Astabad — Naxçıvan şəhərindən 12 km cənub–şərqdə, Araz çayının sahilində yerləşən orta əsr şəhəri. Məşhur Azərbaycan filosof və şairi Fəzlullah Astabadi Nəiminin doğulduğu[1] və yaşadığı şəhər.
Qədim şəhər | |
Astabad | |
---|---|
39°07′19″ şm. e. 45°24′27″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Vilayət | Naxçıvan rayonu |
Salınma tarixi | XII - XIII əsrlər |
Milli tərkibi | Azərbaycan türkləri |
Müasir yeri | Naxçıvan şəhərindən 12 km cənub - şərq |
|
Şəhərin xarabalığı indiki Təzəkəndin yaxınlığındadır. Astabad şəhərinin adına XIV əsrdən başlayaraq mənbələr və rəsmi sənədlərdə təsadüf edilməkdədir. XVIII – XIX əsrlərdə isə şəhərin adı tədricən unudulmuş, bəzən isə yaxınlığındakı monastırın adı ilə Qızılvəng adlandırılmışdır. 1895-ci ildə Astabadda gildən yüksək hazırlanmış kişi heykəlləri tapılmışdır. 1926-cı ilə qədim qəbirsanlıqdakı arxeoloji qazıntılar zamanı Tunc dövrünə aid nəfis boyalı qablar, silahlar və üzərində insan təsviri olan daş aşkar olunmuşdur.[2]
Orta əsrlərdə Astabad hürufiliyin əsas mərkəzlərindən biri olmuşdur.[3] Tədqiqatçılar həmin hərəkatın banisi və rəhbəri Fəzlullah Nəimi Astabadinin (1339–1394) də bu şəhərdə doğulduğunu və yaşadığını qeyd edirlər. Nəimi doğma şəhərinin şərəfinə "Astabadi" təxəllüsünü götürmüşdür.[4]
Şəhər feodal ara müharibələri nəticəsində dağıdılmış və tərk edilmişdir. 1967–1971-ci illərdə Araz su qovşağının tikintisi zamanı bu dəyərli tarixi abidə su altında qalmışdır. Şəhərdə epizodik şəkildə tədqiqatlar aparılmış, ciddi elmi axtarış və qazıntılara cəlb edilməmişdir.[5]
Astabad nekropolu Astabad şəhəri yaxınlığında orta əsrlərə (XII – XVIII əsrlərə) aid qəbirsanlıqdır. Nekropolda müsəlman adəti üzrə dəfn edilmiş skeletlər aşkar olunmuşdur. Bəzi qəbirlərin üzərində sənduqə və daş qoç tipli abidələr olmuşdur. Bu qəbir daşlarının əksərinin üzərində ərəb qrafikası ilə kitabələr saxlanmışdır.
Nekropolda kəşfiyyat xaraketrli tədqiqat aparılmışdır. 1967–1971-ci illərdə Araz su qovşağının tikintisi zamanı Astabad nekropolu da su altında qalmışdır.[5]