Avstriya Milli Kitabxanası - Avstriyada ən böyük kitabxanadır. Vyana şəhərində Xofburq sarayında yerləşir. Öz başlanğıcını orta əsrlərdə yaradılmış imperator kitabxanasından götürür.
Avstriya Milli Kitabxanası | |
---|---|
Österreichische Nationalbibliothek | |
Ümumi məlumatlar | |
Ölkə | |
Yaradılıb | 1368 |
Ünvan | Vyana |
Digər məlumatlar | |
ISIL kodu | AT-OeNB |
Sayt | onb.ac.at |
Vikianbarda əlaqəli mediafayllar |
Avstriya hersoqu III Albrext (1349-1395) öz kolleksiyasına kitablar yığmağa başlamış, həmçinin, bir çox əsərlərin latın dilindən alman dilinə tərcüməsini təşkil etmişdi. O bütün kitabları Xolfburq kilsəsində saxlayırdı. Daha sonra İmperator III Fridrix (1415–1493) bəzi qiymətli kitabları paytaxta gətirib bu kolleksiyanı xeyli təkmilləşdirdi. Sonra İmperator I Maksimilian (1459-1519) Burqundiyadan gətirilmiş kitabları Xolfburqa daşıtdıraraq kitabxananın inkişafına böyük töhfə verdi. İmperator I Maksimilianın ikinci arvadı Byanka Mariya Sforsa cehiz kimi İtaliyadan çoxlu sayda kitablar gətirdi. Maksimilianın ölümündən sonra kitablar İnsbruqda saxlanılmağa başlandı. Bu zaman kitabxana Avstriya alimlərinin elmi əsərləri ilə, qlobuslarla, xəritələrlə və atlaslarla zənginləşdirildi, zəngin insanların şəxsi kolleksiyalarından bağışladıqları ianələr sayəsində kitab fondu əhəmiyyətli dərəcədə artdı. 1575-ci ildə kolleksiya artıq 9 min nüsxədən ibarət idi və onlara qulluq etmək üçün ilk kitabxanaçı işə götürülmüşdü. 1624-cü ildən II Ferdinandın sərəncamı ilə dövlət xəzinəsi kitabxananın inkişafı üçün müntəzəm olaraq vəsait ayırmağa başladı. 1722-ci ildə VI Karl Xolfburqda imperator kitabxanası üçün ayrıca binanın tikilməsi əmrini verdi. Şahzadə Yevgeni Savoy kitab fondunun zənginləşməsi məqsədilə vəsait yığımını təşkil etdi. Bunun sayəsində Fransadan və İtaliyadan təxminən 15 min cild kitab gətirməyə nail oldu. Bu zaman kitabxanada kartoteka da təşkil edilmişdi.
1920-ci ildə Avstriya Respublikası elan olunandan sonra bu kitabxana Avstriya Milli Kitabxanası adlandırıldı. Kitabxana Qabsburqlar imperator ailəsinin iqamətgahı olmuş Xolfburq sarayında yerləşir. Burada Avstriyada çapdan çıxan bütün nəşrlər, Avstriya müəlliflərinin xaricdə nəşr edilmiş əsərləri, eləcə də Avstriya haqqında kitablar saxlanılır. 2010-cu ilin məlumatına görə, kitabxananın kolleksiyalarında müxtəlif dillərdə təxminən 7,9 milyon nüsxədən çox kitab saxlanılır. Burada qorunan 180 min papirusdan ən qədimi bizim eradan əvvəl XV əsrdə tərtib edilmişdir. Bundan başqa, kitabxanada əlyazmalar, qədim və nadir kitablar, xəritələr, qlobuslar, şəkillər, rəsmlər, fotolar, avtoqraflar, plakatlar, Brukner və Ştraus kimi məşhur bəstəkarların partituraları mühafizə olunur. Kitabxana həmçinin, fondundakı təxminən 8 min inkunabula ilə də məşhurdur. Kitabxanada çalışan 313 əməkdaş bir il ərzində 263 min oxucuya xidmət göstərir, onlara orta hesabla 530 min nüsxədən artıqq sənəd verilir. 2010-cu ildə kitabxananın illik büdcəsi 22 milyon 383 min avrodan çox olmuşdur