azalır, ağciyər alveollarında təzyiq atmosfer təzyiqindən yüksək olur. Nəticədə, havanın bir hissəsi ağciyərlərdən xaricə qovulur. Güclü nəfəsvermə qarın divarı əzələlərinin yığılması ilə müşayiət olunur. Bu isə dərindən nəfəsalma zamanı ağciyərlərə daxil olmuş havanın ağciyərlərdən xaricə çıxarılmasına imkan verir.

Ağciyərlərin həyat tutumu

[redaktə | mənbəni redaktə et]

Dərindən nəfəs alandan sonra dərindən nəfəs verməklə xaric edilən havanın həcmi ağciyərlərin həyat tutumu adlanır. Ağciyərlərin həyat tutumu spirometr adlanan cihazla ölçülür. Ağciyərlərin həyat tutumunun kəmiyyəti bir neçə göstəriciyə əsasən müəyyənləşdirilir – tənəffüs havasına, əlavə havaya və ehtiyat havaya görə; tənəffüs havasının həcmi 500 ml (millilitrə), əlavə havanın həcmi 1500 ml və ehtiyat havanın həcmi 1500 ml-ə bərabərdir.

İnsan sakit nəfəs alandan sonra dərindən nəfəs almaqla 1500 – 2000 ml hava qəbul edə bilər. Bu kəmiyyət əlavə hava adlanır. İnsan sakit nəfəs verəndən sonra dərindən nəfəs verməklə tənəffüs yollarından 1500–2000 ml hava xaric edə bilər ki, bu da ehtiyat hava adlanır. Deməli, ağciyərlərin həyat tutumu tənəffüs, əlavə və ehtiyat havalarının həcminə bərabərdir. Orta yaşlı adamlarda ağciyərlərin həyat tutumu 3500 – 4000 ml-ə bərabər olur. Qadınlara nisbətən ağciyərlərin həyat tutumu kişilərdə yüksəkdir.

Ağciyərlərin ventilyasiyası

[redaktə | mənbəni redaktə et]

Havanın ağciyər alveollarında fasiləsiz dövr etməsi ağciyərlərin ventilyasiyası adlanır. Onun göstəricisi ağciyərlərin dəqiqəlik tutumu və ya bir dəqiqədə ağciyərlərdən xaric olan havanın həcmi ola bilər. "Dəqiqəlik tutumun kəmiyyəti" bir dəqiqədə edilən tənəffüs hərəkətlərinin sayına və bir dəfə nəfəsalma zamanı qəbul edilən havanın həcminə ğörə hesablanır. Qadınlarda ağciyərlərin dəqiqəlik hava tutumu 3 – 5 litrə, kişilərdə isə 6 – 8 litrə bərabərdir. Onun kəmiyyəti insanın yaşından, cinsindən və fiziki inkişafından, həmçinin də oksidləşmə prosesinin səviyyəsindən asılıdır.

Fiziki iş zamanı ağciyərlərin dəqiqəlik tutumu xeyli yüksək olub, bəzən dəqiqədə 30 – 100 litrə çatır. Sakitlik vəziyyətində orqanizmin ehtiyacını ödəyən ventilyasiya kəmiyyəti eypnoe – "yaxşı tənəffüs" adlanır. Eypnoe yunanca "ey" – yaxşı, "pnoe" – tənəffüs adlanır. Müəyyən edilmişdir ki, seyrək, lakin dərin tənəffüs daha effektlidir, çünki bu zaman alveol havasında qazlar mübadiləsinin intensivliyi daha yüksək olur.

Ağciyərlərdə qazlar mübadiləsi

[redaktə | mənbəni redaktə et]

Ağciyərlərdə qan damarları və alveollar arasında müntəzəm olaraq qazlar mübadiləsi gedir. Alveolların divarı birqatlı yastı epiteli hüceyrələrindən qurulmuşdur. Alveollarda oksigenin miqdarı atmosfer havası ilə müqayisədə nisbətən az, karbon qazının miqdarı isə nisbətən çox olur.

Bu proses alveol havasındakı qazların parsial təzyiqindən və onların qandakı gərginliyindən asılıdır. Alveol havasında oksigenin parsial təzyiqi nə qədər çox, venoz qanda onun gərginliyi azdırsa, belə halda oksigen alveollardan qana, venoz qanda isə karbon qazının konsentrasiyası çox olduğuna görə o venoz qandan alveol havasına keçir. Qazların diffuziyası parsial təzyiq bərabərləşənədək davam edir. Bu zaman ağciyərlərə gətirilən venoz qan oksigenlə zənginləşir və arterial qana çevrilir.

Eritrositlərdə azalan karbonat turşusunun əvəzinə ona qan plazmasından natrium-hidrokarbonatın dissosiasiyası nəticəsində yaranan hidrokarbonat ionlarının yeni payları daxil olur. Hidrokarbonat ionlarının əvəzinə eritrositlərdən qan plazmasına xlor ionları keçir.

Toxumalarda qazlar mübadiləsi

[redaktə | mənbəni redaktə et]

Toxumalara gətirilən arterial qanda oksigenin parsial təzyiqi 100 mm civə sütununa, karbon qazının gərginliyi isə 40 mm civə sütununa bərabər olur. Maddələr mübadiləsi prosesində oksigen toxumalarda fasiləsiz surətdə sərf olunur, ona görə də toxuma mayesində oksigenin gərginliyi sıfra yaxınlaşır. Bu zaman gərginliyin fərq gücünə uyğun olaraq oksigen arterial qandan toxumalara diffuziya edir. Toxumalarda gedən maddələr mübadiləsi nəticəsində karbon qazının miqdarı toxuma mayesində artır və onun burada gərginliyi 60 mm civə sütununa yüksəlir. Arterial qanda isə karbon qazının gərginliyi xeyli azdır. Ona görə də karbon qazı gərginliyin yüksək olduğu yerdən, yəni toxuma mayesindən gərginliyin az olduğu yerə – qana diffuziya edir. Karbon qazı toxuma mayesindən qan plazmasına keçir, su ilə birləşir və asan dissosiasiya edən zəif karbonat turşusuna çevrilir.

Nəfəsalma və nəfəsvermə prosesləri uzunsov beyində yerləşən tənəffüs mərkəzinin fəaliyyəti sayəsində qeyri-iradi vəziyyətdə icra olunur. Uzunsov beyində nəfəsalma və nəfəsvermənin ritmik surətdə gedişini təmin edən iki neyron qrupu fəaliyyət göstərir. Bu neyronlar iki hissədən ibarət olub, nəfəsalma və nəfəsvermə mərkəzlərini təşkil edir.

Varoliyev körpüsü də bu neyronlarla əlaqədə olub, tənəffüsün tənzimində iştirak edir və pnevmatik adlanan mərkəzi əmələ gətirir. Pnevmatik mərkəz nəfəsalmanın nəfəsverməyə keçməsini təmin edir. Bu mərkəzin dağılması nəticəsində nəfəsalma prosesi uzanır və həddən artıq dərinləşir.

Nəfəsalma mərkəzi oyanan zaman oyanma dalğası onurğa beyninə ötürülür, sonra periferik sinirlərlə nəfəsalma əzələlərinə çatır, onların yığılması ilə nəfəsalma prosesi icra olunur. Tənəffüs mərkəzi avtomatik surətdə işləyir – o, yatmış və ya şüurunu itirmiş adamda da fəaliyyətini davam etdirir. Lakin tənəffüs aktlarının icrasını insan iradi olaraq müəyyən qədər dəyişdirə bilər. Bu sübut edir ki, insanın tənəffüs mərkəzi baş beynin böyük yarımkürələri qabığının nəzarəti altında fəaliyyət göstərir. Nitq mərkəzi də burada yerləşir, ona görə də insanın söz ifadə etməsi, onun tənəffüsünün ritmləri ilə uzlaşır.

Baş beyindən daxil olan informasiyaların sayəsində tənəffüs mərkəzi qidanın udulması prosesində iştirak edən orqanların ya danışarkən və mahnı oxuyarkən səs aparatı orqanlarının işini öz aralarında uzlaşdırır. Yalnız nəfəsvermə zamanı səs yaranır. Rəvan nitq və ya mahnı oxumaq, fasiləsiz surətdə pauzalarda tənəffüs etmək yalnız tənəffüs orqanlarının dəqiq uzlaşmış fəaliyyəti şəraitində mümkün olur.

Müəyyən edilmişdir ki, tənəffüs mərkəzində xüsusi hüceyrələr var ki, onlar hüceyrəarası maddədə karbon qazının cüzi miqdarda dəyişilməsinə qarşı son dərəcə yüksək həssaslıq göstərirlər. Hüceyrəarası maddədə karbon qazının toplanması tənəffüs mərkəzini oyandırır, dərindən həfəsalma və nəfəsverməyə səbəb olur. Bunun üçün öz üzərənizdə belə bir sınaq apara bilərsiniz. Əvvəl dərindən nəfəs verin və tənəffüsünüzü 30 – 40 saniyə ləngidin. Bundan sonra yenidən tənəffüs etməyə başlayın. Belə halda ilk tənəffüs hərəkətlərinin daha dərin olacağını özünüz müşahidə edəcəksiniz.

Baş beyin yarımkürələrinin təsiri nəticəsində tənəffüs aparatı öz işini iradi olaraq dəyişdirə bilər. Ağır iş görərkən, orqanizmi oksigenlə təmin etmək üçün dərindən və yalnız seyrək tənəffüs etmək daha faydalıdır. Güclü emosiyalar, belə ki, qəzəb, vahimə, ağlamaq tənəffüsün güclənməsi və əksinə, qüssə, kədər, əhvali-ruhiyyənin pozulması tənəffüsün zəifləməsi ilə müşayiət olunur.

Mərkəzi və periferik xemoreseptorlardan və mexanoreseptorlardan daxil olan impulslar, tənəffüs mərkəzinin fəaliyyətinə, afferent stimullaşdırıcı təsir göstərir. Uzunsov beyində, karotid sinusunda və aorta qövsündə yerləşən xemoreseptorlar hidrogen ionlarının və karbon qazının konsentrasiyasına qarşı yüksək həssaslıq göstərir. Bundan başqa karotid sinusunda və aorta qövsündə elə reseptorlar var ki, onlar qanda oksigenin miqdarının dəyişilməsinə qarşı həssas olmalarına görə fərqlənirlər. Arterial qanda karbon qazı gərginliyinin artması və pH-ın azalması tənəffüsün tezliyinin və gərginliyinin artmasına səbəb olur. Qanda oksigenin gərginliyinin azalması, yəni hipoksiyası zamanı karotid sinusunda və aorta qövsündə yerləşən reseptorların həssaslığı yüksəlir.

Traxeyaların və bronxların saya əzələlərində yerləşən dartınma mexanoreseptorlarının təsirilə ağciyərlərdə və tənəffüs yollarında yaranan dartınma o həddə çatır ki, nəfəsalmanın mərkəzi neyronlarında meydana çıxan tormozlanma, öz növbəsində nəfəsvermənin başlanmasına səbəb olur. Reseptorların oyanması ağciyərlərin dartınmasının sürətindən asılıdır. Bu mexanizm sayəsində tənəffüsün tezliyi təmin olunur.

Müdafiə refleksləri

[redaktə | mənbəni redaktə et]

Yuxarı tənəffüs yollarında yerləşən reseptorların qıcıqlanması, ağciyərlərə yad cisimlərin düşə bilməsinin qarşısını almaq məqsədilə asqırma və öskürmə müdafiə reflekslərinin yaranmasına səbəb olur.

İstər asqırma və istərsə də öskürmə zamanı əvvəlcədən dərin nəfəs aldıqdan sonra səs dəliyi qapanır və tənəffüsdə iştirak edən əzələlər yığılır, bu ağciyərdə olan havanın sıxılması ilə nəticələnir. Bundan sonra səs dəliyi birdən-birə geniş açılır və sıxılmış havanın ağciyərlərdən xaricə çıxarılmasında burun boşluğu, öskürmə zamanı isə ağız boşluğu iştirak edir.

Asqırma və öskürmə tənəffüs yollarını yad cisimlərdən və mikroorqanizmlərdən qorumağa yönəlmiş müdafiə refleksidir. Udma zamanı tənəffüsün reflektor surətdə ləngiməsi xörək yeyərkən qidanın nəfəs yoluna düşə bilməsinin qarşısını alır.

Tənəffüs prosesində eninəzolaqlı əzələlər iştirak etdiyinə görə insan tənəffüsün tezliyini və dərinliyini öz üzərində iradi olaraq dəyişdirə bilər. Bu isə tənəffüsün tənzimində böyük yarımkürələr qabığının iştirakını bir daha sübut edir.

İnsanın əmək fəaliyyətinin növündən, onun funksional vəziyyətindən, emosionallıq fonundan, mühitin şəraitindən asılı olaraq tənəffüsün xarakteri əhəmiyyətli dərəcədə dəyişilir. Tənəffüsün parametrlərinə müxtəlif hormonlar da təsir göstərir. Qəfildən qorxma zamanı fiziki və zehni iş şəraitində qanda adrenalinin çoxalması, ağciyərlərin ventilyasiyasını gücləndirir.

Qrip, angina kimi qısa müddətə keçən xəstəliklərlə yanaşı, müəyyən şəraitdə tənəffüs yollarının uzunmüddətli xroniki adlanan xəstəlikləri də baş verir. Bunlardan ən qorxulu olanları ağciyər vərəmi və ağciyər xərçəngidir. Bu xəstəliklər nəzərə çarpmadan başlanır. Aylarla, bəzən illərlə həmin xəstəliklər insanda şübhə yaratmır və güclənir. Xəstəliyin müalicəsinə onun ilkin mərhələsindən başlamaq, xəstəliyin qarşısını almaqda daha uğurlu nəticə verə bilər.

Flyuoroqrafiya – bu, müayinə olunan adamın işıqlanan rentgen kamerası qarşısında fotoqrafiya üsulu ilə döş qəfəsinin tədbiq olunması vasitəsidir. Çəkilən lentlər mütəxəssislər tərəyindən yoxlanılır. Əgər normadan kənara çıxma halları aşkar edilərsə, bu zaman xəstənin daha dərindən müayinə edilməsi məqsədilə, onu uyğun tibb müəssəsinə dəvət etmək lazım gəlir.

Ağciyərlərin vərəmi və xərçəngi

[redaktə | mənbəni redaktə et]

Tuberkulyozun törədiciləri – kox çöpcükləridir. O, tənəffüs yolları ilə, həmçinin qida ilə birlikdə, məsələn, tuberkulyozlu xəstə inəkdən sağılmış, yarımçıq bişmiş südün içilməsi nəticəsində orqanizmə keçə bilər. İnsan üçün əlverişsiz olan şəraitdə xəstəlik törədən mikroblar xeyli aktivləşir. Onlar ən çox ağciyərlərə və ya başqa orqanlara keçir, orada xəstəlik törədir və sürətlə çoxalırlar. Flyuoroqrafiya tətbiq etməklə ağciyər xərçəngini də vaxtında aşkar etmək mümkündür. Bu xəstəliyə siqaret çəkənlərdə daha çox təsadüf olunur. Xəstəliyin yaranması bir neçə bronxun epiteli toxuması hüceyrələrinin pozulması və onların inkişafı ilə başlanır. Belə halda orqanda şiş yaranır. Qeyri-adi şəkildə yaranan və böyüyən şişlər orqanizmin yaşaması üçün təhlükəlidir, çünki kəskin üzgünləşməyə, sonra isə insanın ölümünə səbəb olur. Daha yaxşı olar ki, hər bir adam ən azı iki ildən bir flyuoroqrafiya müayinəsindən keçsin. Flyuoroqrafiya ilə məşğul olan və bu sahədə pasiyentlərlə təmasda olan adamların da hər il müəyyən müayinədən keçmələri onların sağlamlığı üçün lazımdır.

Siqaret çəkməyin tənəffüs orqanlarına təsiri

[redaktə | mənbəni redaktə et]

Tütünün tərkibində saxlanılan nikotin və başqa zəhərli maddələr insan orqanizminə zərərli təsir göstərir. Nikotin ən çox tənəffüs orqanlarına zərərli təsir göstərir, qan damarlarının yığılmasına səbəb olur və bununla da orqanizmdə ürək-damar sisteminin işini ağırlaşdırır. Siqaret çəkən adamlar başqaları ilə müqayisədə xroniki bronxit xəstəliklərinə, ağciyərlərin xərçənginə və vərəmə, astma xəstəliyinə daha çox məruz qalırlar.

Nikotinin və tütünün tərkibinə daxil olan onlarla zəhərli maddələrin təsirindən epiteli hüceyrələri ölür və səs bağlarının iltihabı başlanır. Siqaret çəkən adamlarda hemoqlobinin normal oksigen daşımaq qabiliyyəti pozulur.

Klinik və bioloji ölüm

[redaktə | mənbəni redaktə et]

Tənəffüs kəsiləndən və ürək dayanandan sonra sürətli ölüm başlanır. Beyin nə qədər ki, salamatdır, orqanizmin sönən funksiyalarını bərpa etmək olar. Birinci faza hələlik dönəndir və kliniki ölüm adlanır. Həyatın qaytarılması vasitələri reanimasiya adlanır. Kliniki ölüm bir neçə dəqiqə davam edir. Bioloji ölüm isə beynin ölməsi deməkdir və dönməyən prosesdir.

Hava ətraf mühitin zəruri hissəsi olub, insan və heyvanların həyatında mühüm əhəmiyyət kəsb edir. Atmosfer havasında oksigen – 21%, azot – 78%, karbon qazı – 0,03% və 1%-ə yaxın qarışıq qazlar olur. Xaric edilən havanın tərkibində oksigen – 16,3%-ə enir, karbon qazının miqdarı isə 3 – 4%-ə qədər yüksəlir.

Havası dəyişilməyən otaqda oksigenin miqdarı nisbətən azaldığı halda, karbon qazının konsentrasiyası kəskin surətdə yüksəlir. Belə şəraitdə orqanizmə yalnız karbon qazı deyil, eyni zamanda tütünün tüstüsü, yanıq iyləri və başqa zərərli maddələr də pis təsir göstərir. Ona görə də boğanaq otaqda başağrısı, əzginlik, iş qabiliyyətinin aşağı düşməsi kimi hallar olur.

Soba yandırmaqla qızdırılan otaqların havasının insan orqanizminə son dərəcə zərərli təsir göstərən karbon monooksid dəm qazının qarışığı ola bilər. Dəm qazının hemoqlobinlə birləşməsindən çətin parçalanan birləşmə(karboksihemoqlobin) əmələ gəlir. Dəm qazı ilə birləşməyə daxil olmuş hemoqlobin uzun müddət ağciyərlərdən toxumalara oksigeni daşıya bilmir. Qanda və toxumalarda yaranan oksigen çatışmazlığı baş beynin və başqa orqanların işinə zərərli təsir göstərir. Dəm qazı ilə zəhərlənmə insanda kəskin başağrısına və öyüməyə səbəb olur. Qusma, qicolma, şüurun itməsi kimi ağırlaşmalarla yanaşı kəskin zəhərlənmə toxuma tənəffüsü kəsildiyi üçün ölümlə nəticələnə bilər. Zərərçəkənə yardım göstərmək üçün onu təmiz havaya çıxarmaq və dərindən nəfəs aldırmaq, zərərçəkənə naşatır spirti iylətdirmək, tünd isti çay içizdirmək lazımdır. Şüurun itməsi, tənəffüsün kəsilməsi zamanı süni tənəffüs tətbiq etmək lazımdır.

Tozla mübarizə

[redaktə | mənbəni redaktə et]

Havada olan toz hissəcikləri havadaşıyıcı yolları və ağciyər qovucuqlarının divarını mexaniki surətdə zədələdiyinə, qazlar mübadiləsinə çətinləşdirici təsir göstərdiyinə, allergiya yaratdığına görə insan orqanizmi üçün təhlükəlidir. Bundan əlavə tozun üzərinə çökən mikrob və viruslar infeksiya mənbəyinə çevrilir. Tozla qarışan xrom, qurğuşun hissəcikləri və sair çox vaxt insan orqanizmində kimyəvi zəhərlənmə yarada bilir. Yalnız zavod, fabrik tullantıları deyil, məişət və kənd təsərrüfatı tullantıları da insan orqanizmi üçün zərərli hesab olunur.

İş zamanı respiratorlardan istifadə etməklə tozdan qorunmaq mümkündür. Həcmi 20 – 25 kv sm olan dördqatlı, düzbucaqlı tənzif parçasından istifadə etməklə havada olan toz hissəciklərinin tənəffüs yollarına zərərli təsirinin qarşısını almaq olar.

Tənzifin yuxarı ucunu bintlə qulağa, aşağı tərəfini isə boyuna bağlamaq lazımdır. Toz hissəciklərinin təsirini azaltmaq üçün respiratoru vaxtaşırı dəyişmək, mənzildəki əşyaların üzərini yaş əski ilə silmək lazımdır.

Havanın çirklənmə mənbələrinə – avtonəqliyyatın işlətdiyi yanacağın hesabına qazın havaya çıxması, sənayenin zərərli qazları, zolları, tüstüsü, mineral gübrələrdən və kənd təsərrüfatında istifadə olunması məsləhət bilinməyən zəhərli kimyavi maddələr, maldarlıq fermalarının tullantıları və s. aiddir.

Yaşıllıq örtüyü az olan iri sənaye şəhərlərində, havanın üzəri sıx tüstü, dumantoz qarışığı, quru yanacaqdan ayrılan lazımsız qarışıqlar, his və hissəciklərlə örtülür. Quru havada bu qarışıqlar sıx sarı duman şəklində olur, tutqun, çiskinli havada isə damcılara çevrilir, yerə enir.


Tənəffüs Sistemi Xəstəlikləri:

Astma Xəstəliyi:

Astma tənəffüs yollarının iltihabi xəstələyi olub, xırıltılar, tənəffüs müddətinin qısalması, öskürək, döş qəfəsində gərginliklə xarakterizə olunur. Astma tənəffüs yollarında olan iltihab nəticəsində əmələ gəlir. Ölkəmizdə astma xəstəliyi tez-tez rast gəlinsə də dəqiq statistika yoxdur. Amerika Birləşmiş Ştatlarında təxminən 20.5 milyon amerikalı astma ilə xəstədir. Astmalı xəstələrin böyük əksəriyyətinin ailəsində və ya özündə allergik rinit və ya ekzema tipli allergiya var.

Astma tutmaları zamanı tənəffüs yolları əzələləri gərginləşir, selikli qişasi şişkinləşir. Bu bronxlarla keçən havanın həcmini azaldır və quru xırıltıların əmələ gəlməsinə səbəb olur. Bəzi xəstələrdə quru xırıltılar tutmalar şəklində olaraq simptomsuz dövrdən seçilir. Bəzi xəstələrdə uzun müddətli tənəffüs müddətinin qısalması müşahidə olunur. Digər qrup xəstələrdə isə öskürək əsas simptom olaraq qalır. Astma tutmaları bir neçə dəqiqədən bir neçə günədək davam edir. Tənəffüs həcmi kəskin azalarsa təhlükəli ola bilər.

Həssas insanlarda allergiya törədən maddələrlə nəfəs alma xəstəliyin başlamasına start verə bilər. Bunlara heyvan xəzi, gənə, tarakan allergenləri, bitki tozları, plastik tozlar daxildir. Eyni zamanda respirator infeksiyaları, soyuq hava, siqaret çəkmə, stress, qida və dərman allergenləri da buna səbəb ola bilər. Bəzi xəstələrdə aspirin və digər qeyri steroid tipli iltihab əleyhinə olan preparatlar astmanı provokasiya edə bilər.

Astmanın əlamətləri (astmanın simptomları)

— xırıltılar

— qəfil başlanır

— epizodik olur

— gecə və ya səhər erkən daha güclü ola bilər

— soyuq havadan, refluksdan güclənə bilər

— öz-özünə keçə bilər

— bronxodilatatorlarla müalicə olunur

— Fiziki yüklənmə nəticəsində kəskinləşən tənəffüs qısalığı

— Qabirğaarası dərinin tənəffüs zamanı dartılması

Təcili yardım simptomları:

— Tənəffüsün çətinləşməsi

— Üz və dodaqların göyərməsi

— Həyacan və tənəffüsün qısalması

— Sürətli nəbz

— Tərləmə

— Astma tutmaları zamanı xəstələrdə əmələ gələn çaşqınlıq

Əlavə simptomlar:

— Burun pərlərinin genişlənməsi

— Döş qəfəsində ağrı və gərginlik

— Qeyri normal tənəffüs-Nəfəsvermə nəfəsalmadan iki dəfə uzundur

— Nəfəsalma müvəqqəti dayanır

Astmanın müayinəsi:

Allergik testlərin aparılması allergenləri tapmağa kömək edə bilər. Ümumi allergenlər heyvan xəzi, gənə, tarakan məhsulları, ev tozu, bitki və plastic tozlar allergenləridir. Ümumi tənəffüs yolları qıcıqlandırıcıları siqaret tüstüsü, ağac yanmasından və qazların yanmasından əmələ gələn tüstülərdir.

Həkim ağciyərlərə qulaq asmaq üçün stetoskop istifadə edir. Xəstənin astması varsa uyğun səslər eşidiləcək. Lakin astma tutmaları arası ağciyərlər üzərində normal tənəffüs eşidilir.

Əlavə olan testlər:

— Ağciyər funksiyasını yoxlamaq üçün testlər

— Nəfəsvermə zamanı tənəffüs həcminin ölçülməsi

— Döş qəfəsinin rentgeni

— Qan analizləri (eozinofillərin sayılması ilə)

— Arterial qanda qazların təyini

Astmanın müalicəsi

Müalicə əsasən allergenlərdən, tənəffüs yollarını qıcıqlandıran maddələrdən uzaq olmaqdan və tənəffüs yollarının iltihabından qaçmaqdan ibarətdir.

Müalicə üçün əsas 2 dərman növləri var:

Uzun müddətli dərmanlar profilaktikası üçün istifadə olunur, onlar aşağıdakılardır:

— İltihabın qarşısını alan steroidlər (Azmacort, Vanceril, AeroBid, Flovent)

— Leykotrien inhibitorları (Singulair və Accolate)

— Anti-IgE terapiyası (Xolair)

— Uzun müddətli bronxodilatatorlar (Serevent)

— Xromolin sodium (Intal) və ya nedocromil sodium

— Aminofillin və ya teofillin

Bəzən steroid və bronxodilatatorlar birgə işlədilir.

Tutma zamanı sürətli təsir edən dərmanlar:

— Qısa təsirli bronxodilatatorlar (Proventil, Ventolin, Xopenex).

— Kortikosteroidlər (prednisone və ya methylprednisolone), ağıza və ya venaya vurulur.

Orta ağırlıqlı astma zamanı qısa təsir müddətli dərmanlardan istifadə olunmalıdır. Ağır formada özünü göstərərsə xəstəlik üçün daimi müalicə tətbiq olunmalıdır. Kəskin formada isə xəstəxana şəraitində müalicə aparılmalıdır.

Peak flow meter (tənəffüs həcmini təyin edir) ağciyər həcmini ölçmək üçün sadə qurğudur, tutmanın başlayacağını simptomlardan əvvəl xəbər verir.

Peak flow meter dərman müalicəsini nə zaman başlamağa ehtiyac olduğunu göstərir.

Peak flow 50–80% arası olarsa bu orta ağırlıqlı xəstəlikdir, 50%-dən aşağı isə kəskin tutmadır.

Ağırlaşmalar:

— Tənəffüs sisteminin üzülməsi

— Dərmanların əlavə təsirləri

— Pnevmotoraks

— Ölüm

Həkimə nə zaman getməli:

Əgər siz və ya uşağınız astmadan əziyyət çəkirsinizsə həkimə müraciət edin.

Tənəffüs həcmi 50–80%-dirsə və əlamətlər əvvəl yazılmış müalicə ilə azalmırsa təkrar müayinəyə gedin.

Kəskin tənəffüs problemləri, döş qəfəsində ağrı ilə təcili yardıma müraciət edin.

Astma xəstəliyi zamanı profilaktika

Allergenlərdən uzaq olmaqla xəstəliyin kəskinləşməsinin qarşısını almaq olar. Bunu toza allergiyası olanlarda evdən xalçaları yığışdırmaqla, quş tükündən olan balışları dəyişməklə, tez-tez evləri təmizləməklə etmək olar. Belə insanlar tüklü heyvanlardan da uzaq olmalıdır.

Eyni zamanda belə xəstələr siqaret tüstüsundən və sənaye tüstülərindən də uzaq olmalıdır.

Bir çox xəstəlikləri sivilizasiyanın "ayağına" yazırlar. Belə xəstəliklərdən biri də astmadır. Amma bu xəstəlik qədimdən məlumdur. Məsələn, Homerin "İliada"sında Axill Hektorun boğazına nizə yeridir və o, "astma"ya məruz qalır. Doğru tapdınız: "astma" yunanca "boğulma" mənasını verir.

Astmanın nə olduğunu anlamaq üçün ona tutulmaq lazımdır. Doğrudan da, rahat nəfəs almamağın nə demək olduğunu hər adam dəqiq izah edə bilməz. Xəstəliyin mahiyyəti bronxların allergiyaya həddən artıq həssas olmasındadır. Nəfəsalmada dəyişikliklər üzündən bronxlar sıxılır və nəfəsalma cingiltili və xırıltılı olur. Eyni zamanda adam öskürür və boğulma halları baş verir. Çirkli ekologiya, virus və bakteroloji infeksiyalar, müxtəlif qida əlavələri, məişət şəraiti və ilk növbədə passiv və fəal siqarətçəkmə son on ildə astma xəstəliyinə tutulanların sayını artırıb.

Əvvəllər həkimlər astmanı perspektivsiz xəstəlik hesab edirdilər. Həkimlər ən yaxşı halda xəstəni boğulmalardan xilas edə bilirdilər. İndisə vəziyyət dəyişib. Təbabətin inkişafı astmaya tutulmuş xəstələrin vəziyyətini yaxşılaşdırmağa imkan verir. Artıq astmadan əziyyət çəkənlər idmanla da məşğul ola bilirlər. Çox az adamın məlumatı var ki, "Mançester Yunayted" futbol komandasının aparıcı oyunçularından biri Pol Skouz astmadan əziyyət çəkir. Düşünə bilərsiniz: futbol hara, astma hara. Lakin, gördüyünüz kimi, P. Skouz sakitcə İngiltərə çempionatında iştirak edir. Təbii ki, astma xəstələri daim həkimlə ünsiyyət saxlamalıdırlar. Ancaq təbabətin inkişafı astma xəstəliyini yüngül keçirməyə imkan verir. Çox güman ki, yaxın gələcəkdə astma ilə mübarizədə daha yüksək nəticələr əldə etməyə şərait yaradacaq. Hələliksə insanlar boğulmaya qarşı effektli mübarizə apara bilirlər. Astma ilə fəal mübarizə aparanlardan biri olan Mariya Hopenin dediyi kimi, "Mənim astmam var, lakin mən astmanın deyiləm".

Yeri gəlmişkən, alimlərin araşdırması həftədə ən azı 3 hamburger yeyən uşaqlarda astma xəstəliyinə daha tez-tez rast gəlindiyini göstərib. Alman, ingilis və ispan alimlər qrupunun 50 000 uşaq üzərində apardıqları araşdırma bu faktı tam təsdiqləyib. Yaşı 8–12 arasında olan uşaqlarda astma xəstəliyinə tutulanların əksəriyyətinin hamburger düşkünü olduğu müəyyən edilib.

Vərəm Xəstəliyi:

Vərəm xəstəliyinə hər il dünyada 10 milyona yaxın insan yoluxur, 3 milyona yaxın insan isə bu xəstəlikdən dünyasını dəyişir. İndi bütün dünya bəşəri problemə çevrilmiş bu xəstəliyə qarşı birgə mübarizə aparır. Hər il mart ayının 24-də Ümumdünya Vərəm Əleyhinə Mübarizə gününün qeyd olunması bu bəlaya qarşı hamılıqla mübarizə aparmağın zəruriliyini bir daha sübut edir.

1965-ci il iyunun 7-dən etibarən vərəm kliniki təsnifata bölünmüşdür. Vərəmin əsas klinik formaları bunlardır:

1. Uşaqlarda və yeniyetmələrdə vərəm intoksikasiyası

2. Tənəffüs orqanlarının vərəmi

3. Digər orqan və sistemlərin vərəmi

4. Beyin qişalarının və mərkəzi sinir sisteminin vərəmi

5. Bağırsağın, peritonun, müsariqə limfa düyünlərinin vərəmi

6. Sümük və oynaq vərəmi

7. Sidik-cinsiyyət orqanlarının vərəmi

8. Dəri və dərialtı toxumanın vərəmi

9. Periferik limfa düyünlərinin vərəmi

10. Gözün vərəmi

11. Digər orqanlarının vərəmi.

Ftizatriya — Vərəm haqqında elmə deyirlər."Phitsis" yunanca üzülmə, arıqlama, "jatos" isə həkim və ya həkimlik mənasındadır. Vərəm yoluxucu xəstəlikdir. Mycobacterim tuberculosis və ya kox çöpləri tərəfindən törənir. Bunlar aerob, turşuyadavamlı bakteriyalar olub ətraf mühitin bir sıra təsirlərinə qarşı çox davamlıdır. Sağlam, yaxşı immunitetə malik insan vərəmə yoluxduqda adətən heç bir əlamət üzə çıxmır, bu zaman daxildə yaranmış kiçik vərəm prosesi isə öz-özünə sağalır. Bu prosesdən bəzən heç bir əlamət qalmır və ya kiçik məhdud həcmdə qon ocağı qalır. Bu cür ilkin yoluxma adətən uşaq və ya yeniyetmə yaşlarında baş verir.

Vərəmi "tuberkulozis" də adlandırırlar. Bu sözün latın dilindən tərcüməsi qabarcıq deməkdir. Vərəmin törədicisi isə onu aşkar edən alimin şərəfinə "kox" çöpləri adlandırılır. Əsasən immuniteti zəif olanlar və vərəmli xəstələrlə sıx təmasda olanlar bu infeksiyaya tutulur və ya gəzdirici olurlar. Lakin gəzdiricilər nəzarətdə qalmalıdırlar: onlar praktiki sağlam olub, ətrafdakılar üçün təhlükə törətmirlər, lakin onların immuniteti zəifləyərsə, o zaman vərəm çöpləri çoxalmağa başlayır. Nəticədə vərəm xəstəliyi inkişaf edir.

Vərəm çöpləri hansı yolla yoluxurlar?

[redaktə | mənbəni redaktə et]

Yoluxma çox zaman hava-damcı üsulu ilə baş verir, adətən payız aylarında yoluxma ehtimalı artır. Lakin çox zaman vərəm xəstəliyi orqanizmin zəifləməsi fonunda uşaq vaxtı ilkin yoluxma zamanı əmələ gəlib qalmış qon ocaqlarının yenidən aktivləşməsi nəticəsində yaranır. Beləliklə bu xəstəlik yalnız yaxşı qidalanmayan, qeyri-qənaətbəxş şəraitdə yaşayan müxtəlif səbəblərdən immuniteti aşağı olan, digər xəstəliklər fonunda çox siqaret çəkən, və ya zərərli tozlarla daim nəfəs alan insanlarda və s. inkişaf edir.

Vərəmin klinikası onun formasından asılı olaraq müxtəlif ola bilər. Uşaqlarda və yeniyetmələrdə vərəm intoksikasiyası zamanı bədən temperaturu periodik olaraq 37–38 S –yə qalxır, xəstənin iştahası pozulur, neyrovegetativ pozğunluqlar (əsəbilik və ya süstlük, başağrıları, ürək döyünmə) periferik limfa düyünlərinin zəif böyüməsi, qaraciyərin və bəzən dalağın bir qədər böyüməsi, bədən çəkisinin artmaması, azalması, orta qulağın iltihabı, başqa xəstəliklərə meyillilik müşahidə olunur.

Biz bilirik ki, tənəffüs ritmi mərkəzi sinir sistemi vasitəsilə nizama salınır. İnsan dəqiqədə 14–18 dəfə bütün ömrü boyu isə təxminən 600 milyon dəfə nəfəs alır. İnsan dinc vəziyyətdə 5 litr hava alır. Fiziki iş zamanı bu 120 litrə çatır. Söhbət zamanı öskürək, asqıraqla öpüşərkən seliz damcıları ilə və s. yollarla vərəmə yoluxmaq mümkündür. Vərəm xəstəliyinin mənbəyi xəstə insanlar, heyvanlar, və quşlardır.

Epidemioloji cəhətdən ən qorxulu olanlar bəlğəmlə, külli miqdarda vərəm mikrobakteriyaları xaric edən xəstələrdir. Bir xroniki vərəmli xəstə sutka ərzində 7 milyarda qədər vərəm çöpləri xaric edir. Belə xəstə bir dəfə öskürərkən havaya 60 minə yaxın tüpürcək dənələri püskürür. Bir açıq formalı vərəmlə xəstə il ərzində 10–12 yeni sağlam şəxsin vərəmə tutulmasına səbəb ola bilər. Əgər dünyada hər 7 saniyədən biri 5 yaşına qədər bir uşaq sətəlcəm xəstəliyindən dünyasını dəyişirsə, bu gün dünyada hər 10 saniyə ərzində 1 nəfər vərəm xəstəliyindən dünyasını dəyişir.

Vərəm mikrobakteriyaları təkcə bəlğəmlə deyil, sidik, nəcis, və irinlədə xaric olunur. Yer üzərində 50 növdən artıq məməli heyvanlar, 80 milyondan artıq quşlar, vərəm xəstəliyinə yoluxa biləcək ən qorxulu heyvanlar inəklər və keçilərdir. Öküz tipli vərəm çöpləri ilə insanlar süd və süd məhsulları vasitəsilə yoluxa bilir. Bəzi hallarda vərəm mikrobakteriyaları ilə yoluxmuş ətdən yaxud da xəstə heyvanlarla yaxın kontaktdan yoluxma baş verə bilir.

Adətən, vərəm çöpləri orqanizmə hava-damcı yolu ilə, nisbətən az hallarda dəridə və selikli qişalarda olan sıyrıntı və yaralardan, xəstə heyvan və quş ətindən istifadə etdikdə, xəstənin tüpürcəyi və bəlğəmindən, yenidoğulmuşlara isə anaların qanı vasitəsilə daxil olur.

Əgər vərəm çöpləri nəfəs alınan hava ilə ağciyərlərin alveollarına daxil olarsa, bu zaman ağciyərlərin vərəmi müşahidə olunur (vərəmin ən çox rast gəlinən forması). Vərəm çöplərinin zərərli təsirindən insan tez bir zamanda 5–10 kq arıqlayır. Bundan başqa, iştah pozulur, iş qabiliyyəti zəifləyir, yorğunluq, süstlük, halsızlıq hiss olunur, güclü tərləmə (xüsusilə gecələr və səhərə yaxın), bədən hərarətinin 37–37,5, bəzən isə 38–39 qalxması müşahidə edilir. Daha sonra öskürək əziyyət verməyə başlayır: əvvəlcə irinli-bəlğəmli, getdikcə qan qarışmış əzabverici öskürək xəstələri narahat edir. Çox tez-tez ağciyərlərdəki iri damarların partlaması nəticəsində qanaxma baş verir.

Ən təhlükəli cəhət ondadır ki, xəstələr və onların əhatəsində olanlar vərəmdən heç şübhələnmirlər də, çünki vərəmin əlamətləri çox vaxt yuxarı tənəffüs yollarının xəstəliklərinə, ən çox da bronxitə oxşar şəkildə özünü büruzə verir. Ona görə də yuxarıda göstərilən əlamətlərdən bir neçəsi aşkar olunarsa, bu zaman mütləq həkimə müraciət etmək lazımdır- diaqnozu təsdiq və ya inkar etmək üçün.

Diqqətli olun! Hər il xəstəliyin kəskin formasından əziyyət çəkən, lakin kifayət qədər müalicə almayanların 50%-i ölür. Qalan 50% -də isə xəstəlik xroniki formaya keçir, vərəm mikobakteriyaları isə digər orqanları zədələməkdə davam edirlər.

Vərəmdən necə qorunmaq olar?

[redaktə | mənbəni redaktə et]

Vərəmdən qorunmağın ən sadə üsulu-immunitetin aşağı enməsinə yol verməməkdir. Qida rasional, zülallar, vitaminlər, mineral maddələrlə kifayət qədər zəngin olmalıdır. Bundan başqa, özünüzü soyuqdəymədən, həddindən artıq istiləşmədən qoruyun (əgər zərərli istehsalatda işləyirsinizsə, o zaman respiratordan və ya qoruyucu maskadan istifadə edin).

Əgər analizlərin nəticələri vərəm diaqnozunu təsdiq edərsə, kədərlənməyin. Hazırda vərəm əleyhinə tətbiq olunan müasir preparatlar xəstəlikdən müalicə etməyə tamamilə qadirdirlər. Xəstəliyin formasından, inkişaf dərəcəsindən asılı olaraq xəstələr vərəm dispanserində, sanatoriyalarında və yaxud həkim nəzarəti altında evdə müalicə ala bilərlər. Bir vacib məsləhəti unutmayın: həkimin təyin etdiyi müalicəni yarımçıq kəsməyin. Əks təqdirdə mikobakteriyaların davamlılığı artır və onlar sonrakı müalicəyə qarşı dözümlü olurlar.

Vərəm xəstəliyinin müalicəsinin effektini artırmaq və sağalmanı sürətləndirmək üçün vərəm əleyhinə preparatlardan əlavə, xalq təbabətində geniş istifadə olunan müalicə vasitələrindən faydalanmaq məsləhət görülür. Ümumi qüvvətləndirici kimi aşağıda təqdim olunan reseptlərdən istədiyinizi seçə bilərsiniz:

−1 x/q solmazçiçək, adaçayı, bağayarpağı qarışığından 4 x/q götürərək üzərinə 1 litr qaynar su tökün, 1 sutka saxlayın, süzün. Gündə 4 dəfə 1 ç/q balla 1 stəkan qəbul edin.

-ət maşınında 1,5 kq 3–5 illik aloye yarpaqlarını əzin (5 gün əvvəldən bitkiyə su verməyi dayandırın), üzərinə 2,5 kq bal qatın, qarışdırın, tünd bankaya tökün, qapağı bağlı halda 1 həftə saxlayın. 1-ci 5 gün yeməkdən 1 saat əvvəl gündə 1 dəfə 1ç/q, sonrakı günlər isə gündə 3 dəfə qəbul edin.

Dəvə-dabanı, razyana, cirə qarışığından dəmləmələr, biyan kökündən cövhər hazırlayıb qəbul edin.

Keçmişdə köçərilər bir çox xəstəlikləri, o cümlədən vərəmi at südü ilə (kumısla) müalicə edirdilər.

Qədim zamanlardan vərəmin müalicəsində hərtərəfli qidanın, təmiz havanın, günəşin, suyun, fiziki məşğələlərin roluna xüsusi əhəmiyyət verirdilər. Həkimlər qida rasionuna aşağıdakı qidaları daxil etməyi məsləhət görürlər: yağsız ət, balıq, quş əti, süd, kefir, kəsmik, pendir, çovdar çörəyi, kartof, alma, qaraqarağat, kahı, kələm, noxud və s.

Gündə 4 dəfə yemək yeyin. Yemək arası 1 stəkan meyvə şirəsi qəbul etmək olar. Mümkün qədər təmiz havada, dəniz sahillərində olun. Günəş vannaları qəbul edin, özünüzü möhkəmlədin, kontrast duş qəbul edin.

Rəsmi mənbələrdə isə Azərbaycanda 10 minə yaxın şəxsin vərəmə yoluxduğu göstərilir. Ölkəmizdə vərəmli xəstələr ümumi mərkəzləşmiş qaydada pulsuz ərzaq məhsulları ilə təmin olunur, stasionarlarda pulsuz şəkildə müalicə edilir, onlara dərmanlar pulsuz verilir (bax-Vərəmə qarşı vaksin və revaksinasiya) Son illərin statistikası onu göstərir ki, sosial vəziyyəti aşağı olan ailələrdə, cəzaçəkmə müəssisələrindən azadlığa buraxılan məhbuslarda vərəmə yoluxma faizi daha yüksəkdir və bu fakt ətrafdakıların da xəstəliyə yoluxma riskini artırır. Qeyd edək ki, dünyada ən geniş yayılmış yoluxucu xəstəliklərdən biri olan vərəmin insana yoluxması hava-damcı yolu ilə baş verir. Bu xəstəliklə mübarizə aparmaq üçün bütün qüvvələrimizi əsirgəməməliyik.

Bronxial Astma Xəstəliyi:

Bronxial astma – tənəffüs sisteminin xroniki infeksion-allergik mənşəli xəstəliyidir. Xəstəlik zamanı tənəffüs sistemi selikli qişasının müxtəlif qıcıqlara qarşı həssaslığı yüksəlir. Bronxial astma xəstəliyinin əsas kliniki əlamətləri bronxial keçiriciliyin pozulmasıı ilə müşahidə olunan tutma şəkilli təngnəfəslik, öskürək və xırıltıdan ibarətdir.

Bronxial astma tutması qısa və uzun müddətli ola bilər. Xəstəliyin ilkin inkişaf mərhələlərində baş verən tutmalar qısa müddətli olub, öz-özünə keçir, insan hər hansı bir xəstəliyin olmasından şübhə etmir. Vaxt keçdikcə, xəstəlik daha da irəliləyir, tutmaların baş vermə tezliyi, müddəti və xarakteri dəyişilir.

Bronxial astma xəstəliyi infeksion-allergik və qeyri infeksion-allergik olmaqla iki qrupa ayrılır.

  • İnfeksion-allergik mənşəli bronxial astma tənəffüs sisteminin infeksion xəstəliklərinin (pnevmoniya, faringit, bronxit, angina) fonunda inkişaf edir. Bu halda allergen rolunda mikroorqanizmlər çıxış edir. Bronxial astma xəstəliyinin bu növü daha geniş yayılmışdır. Ümumi xəstəliyin 2/3 hissəsi bu formanın payına düşür.
  • Qeyri infeksion-allergik mənşəli bronxial astma xəstəliyində isə allergen rolunda üzvi və qeyri-üzvi olmaqla bir sıra maddələr rol oynaya bilər. Bitki tozları, məişət tozları, lələk, yun, insan və heyvan orqanizminə məxsus epidermal mənşəli kəpək, qida allergenləri (sitrus meyvələri, çiyələk, moruq və s.), dərman maddələri (antibiotiklər, xüsusən penisillin, B1 vitamini, aspirin, piramidon və s.), bir sıra kimyəvi maddələr (əksər hallarda formalin, pestisidlər, sianamidlər, ağır metalların qeyri-üzvi duzları və s.) bronxial astma xəstəliyinin bu formasının inkişaf etməsinə səbəb ola bilər. Xəstəliyin bu formasının inkişaf etməsində irsi faktor da mühüm rol oynayır.

Astma Simptomları

[redaktə | mənbəni redaktə et]

Bronxial astma xəstəliyinin əsas kliniki əlamətləri aşağıakılardır:

  • Nəfəsvermə zamanı fitləyici xırıltılarla müşahidə olunan boğulma tutmaları. Bu zaman insan bu xəstəliyə xas məcburi bir vəziyyət alır. Oturaq vəziyyətdə əlləri ilə dizlərinə təkan edərək gövdəsini önə doğru əyir.
  • Təngnəfəslik, tənəffüsün çətinləşməsi əksər hallarda gecə yuxu vaxtı müşahidə olunur. Xəstə yuxudan hava çatışmazlığı və öskürək ilə ayılır.
  • Fiziki yük, psixo-emosional stress, tənəffüs havası ilə allergenlərin daxil olması və s. bronxial astma tutmasına səbəb ola bilər.
  • Əksər hallarda soyuqdəymə əlamətləri 10 gündən də artıq davam edir və xəstədə öskürəyin daha da dərinləşməsi kimi bir hiss yaranır.
  • Bronxolitiklərin (bronx mənfəzini genişləndirən dərman preparatları) qəbulundan dərhal sonra təngnəfəslik əlamətləri keçir.

Kliniki əlamətlərin bu qədər aşkar şəkildə özünü büruzə verməsinə baxmayaraq əksər hallarda xəstəlik astmatik bronxit, obstruktiv bronxit kimi diaqnozlarla yanlış müalicə olunur. Bir çox hallarda isə xəstəliyə gecikmiş hallarda düzgün diaqnoz qoyulur.

Bronxial astma xəstəliyinin müalicəsi

[redaktə | mənbəni redaktə et]

Son illərdə bronxial astma xəstəliyinə baxış bucağı xeyli dəyişmiş və təkmilləşdirilmişdir. Bu isə tənəffüs yolları selikli qişasının allergik mənşəli iltihabı və bronxların hiperreaktivliyinin (yüksək həssaslığı) xəstəliyin inkişafında mühüm rol oynadığının elmi əsaslara sübuta yetirilməsindən sonra baş vermişdir. Müasir baxışlara görə bronxial astma xəstəliyinin müalicəsi iki əsas komponentdən ibarətdir: bazis (planlı) iltihabəleyhi müalicə və astmatik tutmalar zamanı təcili yardım. Buna görə də istifadə olunan dərman preparatları da 2 qrupa bölünür: tutmalar zamanı simptomları tez bir zamanda aradan qaldırmaq üçün isitfadə olunan preparatlar və xəstəliyə nəzarət etmək üçün planlı bazis terapiya.

Əksər dərman preparatları inhalyator şəklində istifadə edilir. Bu forma ən effektli və təhlükəsiz hesab edilir. Dərman preparatı bronxlara yerli olaraq birbaşa təsir edir. Dərmanın təsir effekti daha tez müşahidə olunur, tənəffüs yollarında maksimum konsentrasiya əldə edilir. Dərman yerli tətbiq olunduğuna görə digər orqan və sistemlərə əlavə təsiri minimuma endirilir.

Təcili yardım zamanı istifadə olunan dərman preparatları

[redaktə | mənbəni redaktə et]

Ən effektli preparatlar qısa müddətli təsirə malik bronxgenəldici beta adrenomimetiklər (salbutamol, berotek və s.) hesab edilir. Bu preparatlar tez bir zamanda daralmış bronx mənfəzini genişləndirə bilmək xüsusiyyətinə malikdirlər. Eyni zamanda göstərilən preparatların uznmüddətli müalicə zamanı istifadə edilməsi məsləhət görülmür. Onlar kifayət qədər qısamüddətli təsirə malikdirlər.

Təcili yardım məqsədilə teofillin, eufillin də istifadə olunur. Lakin inhalyasion preparatlarla müqayisədə onlar daha az effektlidirlər. Nəzərə almaq lazımdır ki, xəstəliyin müalicəsi zamanı iltihabəleyhi preparatlardan mütləq istifadə olunmalıdır.

Bazis terapiya preparatları

Bazis terapiyanın əsas preparatları inhaliyasion kortikosteroidlər hesab edilir. Bronxial astmanın uzunmüddətli müalicəsi zamanı inhaliyasion kortikosteroidlər ən effektli dərman preparatları hesab edilir. Bu preparatların uzun müddət istifadəsi tutmaların baş vermə tezliyini və ağırlıq dərəcəsini getdikcə azaldır. Bu preparatlar yerli təsir edərək bronxolitik və iltihabəleyhi effekt yaradır. Yerli təsir göstərdiklərinə görə sistem təsirləri minimum səviyyədədir.

Tərkibində kortikosteroid və beta adrenomimetik olan kombinəedilmiş inhaliyasion preparatlar pasiyentlər üçün daha əlverişli hesab edilir. Sübut edilmişdir ki, bu preparatların təsir gücü kortikosteroidlərin ikiqat təsirinə bərabərdir.

Yadda saxlayın:

[redaktə | mənbəni redaktə et]
  • İnhaliyasion kortikosteroidləri vaxtında təyin etmək lazımdır. Bunun üçün xəstənin vəziyyətinin ağırlaşmasını və ya xəstəliyin proqressivləşməsini gözləmək düzgün deyil!
  • Hormonal inhalyatorlar baş vermiş astmatik tutmanın qarşısını almaq məqsədilə istifadə edilmir. Onlar planlı təyin edilir və təsiri müəyyən müddətdən sonra müşahidə edilir.
  • Müalicəni özbaşına tərk etmək qəti qadağandır. Əgər özünüzü yaxşı hiss edirsinizsə, bu, müalicəni dayandırmağa əsas vermir. Dərmanın dozasının və ya miqdarının azaldılması yalnız həkim təyinatı ilə 3 ay xəstəliyin dinamik müşahidəsindən sonra pilləli şəkildə təyin edilə bilər.
  • Xroniki xəstəliklərdə müalicə kursu deyilən bir anlayış mövcud deyil. Əgər heç bir problem müşahidə olunmazsa hər 3–6 aydan bir aparılan müalicənin həcminin azaldılmasından söhbət gedə bilər. Əgər pisləşmə qeyd olunarsa dərhal həkimə müraciət etmək lazımdır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]