Bir cənub şəhərində filmi rejissor Eldar Quliyev[1] tərəfindən 1969-cu ildə ekranlaşdırılmışdır. Neorealizm stilində cəkilmiş ilk Azərbaycan filmi, Eldar Quliyev isə bu stildə film cəkən ilk Azərbaycan rejissorudur. Film "Azərbaycanfilm" kinostudiyasında[2] istehsal edilmişdir. Sosial kinopovestdə hələ də insanların şüurunda keçmişin qalıqlarının kök salması, insanın mənəvi azadlığa necə böyük çətinliklə çıxması məsələləri ön plana çəkilmişdir.[2] Filmdə əsas rolları Həsən Məmmədov, Eldəniz Zeynalov, Hacımurad Yegizarov, Məcid Dadaşov, Natella Adıgözəlova, Sadıq Hüseynov, Süsən Məcidova, Tatyana Xaritonova, Əsəd Məmmədov, Yusif Vəliyev və Sadıq Həsənzadə ifa edirlər.
Bir cənub şəhərində | |
---|---|
| |
Janr | dram |
Rejissor | Eldar Quliyev |
Əsərin müəllifi | Rüstəm İbrahimbəyov |
Ssenari müəllifi | Rüstəm İbrahimbəyov |
Baş rollarda |
Həsən Məmmədov Eldəniz Zeynalov Hacımurad Yegizarov Məcid Dadaşov Natella Adıgözəlova |
Operator | Rasim Ocaqov |
Bəstəkar | Fərəc Qarayev |
Rəssam | Kamil Nəcəfzadə |
İstehsalçı | "Azərbaycanfilm" kinostudiyası |
İlk baxış tarixi | 27 yanvar 1969 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 75 dəq. |
Ölkə | SSRİ |
Dil | azərbaycanca |
İl | 1969 |
Texniki məlumatlar |
8 hissə 2199,3 metr |
Rəng | ağ-qara |
IMDb | ID4263876 |
Lirik-psixoloji dram çox da böyük olmayan cənub şəhərlərindən birinin adamları, onların həyatı və əməyi haqqındadır. Burada hələ də insanların şüurunda keçmişin qalıqlarının kök salması, insanın mənəvi azadlığa necə böyük çətinliklə çıxması məsələləri ön plana çəkilmişdir.[2] Filmin mərkəzində yeniliklə köhnəliyin mübarizəsi, insanın köhnəlmiş adətlərin əsarətindən xilas olması prosesi durur.[3]
Rasim Ocaqov: Bir gün, o zaman musiqi redaktoru işləyən Emin Sabitoğlu kinostudiyanın çayxanasında mənə dedi ki, yeni bir ssenari gəlib, müəllifi Maqsudun qardaşıdır, oxumamısansa, məsləhət görürəm. Nəsə qeyri-adi bir şeydir. Səhəri gün Emin "Bir Cənub şəhərində" adlı ssenarini gətirib mənə verdi. Oxudum. Əsər məni özünün sərt realizmi, cəsarətli müəllif mövqeyi ilə təsirləndirdi. Bu ssenarini yeniruhlu, yeni estetik baxışlara malik rejissor çəkməliydi. Elə həmin il mənim həyatda və sənətdə kumirim olan Tofiq Quliyevin oğlu Eldar Kinematoqrafiya İnstitutunu bitirib Bakıya gəlmişdi. Məsləhət görüldü ki, bu ssenari əsasında filmi gənc rejissor Eldar Quliyev çəksin.[4]
Tofiq Quliyev: Moskvada kino institutunu bitirib Bakıya qayıtdıqdan sonra bir gün mənə dedi ki, R. İbrahimbəyovun "9-cu Xrebtovıda" hekayəsini oxuyub, çox xoşuna gəlib, onu ekranlaşdırmaq istəyir. Bu əsəri mən də oxumuşdum. Bizim həyatımız haqqında əsl həqiqətləri olduğu kimi təcəssüm etdirən çox cəsarətli əsər idi. Mən onu fikrindən daşındırmağa çalışdım, dedim ki, institutu təzəcə qurtarmısan, belə kəskin mövzulu əsərə müraciət etmək sənin üçün tezdir. Cavansan, başqa mövzu seç, sənin üçün çətin olar. O, fikrindən dönmədi. "Bir cənub şəhərində" filmini çəkdi.[5]
Eldar Quliyev: Bütün çəkilişləri Təzə Pir məscidinin arxasında və Mustafa Sübhi küçəsində aparmışdıq.[6]
Rasim Ocaqov: Mən filmin operatoru idim. Zənnimcə, bunu Eldar da təsdiq edə bilər, o filmdə operator işi, həqiqətən də, uğurlu alınıb. Bakının o köhnə məhəllələrini çəkəndə mənim təklifim və təkidimlə divarlar, evlər başdan-başa ağardılmışdı. Bu ağ divarların, ağ evlərin qarşısında səhərdən-gecəyədək qarageyimli adamlar dayanıb, qanlı oyunların baş verəcəyini gözləyirlər.[4]
Heydər Əliyev: "Bir cənub şəhərində" filmi çəkiləndə mən DTK-da işləyirdim. Bu filmin yaranması böyük səs-küy doğurmuşdu. Deyirdilər ki, belə olmaz, bu, bizi ləkələyir, korlayır. Rəhmətlik Cəfər Cəfərov da mənə zəng elədi ki, belə bir məsələ var, xahiş edirəm, sən də baxasan, münasibət bildirəsən. Mənə də çox siqnallar, materiallar, şikayətlər gəldi ki, bu, xalqımızı ləkələyir. Xatirinizdədir, mən kinostudiyaya gəldim, filmə baxdım. Yenə də Şolokovun onun qarşısını Moskvada nə üçün aldığını sizə deyim. Yadınızdadırmı, filmdə belə bir epizod var ki, milisə bir manat pul verirlər. Şolokov demişdi ki, nə təhər ola bilər, milis işçisi bir manat pul alır? Belə şey olmaz. Filmi buraxmırdı. Biz filmi buraxdırdıq və hesab edirəm ki, o, bizim kinematoqrafiyanın həyatında çox böyük hadisə oldu.[7]
Film ekranlara çıxdıqdan sonra "Kommunist" qəzeti onun Azərbaycanı və azərbaycanlıları bütün ölkədə biabır etdiyini yazdı. Lakin "Bakinskiy raboçiy" yazırdı: "Nəhayət ki, otağın nəfəsliyi açıldı və Azərbaycan kinosuna təzə nəfəs gəldi".[8]
Yuri Xanyutin: "Bir cənub şəhərində" filminin Azərbaycan kino tarixində novatorluğu – düşüncə tərzində, bədii-estetik formasında qabarıq görünür. "Film janrına görə komediya – daha dəqiq desək mənəviyyatın tragikomediyasıdır. Burada ekzotikanı axtarmaq düzgün deyil, bu hər şeydən əvvəl dəqiq göstərilən reallıq, ətrafa aydın müşahidəçilik, düşüncə ilə yanaşmaq qabiliyyətidir. Dəqiq ideyası, mənəviyyatı mövqedir.[9]
2000-ci ildə filmin quruluşçu rejissoru Eldar Quliyevə, ssenari müəllifi Rüstəm İbrahimbəyova, quruluşçu operatoru Rasim Ocaqova filmin ekranlara buraxılmasının 30 illiyi münasibətilə "Humay" mükafatı verilmişdir.[2]