İstanbul konfransı (1918)

İstanbul Konfransına göndərilmiş Azərbaycan Heyəti-Mürəxxəsəsinin üzvləri

Mərkəzi Avropa İttifaqı ölkələri ilə (Almaniya, Avstriya-Macarıstan, Osmanlı imperiyası, Bolqarıstan) ilə Qafqaz (Azərbaycan, Gürcüstan, ErmənistanDağlılar İttifaqı) dövlətləri arasında İstanbulda keçirilməsi nəzərdə tutulan beynəlxalq konfrans.[1] Batum müqaviləsi imzalandıqdan (1918, 4 iyun) 2 gün sonra Gürcüstan hökuməti Almaniyanın Xarici İşlər Nazirliyinə verdiyi notada Brest-Litovsk sülhü əsasında Dördlər İttifaqı ilə Gürcüstan arasında əlaqələr yaartmaq üçün konfrans keçirməyi təklif etdi. 1918-ci ilin, iyunun 9-da cavab notasında Alman hökuməti konfrans çağırılmasına tərəfdar olduğunu bildirdi, lakin onun təkcə Gürcüstanla deyil, Qafqazın digər respublikaları ilə də birgə, İstanbulda keçirilməsini təklif etdi.[1] Almaniya öz müttəfiqlərini, Osmanlı imperiyası vasitəsilə də Qafqaz respublikalarını konfransa dəvət etdi. İyunun 17-də Fətəli xan Xoyskinin Gəncədə təşkil etdiyi II hökumət kabinetinin qəbul etdiyi ilk qərarlardan biri də İstanbula göndəriləcək nümayəndə heyətini müəyyən etmək oldu.[2]

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin İstanbula nümayəndələr göndərilməsi haqqında qərarı

[redaktə | mənbəni redaktə et]

1918-ci ilin iyunun 18-də Fətəli xan Xoyskinin başçılıq etdiyi Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən qəbul edilmiş qərar. Həmin qərara əsasən, Mərkəzi Avropa İttifaqı ölkələri və Qafqaz ölkələri arasında İstanbulda keçiriləcək konfransa Məhəmməd Əmin Rəsulzadə (sədr), ədliyyə naziri Xəlil bəy XasməmmədovAslan bəy Səfikürdiskidən ibarət nümayəndə heyətinin tərkibi təsdiq olunmuşdu. Hökumətin bu qərarından sonra nümayəndə heyəti təcili yola salınmışdı.[2]

Nümayəndə heyəti İstanbulda

[redaktə | mənbəni redaktə et]

Azərbaycan nümayəndələri iyunun 24-də İstanbula gəldi. İyulun əvvəllərində konfransa gəlmiş nümayəndələr bir sıra iki tərəfli gizli görüşlər keçirmiş və danışıqlar aparmışdılar. İki tərəfli danışıqların gedişində Qafqaz respublikaları öz nüfuz dairələrinə daxil etmək uğrunda Almaniya ilə Osmanlı arasında gərgin mübarizə gedirdi. Bu mübarizədə gürcülər almanların, azərbaycanlılar isə türklərin tərəfində olduqlarını nümayiş etdirdilər. Ermənilər isə tərəddüd keçirirdilər. Danışıqların gedişində Alman nümayəndələri belə bir fikrə gəldilər ki, Bakı probleminin həllinin açarı Moskvadadır.[1] Ona görə də, Almaniya Sovet Rusiyasının nümayəndələrinin konfransa dəvət olunmasını təklif etdi. Türkiyə bu təklifi qəti surətdə rədd etdi. Bundan sonra almanlar Bakı və Azərbaycan barədə Sovet Rusiyası ilə gizli danışıqlara başladılar. Berlində 3 aya qədər davam edən danışıqlar, nəhayət ki, Brest müqaviləsinə əlavə olaraq, Osmanlıdan gizli şəkildə Almaniya ilə Sovet Rusiyası arasında 27 avqust sazişinin imzalanması ilə nəticələndi. 8 fəsil və 17 maddədən ibarət olan sazişin VI fəsli bilavasitə Qafqaza, 14-cü maddəsi isə Azərbaycana aid idi. Burada göstərilirdi ki, Almaniya Qafqazda Gürcüstan sərhədlərindən kənarda gedən hərbi əməliyyatlarda hər hansı üçüncü dövlətə yardım etməyəcək. Rusiya Bakı vilayətində neft hasilatını bütün imkanları daxilində artıracağını, çıxarılan neftin ¼ hissəsini isə hər ay Almaniyaya verəcəyini vəd edirdi. Sazişin Qafqaza aid hissəsi, ilk növbədə, Azərbaycan dövlətinin ərazi bütövlüyünə qarşı yönəlmişdi. Bu məsələ ilə əlaqədar Məhəmməd Əmin Rəsulzadə İstanbuldan Azərbaycan Cümhuriyyəti hökumətinə yazırdı:[2]

" Siz Bakını tutmalısınız ki, hamı baş vermiş fakt qarşsıında qalsın "

1918-ci ilin sentyabr ayının 15-də Qafqaz İslam OrdusuAzərbaycan hərbi qüvvələri Bakını azad etdi. Bu, Tələt paşanın Berlində almanlarla apardığı danışıqlara, həqiqətən ciddi təsir göstərdi. Sentyabrın 23-də imzalanmış Almaniya-Osmanlı protokolu ilə Almaniya Rusiya ilə bağladığı 27 avqust sazişindən rəsmən imtina etdiyini bildirdi və Azərbaycanı diplomatik cəhətdən tanıyacağını və ilk addım kimi, Bakıda tezliklə konsulluq açacağını bildirdi.

1918-ci ilin payızında Almaniya-Osmanlı bloku ölkələrinin dünya müharibəsində ağır məğlubiyyətə uğraması nəticəsində, oktyabrın 30-da Türkiyə İngiltərə ilə ağır şərtlərlə Mudros barışığını (1918) imzalamağa məcbur oldu.[1] Mudros barışığının 11-ci maddəsinə görə, Osmanlı orduları Cənubi AzərbaycanıCənubi Qafqazı tərk etməli idi. 1918-ci il oktyabrın axırlarında İstanbul konfransında iştirak etmək üçün Osmanlı imperiyasıpna getmiş Azərbaycan nümayəndə heyəti Mərkəzi Avropa ölkələrinin Cümhuriyyətin istiqlaliyyətini tanıyacaqlarına ümidlərini itirdi və yaranmış böhranlı vəziyyətdə konfransın artıq baş tutmayacağına əmin olaraq Bakıya qayıtdı.[2]

  1. 1 2 3 4 Azərbaycan tarixi 7 cilddə, V cild.
  2. 1 2 3 4 Cəmin Həsənli, Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-1920), Bakı, 1993