Səmədzadə Aygün Ziyad qızı (11 yanvar 1967[1], Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycanın xalq artisti (2018), Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent.
Aygün Səmədzadə | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 11 yanvar 1967[1] (57 yaş) |
Doğum yeri | |
Atası | Ziyad Səmədzadə |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Bəstəkar, Musiqişünas |
Fəaliyyət illəri | 1985-ci ildən |
Musiqi aləti | piano |
Təhsili |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Aygün Səmədzadə 1967-ci il 11 yanvarda Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlmişdir. İlk təhsilini Bülbül adına orta ixtisas musiqi məktəbində almış, 1985-ci ildə məktəbi qızıl medal və fərdi təqaüdlə bitirmişdir. Həmin ildə Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyasının) Tarix-nəzəriyyə fakültəsinə daxil olmuş, bir sıra respublika və ümumittifaq elmi-konfrans və müsabiqələrdə iştirakçı və qalib seçilmişdir. Üzeyir Hacıbəyovun anadan olmasının 100 illiyi ilə bağlı keçirilən müsabiqədə diplom, III respublika elmi konfransında ən yaxşı tələbə elmi-işinə görə qızıl medal, Zaqafqaziya ölkələri arasında keçirilən müsabiqədə I dərəcəli diploma layiq görülmüşdür. Konservatoriyanı fərqlənmə diplomu və Ü. Hacıbəyov adına fərdi təqaüdlə bitirdikdən sonra elə həmin ildən "Musiqi tarixi" kafedrasına müəllim kimi fəaliyyətə başlamış və Avropa ölkələrinin musiqi tarixi, Türkdilli xalqların musiqi mədəniyyəti, Musiqi tənqidi kimi fənnlərdən dərs demiş və həmin kafedranın dosenti (1990–2016) olmuşdur. Bəstəkar, musiqişünas Aygün Səmədzadə 2003-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür.
Aygün Səmədzadə 2003-cü ildə böyük türk bəstəkarı Əhməd Adnan Sayqunun yaradıcılığı ilə bağlı namizədlik dissertasiyasını müdafiə etmişdir.[2] Bundan əlavə, Aygün Səmədzadə Azərbaycan musiqi tarixinə aid bir sıra elmi məqalələrin və publisistik yazıların, o cümlədən, "Azərbaycanda sənət himayədarlığının rolu", "Xurşudbanu Natəvan və Azərbaycan mədəniyyəti", "Şah İsmayıl Xətai və Azərbaycan mədəniyyəti", "Mir Mövsün Nəvvab", "Hacı Zeynalabdin Tağıyevin mədəniyyətimizin inkişafında xidmətləri", "Adnan Sayqun yaradıcılığının bəzi üslub xüsusiyyətləri" adlı məqalələrin müəllifidir.
Aygün Səmədzadə bir çox tanınmış müğənnilərin repertuarında xüsusi yer tutan 200-dən artıq mahnının müəllifidir. Bu əsərlərin bir çoxu "Bu dünyanı nağıl bilək" albomu, "Əhməd Cavad" albomu, 4 diskdən ibarət "Azərbaycan" albomu və "Vətən mahnıları" albomunda cəmlənmişdir.
Aygün Səmədzadə bir çox teatr tamaşaları və filmlər üçün də musiqilər bəstələmişdir. Elçin Əfəndiyevin "Qatil", "Şekspir", Hüseyn Cavidin "Əmir Teymur", "Iblis", İlqar Fəhminin "Mənəm, mən…", Stefan Sveyqin "Yad qadının məktubu" teatr tamaşalarının, "Əlavə təsir", "Sirr", "Axırıncı dayanacaq" filmlərinin bəstəkarıdır.[3]
Aygün Səmədzadə Türküstan, Həsrət, Qumsal, Eşq simfonik lövhələrinin, Həzrət-i Fatimə adlı vokal-xoreoqrafik kompozisiyasının, Cümhuriyyətin 100 illiyinə həsr olunmuş İstiqlal marşının müəllifidir. Müharibə dövründə Aygün Səmədzadə Diaspora marşı, Can Azərbaycan, Zəfər nəğməsi, Qəhrəmanım kimi silsilə mahnılar bəstələmişdir. Bəstəkarın son nailiyyətlərindən biri kimi İkinci Qarabağ müharibəsində qələbəmizə həsr olunmuş HƏSRƏTƏ SON layihəsini göstərmək olar. Qeyd edək ki, əsərin video həlli işğaldan azad olunmuş torpaqlarımızda baş tutmuşdur və bu, erməni vandalizminin incəsənət xətti ilə dünyaya çatdırılmasında maraqlı təşəbbüslərdən sayıla bilər.
Aygün Səmədzadə Əhməd Cavadın sözlərinə silsilə əsərlər yaratmışdır. Bunların sırasına Ey Türk kantatası (Ey Türk, Bismillah, Türk Ordusuna, Elin bayrağı, Mən bulmuşam, Susmaram, Şəhidlərə kimi müstəqil nömrələrdən ibarət), Sən ağlama vokal-instrumental kompozisiyası, Niyə gəlmədin?, Qurban olduğum romansları və başqaları daxildir. Bu əsərlərin premyeraları 2018-ci il 15 sentyabrda Ankarada, 2018-ci il 10 noyabrda Bakıda, 2019-cu il 20 martda Eskişehirdə baş tutmuşdur. Əsərlər Türkiyə Cümhurbaşkanlığı Simfonik Orkestrası, TRT xoru, Azərbaycan Dövlət Simfonik Orkestri tərəfindən ifa olunmuşdur.[4]
2000-ci il "Best of Best" müsabiqəsində onun Məktəb illəri, 2002-ci ildə keçirilən "Nəğmələrin nəğməsi" müsabiqə-festivalda Bu dünyanı nağıl bilək, Yağış mahnıları birinci yerlərlə mükafatlandırılmış, Tut ağacım isə Qran-pri və Tamaşaçı rəğbəti mükafatlarına layiq görülmüşdür.[2]
2008-ci ildə Milli Olimpiya Komitəsinin Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı ilə birgə elan etdiyi "İdman və Olimpiya" mövzusunda mahnı müsabiqəsinə təqdim etdiyi Qələbə çal adlı əsəri birinci yerə layiq görülmüşdür.
Bəstəkarın 2005, 2009, 2015-ci illərdə Heydər Əliyev Sarayında, 2015-ci ildə Beynəlxalq Muğam Mərkəzində, 2017-ci ildə Şəkidə keçirilən "İpək yolu" Beynəlxalq Musiqi festivalında, 2018-ci ilin iyunun 9-da Cümhuriyyətin 100 illiyi münasibətilə Yaşıl Teatrda müəllif konsertləri olmuşdur.[5][6][7][8]
Aygün Səmədzadə Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı bir sıra televiziya layihələrinin, o cümlədən "Əslində Mən", "Bir mahnının tarixçəsi", "İntrada", "Ekspromt" verilişlərinin ideya müəllifi və rəhbəri olmuşdur. 2019-cu ildə Azərbaycan bəstəkarlarının Vətən haqqında mahnılarından ibarət "Azərbaycan 100 mahnıda" klavirinin ideya müəllifi və layihə rəhbəri olmuşdur.[9][10][11]
Aygün Səmədzadə 2012-ci ildən NƏFƏS Sənət mərkəzinin rəhbəridir.
2011-ci il sentyabr ayının 15-də Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi[12], 2018-ci ilin 27 mayında isə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülmüşdür.[13]
Aygün Səmədzadə kino və teatr sahəsində aşağıdakı işlərə imza atmışdır