Məhəmməd Hacı Bayram oğlu Məhərrəmov (1895, Qəmərli, Eçmiədzin qəzası, İrəvan quberniyası, Rusiya imperiyası – 1982, Paris, İl de Frans, Fransa) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Rusiya Müəssislər Məclisinə İrəvan quberniyasından seçilmiş nümayəndəsi. Parisə yollanan nümayəndə heyətinin müşaviri və Sosialistlər fraksiyası üzvü və katibi olub .
Məhəmməd Məhərrəmov | |
---|---|
7 dekabr 1918 – 8 may 1919 | |
Fraksiya | Sosialistlər fraksiyasının katibi |
27 may 1918 – 7 dekabr 1918 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1895 |
Doğum yeri | |
Vəfat tarixi | 1982 |
Vəfat yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Aprel işğalından sonra Parisdə qalıb, Prometey hərəkatında iştirak edib, Azərbaycan Milli Mərkəzinin üzvü və bu qurumun xəzinədarı olub .
Məhəmməd Məhərrəmov 1895-ci ildə İrəvan quberniyasının Qəmərli kəndində tacir Hacı Bayram və Ruhiyə xanımın ailəsində anadan olub. 1914-cü ildə İrəvan gimnaziyasını bitirib,[1] gənc yaşlarından İrəvan azərbaycanlılarının təmsilçilərindən biri kimi tanınıb[2]. Peterburq İmperator Universitetinin tibb fakültəsində oxuyub. Sonradan təhsilini Moskva Universitetində davam etdirib[2].
1917-ci ildə Fevral inqilabından Tiflisə gələrək, burada "Hümmət" sosial-demokrat təşkilatına daxil olub. 1917-ci ilin noyabrında Rusiya Müəssislər Məclisinə İrəvan quberniyasından nümayəndə seçilib[2]. Müsəlman sosialist blokundan Zaqafqaziya Seymininə seçilib[3]. 26 may 1918-ci ildə Zaqafqaziya Demokratik Federativ Respublikası süqut edikdən sonra Azərbaycan Milli Şurasının üzvü olub. 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsini imzalayan 24 illi Şura üzvündən biridir[4][5]. Azərbaycan parlamentində sosialist fraksiyasını təmsil edib[2][6] və onun katibi olub[7][8].
Milli Şuranın 19 noyabr 1918-ci ildə "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında verdiyi qanuna əsasən, Azərbaycan Parlamentinin tərkibinə seçkisiz daxil edilmişdir. 28 dekabr 1918-ci il Azərbaycan Hökumətinin Parlamentin ağsaqqallar şurası ilə birgə iclasında Paris Sülh Konfransında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin müşaviri təyin edilmişdir[9]. Parisdə olarkən Denikinin Şimali Qafqaz Respublikasının ərazisini işğal etməsi, Azərbaycan və Gürcüstan respublikaları üçün təhlükə törətməsinə qarşı sosial-demokrat, "Keçmiş Rusiya millətlərinin hüquqlarını müdafiə cəmiyyəti"nin sədri Albert Tomun təşəbbüsü ilə sayca dördüncü olan etiraz notası hazırlanır. Bu etiraz notasını Azərbaycan Nümayəndə heyətinin üzvlərindən Əkbər ağa Şeyxülislamov və Məhəmməd Məhərrəmov imzalayırlar[10].
1920-ci ilin Aprel işğalından sonra Parisdə yaşayıb. Qafqaz xalqlarının Parisdə fəaliyyət göstərən nümayəndə heyətlərinin işində yaxından iştirak edib. Prometey hərəkatının fəallarından olub. Sorbonnada iqtisadiyyat sahəsində ali təhsil alıb. 1927-ci ildən bankda işləyib. 1929–1939-cu illərdə Azərbaycan Milli Mərkəzinin üzvü, bu qurumun xəzinədarı kimi fəaliyyət göstərib[6]. Sonralar XVIII–XIX əsrlər fransız ədəbiyyatı bukinist mağazası açıb. 1948-ci ildə Fransa vətəndaşlığını qəbul edib[6].
1960-cı illərdə Hertsenin Londonda çap etdiyi "Kolokol," jurnalının nadir komplektini və eyni müəllifin İsveçrədə işıq üzü görən nadir külliyyatını Moskvadakı keçmiş Lenin kitabxanasına bağışlamış və buna görə də "Drujba" cəmiyyətinin xüsusi mükafatına layiq görülüb[11]. 1972 və 1975-ci illərdə Bakıda olmuş, şəhərin muzey və kitabxanalarına Azərbaycan mədəniyyətinə aid qiymətli materiallar bağışlamışdır[6].
Ramiz Abutalıbovun verdiyi məlumata görə, Məhəmməd Məhərrəmov 1982-ci ildə Parisdə, 87 yaşında vəfat edib[12].
2016-cı ildə Paris Sülh Konfransına yola düşmüş Azərbaycan nümayəndə heyəti haqqında çəkilmiş Əbədi ezamiyyət filmində Məhəmməd Məhərrəmov da təsvir olunub. Filmdə onun rolunu rejissor Tahir Əliyev canlandırıb[13].