Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti

Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti — birbaşa Azərbaycan Respublikası Prezidentinə tabe olan xüsusi hərbi hissədir. 16 mart 2020-ci ildə prezidentin sərəncamına əsasən Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilib, əvəzində isə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət XidmətiStrateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi yaradılıb.

Prezidentin Təhlükəsizlik Xidməti
  • Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yurisdiksiya Azərbaycan Respublikası
Yaradılma tarixi 1931 / 1991
Əvvəlki qurum Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti
Ləğv edilib 16 mart 2020
Tabelik Azərbaycan Respublikası Prezidenti
Baş qərargah Bakı Bakı
Rəhbərlik
Rəis Bəylər Eyyubov
Rəsmi saytı dmx.gov.az/index.html

Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti birbaşa Azərbaycan Respublikası Prezidentinə tabe olan xüsusi hərbi hissədir. Xüsusi Dövlət Mühafizə Xidmətinin əsas vəzifələri Azərbaycan Respublikası Prezidentinin, digər Dövlət Mühafizəsi Obyektlərinin, həmçinin Azərbaycan Respublikasında olduqları vaxt xarici ölkələrin dövlət və hökumət başçılarının təhlükəsizliyinin təmin edilməsi, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının, Milli Məclisin, Nazirlər Kabinetinin, Konstitusiya Məhkəməsinin, Xarici İşlər Nazirliyinin və Mərkəzi Seçki Komissiyasının obyektlərinin mühafizəsinin təşkil və təmin edilməsidir.

Xüsusi Dövlət Mühafizə Xidməti Dövlət Mühafizəsi Obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi sahəsində əks-kəşfiyyat fəaliyyətinin subyekti olaraq əməliyyat-axtarış fəaliyyətini həyata keçirir, Prezident rabitəsini və Xüsusi rabitəni təşkil edir. Həmçinin Dövlət orqanlarının internet şəbəkəsinin yaradılması və fəaliyyət göstərməsi Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçirilir. 2003-cü ildən başlayaraq Xüsusi Dövlət Mühafizə Xidməti İxrac neft və qaz boru kəmərlərinin Azərbaycanın quru sahəsindən keçən hissəsinin təhlükəsizliyini təşkil və təmin edir.

XDMX loqosu

Xüsusi Dövlət Mühafizə Xidməti: — 1931-ci ildən 1937-ci ilədək Xalq Daxili İşlər Komissarlığının mühafizə şöbəsi (5-ci xüsusi diviziya), — 1938-ci ildən 1972-ci ilədək Bakı şəhəri İcraiyyə Komitəsinin Daxili İşlər İdarəsinin 2-ci Divizionu, — 1972-ci ildən 1991-ci ilədək Azərbaycan SSR DİN Partiya-Sovet Orqanlarının mühafizə şöbəsi adlanıb.

Azərbaycan Respublikası Prezidentinin 25 sentyabr 1991-ci il tarixli 355 saylı Fərmanı ilə bu şöbə Prezident Aparatı yanında Mühafizə İdarəsinə çevrilib.

Azərbaycan Respublikası Prezidentinin 5 dekabr 1991-ci il tarixli 485 saylı Fərmanı ilə İdarə DİN yanında Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Mühafizə şöbəsi adlanıb.

25 dekabr 1991-ci ildə Milli Qvardiya yaranıb.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən 25 fevral 1992-ci ildə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti və Azərbaycan Respublikası DİN yanında Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Mühafizə şöbəsinin bazasında Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Mühafizə İdarəsinin yaradılması haqqında 585 saylı Fərman imzalanır.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən 23 avqust 1993-cü ildə (AR Prezidentinin səlahiyyətini həyata keçirən Ali Sovetin Sədri tərəfindən) Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Mühafizə İdarəsi və Milli Qvardiyanın bazasında Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsinin yaradılması və Azərbaycan Respublikasının Prezidentinə tabe edilməsi haqqında 734 saylı Fərman imzalanır.

Azərbaycan Respublikasının Prezidentinin 06 may 2002-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti adlanır. Azərbaycan Respublikası Prezidentinin 31 may 2003-cü il tarixli 872 saylı Fərmanı ilə Xüsusi Dövlət Mühafizə Xidməti haqqında Əsasnamə təsdiq edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin yuxarıda göstərilən Fərmanı ilə Xüsusi Dövlət Mühafizə Xidməti tərkibində İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsi yaradılmışdır. Prezidentin 31 may 2003-cü il tarixli 873 saylı digər Fərmanı ilə həmin İdarənin Əsasnaməsi təsdiq edilmişdir.

Azərbaycan Respublikasının Prezidentinin 2024-cü il 24 sentyabr tarixli sərəncamı ilə 23 avqust – Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti əməkdaşlarının peşə bayramı günü elan olunub.[1]

Qarabağ Müharibəsində

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında XDMX hərbi qulluqçuları da iştirak etmiş, qəhrəmanlıq nümunələri göstərmişlər. Torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda gedən döyüşlərdə XDMX hərbi qulluqçularından 13 nəfəri şəhid olmuş, 21 nəfər itkin düşmüş, 55 nəfəri isə müxtəlif dərəcələrdə yaralanmışlar. Yaralanan hərbi qulluqçularımızdan 15 nəfəri əlil olmuşdur. XDMX-nin hərbi qulluqçusu – Milli Qvardiyanın Alay komandiri mayor Hüseynov Əfqan Qaraxan oğlu göstərdiyi rəşadət və igidliyə görə Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli Fərmanı ilə (ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin göstərilən fərmanı ilə çavuş Hacıəliyev Camal Şakiroviç (ölümündən sonra) "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 1995-ci il tarixli Fərmanı ilə XDMX-nin 3 nəfər hərbi qulluqçusu "Azərbaycan Bayrağı" ordeni, 46 nəfər hərbi qulluqçusu "Hərbi xidmətlərə görə" medalı ilə, 26 dekabr 1998-ci il tarixli Fərmanı ilə 3 nəfər hərbi qulluqçusu "Azərbaycan Bayrağı" ordeni ilə, 23 nəfər "Hərbi xidmətlərə görə" medalı ilə, 14 nəfər isə "İgidliyə görə" medalı ilə təltif olunmuşdur.

Tabeliyindəki qurumlar

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda Milli Qvardiya Azərbaycan Respublikasının Prezidentinin 25 dekabr 1991-ci il tarixli 524 saylı Fərmanı ilə yaradılmışdır.

Uzaq keçmişlərdə mühafizə işini əsasən o zamanlar mövcud olmuş xüsusi keşikçi dəstələri və yaxud seçmə qoşun hissəsi olan qvardiyalar təşkil edirdi. "Qvardiya" — italyan mənşəli sözdür. Mənası "imtiyazlı seçmə qoşun hissəsi" deməkdir. Ancaq qvardiya mənşəli mühafizə dəstələri hələ quldarlıq dövründə meydana çıxmışdılar və monarxların, yaxud sərkərdələrin keşikçiləri şəklində fəaliyyət göstərirdilər."Qvardiyaçı" termini ilk dəfə XII əsrdə İtaliyada dövlət bayrağını mühafizə edən dəstənin adını ifadə etmək üçün işlədilmişdir. XV əsrdə Fransada, İngiltərədə, İsveçdə, Prussiyada, XVII əsrdə Yaponiyada, XIX əsrdə isə bir çox digər dövlətlərdə qvardiyalar yaradılmışdı. Rusiyada ilk qvardiyanı 1687-ci ildə I Pyotr yaratmışdır. Orta əsrlərdə Şərqdə də muzdlulardan və qullardan ibarət keşikçi dəstələrinin seçmə hissəsi olan qvardiyalar təşkil edilirdi.

Milli Qvardiya isə ilk dəfə Fransa İnqilabı dövründə Parisdə yaradılmışdır. Azərbaycanda dövlət səviyyəsində mühafizə xidmətinin qurulması işinə isə ilk dəfə 1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə başlanmışdır. SSRİ dağıldıqdan sonra öz müstəqilliyini əldə etmiş Azərbaycanda siyasi, iqtisadi, qanunvericilik sistemlərində olduğu kimi, inzibati orqanlarda da yenidənqurma işləri aparılaraq yeni şəraitə uyğun optimal idarəçilik formaları axtarılmağa başladı. Mühafizə sisteminin əhəmiyyəti getdikcə daha da artdı, onun strukturu təkmillləşdi, tərkibi genişləndi. 25 dekabr 1991-ci ildə Milli Qvardiya yaradıldı. Qvardiyanın Əsasnaməsi, strukturu və vəzifə maaşları təsdiq edildi. İlk vaxtlar Milli Qvardiyada hərbi xidmət könüllülük qaydasında iki illik müqavilə əsasında idi. Şəxsi heyətin seçimi MTN, DİN və MN-in kadr orqanlarının köməkliyi ilə həyata keçirilirdi. 31 iyul 1992-ci il tarixli Fərmanın tələblərinə əsasən Milli Qvardiyanın ştat vahidi artırıldı. Bununla əlaqədar Milli Qvardiyada Alay yaradıldı.

Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi Prezident rabitəsini və Xüsusi rabitəni təşkil edir. Həmçinin Azərbaycan Respublikasının Prezidentinin 29 dekabr 2004-cü il tarixli fərmanına əsasən Dövlət orqanları üçün İnternet seqmentinin yaradılmasını və inkişaf etdirilməsini həyata keçirir.

Nazirlər Kabinetinin 31 mart 2006-cı il tarixli qərarına əsasən GOV. AZ domenlərinin inzibatlaşdırılması da Xüsusi Rabitə tərəfindən həyata keçirilir. Dövlət orqanlarının İnternet resurslarının yerləşdirilməsi, həmçinin bu qurumların internet şəbəkəsinə çıxışı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi tərəfindən yaradılmış AZSTATENET şəbəkəsi vasitəsilə təmin olunur. Bunun üçün AZSTATENET şəbəkəsinin mərkəzi serverləri qurulmuş və şəbəkədə yüksək təhlükəsizlik tədbirləri həyata keçirilmişdir. Həmçinin daha stabil və keyfiyyətli qoşulma üçün əksər dövlət orqanlarına fiber optik kabel çəkilmişdir.

Bundan əlavə dövlət orqanlarının fövqəladə hallarda etibarlı radiorabitə əlaqəsini təmin etmək üçün Xüsusi Rabitə tərəfindən TETRA standartları ilə radiorabitə sistemi yaradılmışdır. Bu radiorabitə sistemi Abşeron yarımadasında və Azərbaycan ərazisindən keçən neft kəmərləri boyunca etibarlı radiorabitə əlaqəsi yaratmağa imkan verir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarının peşə bayramı günlərinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2024-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-26.