Adqoyma mərasimi — Azərbaycanın bir çox yerində yayılmış adət. Müxtəlif bölgələrdə adqoyma mərasimi fərqli qaydalarla keçirilir.
Azərbaycan xalqının özünəməxsus zəngin antroponimiyası vardır. Bu antroponimiya etnosun mədəniyyəti, dili, tarixi haqqında müəyyən qədər məlumat verir. Azərbaycan xalqının etnoqrafik irsində ailə məsələlərinin özünəməxsus yeri olmuş, ailə məsələlərində adqoyma adətinin öyrənilməsi də etnoqrafik baxımdan xüsusi maraq doğuran məsələlərdən biri olmaqla bərabər adqoyma insanların fərqliliyini ortaya çıxararaq onların digərlərindən seçildiyini göstərəm kateqoriyadır[1]. Yeni doğulmuş körpəyə ad verilməsi mənsubiyyət və kimlik nümunəsidir. Adlar hər bir xalqın mənəvi zənginliyini, dünyagörüşünü və məişət xüsusiyyətlərini öyrənməkdə köməkçi rolu oynayır.
Azərbaycanlılarda adqoyma mərasimi uşaq doğulan gün və ya uşağın doğumundan 7 və ya 40 gün sonra keçirilir. Bərdədə uşağa doğumundan 40 gün keçməmiş ad verilməlidir. Yoxsa uşaq yalançı olar.[2]
Keçmişdə adın qoyulması Quran açaraq edilirdi. Quranın təsadüfi seçilmiş səhifəsi açılır və ilk gözə çarpan söz seçilirdi. Müasir dövrdə isə daha çox ölmüş və ya yaşayan qohumun adı istifadə edilir. Ancaq bu da pis əlamət hesab edilə bilər. Gürcüstan azərbaycanlılarında körpəyə vəfat etmiş qohumunun xatirəsinə əsasən ad qoymaq istənilirsə, bu münasibətlə xüsusi dua oxumaq üçün molla dəvət olunur. Bu, mərhumun "adını təmizləmək" və beləliklə, adın saf formada uşağa keçməsinə imkan vermək üçün edilir. Abşeron yarımadasının bir çox kəndlərində valideynlər övladına vəfat etmiş qohumunun adını vermək istəyəndə ölənin ruhu üçün Quranın 36-cı surəsi oxunur. Ancaq çox vaxt bu tapşırıq "ölüləri yumşaltmaq" üçün Qurandan bəzi hissələri oxuyan mollaya həvalə edilir və ölünün adının körpəyə ötürülməsinə "razılıq" əldə edilir.[2]
Bəzi bölgələrdə uşağın adı doğulandan dərhal sonra valideynləri və ya qohumları tərəfindən onun qulağına pıçıldanır. Şəkidə valideynlər bu məqsədlə uşağı Məkkəyə tərəf çevirir və seçilmiş adı onun qulağına pıçıldamaqla deyirlər: "Onun adını biz verdik, taleyini Allah versin!" Abşeronda isə "şəbbə-xeyir" adlı mərasim keçirilərək uşağın adı verilir. Əgər uşaq ölmüş qohumun adını alırsa, şəbbə-xeyirdə halva paylanır.[2]
Nabranda uşağa adətən doğulduqdan 40 gün sonra saç və dırnaqları kəsilərək ad verilir. Ad körpənin sağ qulağına 7 dəfə deyilir. Oğlan körpəsində isə bundan sonra sünnət mərasimi keçirilir, uşaq xeyir-dua üçün yerli pirə aparılır. Nabranda ən çox hörmət edilən pir bulaq yanında yerləşən yaşlı palıd ağacıdır. Uşağa bu bulaqdan su verilir və uşağın sağlam olması üçün ağaca sap bağlanır.[2]