Axırıncı dayanacaq (film, 2014)

Axırıncı dayanacaq tammetrajlı bədii filmi[1] rejissor Fikrət Əliyev tərəfindən 2014-cü ildə ekranlaşdırılmışdır.[2] Film İlqar FəhmiFikrət Əliyevin ssenarasi əsasında "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir.[3] Film qocalar evində baş vermiş tragikomik hadisələrdən bəhs edir. İronik-komediya janrında olan film qocalar evinə düşmüş keçmiş polkovnikin həyatından bəhs edir. Pullarını itirmiş polkovnik dostlarından şübhələnməyə başlayır və bundan sonra başına gələn hadisələr onu gülüş obyektinə çevirir. Filmdə əsas rolları Tofiq Hüseynov, Arif Quliyev, Qorxmaz Əlilicanzadə, Səmayə Musayeva, Zemfira Sadıqova, Tariyel Qasımov, Fuad Poladov, Zemfira Nərimanova, Bəhram BağırzadəAğaxan Salmanlı ifa edirlər.

Axırıncı dayanacaq
Janr komediya
dram
Rejissor Fikrət Əliyev
Prodüser Müşfiq Hətəmov
Ssenari müəllifləri İlqar Fəhmi
Fikrət Əliyev
Baş rollarda Tofiq Hüseynov
Arif Quliyev
Qorxmaz Əlilicanzadə
Səmayə Musayeva
Zemfira Sadıqova
Tariyel Qasımov
Fuad Poladov
Zemfira Nərimanova
Bəhram Bağırzadə
Ağaxan Salmanlı
Operator Kənan Məmmədov
Bəstəkar Aygün Səmədzadə
Rəssam İbrahimxəlil Əminov
İstehsalçı "Azərbaycanfilm" kinostudiyası
İlk baxış tarixi 7 oktyabr 2014, Nizami Kino Mərkəzi, Bakı, Azərbaycan
Filmin növü tammetrajlı bədii film
Müddət 97 dəq.
Ölkə Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 2014
Rəng rəngli

İronik-komediya janrında olan film qocalar evinə düşmüş keçmiş polkovnikin həyatından bəhs edir. Pullarını itirmiş polkovnik dostlarından şübhələnməyə başlayır və bundan sonra başına gələn hadisələr onu gülüş obyektinə çevirir.[4]

İlk epizodda avtobusdan düşüb soruşaraq üz tutduğu qocalar evində gəncliyində itirdiyi sevgilisi Lətifəni (Zemfira Sadıqova) tapacaq Kərim (Kərim Məmmədov) əsas dramaturji hadisədən kənarda qalmaqla ən azı mətn çatışmazlığı ucbatından səbəb-nəticə əlaqəsi sayılan süjet kontekstində mövcud olsa da, mühitin ilkin təqdimatında mühüm rol oynayır. Kapitanın (Tofiq Hüseynov) yaddaşsızlıq ucbatından itirdiyi min manatın tapılması üçün keçmiş sahə müvəkkili Qəmbərlə (Qorxmaz Əlilicanzadə) onun əlaltısı Tapdığın (Arif Quliyev) cinayətkarın tutulması üçün əməliyyat cəhdləri komediya elementlərini üzə çıxarır. Bununla belə, detektiv janrının Hamletsayağı modeli tamaşaçının ekranda baş verənlərə diqqət kəsilməsinə şərait yaradır və bu axtarışda iştirak edən personajların fabula çərçivəsindəki mövcudluğu hadisəliliyi artırır. Obrazlı desək, fabula onurğasına birləşməyən süjet qabırğaları hadisəliliyin səngiməsinə səbəb olur.[5]

Filmin strukturundakı personajların taleyi, dramaturji əsaslarla izlənilməsə də, müxtəlif taleli insanların ömrünün son dövrünü başa vurmaq üçün sığındıqları, bir çoxlarının buradan qurtulacaqlarına inandıqları bu mühit əslində məhkumluq fonunda daha geniş sosial müşküllərin üzərinə işıq salır. Əsas dramaturji hadisə yetərincə yüksək təqaüd və rütbə pulu alan keçmiş gəmi kapitanının itirilmiş min manatının axtarışı üzərində qurulur və komediya janrının diktəsi axtarış prosesini oyuna çevirdiyindən real mühitin irreallığı-şərtiliyi tələb olunur. İndiki halda istər-istəməz önə keçən sosial reallıq isə komediya janrını qabartmalı olan personajların münasibəti sisteminə qovuşa bilmir.[5]

Digər tərəfdən, filmdə postmodernizmə xas rişxəndin, kinayənin üzə çıxması, cinayətkarı tapmaq üçün Çingiz Abdullayevin detektiv kitablarının oxunması cəhdi, əyalət təfəkkürünü önə çəkən sentimentalizmin təzahürü, qəzəlxanlığın ələ salınması, dərzinin Rəşid Behbudov, Süleyman Rüstəm, Şövkət Ələkbərova kimi məşhurlara kostyum, palto tikməsilə davamlı olaraq öyünməsi, oğlunun, nəvələrinin Nənə ilə görüşə gəlməsi və s. süjet kontekstində mövcud olduğundan əsas hadisəlik prinsipindən kənarda qalır. Davudun (Fuad Poladov) mövzu fantaziyasında polislərin gətirdiyi itin “cinayətkarı” tapması belə həmin səbəbdən hadisəlilik yarada bilmir. Halbuki rejissor Fikrət Əliyevin kino debütündə — ”Baladadaşın ilk məhəbbəti” filminin fabula mexanizminə işləyən, çimərlik geyiminin kirayə götürülməsi ilə bağlı mövzu fantaziyası kino tariximizin ən maraqlı epizodlarındandır.

Finalda axırıncı dayanacaqda avtobusdan düşüb qocalar evini soruşan növbəti yaşlı personajın simvolik səciyyə daşıması fonunda, meydançada qarmonçu Genaya (Yuri Baliyev) əlli manat verib çaldırdığı musiqi altında rəqs edənlərə qoşulmaqla gözönü hadisədə dəyişən yeganə personajın — Kapitanın maddi dünyanın əhəmiyyətsizliyini dərk etməsi mənəviyyatın maddiyat üzərində qələbəsini göstərə bilir.[5]

Müəllifi səciyyələndirən fərdi, peşəkar üslubdan fərqli olaraq, materialı qabardan janr məfhumu mühitin diktəsinə müqavimət göstərdiyindən, bədii personajların real mühitinin ekrana köçürülməsi prosesində tarazlığın pozulması istər-istəməz qaçılmaz olur. Üstəlik filmdə komediya, detektiv, melodrama elementlərinin qarışması gerçəkliyin obrazlı modeli sayılan janr təyinatının dağınıqlığı, keçid dövrünə xas olan növbəti göstəricini gündəmə gətirir. Bununla da, sosial məsuliyyətini dərk edən müəlliflərin mühit-personaj əlaqələrinin acınacaqlı mənzərələrini süjet kontekstində olsa belə, ekrana gətirmələri az qala senzor funksiyasını üzərinə götürməyə cəhd göstərən məmur kinosunun həyata davamsızlığının təsdiqinə çevrilir.[5]

Filmin üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]

Rejissor: Fikrət Əliyev
Ssenarist: İlqar Fəhmi, Fikrət Əliyev
Montaj : Elşad Rəhimov
Operator: Kənan Məmmədov
Prodüser: Müşfiq Hətəmov
Rəssam: İbrahimxəlil Əminov
Bəstəkar: Aygün Səmədzadə

Tofiq Hüseynov — kapitan
Arif Quliyev — Tapdıq
Qorxmaz Əlilicanzadə — Qəmbər
Səmayə Musayeva — Məsmə
Zemfira Sadıqova — Lətifə
Tariyel Qasımov — Kazım
Fuad Poladov — Davud
Zemfira Nərimanova — Ofeliya
Bəhram Bağırzadə — Bəhruz
Ağaxan Salmanlı — şair Süleyman
Yasin Qarayev — Xalid
Vidadi Əliyev — Əsədulla
Yuri Baliyev — Gena
Svetlana Həkimova — Gülçöhrə
Sovqat Səmədova — Fatma
Svetlana Əliyeva — Qönçə
İdris Rüstəmov — Rüstəm
Atabala Səfərov — Salman
Vahid Əliyev — Əbdül
Rahib Əliyev — Dazbaş kişi
Fikrət Əliyev — Arif
Mirzə Ağabəyli — Rəhim
Kərim Məmmədov — Kərim
Valentina Moreva — Mariya
Rafiq Hüseynov — Yeni sakin
Xalidə Əliməmmədova — Xadimə
Mətləb Abdullayev — Cavan həkim
Ülviyyə Rza — Tibb bacısı
Xuraman Əliyeva — Kitabxanaçı qız
Pakizə Əliyeva — Nənə
Şəfiqə Muradova — Təsbehli qadın

  1. Azəri, L. “Axırıncı dayanacağ”ın sakinləri: [rejissoru Fikrət Əliyev olan “Polkovnikin xəzinəsi” (“Axırıncı dayanacaq”) adlı yeni filmin çəkilişlərinə başlanılmışdır] //Mədəniyyət.- 2013.- 23 avqust.- S. 4.
  2. Nizami Kino Mərkəzində növbəti sosial aksiya: [Fikrət Əliyevin “Axırıncı dayanacaq” bədii filminin nümayişi haqqında] //Mədəniyyət.- 2015.- 11 noyabr.- S.7.
  3. Azəri, L. “Axırıncı dayanacaq” ekrana çıxdı: Kinoseans – bir filmə üç baxış: Səmimi insan münasibətləri, detektivə parodik yanaşma, əla yumor hissi: [Fikrət Əliyevin quruluşunda eyniadlı bədii filmin nümayişi haqqında] //Mədəniyyət.- 2015.- 6 mart.- S.12.
  4. Həsənli, Ü. “Polkovnikin xəzinəsi” haradadır?: [rejissor Fikrət Əliyevin eyniadlı filmi haqqında fikirləri] //BakuPost.- 2013.- 10 iyul. — S.10.
  5. 1 2 3 4 Lalə Azəri. ""Axırıncı dayanacaq"" (az.). Mədəniyyət. 6 mart 2015. 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-25.

Azərbaycan filmlərinin siyahısı
2014-cü ilin Azərbaycan filmləri
2010-cu illər Azərbaycan filmlərinin siyahısı