2011-ci il İran iğtişaşları

İran müxalifətinin liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubi Daxili İşlər Nazirliyinə müraciət edərək Misir və Tunis xalqlarına dəstək vermək üçün fevralın 14-də paytaxt Tehranda kütləvi yürüş keçirməyə icazə verilməsini istəyiblər.Nazir Mustafa Məhəmməd Nəccara müraciətdə deyilir: "Möhtərəm daxili işlər naziri cənab Nəccar! Bölgədəki xalq hərəkatlarına, o sıradan da hakim istibdada qarşı qiyama başlamış Misir və Tunis xalqlarına dəstək vermək üçün ölkə konstitusiyasının toplantıların keçirilməsinin azad olması ilə bağlı 27-ci bəndini nəzərə alaraq fevralın 14-ü İmam Hüseyn meydanından Azadlıq meydanı istiqamətində xalq yürüşünün keçirilməsinə icazə verilməsini tələb edirik".[1]

Misir və Tunisdə hökumət əleyhinə nümayişlərlərlə həmrəylik nümayiş etdirmək üç yürüşə çağırdığına görə müxalifət lideri Mehdi Kərrubini ev dustağı ediblər. Veb səhifədə deyilir ki, Kərrubinin evinin qarşısında dayana təhlükəsizlik qüvvələri onun ailə üzvlərinin evdən çıxmasına icazə verməyib. Dünən İranın baş prokuroru bildirib ki, Kərrubi və digər müxalifət lideri Mir Hüseyn Musəvinin bazar ertəsi nümayiş keçirmək üçün etdikləri müraciət istədiyi iranlılar arasında parçalanma yaratmaq məqsədi güdür.[2]

İran İnqilab Keşikçiləri Korpusunun ("Sepah") üzvü, Tehranın "Məhəmməd Rəsulullah" ordusunun komandanı Hüseyn Həmədani fevralın 9-da jurnalistlərə açıqlamasında Tunis və Misir xalqlarının qiyamına dəstək verməyə hazırlaşan müxalifətə qarşı sərt bəyanatlar səsləndirib. Müxalifət liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubi fevralın 7-də Daxili İşlər Nazirliyinə müraciət edərək Misir və Tunis xalqlarına dəstək vermək üçün fevralın 14-də paytaxt Tehranda kütləvi yürüş keçirməyə icazə verilməsini istəyiblər. "Media forum" saytının məlumatına görə, müxalifət rəhbərlərini "cənazə" adlandıran Hüseyn Həmədani onları casusluqda günahlandırıb: "Fitnəçilər cənazədən başqa bir şey deyillər. Biz onların hər hansı bir hərəkətini yerindəcə şiddətlə əzəcəyik. Fitnəçilər bilməlidir ki, biz onları əks-inqilabçı və casus hesab edirik, onlarla çox kəskin davranacağıq".[3]

İranın müxtəlif şəhərlərində minlərlə insan küçə və meydanlara çıxaraq "25 bəhmən hərəkatı" adlı etiraz nümayişlərinə başlayıblar. İran müxalifətinin liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubi iranlıları bazar ertəsi küçələrə çıxaraq nümayiş keçirməyə çağırmışdılar.Hazırda İran paytaxtı Tehran küçələrində həddən ziyadə polis və xüsusi təyinatlı birləşmələrəin əməkdaşları var. Motosikletlərdə hərəkət edən polis əməkdaşları və "Bəsic" korpusunun mənsubları müxalifətçilərin küçələrə yığışmasına yol verməməyə çalışırlar. "İndi Azadi və Enqelab küçələri ilə yüzlərlə insan hərəkət edir. Onların qarşısını polislər kəsməyə çalışırlar. Hələlik heç bir toqquşma yoxdur. Tələbimiz İranda azadlıq və demokratiyadır", - İran müxalifətinin saytlarından olan "Kaleme.com" bildirir. İsfəhanda da kütləvi etiraz aksiyaları başlanıb. İran müxalifətinin liderləri Mirhüseyn Musəvi, onun xanımı Rəhnavərd və Mehdi Kərrubi evlərindədir. Onlar ev dustağı edilib, evləri də polislərin mühasirəsindədir.

Mirhüseyn Musəvi

[redaktə | mənbəni redaktə et]

Mirhüseyn Musəvinin hüquq müşaviri Ərdəşir Əmirərcümənd BBC-yə verdiyi açıqlamasında bildirib ki, hazırda İranda rəsmi səfərdə olan Türkiyə prezidenti Abdulla Gülü də etiraz aksiyalarına qatılaraq müxalifətçilərə dəstək verməyə dəvət ediblər. Tehrandakı "Şəhre Recai" həbsxanasında məhbuslar da müxalifətçilərə dəstək aksiyası qismində aclığa başlayıblar. Tehrandakı Sadeqe küçəsi ilə hərəkət edən müxalifətçilər isə "Rədd olsun diktator!" qışqırırlar. "Facebook" sosial şəbəkəsindəki "25 bəhmən" qrupuna qoşulmuş 57 mindən artıq iranlı aksiyalarını təşkilatlanmış şəkildə həyata keçirmək üçün internetdən istifadə etməyə çalışırlar. Tehranın mərkəzi küçələrindən birində qaldırıcı krana dırmaşan gənc ötən prezident seçkilərindən sonrakı etiraz aksiyaları zamanı polislə toqquşmalarda həlak olmuş iki müxalifətçinin portretini kranın qülləsindən asıb.[4]

İran parlamentinin deputatları iki gündür ölkədə baş qaldırmış nümayişlərə görə, müxalifət liderlərinin cəzalandırılmasını tələb edir. Parlamentin bu gün səhər təşkil olunmuş iclası kifayət qədər coşğulu keçib. Spiker Əli Laricaninin çıxışı bir neçə dəfə deputatların "Musəviyə ölüm!", "Kərrubiyə ölüm!", "Amerikaya ölüm!", "İsrailə ölüm!" şüarları ilə yarımçıq kəsilib. Müxalifət liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubi faktiki olaraq, ev dustağıdırlar. Polis onların evini mühasirəyə alaraq, liderlərin evdən çıxmasına və nümayişlərə qatılmasına imkan vermir.[5]

İran müxalifətinin lideri Mirhüseyn Musəvi xalqa müraciət edib. O, tərəfdarlarının fevralın 14-dəki antihökumət nümayişinin yüksək səviyyədə keçdiyini söyləyib. "Sizin iki tərəfdən qorxutmağa çalışırlar: həm vəzifə və varidata göz qoymuş avtoritar rejim, həm də öz məqsədlərinə çatmağa çalışan xarici qüvvələr tərəfindən. Onların hər ikisi hərəkatı ABŞ və İsraillə əlaqələndirməyə çalışır", - deyə Musəvi bildirib: "Amma "Yaşıl hərəkat" həmişə müstəqil olub, azadlıq və ədalətin bərpası üçün dinc yolla mübarizə aparıb. İtaətli xidmətçiniz kimi, sizi güc və iradə nümayiş etdirdiyinizə görə təbrik edirəm".[6]

İranda hazırkı hakimiyyətin tərəfdarları ilə əleyhdarları arasında toqquşma başlayıb. Toqquşma bu günlərdə keçirilən mitinq zamanı həlak olmuş müxalifət tərəfdarı Sani Salehin dəfn mərasimində baş verib. Dəfnə toplaşmış tələbələrlə hakimiyyət tərəfdarları arasında toqquşma bu dəqiqələrdə davam edir.Qeyd edək ki, müxalifət mərhumun İran polisi tərəfindən qətlə yetirildiyini bildirir.[7]

Fevralın 28-i gecə saatlarında paytaxt Tehranda və İranın bir sıra digər şəhərlərində bəzi evlərin damlarında şüar aksiyası keçirilib. Bu aksiyada martın 1-nə nəzərdə tutulmuş kütləvi aksiyaya çağırış səsləndirilib. Martın 1-də müxalifət liderləri Mirhüsen Musəvinin və Mehdi Kərrubinin həbsinə etiraz bildirmək məqsədilə geniş aksiya keçirilməsi nəzərdə tutulur. Damlara çıxan İran vətəndaşları Musəvi və Kərrubinin lehinə, hakimiyyətin əleyhinə şüarlar səsləndiriblər. Şüar aksiyasının bir saatdan çox sürdüyü bildirilir.

Şüar aksiyasının Tehranın Qərb şəhərciyində, Səadətabad, Punək, Vənək, Baği-Firdos, Seyid Xəndan məhəllələrində, Afrika, Səttarxan, Sohrəvərdi, Yusifabad, Niyavəran, Zəfəraniyyə, Qolhək, Kargər, Mahmudiyyə, Təvanir, Gişa, Təcriş, Taliqani, Apadana küçələrində, eləcə də Vəliəsr, Sadiqiyyə, Fatimi meydanlarında çox qızğın keçdiyi vurğulanır.[8]

İranda müxalifət liderləri Mehdi Kərrubi və Mirhüseyn Musəvinin həbsdən azad olunması tələbi ilə Tehranın müxtəlif xiyabanlarında aksiya keçirən xalq ilə polis arasında qarşıdurma olub. Musəviyə yaxın olan Kalame saytının (kaleme.com) məlumatına əsasən, polis aksiyaları dağırtmaq üçün gözyaşardıcı qazdan istifadə edib və aksiyaçıları dubinka ilə dağırdıb. Hələlik İranın rəsmi mediaları aksiyalara münasibət bildirməyib. Tehranın Enqelab xiyabanında güllə səsi eşidilib, lakin, kimsənin yaralanması barədə məlumat yoxdur.[9]

Bu gün İranda müxalifət tərəfdarları liderləri Mir Hüseyn Musəvi və Mehdi Kərrubinin həbsinə etiraz əlaməti olaraq küçələrə axışıblar. Paytaxt Tehranda və bir neçə bölgədə keçirilən kütləvi aksiyalara güc strukturları müdaxilə ediblər. Tehranda 200 nəfər saxlanılıb. İsfahan şəhərində keçirilən aksiyaya müdaxilə də sərt olub və 40 nəfər saxlanılıb.[10]

  1. "İran müxalifətçiləri Misirlə Tunis xalqlarını dəstəkləyir". 2011-02-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-02-26.
  2. "Mehdu Kərrubi ev dustağı edilib". 2011-02-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-02-26.
  3. ""Sepah" rəsmisi müxalifət liderlərini "cənazə" adlandırdı". 2011-02-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-02-26.
  4. "İran: tutulanlar arasında diplomatlar da olub". 2011-02-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-02-26.
  5. "İranlı deputatlar müxalifət liderlərinin ölümünü tələb edir". 2011-02-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-02-26.
  6. "İran müxalifətinin lideri xalqa müraciət etdi". 2011-02-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-02-26.
  7. "İranda toqquşmalar bərpa olundu". 2011-02-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-02-26.
  8. İRANDA 1 MART AKSİYASINA ÇAĞIRIŞ OLARAQ ŞÜAR AKSİYASI KEÇİRİLİB[ölü keçid]
  9. "Tehran yenə qaynayır". 2011-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-03-02.
  10. "Müxalifət liderlərinin həbsi Tehranı qarışdırdı". 2011-03-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-03-03.