Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (Azərbaycan)

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və ya qısaca XRİTDXAzərbaycan Respublikasının dövlət orqanları üçün xüsusi təyinatlı informasiya-kommunikasiya sistemlərinin və şəbəkələrinin, idarələrarası elektron sənəd dövriyyəsinin, dövlət orqanlarının İnternet şəbəkəsi ilə əlaqəsinin, onların informasiya resurslarının məlumat və resurs mərkəzində yerləşdirilməsinin təşkilini, istismarını, təhlükəsizliyini və inkişafını təmin etmək, dövlət mühafizə obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyi məqsədilə xüsusi texniki tədbirləri həyata keçirmək üçün yaradılmışdır. Dövlət orqanlarında kibertəhlükəsizlik sahəsində hazırlığın artırılması, bu sahədə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, İnternet resurslarının və informasiya sistemlərinin təhlükəsizlik parametrləri üzrə monitorinqini həyata keçirmək və bu sistemlərin kibertəhlükəsizliyinin artırılması istiqamətində dövlət orqanlarına texniki və metodiki köməklik göstərilməsi də Dövlət Xidmətinin əsas vəzifələrindəndir. Yuxarıda göstərilən vəzifələrin icrası, habelə elektron imza və radiorabitə sistemlərinin tətbiqi ilə əlaqədar dövlət siyasətinin həyata keçirilməsi istiqamətində Xidmət tərəfindən mühüm kompleks texniki və təşkilati tədbirlər həyata keçirilir[2][3].

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti
  • Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yaradılma tarixi 26 sentyabr 2012
Əvvəlki qurum Xüsusi Dövlət Mühafizə Xidməti
Tabelik Azərbaycan Prezidenti
Baş qərargah
Ünvan Bakı şəhəri
Rəhbərlik
Rəis İlqar Musayev [1]

Tabeliyində olan orqan Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi
Rəsmi saytı scis.gov.az

İlk olaraq 1994-cü il 01 oktyabr tarixində Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsinin Maddi-texniki təchizat şöbəsinin tərkibində “Rabitə və texniki bölmə” kimi yaradılmış qurum sonralar müstəqil şöbə, idarə və departament olaraq fəaliyyətini Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin strukturunda davam etdirmişdir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 sentyabr tarixli, 708 nömrəli Fərmanına əsasən Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi yaradılmış,  16 mart 2020-ci il tarixli 957 nömrəli Fərmanı ilə isə Agentliyin bazasında ayrıca Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti yaradılmışdır.

Azərbaycan Respublikasının Prezidentinin 15 iyul 2022-ci il tarixli Sərəncamı ilə "İ.Ə.Musayevin Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi təyin edilməsi haqqında" qərar qəbul etmişdir.[4][5]

Azərbaycan Respublikasının Prezidentinin 2024-cü il 24 sentyabr tarixli sərəncamı ilə 26 sentyabr – Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti əməkdaşlarının peşə bayramı günü elan olunub.[6]

  • Kiber Təhlükəsizlik — Dövlət orqanlarında baş vermiş kompüter insidentlərinin koordinasiyası və kiber təhlükəsizlik məsələlərini Xüsusi Rabitə və Informasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi həyata keçirir.
  • Xüsusi Rabitə — Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamlarını rəhbər tutaraq dövlət orqanlarını Xüsusi Rabitə ilə fasiləsiz və təhlükəsiz olaraq təmin edir.
  • AzStateNet Şəbəkəsi — AzStateNet (Azerbaijan State Network) şəbəkəsi Azərbaycan Respublikasının mərkəzi və yerli dövlət hakimiyyəti orqanları üçün internet şəbəkəsinin seqmentidir. AzStateNet Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanı statusuna malik olan təşkilatlara məxsus, ərazi üzrə paylanmış şəbəkələrin və daxilolma serverlərinin cəmidir. AzStateNet şəbəkəsi istifadəçilərə internet şəbəkəsinin informasiya məkanına daxilolma imkanı verir və öz serverlərində yalnız Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanlarının fəaliyyətinə aid olan rəsmi məlumatları yerləşdirir.
  • Elektron sənəd dövriyyəsi
  • Elektron İmza
  • Hostinq Xidməti — Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2012-ci il 654 saylı Fərmanına əsasən dövlət qurumları elektron informasiya resursunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin xüsusi qorunan Data Mərkəzində AZSTATENET hosting sistemində yerləşdirməlidir.
  • DNS xidməti — .GOV.AZ (Government.az) Dövlət orqanlarının internet informasiya resurslarının adlandırılması üçün ayrılmış xüsusi domen zonasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 31 mart tarixli 91 nömrəli qərarına əsasən GOV.AZ domeninin inzibatlaşdırılmasını, *.GOV.AZ subdomenlərinin qeydiyyatını, habelə GOV.AZ domeninin DNS-nin fəaliyyətini XDMX-nin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi həyata keçirir.
  • Kriptoqrafiya — Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ölkədaxili və ölkəxarici istənilən növ informasiya mübadiləsinin kriptoqrafik mühafizəsini və məxfiliyini təmin edir. İnformasiya ötürülməsində məlumat təhlükəsizliyinin qorunması Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin prioritet iş prinsiplərindən biridir. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti informasiyanın kriptoqrafik mühafizəsi və məxfiliyini təmin etmək üçün müvafiq şəbəkələrdə şifrələmə sistemləri qurur və onun nəzarətini həyata keçirir.
  • TETRA Radio Rabitəsi
  • Data Xidməti — Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarını və kritik infrastrukturları respublika ərazisi üzrə həm data, həm də internet şəbəkəsi ilə təmin etmək üçün AzStateNet infrastrukturunu qurmuşdur. Eyni zamanda SDH və DWDM avadanlıqaları vasitəsi ilə dövlət qurumları arasında rabitənin təşkili təmin edilmiş, bu avadanlıqlar vasitəsilə STM-16 və STM-64 səviyyəsində rabitə xidməti, o cümlədən gigabit portların və E1 bağlantıların verilməsi həyata keçirilmişdir.
  • 24/7 Monitorinq — Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti mühafizəsini təşkil etdiyi bütün elektron informasiya resurslarına 24/7 fasiləsiz xidmət edir və onların monitorinqini aparır.
  • Feldyeger Rabitəsi
  • Elektron Poçt Xidməti

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. ""İ.Ə.Musayevin Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2022-ci il tarixli Sərəncamı". 2022-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-23.
  2. ""İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2012-ci il tarixli Fərmanı". 2021-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-09-27.
  3. "XRİTDX — Haqqında scis.gov.az". 2022-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-01.
  4. ""İ.Ə.Musayevin Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2022-ci il tarixli Sərəncamı". 2022-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-23.
  5. "XRİTDX — Tarixi". 2022-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-01.
  6. "Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarının peşə bayramı günlərinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2024-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-26.