Düşmüş mələklər

Düşmüş mələklər — Yəhudilikdə bəzi pis mələklərin Şeytanın hökmranlığı altında olduğuna və Cinlərin “düşmüş mələklər” olduğu inancı mövcuddur.[1]

Yəhudi inancında düşmüş mələklərin özünə məxsus yeri vardır. Bu mələklər haqqında ən geniş məlumat Hanokun kitabında yer alıb. Hanok kitabında Tanrı oğulları olaraq bildirilən bu mələklər insan qızlarından xoşladıqları üçün yerə enirlər. Mənbələrdə yerə enən mələklərin sayı 200-ə qədər olduğu qeyd olunur. Bu mələklər özlərinə həyat yoldaşları seçib onlarla evlənirlər, bu evlilikdən böyük divlər dünyaya gəlir.[2] Divlər hər şeyi yeməsinə baxmayaraq doymaq bilmirlər və insanlara hücum edirlər. Hətta doymaq bilmədikləri üçün bir-birlərinə hücum edərək qanlarını içirlər. Hanokun kitabının IX bölümündə isə yerdəki ölən şəxslərin ruhlarının hararyının Cənnətin qapılarına qədər yüksəldiyi bildirilir. Bunu görən baş mələklər (Gabriel, Uriel, Rafael, və d.) Tanrının bunun qarşısını almasını istəyirlər. Bundan sonra Tanrı vəzifəli baş mələklərdən olan Urieli Nuh peyğəmbərə böyük tufana hazırlaşmaq üçün, Rafaeli Azazeli tutaraq “Dudaeldəki" çöldə hədis etməsi üçün, Cəbrayılı düşmüş mələklərdən dünyaya gələn divləri insanların arasından çıxarmaq üçün və Mikayılı isə Semyaza ilə gələn mələkləri cəzalandırmaq üçün göndərir. Hanok kitabında baş verən bu hadisələr Semyaza və Azazel ilə əlaqələndirilir. Eyni zamanda düşmüş mələklərin harada qalmasından və son gedəcəkləri yerin hara olmasına da yer verilir. Belə ki, Hanokun dünya və Şeola etdiyi səfərlərində birlikdə olduğu Uriel ilə olan dialoqundan düşmüş mələklərin qaldığı yer böyük atəşlərin yandığı və ortasında böyük bir çuxurun olduğu yer olaraq təsvir olunur. Bu mələklərin Qiyamət günündə hesaba çəkiləcəkləri də qeyd olunur.[3] Tövratın yaradılış bölümündə də Düşmüş mələklərdən bəhs olunur. Belə ki, burada ilahi varlıqların insan qızlarının gözəlliyini görüb onlarla evlənməsindən və uşağ sahibi olmalarından bəhs olunur.[4] Eyni zamanda bəzi mənbələrdə düşmüş mələklərin liderləri ilə bağlı fərqli fikirlər mövcuddur. Belə ki, Samhazai və Azazelin Mahlatın qızı Nama və Adəm peyğəmbərin ilk həyat yoldaşı olduğu fikiri irəli sürülən Lilit tərəfindən aldadılaraq yoldan çıxarıldığı qeyd olunur.[3] Düşmüş mələklər kimi isə Samael, Lusifer, Samhazai, Azazel və Semyazanın adlarını çəkmək olar. İndi isə bu mələkləri daha dərindən incələməyə çalışaq.

Azazel: bu mələyin adı Levililər bölümündə keçir. Mətnlərdə Tanrı ilə bərabər buna da qurban kəsiləcək və xalqın günahlarının bağışlanması üçün ona göndəriləcəyi qeyd olunur. O, Samyaza bağlı olacağına əhd etmiş, Tanrıya üsyan olaraq insan qızı almışdır. Həmçinin kişilərə savaşmağı, qadınlara bəzənməyi öyrətmişdir. Bu hərəkətlərin nəticəsi Böyük Tufana gətirib çıxarmışdır.[5]

Semyaza: bu mələk Tanrının oğullarından biri olub, üsyankar mələklərin liderin olaraq qəbul edilir. Mənbələrdə tövbə etdiyi və Cənnətlə dünya arasında ayaqları yuxarı başı isə aşağı şəkildə günümüzdə Yunanların “Orian" adı verilən quyruqlu ulduzu əmələ gətirdiyi qeyd olunur. Yenoxun kitabında onun Mikayıl tərəfindən cəzalandırılmasından bəhs olunur.[3]

Asmodeus: pis ruhiblisdir. Talmudda adı çəkilir. Daha çox yeni ailə qurmuş gənclərin arasını pozan, qısqanclıq yaradan şeytandır, həmçinin sərxoş, əxlaqsız və androgin varlıq olduğu qəbul olunur. Süleyman peyğəmbəri ömrünün sonunda azdıran budur. Rafael tərəfindən cəzalandırmışdır.[1]

Lilit: Tanaxda adı çəkilən varlıqlardan biridir. Tam olaraq nə cin nə də mələk olduğu bilinmir. Mənbələrdə Adəm peyğəmbərin Həvvadan əvvəlki həyat yoldaşı olaraq bilinən Lilit kişiləri təhrik edən, hamilə qadınlara və uşaqlara ziyan verən bir cin olaraq xarakterizə etmişdir.[1] Eyni zamanda mənbələrdə Samhazai və Azazeli yoldan çızaran iki iblis qadından biri olaraq qeyd edilir.[3]

Samael: Yəhudi inancında şeytanı ifadə etmək üçün Satan, Aşmadey, Malah Amavet və Samael adları istifadə olunmuşdur. inanca görə Samaelin vəzifəsi yaxşı ilə pis arasında insanların seçim etməsinə yardım etməkdir.[1] Eyni zamanda bu mələyin Yaqub peyğəmbərlə səhərə qədər güləşmiş mələk olacağı fikiri də mövcuddur. Bu mələyin Tanrı tərəfindən müqəddəs işıqla yaradıldığı, və bu işığın onun soyundan gələnlərin üzünə vurduğu bildirir.[3] Bununla yanaşı Tövratın yaradılış hissəsində bəhs edilən Adəmin cənnətdən çıxarılması məsələsi Samael/Şeytan ilə əlaqələndirilmişdir. Belə ki, inanca görə qısqanclığı ucbatından Həvvanı aldatmaq üçün məhz ilanı Samael göndərmişdir.[6]

Lusifer: Əhdi-Ətiqdə bu mələkdən iki yerdə bəhs olunur. İşaya kitabında: “ey parlaq ulduz, səhərin oğlu, göylərdən necə düşdün, sən ki millətləri alt-üst edirdin necə yerə yıxıldın" sözləri Lusiferə aid olunur. Bu ifadələr onun ilk əvvəl Cənnətdən qovulub yer üzünə düşməsinə daha sonra isə Şeola endirilməsinə aid olunur. Bundan başqa Hezekiel kitabında da Lusiferdən bəhs olunur, ancaq adı çəkilmir.[3]

Yəhudilikdə olduğu kimi Xristianlıqda da düşmüş mələklərdən bəhs olunur. Bununla bağlı Petrusun ikinci məktubunda Düşmüş mələklərin günah işlədikləri üçün Tanrı tərəfindən onlara aman verilmədiyi, Cəhənnəmə atılaraq zəncirləəndiyi qeyd olunur. Eyni zamanda Əhdi-Cədiddə Düşmüş mələklər və onlara başçılıq edən Lusiferdən danışılır. Xristianlıqda Lusifer Şeytanla eyniləşdirilir, və düşməsi İşaya və Hezekiel kitablarındakına bənzəyir. Ancaq Əhdi-Cədiddə bəzi fərqli ifadələrdən bəhs olunur. Əhdi-Cədiddə Əjdaha olaraq təsvir edilən Lusifer və onun tərəfində olan mələklərlə baş mələk Mikayıl və mələkləri arasında keçən bir döyüşdən bəhs olunur. Cənnətdə baş verən bu döyüşdə Mikayıl və mələkləri qalib gəlir, Lusifer (Şeytan) və mələkləri isə məğlub olunaraq Cənnətdən qovulur.[3] Qeyd etmək yerinə düşər ki, Xristianlıqdan fərqli olaraq Yəhudilikdə Şeytan müsbət obrazda təsvir olunur. Belə ki, mətinlərdə keçən məlumata əsasən Şeytan digər mələklər kimi Tanrının quludur, və onun xidmətindədir. Vəzifəsi isə insanların seçim haqqını sərbəst şəkildə istifadə etməsinə yardım etməkdir. Xristianlıqda isə Şeytan (Satan) Tanrıya bağlı bir qul deyil, o Tanrıya olan qısqanclığı və təkəbbürlüyü ucbatından nəfsini pisə istifadə etmişdir. Bunun baxmayaraq Şeytanın pis olması Tanrının deyil, öz seçimidir. İnanca görə Tanrının Şeytana icazə verməsinə səbəb İnsanın azad iradəsini istifadə edərək daha böyük nemətlərə çatmadı üçündür.[1]

İslamda Düşmüş mələklərdən danışılsa, da onların digər səmavi dinlərdəki kimi Allaha qarşı üsyan edərək Yerə düşməsindən danışılmır. Qurani-Kərimdə Yerə enmiş və ya düşmüş olaraq ancaq bir yerdə Harut və Marut mələklərindən bəhs olunur və bu mələklərin yerə enməsinin Allahın imtahanı olduğu bildirilir.

Harut və Marut adlarının Ərəbcə olmadığı irəli sürülür. Bu adların hansı dildən gəldiyi ilə bağlı fərqli fikirlər irəli sürülmüşdür. Bəzilərinə görə bu adlar Süryanicə, Ermənicə, Hindcə, Əcəmcə və Musəvicə olduğu deyilsə, də əsas görüş bu adların Sami dilindən gəlməsidir. Bir sıra tədqiqatçılar bu adların ilk dəfə Zərdüştün kitabı olan Avestada HaurVatat və Ameratat şəkildə keçdiyini qeyd etmişdilər.[5] Ümumiyyətlə İslam dinində bəhs olunan Harut və Marut adları[7] İslamdan əvvəlki din və mədəniyyətlərdə də rastlanılır. Bunlara Şumer, Akkat, Zərdüştlük və Hinduizmi göstərə bilərik. Qurani-kərimin Bəqərə surəsində bəhs olunan Harut və Marut adları keçmişdən günümüzə qədər mübahisəli bir mövzu olmuşdur. Belə ki, bəzi təfsirçilərin Harut və Marutu iki mələk olaraq qəbul etdiyi halda bəziləri bunları insan oğlu olduğu və içki içərək zina edib adam öldürdüyünü, bəziləri isə Şeytan olduğunu rəvayət etmişdir.[8]

  1. 1 2 3 4 5 M. Tural, “Semitik Tinsel Metinlerde Tinsel Varlık Fenomenolojisi", (Kahramanmaraş Sütçü İmam Universitesi, Aralık 2019)
  2. R. Onurel, “Kıyamet Ve Son Yargı Tasvirlerinde Hibrit İkonografisi", (İşık Universitesi,2018)
  3. 1 2 3 4 5 6 7 Z. C. Bayer, “Batı Sanatında “Düşmüş Melekler” İkonografisi Hanokun Kitabı, Eski Ahit Ve Yeni Ahit Bağlamında”,(Uluslararası Sosyal Araşdırmalar Dergisi, Cilt:7, Say:34)
  4. Yaradılış, 6:2,4.
  5. 1 2 M.B. Şeyran, “Klassik türk şirinde melek düşüncesi", (Ankara Hacı Bayram Veli Üniversitesi, Temmuz-2020)
  6. H. Ş. Yasdıman, “Yılan, Havva, Adem arasında geçen olaylara İslam ve Yahudiliğin bakışı”, (DEÜİFD, XXXIV2011)
  7. Bəqərə, 2/102.
  8. E. Fatiş, “Meleklerin Masumiyeti Bağlamında Harut ve Marut Problemi", (Aralık Ü. İlahiyat F. 2013/1)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]