Əbdülxalıq Rzaquliyev

Əbdül Xalıq (əsl adı: Əbdülxalıq Əbdül Əli oğlu Rzaquliyev; 5 may 1920, Bakı30 sentyabr 1988, Bakı) — Azərbaycan rəssamı, pedaqoq, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1973).

Əbdül Xalıq
Doğum adı Əbdülxalıq Əbdül Əli oğlu Rzaquliyev
Doğum tarixi
Doğum yeri Bakı, Bakı qəzası, Azərbaycan SSR
Vəfat tarixi (68 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Fəaliyyəti rəssam
Təhsili Azərbaycan Dövlət Rəssamlıq Məktəbi,
Moskva Dövlət Rəssamlıq İnstitutu
Janrlar portret, peyzaj, natürmort
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1973

Əbdülxalıq Əbdül Əli oğlu 5 may 1920-ci ildə Bakıda anadan olmuşdur.[1] O, 1934–1939-cu illərdə Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil almış, bir il sonra Moskva Rəssamlıq İnstitutuna qəbul olunsa da, Böyük Vətən müharibəsinin başlanması səbəbilə ali təhsilini yarımçıq qoyaraq Bakıya qayıtmışdır. Müharibə illərində o, həmkarları Böyükağa Mirzəzadə, Lətif Feyzullayev və Bağır Maratlı ilə birlikdə Azərbaycan Dövlət Rəssamlıq Məktəbində fəaliyyətlə məşğul olmuş, müharibədən sonra Moskva Rəssamlıq İnstitutundakı təhsilinə davam etmiş və 1949-cu ildə diplomunu müdafiə edərək yenidən Bakıya qayıtmışdır.[2][3]

Əbdülxalıq Rzaquliyev sonralar da pedaqoji fəaliyyətinə davam etmiş, Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində, Azərbaycan Dövlət İncəsənət İnstitutunda müəllim işləmişdir. O, 30 sentyabr 1988-ci ildə Bakıda vəfat etmişdir.[1]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Rəssamın yaradıcılığını süjetli tablo, portret, natürmortpeyzajlar təşkil edir. O, 1940-cı ildə süjetli "Kolxozda bayram" tablosunu ictimailəşdirmiş, 1946-cı ildə təşkil olunmuş ilk "Payız sərgisi"ndə "Mənzərə" və "Bazar" lövhələrini nümayiş etdirmişdir. Onun müharibədən sonrakı illərdəki yaradıcılığında iriölçülü "Traktorçunun nəğməsi" (1957) və "Hesabat verənlər" (1961) tabloları yer alır. 1950-ci illərdə keçirilmiş respublika sərgilərində onun müxtəlif janrlı lövhələri, eləcə də "Natürmort", "Pirsaat çay", "Toran çağı", "Dağlar", "Günəşli gün" və "Mənzərə" adlı etüd xarakterli əsərləri sərgilənmişdir.[2]

Əbdül Xalıqın peyzaj və natürmort janrlarında işlədiyi əsərləri sırasına İtaliya, Türkiyə, Amerika həyatına dair lövhələr, "Bakıda May nümayişi" (1943), "Üzüm yığımı" (1946), "Çöl gülləri" (1955), "Quşlarla natürmort" (1957), "İstanbulda küçə" (1960), "Tarla düşərgəsində" (1963) və başqaları daxildir. O, "Qaçaq Nəbi" (1959), "Nəriman Nərimanov" (1969), "Əliağa Vahid" (1970), "Əzim Əzimzadə" (1970), "Ana" (1970), "Ziya Bünyadov" (1978), "Mehdi Hüseynzadə" və başqa portretlerin,[1] eləcə də Şamaxı, Zaqatala, Moskva, İstanbulBakı ünvanlı etüdlərin müəllifidir.[2]

Rəssamın 1960-cı illər yaradıcılığını əmək mövzulu "Kolxozçu Sevil Qazıyeva", "Kolxoz həyəti", "Kolxozçu qadın", "Balıqçılar", "Əmək meydanında", "Lənkəran balıqçıları" və "Məhsul bayramı" tabloları, əmək adamlarının təmas yerlərini tərənnüm edən "Çuxuryurd", "Altıağac" və "Mənzərə" əsərləri əhatə edir. Əbdülxalıq həmin illərdə sovet rəssamlarının tərkibində Türkiyə və İtaliyada yaradıcılıq səfərində olmuşdur. O, sənət dostları Baba ƏliyevSalam Salamzadə ilə birlikdə 1962-ci ildə təşkil olunmuş qrup sərgisində 20-i portret, 14-ü peyzaj olmaqla, 34 əsərini nümayiş etdirmişdir. Onun "Venesiya" adlı əsəri Azərbaycan Milli İncəsənət Muzeyinin daimi ekspozisiyasındadır.[2]

Rəssamın əsərləri Gürcüstan, Moldova, Litva, Latviya, Çexoslovakiya, Misir, Suriya, Livan və digər ölkələrdə sərgilənmişdir. Onun işləri Bakı, Moskva, İstanbul muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır.[4]

  1. 1 2 3 Əbdülxalıq Əbdüləli oğlu // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 8-ci cild: Enollar – Fedin. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2018. səh. 174–175.
  2. 1 2 3 4 Əliyev, Z. "Rəngkarlığımızın Əbdülxalıq zirvəsi". "Kaspi" qəzeti. 10 dekabr 2018. səh. 24. 16 mart 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 mart 2020.
  3. Абдулхалык Абдул Али оглы // Искусство Советского Азербайджана. Живопись, скульптура, графика. Коллектив авторов. Москва: Советский художник. 1970. с. 191.
  4. "Əbdül Xalıq". nar-gallery.com. 10 dekabr 2018. 2020-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 mart 2020.
  • Габибов, Н. Д. Живопись Советского Азербайджана. Баку. 1982.