Aldanmış ulduzlar

"Aldanmış kəvakib" ("Hekayəti-Yusif şah") — Mirzə Fətəli Axundovun 1857-ci ildə yazdığı əsər.

Aldanmış Kəvakib (Hekayəti-Yusif şah)
Əsərin azərbaycan və fransız dilində nəşri
Əsərin azərbaycan və fransız dilində nəşri
Janr Povest, Realizm
Müəllif Mirzə Fətəli Axundov
Orijinal dili Azərbaycan dili
Yazılma ili 1857
Nəşr ili 1857
Vikimənbənin loqosu Aldanmış kəvakib Vikimənbədə

Yazıçı bu əsərlə Azərbaycan ədəbiyyatında realist nəsrin banisi olmaqla yanaşı, həm də milli ədəbiyyatımızda povest janrının əsasını qoyur.[1] Povestdə Avropa maarifçilərinin "dünyanı sağlam aqil idarə edir" konsepsiyasından çıxış edən müəllif, İran feodal üsul-idarəsinin ictimai nöqsanlarını, ölkənin ali feodal dövlət başçılarını kəskin satira atəşinə tutur və maarifçi, humanist hakim ideyasını qızğın təbliğ edir. Odur ki, "Aldanmış kəvakib" povesti dünya maarifçi nəsrinin orijinal, parlaq nümunələrindən biri kimi dəyərləndirilir. Axundzadə bu əsərində fanatikliyi, nadanlığı tənqid etməklə yanaşı, rüşvətxorluğu, özbaşınalığı, haqsızlığı da ifşa edir. Yazıçı XV əsrdə yaşamış İran tarixiçi İsgəndər bəy Munşinin əl yazmaları əsasında bu povesti yazıb, amma o İran hökümdarı Nəsrəddin şahı tənqid etmək üçün, müasir həyatla əsəri əlaqələndirib, amma povestdə şah obrazında I Şah Abbas göstərilib.

Povest ardıcıl inkişaf edən süjet xəttinə və aydın kompozisiyaya malikdir və o, başlanğıcdan, bağlamadan və iki hissədən ibarətdir. Povestin başlanğıcı cəmi iki sətirdə yazılıb.

Artıq 7 ildiki Şah Abbas ölkəni idarə edir. Novruz bayramından cəmi 3 gün sonra baş münəccim xəbər verir ki, novruzdan 15 gün keçmiş ulduzların toqquşacağı və bu toqquşma zamanı şaha xətər toxunacağını deyir. Elə münəccimin bu xəbərindən sonra əsas hadisələr cərəyan etməyə başlayır. Şah əsas vəzirlərini başına topluyur və məsləhətləşir. Baş münəccimin məşvərət ilə belə qərara gəlirlər ki, Şah Abbas bir müddətlik hakimiyyəti hansısa "kafirə" versin, və onların seçimi yəhərçi (sərrac) Yusif olur. Povestin ikinci hissəsi isə yeni şaha həsr olunub. Yusif Sərrac qabaqcıl insan idi və hakimiyyətə gələn kimi ancaq özünü düşünən vəzirləri vəzifədən azad edir, onların yerinə onlardan daha ağıllı, düzgün insanları təin edir. Münəccimbaşı vəzifəsini tamamilə ləğv edir. Ölkədə yeni yollar, körpülər, karvan saraylar, məktəblər, xəstəxanalar tikilir. O, ağır vergiləri yüngül vergilərlə əvəz edir. Şəhər əhalisi üçün gəlirlərin onda birini, kəndlilər üçün isə vergiləri tamam azaldır. Yusif şahın bütün etdikləri yalnız millətinin daha yaxşı həyat yaşaması üçün idi. İranda daha gözəl günlər başlayır. Yusif şah isə ideal hakimiyyətçi kimi göstərilir[2], amma o, öz məqsədinə çata bilmir, çünki belə rahat həyat yaşamağa adət etməmiş millət, başlıyır üsyan etməyə və onu taxtdan devirir. Edam etdirirlər. Onun yerinə isə zülümkar şah Abbas geri qayıdır. Bundan sonra hər şey öz yerinə qayıdır, və sanki Yusif şah olmamış kimi hər şey əvvəl ki kimi davam edir.

Qeyd: Yusif şahın taxdan endirənlər Şah Abbasın tərəfdarları idi. Onlar əhali arasında belə bir şayiə yaradılar ki, güəmki Sərrac Yusifin evindən şərab çıxıb o dinsiz imansızdır.

Aldanmış ulduzlar. Rəssam Əzim Əzimzadə

Yazıçı tarixdən götürdüyü kiçik bir hadisəni öz realist qələminin gücü ilə yüksək ədəbi-bədii səviyyəyə qaldırır. Müəllifin etiraf etdiyi kimi, o, hadisəni təsvir etməklə İran feodalizminə idarə üsulu öyrədir. Axundzadə yazır: "Mən kiçik məsələni əldə bəhanə edib, öz fikrimdə onu genişləndirmişəm. O zamanın vəzirlərinin və dövlət başçılarının ağılsızlığını ifşa etmişəm ki, gələcək nəsillər üçün ibrət olsun. Qoy onlar bir daha axmaq münəccimlərin sözlərinə və xəbərlərinə inanmasınlar"[3]. Axundzadə bu əsərdə I Şah Abbas hakimiyyətini ona görə tənqid edir ki, o, öz iradəsini, axmaq bir münəccimin insafına tapşırır, onun yalançı xəbərləri ilə xalqın müqəddəratını həll edir. Şah öz hakimiyyətini möhkəmlətmək üçün azad fikirli insanları amansızcasına təqib edir. Onun vəzirləri Sərdar Zaman xan, Müstövfi Mirzə-Yəhyə, Mirzə Möhsün və Axund Səməd xalqa ziyan vuran hərəkətləri ilə fəxr edirlər. Yazıçı bütün bu mənfi tiplərə qarşı özünün rəğbət bəslədiyi, xalq arasından seçdiyi Yusif Sərrac obrazını yaratmışdır. Axundzadənin yaratdığı bu qəhrəman uzaqgörən, xalqın xeyrinə çalışan insandı, zəhmətkeş kütlənin tipik nümayəndəsidir. O, özünün qısamüddətli hakimiyyəti dövründə Şah Abbasın xalqa vurduğu ziyanları aradan qaldırır, özü də xeyli tədbirlər həyata keçirir[4].

1974-cü ildə povest əsasında Aldanmış kəvakib televiziya tamaşası çəkilmişdir,[5] amma o, arxivdə saxlanılmayan tamaşalar siyahısına daxildir.[6]

1977-ci ildə povest əsasında bəstəkar Məmməd Quliyevin Aldanmış ulduzlar operası Azərbaycan Dövlət Opera və Balet teatrının səhnəsində tamaşaya qoyulmuşdur. Libretto müəllifi Vidadi Paşayev olmuşdur. Quruluşçu rejissor — Əflatun Nemətzadə, Musiqi rəhbər və Dirijor — Rauf Abdullayev, Quruluşçu rəssam — Ə. Almaszadə, Xormeysterlər — N. Məlikov, G. Koryakin, Baletmeysterlər — R. Axundova, M. Məmmədov.

  1. "Realizm". 2022-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-14.
  2. "Qısa Məzmunun vasitəçisi". 2016-03-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-11-14.
  3. "Axundovun fikri". 2022-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-14.
  4. "məzmundan". 2022-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-14.
  5. Azərbaycan filmlərinin il siyahısı (1970–1979) [ölü keçid] Beyaz
  6. "Arxivdə saxlanılmayan tamaşalar" (az.). azerbaijans.com. 24 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 may 2021.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]