Azərbaycan Xalq Cümhuriyyətinin Paris Sülh Konfransındakı Nümayəndə Heyəti — 1918-ci ilin dekabr ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Paris Sülh Konfransına göndərilməsi üçün formalaşdırdığı heyət.
1918-ci ilin dekabr ayının 28-də isə parlament Paris Sülh Konfransına gedəcək nümayəndə heyətinin tərkibini seçdi. Bu tərkibə Əlimərdan bəy Topçubaşov (sədr), Məmmədhəsən Hacınski (sədr müavini), Əkbər ağa Şeyxülislamov, Əhməd bəy Ağayev, Məhəmməd Məhərrəmov, Ceyhun Hacıbəyli və Mir Yaqub Mehdiyev daxil oldu.
Nümayəndə Heyəti hələ İstanbulda ikən ciddi təşkilatlanmış və dəqiq iş bölgüsü aparmışdı. Heyətin tərkibində üç bölmə - siyasət və milli məsələlər, iqtisadiyyat və kommersiya, təbliğat və məlumat bölmələri yaradılmış və üzvlər ixtisas və maraq səviyyələrinə uyğun şəkildə həmin bölmələrdə fəaliyyətə cəlb olunmuşdular. Bununla bir sırada Nümayəndə Heyətinin hər bir üzvünün görəcəyi konkret iş, məsuliyyət daşıyacağısahə də müəyyənləşdirilmişdi.
1919-ci il yanvarın 20-də Paris sülh konfransında iştirak edəcək Azərbaycan nümayəndə heyəti İstanbula gəldi. Lakin Fransa hökuməti onların Parisə gəlməsinə viza vermədi. Topçubaşovun və onun başçılıq etdiyi nümayəndə heyətinin Parisə buraxılmaması onlarda və Azərbaycan hökumətində narahatlıq yaradırdı.[1]
Bu zaman Əlimərdan bəy Topçubaşov Türkiyə, İran, Rusiya, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Fransa diplomatları və nümayəndələri ilə görüşlər keçirmiş, onlara Azərbaycanın siyasi və iqtisadi vəziyyəti haqqında məlumat vermiş, Azərbaycanın bir müstəqil dövlət kimi öz ölkələri tərəfindən tanınmasına köməklik göstərmələrini xahiş etmişdir.
Əlimərdan bəy Topçubaşovun Nazirlər Şurasının sədri Fətəli xan Xoyskiyə yazdığı 17 mart 1919-cu il tarixli məktubundan məlum olur ki, müttəfiq qüvvələrin təmsilçiləri Azərbaycan Nümayəndə Heyətinin Paris Sülh Konfransına getməsinə maneçilik yaradırlar. Fransa rəsmiləri ilə aparılan danışıqlar nəticəsində martın 29-da Azərbaycan Nümayəndə Heyətindən yalnız 2 və ya3 nəfərin Parisə getməsinə icazə verildiyi bildirilirdi. İngilis nümayəndəliyi Əlimərdan bəy Topçubaşovun Londona getməsinə də icazə vermir, Fransa nümayəndəliyi isə yalnız fransızların müəyyən etdikləri 3 nəfərin Parisə getməyinə razılaşırdı. Parisə Azərbaycan nümayəndələri ilə yanaşı Don, Kuban, Dağlılar Respublikası, Ukrayna və Gürcüstan nümayəndələrinin bir hissəsi də buraxılmamışdı. Bu ölkələrin nümayəndələri Parisə viza almaq üçün birlikdə mübarizə aparmağa başladılar. Əlimərdan bəy Topçubaşovun başçılığı ilə memorandum hazırlandı və nümayəndələr onu imzalayıb İstanbulda olan Böyük Britaniya ali komissarı admiral Vebbə təqdim etdilər. Lakin gözlənilmədən Amerika Birləşmiş Ştatları prezidenti Vudro Vilsonun rəsmi şəkildə Versal konfransında Qafqaz məsələsini qoymasını nəzərə alınaraq nümayəndələrin Parisə getməsinə icazə verildi.[2]
1919-cu il aprelin 22-də Azərbaycan nümayəndə heyəti Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Parisə yola düşdü. May ayının əvvəllərində Parisə gələn Azərbaycan Nümayəndə Heyətinin üzvləri Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağaoğlu və Ceyhun Hacıbəyli tərəfindən "Qafqaz Azərbaycanı Respublikasının Paris Sülh Konfransına memorandumu" adlı sənəd hazırlanaraq fransız və ingilis dillərində nəşr olundu. Sənəddə qeyd olunurdu ki, "bu bir həqiqətdir ki, milyonlarla azərbaycanlını indiyə qədər heç kim tanımır, onların etnoqrafiyası: tarixi, ədəbiyyatı, həyat tərzləri indiyə qədər dərin tədqiqatın predmeti olmayıb. Azərbaycanda hakimiyyəti yüz il davam edən rus rejimi devrilmişdir. Bu rejim hər vasitə ilə Azərbaycan xalqını ruslaşdırmağa, onun milli xarakterini sıxışdırıb çıxarmağa çalışırdı."
Heyət həmçinin "Qafqaz Azərbaycanı əhalisinin etnik və antropoloji tərkibi", "Qafqaz Azərbaycanının iqtisadi və maliyyə vəziyyəti" adlı sənədlər də hazırlamışdır.
1919-cu ilin may ayı ərzində Azərbaycan Nümayəndə Heyəti Polşa, Gürcüstan, İran, Ermənistan və Dağlılar Respublikasının nümayəndə heyətləri ilə görüşmüş və siyasi-iqtisadi vəziyyətlə əlaqədar söhbətlər aparmışlar. Nümayəndə Heyəti bu dövrdə 12 informasiya bülleteni də nəşr etmişdir.[3]
May ayının 2-də Vilsonun təşəbbüsü ilə ilk dəfə Azərbaycan məsələsi Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Fransa və İtaliya hökumət başçılarından ibarət Dördlər Şurasının iclasında müzakirə edildi. Vilson bildirdi ki, Azərbaycan Respublikasının nümayəndələri Versal sülh konfransına buraxılsınlar və Əlimərdan bəy Topçubaşov Azərbaycan nümayəndə heyətinin başçısı kimi tanınmalıdır.
Amerika Birləşmiş Ştatları Prezidenti Vudro Vilson 1919-cu ilin mayın 28-də günün ikinci yarısında Azərbaycan Nümayəndə Heyətini qəbul etdi. Qəbul zamanı Əlimərdan bəy Topçubaşov Amerika Birləşmiş Ştatları Prezidentinə müraciət edərək dedi:[4]
Biz uzaq Qafqazdan, buradan bir neçə min mil uzaq olan Azərbaycandan gələrək xalqımızın azad və müstəqil həyatı üçün minnətdarlığımızı, dərin hörmətimizi, azadlıq və müstəqil həyat ruhu ilə yaşamaq istəyən xalqımızın təşəkkürlərini bildiririk. Qüdrətli Amerikanın nümayəndəsi kimi Sizə müraciət edib xahiş edirik ki, cənab Prezident, bizim ölkəmiz, bizim xalqımız və elə bizim özümüz haqqında məlumatları bizdən eşidəsiniz. Çünki biz Avropa və Amerika mətbuatında tez-tez Azərbaycan haqqında səhv, saxtalaşdırılmış və həqiqətə uyğun olmayan məlumatların verildiyini eşitməli oluruq. Doğrudur, bizi hələ yaxşı tanımırlar, biz indi birinci dəfədir ki, Avropadayıq, lakin Sizi əmin edirik ki, müstəqil yaşamaq üçün bizdə hər şey vardır. Biz ümid edirik ki, konfrans bizi dinləyəcək və biz Millətlər Cəmiyyətinə buraxılacağıq. Biz əminik ki, bütün xalqlar kimi, biz də Sizin böyük prinsipləriniz əsasında yardım alacağıq. Biz bildiririk ki, nə Kolçakın, nə Denikinin, nə də köhnə Rusiya imperiyasının hüdudlarında hakimiyyəti bərpa etmək niyyətində olan qeyri-birisini tanımayacağıq. Biz Azərbaycan üçün yalnız öz parlamentimizi və öz hökumətimizi tanıyırıq və tanıyacağıq. |
Əlimərdan bəy Topçubaşov çıxışından sonra Qafqaz Azərbaycan Respublikası nümayəndələrinin memorandumunu Amerika Birləşmiş Ştatları Prezidentinə təqdim etmişdi. Vudro Vilsonla görüşdə Azərbaycan Nümayəndə Heyətinin altı bənddən ibarət olan tələbləri Amerika Birləşmiş Ştatları Prezidentinə təqdim olundu:
Amerika Birləşmiş Ştatları Prezidenti Vudro Vilson söhbətdə Amerikalıların dünyanı kiçik hissələrə bölmək istəmədiyini və Azərbaycan məsələsinin "rus məsələsi"ndən əvvəl həll edilməsinin mümkünsüzlüyünü bildirdi.
Əlimərdan bəy Topçubaşovun Azərbaycan Nazirlər Şurasının sədrinə Parisdən 1919-cu ilin 22–25 sentyabrında göndərdiyi məktubda isə Azərbaycanın tanınması ilə bağlı ciddi çətinliklərin olduğu qeyd edilir və müttəfiqlər Azərbaycanın müstəqilliyi ilə bağlı məsələni nəinki müzakirəyə çıxarmaq, heç bunu etmək istəmədiyi yazılırdı.[5]
1919-cu ilin sentyabrnda Əlimərdan bəy Topçubaşov bütün nümayəndə heyətinin iştirakı ilə ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Valter Çandlerlə iki müqavilə imzalamışdı. Birinci müqaviləyə görə, Çandler təbliğat məsələləri ilə bağlı Azərbaycan Nümayəndə Heyətinə hüquq məsləhətçisi qəbul edilirdi. O, 3 ay müddətonə Azərbaycan mənafeyini və müstəqilliyini qorumağı öz öhtəsinə götürürdü. Müqavilədə Çandlerə ödənilməli olan mələğ və müddəti göstərilmişdi. Çandler öz müqavilə öhdəliklərinin icrasına 1919-cu il, oktyabrın 4-də başlamalı idi. Daha sonra 2-ci müqavilə imzalandı. Müqavilədə göstərilirdi ki, ABŞ Azərbaycanın tam müstəqilliyini tanımaqdan imtina edərsə, Azərbaycan hökuməti tərəfindən Çandlerə heç bir kompensasiya ödənilməyəcəkdir. Əlimərdan bəy Topçubaşovun və Çandlerin imzaladığı müqavilə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində təsdiq edildikdən və Azərbaycan hökuməti tərəfindən möhürləndikdən sonra hüquqi cəhətdən qüvvəyə minirdi. Bu müqavilə daha sonra Topçubaşov-Çandler kontraktı adlandırdıldı.[6]