Topçubaşov Rəşid bəy Əlimərdan bəy oğlu (26 oktyabr 1901, Tiflis – 17 dekabr 1927, Paris) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri, Paris Sülh Konfransına (1919–1920) göndərilmiş Azərbaycan Hökuməti nümayəndə heyətinin katibi. Əlimərdan bəy Topçubaşovun oğlu.
Rəşid bəy Topçubaşov | |
---|---|
Rəşid bəy Əlimərdan bəy oğlu Topçubaşov | |
| |
18 yanvar 1919 – 21 yanvar 1920 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | vəzifə ləğv edilib |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 26 oktyabr 1901 |
Doğum yeri | Tbilisi, Tiflis qəzası, Tiflis quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | 17 dekabr 1927 (26 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Təhsili |
Bakı real məktəbi Paris Siyasi Elmlər Məktəbi |
Atası | Əlimərdan bəy Topçubaşov |
Anası | Pəri xanım Topçubaşova |
Vikianbarda əlaqəli mediafayllar |
Topçubaşov Rəşid bəy Əlimərdan bəy oğlu 26 oktyabr 1901-ci ildə Tiflis şəhərində anadan olub.[1] 1910-cu ilin sentyabr ayından 1918-ci ilin aprel ayına qədər Bakı Real Məktəbində təhsil alıb.[2]
1919-cu ildə Paris Sülh konfransına göndərilən Azərbaycan nümayəndə heyəti sədrinin şəxsi katibi olub.[3][4]
1919-cu ilin avqust ayında anası Pəri xanım Topçubaşova Rəşid bəyin hökumət hesabına xaricə ali təhsil almağa göndərilən tələbələrin siyahısına daxil edilməsi üçün Azərbaycan Cümhuriyyətinin Xalq Maarif Nazirliyinə məktub yazır. O məktubunda qeyd edir ki, Rəşid bəy Parisdədir və pansiona daxil olub.[5] Tarix-filologiya və ya texniki ixtisas üzrə ali təhsil almaq istəyir.[6] Müraciət qəbul edildikdən sonra Rəşid bəy də Cümhuriyyət tələbələri sırasında yer alır.[7]
Azərbaycan Cümhuriyyəti dağıldıqdan sonra dövlət tərəfindən təyin edilmiş təqaüd də kəsilir. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənmək üçün 1921–1922-ci illərdə Xalq Komissarları Soveti tərəfindən xaricə ezam olunmuş xüsusi nümayəndənin hesabatında Topçubaşovun təhsilini uğurla davam etdirməsi göstərilir. Burada həm də o qeyd olunur ki Rəşid bəy Topçubaşov maddi vəziyyətinin pis olmasına baxmayaraq Sovet Azərbaycanı tərəfindən ayrılmış təqaüdü qəbul etməkdən imtina edib.[8][9]
Paris Siyasi Elmlər Məktəbini bitirib.[10] 1925-ci ildə Parisdə yaradılmış "Fransadakı Azərbaycanlılar Cəmiyyəti"-ndə (FAC) fəaliyyət göstərib. Cəmiyyətin məqsədi Azərbaycan Cümhuriyyəti dağıldıqdan sonra Fransaya mühacirət edən azərbaycanlıları Fransa cəmiyyətinə qovuşdurmaq və Fransa vətəndaşlarını Azərbaycanın tarixi və mədniyyəti ilə tanış etmək olub. Cəmiyyətin ilk işi 4 iyul 1925-ci ildə Parisdə yerləşən Femina teatrında Üzeyir Hacıbəylinin Arşın mal alan musiqili komediyasının tamaşasını təşkil etmək olub. Rəşid bəy Topçubaşov Fransadakı Azərbaycanlılar Cəmiyyətinin katibi olub.[11]
Ailəsinin üzləşdiyi maddi və mənəvi sıxıntılara görə meydana çıxan vərəm xəstəliyinə görə[12] gənc yaşında 17 dekabr 1927-ci ildə dünyasını dəyişib.[13] Parisin ətrafında yerləşən Sen-Klu məzarlığında dəfn edilib.
Atası Əlimərdan bəy Topçubaşov Azərbaycanın tanınmış nəsillərindən olan Topçubaşovlardandır. O, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri olmaqla yanaşı müxtəlif illərdə müxtəlif vəzifələri tutub.[14]
Anası Azərbaycan mətbuatının əsasını qoymuş, publisist, pedaqoq Həsən bəy Zərdabinin qızı Pəri xanım Topçubaşovadır. O, Tiflis rus gimnaziyasında təhsil almış ilk azərbaycanlı xanımdır.[15]