Əli Vəkil (tam adı: Səfiyev Əli Vəkil oğlu; 10 iyun 1938, Yuxarı Şorca, Basarkeçər rayonu – 7 fevral 2022, Bakı) — şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin (1972), Azərbaycan Jurnalistlər Birliyinin (1968) üzvü, "Araz" ali ədəbi mükafatı laureatı (1998)[1][2].
Əli Vəkil | |
---|---|
Əli Vəkil oğlu Səfıyev | |
Doğum adı | Əli Vəkiloğlu |
Təxəllüsü | Vəkil |
Doğum tarixi | |
Doğum yeri | Yuxarı Şorca, Basarkeçər rayonu, Ermənistan SSR, SSRİ |
Vəfat tarixi | (83 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək çatışmazlığı |
Dəfn yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Atası | Vəkil |
İxtisası | şair |
Fəaliyyəti | tərcüməçi |
Əsərlərinin dili |
Azərbaycan erməni |
Əli Vəkil 1938-ci il iyunun 10-da Basarkeçər rayonunun (indiki Vardenis rayonu) Yuxarı Şorca kəndində kolxozçu ailəsində anadan olmuşdur[3][4]. Orada Şişqaya kənd orta məktəbini bitirib İrəvanda X.Abovyan adına Ermənistan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinin Azərbaycan şöbəsində təhsil almışdır (1955–1960). Əmək fəaliyyətinə Ermənistan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Azərbaycan dilində verilişlər redaksiyasında diktor-redaktor kimi başlamışdır (1960–1972). Həmin dövrdən bədii yaradıcılığı davam etdirir. Eyni zamanda tərcümə ilə də məşğul olur. L.Adyanla birlikdə Bəxtiyar Vahabzadənin "Vicdanın səsi" pyesini, S.Xocayanla birlikdə Bayram Həsənovun "Ayaz" povestini erməni dilinə çevirmişdir. Onun erməni ədəbiyyatından doğma dilə tərcümələri də vardır. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini qiyabi bitirmişdir (1970). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Xəbərlər Baş redaksiyasında redaktor (1972–1975), M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda laborant (1975–1977), Yazıçılar İttifaqının orqanı "Qrakan Adrbecan" ("Ədəbi Azərbaycan") jurnalı redaksiyasında şöbə müdiri (1977–1988), sonra məsul katibi (1988–1990), Azərnəşrdə "Göy qurşağı" redaksiyasının müdiri (1990-?) olmuşdur.
2013-cü il iyunun 12-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda şairin 75 illik yubileyi keçirilmişdir[5]. Tədbirdə Ramiz Quliyev, İzzət Rüstəmov, Vaqif Qələndər, Eldar İsmayıl, İslam Sadıq, Sara Göyçəli, Oqtay Rza və başqaları çıxış etmişlər[6].
"Ekspress" qəzetinin təsisçisi Müşfiq Səfiyev Əli Vəkilin oğludur[5]. O, həmçinin "Nurgün" şirkətlər qrupunun vitse-prezidenti idi. 25 fevral 2015-ci ildə Salyan Olimpiya-İdman Kompleksinin mehmanxanasında 50 yaşında vəfat etmişdir.[7]
Əli Vəkil hələ doğma elində fəaliyyət göstərərkən dövri mətbuatda fəalıq göstərmiş, ilk şeirləri "Sovet Ermənistanı", " Ədəbi Ermənistan" almanaxında çap olunmuşdur[4].
Əli Vəkilin ilk kitabı 1963-cü ildə İrəvanda işıq üzü görmüş "Sona bulağı" kitabı şairin oxucunlarnla ilk görüşü olur. Göyçə mahalında el arasında məşhur olan Sona bulağına həsr edilmiş poema-əfsanə bədii təxəyyülün və müəllifin mövzuya yanaşma tərzinə görə maraq doğurmuşdur[4].
Əli Vəkilin Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşunaslıq fakültəsində təhsil alması onun yaradıcılığına da müsbət təsir etmiş, bir sıra kitabları məhz Bakıda işıq üzü görmüşdür. 1972-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan şairin "Zəfər çələngi" (1967), " İki günəş" (1971), "Doğma Yollar" (1979), " Ata həsrəti" (1979), "Göyərçinlər" (1983), "Yeddi dağ" (1984), "Şəlalə" (1988), "Ana qayğısı" (1991) kimi kitabları onun sovet dövrü yaradıcılığını əks etdirir[4].