az.-əski. بویوک چیلله | |
Daxil olan dövrlər | Qaraqış |
Keçirilən mərasimlər |
|
Əvvəlki dövr | Payızdan qışa dönən vaxt |
Sonrakı dövr | Kiçik Çillə |
Müddəti | 22 dekabr–1 fevral |
Qidalar | Çillə qarpızı, səməni halvası |
Milli qeydiyyat nömrəsi | DB0204010003[1] |
Böyük Çillə (az.-əski. بویوک چیلله) – Azərbaycan xalq təqviminə görə qışın birinci ayı. Bu dövrdə Çillə gecəsi və Səməni bayramı keçirilir.
Böyük Çillə qışın əvvəlindən, dekabrın 22-dən fevralın əvvəlinə qədər olan aydır. 40 gün davam edir.[2]
Böyük Çillənin qarlı-tufanlı, dondurucu, sümük üşüdən günlərinə "qaraqış" deyirlər. Qaraqış dövründə fəsil ağır, üzücü keçir, qarlı külək uğuldayır.[3]
Böyük Çillənin ilk günündə, Çillə gecəsində tonqallar yandırılır, şənliklər və tamaşalar keçirilir. Çillə gecəsi süfrəsinin ən vacib yeməyi yaydan bu gün üçün saxlanılmış Çillə qarpızıdır. Çillə qarpızının qabıqları atılanda niyyət tutulur, tumları isə bərəkətli il olması üçün saxlanılır.[4]
Böyük Çillədə bağları, bostanları, üzümlükləri suvarırlar. Bu suvarma "Çillə suyu" adlanır. Çillə suyu torpağın nəmliyini artırır, ziyanvericiləri öldürür, ağacları tez çiçəkləməyə qoymur. Su gecə donduğu üçün ağaclar qış yuxusundan gec oyanır, bəhrəli olur. Təbiətşünas Həsən bəy Zərdabi bu ayı Kiçik Çillə ilə müqayisə edən bir zərb-məsəli qeyd etmişdir: "Böyük çillədə suvaran çox, kiçik çillədə suvaran isə az məhsul götürər".[3]
Böyük Çillə dövrünə düşən Səməni bayramında cücərdilən səməni insanların taxıl məhsulunun yetişməsi, təbiətin oyanması istəyinin simvoludur. Yəni, məhsul evdə necə cücərdilirsə, sahədə də elə cücərsin. Halva bişirmək üçün səməni əzilir, suyu çıxardılır. Yeddi evdən alınmış buğda unundan bu suda xəmir yoğrulur. Halva pişirilən evdə qızlar, gəlinlər yallı gedir, mahnı oxuyurlar. Halvanın içinə istilik verən ədviyyatlar (qara istiot, darçın, mixək, razyana, quluncan, badyan, qulsakəmər, zəncəfil, hil) vurulur, qoz və ya badam ləpəsi əlavə edilir.[4]