Ədviyyat yolu və yaxud Baharat yolu — Hindistan, Molukka adaları və Şərqi Afrikanı Aralıq dənizi ölkələri ilə birləşdirən yer üzündəki ən qədim ticarət yollarından birinin quru hissəsi. Ticarət yolu Ərəbistan və Qırmızı dəniz limanlarından başlayırdı. Burada mallar Petra vasitəsilə Aralıq dənizi sahillərinə gedən karvanlara yüklənirdi. Ticarəti asanlaşdırmaq üçün Kraliça Hatşepsut, fironlar III Senusret və I Nexo və Əhməni çarı I Dara Qırmızı dənizi Aralıq dənizi ilə birləşdirən kanal qazmağa cəhd etmişdilər.[1] Ticarət yolunun adı şərti olaraq, ədviyyat yolu adlanırdı, çünki, yol ilə Hindistan və Uzaq Şərqdən müxtəlif ədviyyatlar gətirilirdi. Lakin ədviyyatla yanaşı, bu yol ilə həm də Şərqi Afrikadan qiymətli ağac və fil sümüyü, Çindən ipək, qızıl, gümüş və qiymətli daşlar da daşınırdı.
XIII əsrdən başlayaraq müsəlman dövlətlərinin (Məmlük dövləti, Osmanlı və Səfəvi imperiyaları) ədviyyat ticarəti yolu üzərində hökmranlığı avropalıları alternativ yollar tapmağa məcbur etdi. Bu isə öz növbəsində Böyük coğrafi kəşflərə gətirib çıxardı.
Ədviyyat ticarəti Asiya, Şimal-Şərqi Afrika və Avropadakı tarixi sivilizasiyaları əhatə edirdi. Darçın, kassiya, istiot, hil, zəncəfil, bibər, sarıkök, muskat fındığı, anis, mixək və s. kimi ədviyyatlar qədim zamanlarda tanınır və Şərq dünyasında istifadə olunurdu.[3] Bu ədviyyatlar Yaxın Şərqə xristianlıq dövründən əvvəl gəlib və onların əsl mənbələri fantastik əfsanələrdə gizlənir.[3]
Neolit dövrü insanları hələ eramızdan əvvəl 10-cu minillikdə ədviyyat, obsidian, dəniz qabıqları, qiymətli daşlar və digər qiymətli materiallarla ticarət edirdilər. Qədim Misirlilər tarixi dövrlərdə ticarətdən ilk bəhs etmişlər. Eramızdan əvvəl 3-cü minillikdə onlar Şimali Somalinin, Cibuti, Eritreya və Sudanın Qırmızı dəniz sahillərini əhatə edən ərazidə yerləşdiyi güman edilən Punt ölkəsi ilə ticarətlə məşğul olurdular.[4][5]
İlk dövrlər ədviyyat ticarəti quru yollarını əhatə edirdi, lakin sonradan dəniz yolları ticarətin böyüməsinə töhfə verən amil olduğu görsəndi.[3] Hind okeanında ilk dəniz ticarət şəbəkəsi Cənub-Şərqi Asiya adalarının avstroneziya xalqları tərəfindən yaradılmışdır.[2]
Padşah Süleymanın (Solomon) dövründə ədviyyat yolunun quru hissəsi Etsion-Qaver (indiki Eylat) şəhəri ərazisindəki Akaba körfəzinin sahilinə gedib çıxırdı.[6] Yolun bu hissəsi mühüm ticarət şəbəkəsini təşkil edirdi. Bu haqda qədim yəhudi səlmanələrində məlumatlara rast gəlinir: "Sonra Süleyman Padşah Edom-Geberə və Edom torpağında dəniz sahilində olan Elata getdi. Xiram onu öz nökərləri ilə gəmilər və dənizi bilən qullarla göndərdi və onlar Süleymanın nökərləri ilə Ofirə getdilər və oradan dörd yüz əlli talant qızıl çıxarıb Süleyman Padşahın hüzuruna gətirdilər".
Hərbi-siyasi vəziyyətdən asılı olaraq ədviyyat yolunun müəyyən hissələri, hər hansı digər ticarət yolları kimi, daha təhlükəsiz ərazilərə yönəldilə bilərdi. Məsələn İudeya kralı Kral Hirodun dövründə Aralıq dənizi sahilində bu marşrut üzrə ədviyyat ticarəti üçün əsas liman tarixi Qeysəriyyə şəhəri idi. Səlib yürüşləri zamanı isə Petradan gələn karvanlar münaqişə bölgəsindən yan keçərək cənuba doğru gedərək Aralıq dənizinə çatırdılar. Əl-Ariş bölgəsində isə bu ticarət heç vaxt dəyişikliyə uğramadı.
Bu ticarət şəbəkəsi Afrika və Ərəbistan yarımadasına çatmaq üçün genişləndi və eramızın birinci minilliyinin birinci yarısına qədər Madaqaskarın Avstroneziya müstəmləkəçiliyinə gətirib çıxardı. Tarixi dövrlərə qədər davam etdi, daha sonra tədricən Dəniz İpək Yoluna çevrildi.[2][7][8][9][10]
Eramızdan əvvəl I minillikdə ərəblər, finikiyalılar və hindistanlılar dəniz və quru ticarəti ilə də ədviyyat, qızıl, qiymətli daşlar, ekzotik heyvan dəriləri, qara ağac və mirvari kimi dəbdəbəli malların satılmasıyla məşğul olurdular. Dəniz ticarəti Qırmızı dəniz və Hind okeanında həyata keçirilirdi. Qırmızı dənizdəki dəniz yolu Babül-Məndəb boğazından Berenikeyə, oradan quru yolu ilə Nil çayına, daha sonra isə qayıqla İsgəndəriyyəyə qədər uzanırdı. Hind ədviyyatları, qara ağac, ipək və incə parçalar da daxil olmaqla dəbdəbəli mallar quruda ədviyyat yolu boyunca ticarət edilirdi.[3]
Ədviyyatlardan bibliya əfsanələrində bəhs olunur və qədim Yunan və Roma cəmiyyətində onların istifadəsinə dair ədəbi nümunələr mövcuddur. Tamil mətnləri qeyd edir ki, yunanlar Hindistandan böyük kisələrdə qara bibər alıblar və I əsr Roma imperiyası yemək kitabı "Apicius"un bir çox reseptlərində ədviyyatdan istifadə olunur. Roma İmperiyasının süqutundan sonra ədviyyat ticarəti azaldı, lakin zəncəfil, qara bibər, mixək, darçın və muskat qozuna tələbat sonrakı əsrlərdə ticarəti canlandırdı.[11]
İslamın yüksəlişi ilə müsəlman dövlətlərinin ədviyyat ticarəti yolu üzərində hökmranlığı avropalıları alternativ yollar tapmağa məcbur etdi. Bu isə öz növbəsində Böyük coğrafi kəşflərə gətirib çıxardı.