Kristian Albert Teodor Bilrot (alm. Christian Albert Theodor Billroth; 26 aprel 1829[1][2][…] – 6 fevral 1894[1][2][…], Оpаtiya[3]) — avstriyalı cərrah və həvəskar musiqiçi.
Bilrot Teodor | |
---|---|
ing. Christian Albert Theodor Billroth | |
Doğum tarixi | 26 aprel 1829[1][2][…] |
Vəfat tarixi | 6 fevral 1894[1][2][…] (65 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Elm sahəsi | Tibb |
Elmi dərəcəsi | |
İş yerləri |
|
Təhsili | |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Bilrot Təhsilini Qreyfsvald, Höttingen, Vyana və Berlin universitetlərində almışdır (1852). 1855-ci ildən Berlin Universitetində Bilrot Langenbekin assistenti idi. Sürix (1859-cu ildən) və Vyana (1867-ci ildən ömrünün sonuna kimi) universitetlərində cərrahlıq klinikasının professoru və direktoru işləmişdir. Fransa–Prussiya (1870–1871) və Serbiya, Çernoqoriya, Türkiyə (1876–1878) müharibələrində iştirak etmişdir. 1870-ci illərin əvvəllərindən əsas diqqətini həzm (mədə-bağırsaq) xəstəliklərinin cərrahi müalicə problemlərinə yönəldərək, cərrahlığın bu sahəsinin banilərindən biri olmuşdur. Bilrot 1872-ci ildə dünyada ilk dəfə qida borusunun rezeksiyasını aparmış, 1881-ci ildə isə mədə çıxacağının xərçəngi zamanı mədənin ilk uğurlu rezeksiyasını həyata keçirmiş və 1885-ci ildə onu modifikasiya etmişdir (1898-ci ildə alman cərrahlarının konqresi mədə rezeksiyasının hər iki metodikasının ən effektiv olduğunu təsdiqləyərək, onları praktik və elmi cərrahiyyəyə “Bilrot-I” və “Bilrot-II” adları altında daxil etmişdir). Bundan sonra o, nazik və yoğun bağırsaqlarda, öd kisəsində, qaraciyərdə, dalaqda, mədə altı vəzidə müxtəlif rezeksiyalar və digər cərrahi əməliyyatlar işləyib hazırlamışdır. Bilrot cərrahiyyənin bərpa (plastik), irinli, hərbi-səhra və digər sahələrini xeyli zənginləşdirərək 19-cu əsrin ən görkəmli cərrahı kimi şöhrətlənmişdir. Bir çox ölkələrin cərrahları onun klinikasında ixtisaslaşma keçmişdilər; Avstriya və alman cərrahları K.Qussenbauer (1842–1903), İ.Mikuliç-Radetski, V.Çerni (1842–1916), A.Eyzelsberq (1860– 1939) onun şagirdləri idilər. Bilrot Vyanada Həkimlər Cəmiyyəti Evi və xəstələrə qulluq üzrə məktəb (bunun üçün xüsusi dərslik yazmışdı, 1881) təşkil etmişdir. O, 1887-ci ildə Avstriya Reyxsratının (Dövlət Şurası) yuxarı palatasına üzv seçilmişdir. Qeyri-adi musiqi istedadına malik olan Bilrot musiqiyə də çox vaxt həsr edirdi, onun evi isə Vyanada məşhur musiqiçi və bəstəkarların görüşdüyü musiqi mədəniyyəti mərkəzinə çevrilmişdi. Bilrot konsertlərdə ifaçı kimi (2-ci skripkanın, altın partiyası) çıxış etmişdir. Bilrota iki simli kvartet həsr etmiş İ.Brams və 1896-cı ildə Bilrotun sonuncu psixofizioloji “Kim musiqi qabiliyyətlidir?” (“Wer ist musika lisch?”) əsərini dərc etdirən E.Hanslik onun dostları idi.