İren Melikoff

İren Məlikova (fr. Irène Mélikoff; 8 dekabr 1917[1], Petroqrad8 yanvar 2009[2][3][…], Strasburq[1]) — Fransada fəaliyyət göstərmiş, əslən azərbaycanlı türkoloq alim, professor.[4]

İren Məlikova
fr. Irène Mélikoff
Doğum tarixi 8 dekabr 1917(1917-12-08)[1]
Doğum yeri
Vəfat tarixi 8 yanvar 2009(2009-01-08)[2][3][…] (91 yaşında)
Vəfat yeri
Milliyyəti Azərbaycanlı
Həyat yoldaşı Faruq Sayar
Uşaqları Belkıs Sonya, Ladin və Şirin
Atası İsgəndər bəy Məlikov
Anası Yevgenya Nikiferovna Mokşanova
Elm sahəsi türkologiya
Təhsili
Mükafatları Xidmətlərə görə ordeni Knight of the National Order of Merit Akademik palma ordeni zabiti "Fəxri legion" ordeni kavaleri

Həyatının erkən dövrü

[redaktə | mənbəni redaktə et]

İren Məlikova 1917-ci il noyabrın 7-də Sankt-Peterburqda ziyalı ailəsində anadan olub[4]. O, neft sahibkarı İskəndər bəy Məlikovun qızıdır.[5] Bolşeviklər hakimiyyəti ələ aldıqdan iki il sonra, 1919-cu ildə ailə Finlandiyaya köçüb. Özü bu hadisəni belə ifadə etmişdir:[6]

" Mən qışın ortasında, 10 metr buzun olduğu bir zamanda dünyaya gəldim. Peterburqda - Rus inqilabı başladığı gün dünyaya gəldim. Çox pis bir tarix, çünki yaşımı hər kəs bilir. Bunu gizlədə bilmərəm. Atam qaçmağa məcbur idi, çünki varlı idi. Onu buraxmazlardı. Onu öldürəcəklərdi. Qaçmağa məcbur idik. Tez qaçdığımız üçün qurtula bildik. Qatarla qaçdıq. Bir ay sonra isə qatarlar dayandırıldı. "

Finlandiyada bir qədər qaldıqdan sonra Danimarkaya, oradan da həmişəlik Fransaya köçərək Parisdə yaşayıblar.[7]

Atasından qismən Azərbaycan dilini, anasından rus dilini öyrənmişdir. İren ilk təhsilini Paris şəhərində alıb. Orta məktəbi qurtardıqdan sonra da təhsilə böyük maraq göstərən İren məşhur Sorbonna Universitetində ingilis dili və ədəbiyyatı fakültəsinə qəbul olmuşdur. Bununla paralel, École Nationale des Langues Oriantales Vivantes-də (Şərq Dilləri Dövlət Məktəbi) türk və fars dillərini öyrənmişdir. O, türk dilini Jean Deny və Adnan Adıvardan, fars dilini Henri Massedən öyrənmişdir. Burada o, tanınmış türkoloqların mühazirələrini dinləyib. O, təhsil aldığı illərdə fransız dilindən başqa, türk, fars, ərəb dillərini də öyrənir. Universiteti uğurla başa vurduqdan sonra elmi işlə məşğul olmağa başlayır.

Akademik fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1940-cı ildə məşhur türk riyaziyyatçısı Saleh Zəki Sayarın oğlu Faruq Sayar ilə ailə həyatı quran İren Melikova 1941-ci ildə həyat yoldaşı ilə birlikdə Türkiyəyə köçərək orada yaşayıb. 1948-ci ildə Fransaya qayıdaraq türkologiya sahəsində araşdırmalar aparıb, məşhur əsərlər yazıb. Onun elmi araşdırmaları Türkiyəni, Balkan ölkələrini, Azərbaycanı, İranOrta Asiyanı əhatə edib. Strasburq Universitetinin türkologiya və İran fakültəsinin rəhbəri olub. İren Melikova bir çox beynəlxalq elmi qurumların, o cümlədən Asiya və Ernest Renan kimi məşhur cəmiyyətlərin üzvü seçilib.

Universiteti École Pratique des Hautes Études-də "Umur Paşa dastanı" ilə tamamlamış (1954), 1957-ci ildə "Geste de Melik Danişmend" başlıqlı tezi ilə doktorluq müdafiəsi etmişdir.[7]

İrenin əsas tədqiqat obyektlərindən biri də Azərbaycan, onun tarixi və ədəbiyyatı olub. Məşhur islam araşdırmaçısı Luis Massignon inu sufiliyi araşdırmağa yönləndirmişdir. Mehmet Fuad Köprülü və Ömər Lütfi Barkan ilə yaxın əlaqədə olan İren türk dastanları ilə bağlı araşdırmalar aparmış, mistisizmi öyrənərkən Ələviliklə tanış olmuşdur. Ələvi inancının dərinliyindən təsirləndiyini bildirən İren bundan sonra həm də Ələviliyin tədqiqatı ilə məşğul olmuşdur. Bu barədə özü bu sözləri demişdir:[6]

" Mən gəncliyimdə din, dil, məzhəb fərqi bilmirdim. Mən hər insanı eyni görürdüm. Gəncliyimdən bəri bu belə idi. Fəqət məndə bir snobizm vardı. "İnsanlar universitet oxumuşmudur, oxumamışmıdır? - mən buna önəm verirdim. Bu mənim üçün mühüm bir hadisə idi. Bu da çox uzun müddət davam etdi. Nə zaman ki, Ələviləri tanıdım, divar orada yıxıldı. Anladım ki, insanlar universiteti bitirməsələr də ağıllı ola bilərlər, zəki ola bilərlər, xoşniyyətli ola bilərlər. Mən Ələviləri tanıdıqdan sonra bunu anladım. Bunları tanıdıqdan sonra bu snobizm yıxıldı." "

Ələviliklə bağlı "Umur Paşa dastanı", "Məlik Danışmənd", "Əbu Müslüm Xorasanı", "Türk Sufizminin izində", "Uyur idik uyardılar", "Əfsanədən gerçəyə Hacı Bektaş" və "Qırxlar süfrəsi" əsərlərini yazmışdır.[8]

Gərgin tədqiqatlarının nəticəsi kimi 1957-ci ildə doktorluq dissertasiyası müdafiə edir. Az sonra onun "Danışmənd dastanı", "Əbumüslüm Xorasani", "Umur Paşa dastanı" adlı kitabları işıq üzü görür. 1957-ci ildən 1964-cü ilədək Parisdə Elmi Araşdırmalar Milli Mərkəzinin Şərqşünaslıq bölməsində çalışır. Sonra o, Strasburq Humanitar Elmlər Universitetində işləməyə başlayır, bu məşhur təhsil və elm ocağının professoru olur. Burada işləyə-işləyə türk dilləri və ədəbiyyatı sahəsində böyük elmi mərkəz yaratmağa səy göstərir, bir müddət inadlı fəaliyyət göstərdikdən sonra istəyinə nail olur. Onun yaratdığı Türkiyyat Araşdırmalar İnstitutu qısa müddət ərzində Avropada ən nüfuzlu türkoloji mərkəzlərdən birinə çevrilir. Bundan əlavə, Strasburq Humanitar Elmlər Universitetində 1984-cü ildə Azərbaycan Mədəniyyətini Araşdırma Mərkəzi yaradır və onun prezidenti seçilir. Mərkəzin adı 1988-ci il may ayında dəyişdirilərək Azərbaycan Mədəniyyətini və Sivilizasiyasını Öyrənən Mərkəz olur. Azərbaycan mədəniyyətini, incəsənətini, tarixini və ədəbiyyatını öyrənən bu mərkəzə yenidən məşhur Azərbaycanşünas alim, professor İren Məlikova prezident, professor Lui Bazen və Timurçin Hacıbəyli vitse-prezident seçilirlər. Bundan əlavə Mərkəz öz qarşısına Azərbaycan haqqında umumi məlumatlar yaymağı, Azərbaycan yazıçılarının və şairlərinin əsərlərinin nəşrini təşkil etməyi qoyur. Mərkəz alimlərin görüşlərini keçirməyi, müxtəlif tədbirlər təşkil etməyi, xüsusi kitabxana, videoteka, fonoteka yaratmağı da nəzərdə tutulmuşdur. İren xanım Strasburq universitetində işə başlayanda bu ali təhsil ocağının türk şöbəsində cəmi iki tələbə olur. Onun ciddi fəaliyyəti nəticəsində bir neçə il sonra bu tələbələrin sayı 380 nəfərə çatir. Onlardan 40 faizi dil, 60 faizi isə ədəbiyyat və mədəniyyət üzrə ixtisaslaşmışlar. İren xanım Strasburq universitetində dil və ədəbiyyatdan dərs deyir. 1988-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində onun "Türk Qafqaz qeydləri" silsiləsindən "Babək Xürrəmi və Seyid Battal" adlı böyük məqaləsi dərc edilir. O, eyni zamanda Bakı Dövlət Universitetinin fəxri professoru olmuşdur. Qərbi Avropada nəşr edilən yeganə türkologiya jurnalı olan "Türkika"-nın baş redaktoru olan İren xanım Cənubi Azərbaycanda da olub, Təbrizi gəzib, çox sevdiyi Şah İsmayıl Xətai haqqında zəngin material toplayıb. Görkəmli alim Azərbaycan ədəbiyyatına, onun görkəmli nümayəndələrinə yüksək qiymət verib, M. F. Axundovun yaradıcılığına heyran olduğunu bildirib.[4]

  • La Geste de Melik Danişmend (Paris, 1960)[7]
  • Abu Muslim, le "Portre-Hache" du Khorassan dans la tradition épique Turco-Iraienne, (Paris, 1962)[7]
  • Uyur İdik Uyardılar Alevîlik-Bektaşîlik Araştırmaları (Türk dilinə tərcümə edən: Turan Alptekin, İstanbul, 1992)[7]
  • De L’épopée au Mythe/Itinéraire Turcologique, (İstanbul 1995)[7]
  • Hacı Bektaş/Efsaneden Gerçeğe (Türk dilinə tərcümə edən: Turan Alptəkin)[7]
  • Hadji Bektach: Un Mythe et ses avatars/Genèse et évolution du Soufisme populaire en Turquie, Leiden (New York-Köln, 1998)[7]
  • Tarihî ve Kültürel Boyutlarıyla Türkiye’de Alevîler-Bektaşîler-Nusayrîler (İstanbul, 1999)[7]
  • Kırklar’ın Cemi’nde (İstanbul, 2008)[7]

Bundan əlavə, 15-i İslam Ensiklpediyasında olmaqla, ümumilikdə təxminən 70 məqalə yazmışdır.[7]

Azərbaycanla əlaqələri

[redaktə | mənbəni redaktə et]

Müsahibəsində Azərbaycanı çox sevdiyini bildirmiş və ilk dəfə Azərbaycanla əlaqəyə 1968-ci ildə Orta Asiyada olarkən keçdiyini bildirmişdir. O zaman elmi konfransa gəlmiş azərbaycanlılarla ünsiyyət qurmuşdur.[6] Həmçinin Azərbaycan tarixinin, ədəbiyyatının araşdırılması ilə məşğul olmuşdur.

1990-cı ilin 20 yanvarında Sovet İttifaqı Silahlı Qüvvələri Bakıda qırğın törətdikdən sonra İren Məlikova Azərbaycan mühacirətinin bir çox üzvü ilə birlikdə Parisdə mitinq etmişdir.[9]

Atası məşhur neft maqnatı, taciri, ziyalısı və xeyriyyəçisi İsgəndər bəy Məlikov, anası rus balerin Yevgenya Nikiferovna Mokşanova idi. 1940-cı ildə məşhur türk riyaziyyatçısı Saleh Zəki Sayarın oğlu Faruq Sayar ilə ailə həyatı qurmuşdur. Bu evlilik sonradan boşanma ilə sonlanmışdır.[7] Bu evlilikdən Belkıs Sonya, Ladin və Şirin Laura adlı 3 qızı olmuşdur.[10] Qızı Şirin Məlikova anasının yolundan gedərək Azərbaycan ədəbiyyatı sahəsində ixtisaslaşmış və doktorluq dərəcəsi almışdır. O, 2019-cu ilin oktyabr ayında Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəsi tərəfindən Azərbaycan Demokratik Respublikasının yubiley medalı təqdim olunmuşdur.[11]

  • İran Milli Təhsil Nazirliyi Şərəf Medalı (1973)[8]
  • Türkiyə Dövlət Nazirliyi Şərəf Diplomu (1973)[8]
  • Chevalier de l'Ordre des Palmes Academiques (1978)[8]
  • Türk Tarix Qurumu Şərəf Medalı (1982)[8]
  • Mevlana Anma Töreni Onur Madalyası (1982),[8]
  • Officier de l'Ordre des Palmes Academiques (1983)[8]
  • Strasburq Universiteti Şərəf Medalı (1992)[8]
  • "Fəxri Legion" ordeni (1994)[8]

11 müxtəlif yüksək mükafata, Türkiyənin Səlcuq Universitetinin, Bakı Dövlət UniversitetininStrasburqdakı Mark Blok Universitetinin fəxri doktoru adına layiq görülüb.

9 yanvar 2009-cu ildə Strasburq şəhərində xəstəlik nəticəsində vəfat etmişdir.

  • "Danışmənd dastanı",
  • "Əbumüslüm Xorasani",
  • "Umur Paşa dastanı"
  1. 1 2 3 4 Fichier des personnes décédées.
  2. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. 1 2 Irène Mélikoff // AlKindi.
  4. 1 2 3 "Diaspora hərəkatında qadınların rolu" (az.). olaylar.az. 11.03.2014 16:53. 2021-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-01.
  5. "XIX əsrin xeyriyyəçisi İsgəndər bəy Məlikovun "Yaxşılığa yamanlıq" əsəri nəşr olunub". science.gov.az. 10 April 2020. 8 June 2021 tarixində arxivləşdirilib.
  6. 1 2 3 "PROF. DR. İRENE MELİKOFF İLE SÖYLEŞİ". www.cemvakfi.org.tr. 9 May 2013. 6 July 2017 tarixində arxivləşdirilib (#archive_missing_url). (#cite_web_url)
  7. 1 2 3 4 5 6 7 8 9 10 11 12 Nail Tan. "TÜRKLÜK BİLİMİ ÖĞRETİM ÜYESİ - PROF. DR. IRÈNE MÉLİKOFF". www.millifolklor.com. 8 June 2021 tarixində arxivləşdirilib.
  8. 1 2 3 4 5 6 7 8 9 "Melikoff". web.itu.edu.tr. 8 June 2021 tarixində arxivləşdirilib.
  9. "СВЕТЛАЯ ПАМЯТЬ О ВИДНОМ ТЮРКОЛОГЕ ИРЕН МЕЛИКОФФ ВСЕГДА БУДЕТ ЖИТЬ В НАШИХ СЕРДЦАХ". azertag.az. 2019-12-28 tarixində arxivləşdirilib.
  10. Ömer Özcan. "Türk Kültürünün Büyük Araştırmacısı İrene Melikoff". Türk Yurdu. 2009.
  11. "Fransada Şirin Məlikoffa Azərbaycan Demokratik Respublikasının yubiley medalı təqdim olunub". report.az. 10 October 2019. 27 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 June 2021.