Davud bəy Şərifov

Davud bəy Şərifov (tam adı: Davud bəy Mikayıl bəy oğlu Şərifov; 8 iyun 1885, Tiflis8 avqust 1952, Bakı) — Azərbaycanın ilk peşəkar arxeoloqu, ilk muzeyşünası, etnoqrafı və coğrafiyaşünası.

Davud bəy Şərifov
Doğum tarixi 8 iyun 1885(1885-06-08)
Doğum yeri
Vəfat tarixi 8 avqust 1952(1952-08-08) (67 yaşında)
Vəfat yeri
Atası Mikayıl bəy Şərifov
Təhsili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Davud bəy Şərifov 1885-ci il iyul ayının 8-də Tiflis şəhərində hərbçi ailəsində anadan olmuşdu.Əslən Qazax mahalının Yuxarı Əskipara kəndindəndir.Atası polkovnik Mikayıl bəy Şərifov hərbi topoqrafiya sahəsində bacarıqlı və istedadlı mütəxəssis kimi tanınmışdı. D. Şərifov səkkiz yaşında I Tiflis oğlanlar gimnaziyasının kiçik yaşlılar üçün nəzərdə tutulmuş kursuna daxil olur. 1902-ci ildə həmin təhsil ocağını əla qiymətlərlə başa vurur. O, oğlunun təhsilinə xüsusi diqqət yetirmiş və ağır peşəsinə sevgini ona da aşılamışdı. Onun atası, podpolkovnik Mikayıl bəy Şərifov Sankt-Peterburqda təhsil aldıqdan sonra hərbçi-topoqraf kimi fəaliyyət göstərmişdir. Davud bəyin anası Yelena Fyodorovna Şərifova Kondratyeva mənşəcə fransız xanımı olmuşdur. Davud bəyin özünün tərcümeyi-halında qeyd etdiyi kimi, iki bacısı və bir qardaşı olmuşdur. Davud bəy və qardaşı Birinci Tiflis oğlanlar gimnaziyasını, bacıları isə qızlar gimnaziyasını bitirmişlər. Davud bəyin qızı Melissa 1910-cu ildə Tiflisdə anadan olmuşdur.ixtisasına görə texnoloq olan Melissa 1937-ci ilə qədər Bakının Voroşil rayonu, 1 saylı məktəbdə müəllimi işləmiş, həmin ildə ali təhsil ocağının qərarı ilə tələbəlikdən kənarlaşdırılan Melissanın təhsili yarımçıq qalmış, öz ərizəsi ilə işdən çəxarılmışdır. İki il işsiz qalan Melissa AzFAN-nın nəzdindəki Tarix, ArxeologiyaEtnoqrafiya institutuna müraciət etmiş, o vaxtkı direktor A. A. Klimovun imzası ilə 23 iyul 1939-cu il tarixli əmri ilə məzuniyyətdə olan işçinin yerinə müvəqqəti laborant kimi işə götürülmüşdür. Həmin direktorun 1939-cu 3 dekabr tarixli əmri ilə vətəndaş M. Davudovanın öz xahişi ilə işdən azad edildiyi bildirilir.

Davud bəy ilk təhsilini Tiflis şəhərindəki rus oğlan gimnaziyasında almışdı. 1902-ci ildə gimnaziyanı bitirib Kiyev Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. Lakin tələbə nümayişlərində iştirakına görə Universitetdən kənarlaşdırılır. Yalnız bir il sonra Novorossiysk (hazırda Odessa) İmperator Universitetinin tarix-filologiya fakültəsinə qəbul olunan Davud bəy 1907-ci ildə bu ali təhsil ocağını uğurla bitirir.

Həmin illər bütün Rusiyanı bürüyən inqilabi hərəkat gənc Davud bəy Şərifovdan yan keçməmişdi. O, gündən-günə genişlənən xalq hərəkatının fəal iştirakçısına çevrilmişdi. Şübhəsiz, belə vəziyyət universitet rəhbərliyinin diqqətindən yayınmamışdı. Davud bəy universitetdən çıxarılmışdı. Lakin çox keçmədən Davud bəy Novorossiysk Universitetinə bərpa olunmuşdu. Burada o, coğrafiyaşünas peşəsinə yiyələnmişdi. İstedadlı gənc 1908-ci ildə həmin universiteti birinci dərəcəli diplomla bitirmişdi.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Davud bəy ilk əmək fəaliyyətinə müəllim kimi başlamışdı. O, eyni zamanda, Azərbaycanın zəngin mədəni irsindən xəbər verən tarixi abidələri öyrənməyə maraq göstərmişdi. 1908–1920-ci illər ərzində Qazaxda, Qars şəhərinin fəhlə məktəbində, vaxtilə oxuduğu Tiflis oğlan gimnaziyasında və Bakı oğlan məktəbində müəllimlik etmişdi. O, tarix və coğrafiya fənlərini tədris etmiş və geniş maarifçilik fəaliyyəti ilə məşğul olmuşdu. Qazaxda işləyərkən torpaq komitəsinə sədr seçilmiş və müxtəlif vaxtlarda məsul vəzifələrdə işləmişdi.

Davud bəyin rəsmi elmi fəaliyyətinin ilk mərhələsi 1922-ci ilə təsadüf edir. Həmin ilin oktyabr ayında o, Azərbaycan Ali Qiyabi Pedaqoji İnstitutunda müəllimliyə başlamış, eyni zamanda, diqqətini elmi axtarışlara yönəltmişdi.[1]

Geniş və hərtərəfli elmi fəaliyyəti ilə diqqəti cəlb edən Davud bəy Şərifov 1923-cü ildə Azərbaycan Dövlət Tarix Muzeyinə müdir təyin olunmuşdu. Beş il böyük inadkarlıqla bu çətin vəzifəni davam etdirən Davud bəy həmin müddətdə muzeydə zəngin arxeoloji və etnoqrafik fondlar yaratmışdı.

Davud bəy Şərifov 1923-cü ildə arxeoloji materiallar əsasında "Bizim mədəni irsimiz" adlı dərs vəsaiti yazmışdı. Rus dilində buraxılan kitab tezliklə Azərbaycan dilinə tərcümə olunmuşdu. Kitabda olan fəsil və bölmələr ("Müasir insanın əcdadı", "İlk əmək alətləri", "Daş dövrü", "Daş dövrünün adamı", "Odla tanışlıq", "Gilin kəşfi", "Tunc dövrü", "Dini görüşlər", "Millətin yaranması") onun müəllifinin nə qədər hərtərəfli və dərin biliyə malik olduğunu göstərmişdi. Kitabda Azərbaycanın tarixi abidələrini əks etdirən şəkillərin verilməsi onun dəyərini daha da artırmışdı.

Daim elmi axtarışda və yaradıcılıq fəaliyyətində olan Davud bəy 1924-cü ildə müəllimlər üçün "Coğrafiya" adlı dərslik çap etdirmişdi. Kitabda Azərbaycanın zəngin təbii şəraiti tədqiq edilmiş və onun özünəməxsus xüsusiyyətləri diqqətə çatdırılmışdı.

1924-cü ildə Bakıda "Birinci Ümumazərbaycan diyarşünaslıq qurultayı" keçirilmişdi. İctimai və mədəni tədbirlərdən heç vaxt kənarda qalmayan Davud bəy Şərifov həmin qurultayın plenar iclasında "Azərbaycanda muzey işi" mövzusunda böyük proqram məruzə ilə çıxış etmişdi. Məruzədə respublikada muzey işinin vəziyyəti və gələcək inkişaf perspektivləri dərindən təhlil olunmuşdu. Məhz Davud bəy Şərifovun məruzəsi əsasında vaxtilə Azərbaycandan qanunsuz çıxarılmış maddi mədəniyyət nümunələrinin geriyə qaytarılması haqqında xüsusi qətnamə qəbul edilmişdi.

Davud bəyin səyi nəticəsində az vaxt içərisində Tiflis, Moskva, Leninqrad muzeylərində saxlanılan Azərbaycana məxsus yüzlərcə nadir və dəyərli maddi mədəniyyət nümunələri Vətənə geri qaytarılmışdı. Onların içərisində mis, gümüş və qızıldan zəngin sikkə kolleksiyaları, yüksək zərgərlik məmulatı, Azərbaycan xanlıqlarının rəmzləri, silah və bəzək nümunələri, vaxtilə mahir azərbaycanlı sənətkarları tərəfindən toxunmuş xalılar və digər sənət əsərləri olmuşdu.

1927-ci ildə Azərbaycan Tarixi Muzeyində toplanan eksponatların sayı artıq 50 minə çatmışdı. Qeyd etməyə dəyər ki, muzey fondlarındakı misilsiz xalı nümunələri həmin il Moskvada açılan Ümumittifaq sərgisində nümayiş etdirilərkən yüksək tərifə layiq görülmüşdü.

Azərbaycanın qədim tarixinin öyrənilməsində arxeoloji tədqiqatların fövqəl əhəmiyyət kəsb etdiyini yaxşı bilən Davud bəy 1925-ci ildə o zamanki Şəki qəzasına və Qəbələ mahalına ilk arxeoloji səfər təşkil etmişdi.

Səfər zamanı elmə məlum olmayan bir sıra tarix və mədəniyyət abidələri qeydə alınmış, adı antik dövr və orta əsr tarixçilərinin əsərlərində çəkilən qədim Qəbələ şəhərinin yeri dəqiqləşdirilmişdi. Çöl axtarışlarına Davud bəy özü rəhbərlik etmişdi. Bu səfər, əslində, Azərbaycan arxeologiya tarixində milli mütəxəssislər tərəfindən təşkil edilən ilk elmi ekspedisiya olmuşdur.

D. Şərifovun həyatında dərin iz buraxmış hadisələrdən biri 1918-ci ildə cərəyan edən "erməni-müsəlman" münaqişəsi zamanı baş vermişdi. Belə ki, Azərbaycanla Ermənistan sərhəddində yerləşən Əskipara kəndi daşnak quldurların hücumuna məruz qalır. Kənd daşnaklar tərəfindən darmadağın edilmiş, əhalisinin bir hissəsi qırılmış, digər hissəsi isə Qazaxa qaçmışdı. Davud bəy o günləri xatırlayaraq yazırdı ki, ermənilər məni Azərbaycanın xeyrinə casusluqda günahlandıraraq "güllələdilər". Aldığı güllə yarasından öldüyü zənn edilən D. Şərifov, təsadüf nəticəsində sağ qalır. Davud bəyin sağ qalmasına isə bir kənd qadınının kömək məqsədilə onu meşədə gizlətməsi səbəb olur. O, yalnız bir aydan sonra Qazaxa qaçmağa müvəffəq olur. Qazaxda çətin vəziyyətdə yaşayan Davud bəy yatalaq xəstəliyinə tutulur. Xəstəlikdən sağaldığı vaxt artıq Azərbaycanda Sovet hakimiyyəti qurulmuşdu. Sovet hakimiyyətinin ilk vaxtlarında, 1920–1922-ci illərdə o, Qazax rayonuna Torpaq Komitəsinin katibi, az keçmədən isə sədri təyin olunur. Bir müddətdən sonra İnqilab Komitəsinin qərarı ilə Qəza Həmkarlar Bürosunun sədri vəzifəsinə təyinat alır.[2]

Ekspedisiya işi

[redaktə | mənbəni redaktə et]

Ekspedisiya 1926-cı ildə öz axtarışlarını daha da genişləndirmişdi. Nic kəndi yaxınlığındakı Yaloylutəpə adlanan qədim dəfn yerində aparılan qazıntı işləri ilə Qafqaz Albaniyasına aid mükəmməl bir mədəniyyətin izləri üzə çıxarılmışdı. Qafqaz Albaniyasına aid bu qədim mədəniyyət Azərbaycan arxeologiyasına Yaloylutəpə mədəniyyəti adı ilə daxil olmuşdu. Qazıntılar zamanı qədim dəfn yerindən özünəməxsus özəllikləri ilə seçilən müxtəlif biçimli nəfis gil qablar, tunc və digər metallardan hazırlanmış əmək alətləri, silah və bəzək nümunələri və çoxlu sayda digər tapıntılar üzə çıxarılmışdı. Onların çoxu yüksək bədii xüsusiyyətlərə malik olmaqla əsl sənət nümunələrini xatırlatmışdı. Sonrakı illərin tədqiqatları ilə Yaloylutəpə mədəniyyətinə aid yeni abidələr aşkar olunmuş və bu mədəniyyətin geniş coğrafiyaya malik olması müəyyən edilmişdi.

Davud bəy Şərifovun başçılıq etdiyi arxeoloji axtarışlarda qədim Qəbələ şəhərinin tədqiqi xüsusi yer tutmuşdu. Axtarışlar zamanı qədim şəhərin müdafiə divarları, giriş yolu, bürcləri dəqiq ölçülmüş və təsvir olunmuşdu. Şəhərin mədəni təbəqəsini müəyyən etmək məqsədilə onun müxtəlif yerlərində kəşfiyyat qazıntıları aparılmışdı. Əldə edilən maddi mədəniyyət nümunələri şəhərin əsasən orta əsrlər tarixi ilə bağlı olmuşdu.

Onun rəhbərliyi ilə Qəbələ şəhərinin yerində başlanan ilk arxeoloji işlər şəhərin tarixinin öyrənilməsinin perspektivlərini üzə çıxarmış, gələcək genişmiqyaslı qazıntılar üçün əsas olmuşdu.

Yaloylutəpə və Qəbələdə uğurlu çöl axtarışlarından sonra Davud bəy Şərifov 1928-ci ildə Gəncə qəzasının payına düşən Çovdar adlı nadir abidənin tədqiqinə başlamışdı. Bu qədim dəfn yerindən ibarət olan abidədə müxtəlif illərdə qısa müddətli axtarışlar aparılsa da, onun haqqında tarixçilər üçün əhəmiyyət daşıyan dəyərli arxeoloji dəlillər əldə edilməmişdi.

Davud bəy Şərifovun yeni qazıntıları ilə Çovdar abidəsində daş qutulardan ibarət 42 qəbir açılmışdı. Bunların hər birində vaxtı ilə bükülü vəziyyətdə dəfn olunmuş insan qalığına və zəngin avadanlığa təsadüf olunmuşdu. Müxtəlif ölçülü və biçimli nəfis gil qablar, tuncdan hazırlanmış müxtəlif və mükəmməl döyüş ləvazimatı, çoxlu sayda bəzək əşyaları aşkara çıxarılan qədim qəbirlərin avadanlığını təşkil etmişdi. Onların hərtərəfli tədqiqi və təhlili Çovdar dəfn abidəsinin e.ə. II minilliyin sonlarına və I minilliyin əvvəllərinə – Son tunc və ilk dəmir dövrünə aid olmasını sübuta yetirmişdi. Çovdar abidəsinin öyrənilməsi ilə həmin dövrdə Azərbaycan ərazisindəki mövcud cəmiyyətlərin zəngin maddi mədəniyyəti yüksək iqtisadi və ictimai durumu, QərbŞərqlə geniş mədəni əlaqələr haqqında biliklər əsaslı şəkildə genişlənmişdi. Onu da diqqətə çatdırmaq lazımdır ki, Davud bəy Çovdar abidəsində aparılmış arxeoloji qazıntıların nəticələrinə xüsusi əsər həsr etmişdi.

Çox təəssüf ki, Çovdar qazıntıları daima çöl axtarışlarına can atan zəhmətkeş alim Davud bəy Şərifovun arxeologiya sahəsində son tədqiqatları olmuşdur. Tezliklə Tarix Muzeyinin direktoru vəzifəsindən çıxarılan istedadlı alim həmişəlik arxeoloji fəaliyyətdən kənar düşmüşdü. İnamlı və uğurlu addımları ilə ön sırada duran, nüfuzu gündən-günə artan Azərbaycanın Tarix Muzeyi ilə bəzi təşkilatlar arasındakı düşünülmüş münaqişələr milli mədəni irsini böyük əzm və inadkarlıqla öyrənən vətənpərvər alimdən də yan keçməmişdi.

Qəribədir ki, Davud bəy Şərifovdan sonra Azərbaycanın Tarix Muzeyinə başçılıq iki erməniyə — S. Manutsyan (1928–1932-ci illər) və A. Melkumyana (1932–1934-cü illər) tapşırılmışdı. Təəccüblü deyildir ki, onların başçılığı dövründə muzeyin milli mütəxəssislərinə qarşı təqiblər başlanmış, onların bir çoxu muzeydən uzaqlaşdırılmışdı. Eyni zamanda, muzeyin Davud bəy Şərifov tərəfindən böyük çətinliklə əldə edilən bir çox dəyərli eksponatları Moskvaya — İnqilab muzeyinə göndərilmiş və geri qaytarılmamışdı. Böyük vətənpərvər alimin on il əvvəl erməni gülləsindən aldığı sağalmaz yaranın üstünə sanki duz tökmüşdülər.

Hansı şəraitdə olursa-olsun xalqının şanlı tarixini, zəngin mədəni irsini öyrənməyi və onu geniş ictimaiyyətə, xüsusən gənclərə çatdırmağı özünə borc və şərəf bilən möhkəm iradə sahibi Davud bəy Şərifov bundan sonra əsl vətəndaşlıq vəzifəsini müəllimlikdə görmüşdü. O, Bakının orta məktəblərində coğrafiya və tarix fənlərindən dərs deməyə başlamışdı. Bu şərəfli işi Davud bəy böyük əzmlə ömrünün sonlarınadək davam etdirmişdi. Bununla yanaşı, o, vaxtaşırı Azərbaycan Dövlət Qiyabi Pedaqoji İnstitutunda da müəllimlik etmişdi. Məlumdur ki, 1944–46-cı illərdə Davud bəy Şərifov Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində etnoqrafiyaya, coğrafiya fakültəsində isə coğrafiyaya aid silsilə mühazirələr oxumuşdu.

Yorulmaz alim 1950-ci ildə universitetdə coğrafiya sahəsində namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir. Acı təəssüf hissi ilə onu da qeyd etməliyik ki, ilk elmi fəaliyyətini bilavasitə arxeologiya sahəsində başlayan, gözəl nəticələr və yetkin təcrübə əldə edən, adı və əsərləri Azərbaycandan çox-çox uzaqlarda tanınan Davud bəy Şərifov ömrünün son dövründə sanki yaddaşlardan silinmiş və biganəliyin qurbanı olmuşdur. Kamillikdən uzaq, xəbis insanların pislikləri, qərəzli əməlləri istedadlı və işgüzar alimi daim izləmişdi.

Pedaqoji fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Davud bəy paralel olaraq Bakı şəhərinin ali və orta təhsil müəssisələrində tədris fəaliyyəti ilə də məşğul olurdu. Bu fəaliyyət D. Şərifovun həyatının son illərində əmək fəaliyyətinin əsas istiqamətinə çevrilmişdir. Bakının müxtəlif məktəblərində və ali tədris ocaqlarında coğrafiya və tarix fənlərindən dərs deməyə başlamışdı. Bu şərəfli işi o, böyük əzmlə ömrünün sonlarınadək davam etdirmişdi. Bununla yanaşı o, vaxtaşırı Azərbaycan Dövlət Qiyabi Pedaqoji İnstitutunda da müəllimlik etmişdi. Humanitar yönümlü təhsil və pedaqoji modulların hazırlanmasına istiqamətlənmiş mühazirə və təcrübi məşğələlərin keçirilməsi onun tədris təaliyyətinin əsas istiqamətlərindən birini təşkil edirdi. Davud bəy tələbələrə fiziki coğrafiya, arxeologiyaetnoqrafiyadan maraqlı mühazirələr oxunmaqla, onlara xalqımızın qədim tarixi və zəngin mədəniyyəti haqqında dərin biliklər aşılayırdı. Bundan təcrübəli pedaqoq, D. Şərifov tarixi və ilk mənbələrlə işləmək üçün latın dilinin öyrədilməsinə də ciddi önəm verirdi. Təsadüfi deyil ki, "Latın dili" onun tədris etdiyi əsas fənlərdən olmuşdur. İstər Azərbaycan Pedaqoji İnstitutunda "Fiziki coğrafiya kafedrası"nın müdiri, istərdə də həmin kafedranın baş müəllimi kimi çalışdığı illərdə o, özünü həmişə istedadlı pedaqoq və bacarıqlı tədqiqatçı kimi göstərə bilmişdir. 1944–46-cı illərdə D. Şərifov Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində Etnoqrafiya, Coğrafiya fakültəsində isə Azərbaycan coğrafiyasına aid silsilə mühazirələr oxumuşdu. Azərbaycanın görkəmli arxeoloqları İdeal NərimanovQara Əhmədov və görkəmli etnoqraf akad. Teymur Bünyadov D. Şərifovun tələbələri olmuş, onun yüksək elmi səviyyəli mühazirələrini dinləmək onlara nəsib olmuşdu. Davud bəy həmkarları arasında olduğu kimi, tələbələr arasında da böyük nüfuz qazanmışdı. Davud bəyin mühazirələri və təcrübi məşğələləri yüksək peşəkarlıq səviyyəsi ilə çeçilirdi. Bunu onun şəxsi əmək xasiyyətnaməsi və Respublikanın elm və təhsil müəssisələri tərəfindən verilmiş müxtəlif fəxri fərmanlar və təşəkkür məktubları təsdiq edir. Xüsusi olaraq qeyd edilir ki, müdiriyyətin və dekanlığının göstərişlərini vaxtında və məsuliyyətlə yerinə yetirirdi. Bu bir daha Davud bəyin geniş və dərin elmi biliklərə malik olması ilə yanaşı, kifayət qədər tələbkar, intizamlı və məsuliyyətli müəllim olduğunu bir daha nümayiş etdirir. Davud bəy 1948–1949-cu illərdə coğrafiya elmləri namizədi elmi dərəcəsini almaq üçün "Avatar vadisinin morfologiyası" adlı dissertasiya üzərində işləyir. Bununla bərabər tələbər üçün "Şimali, Mərkəzi və Cənubi Amerikanın fiziki coğrafiyası üzrə Azərbaycan dilində dərs vəqsaiti hazırlayır. 1951-ci il fevralın 9-da Azərbaycan Dövlət Universitetinin (hazırda BDUN. Ə.) rektoru, tarix elmləri doktoru D. Z. Hacıyevin sədrliyi ilə Elmi Şuranın iclası keçirildi. Elmi Şuranın qərarı ilə ADU-nin Geoloji-coğrafiya fakültəsinin Elmi Şurasının Mikayıl Davud oğlu Şərifovun coğrafiya elmləri namizədi elmi dərəcəsi alması haqqında qərarı təsdiq olunmuşdu.[3]

Elmi əsərləri

[redaktə | mənbəni redaktə et]

1923–24-cü illərdə Davud bəyin elm və pedaqogika sahəsində əsərləri çap olunmağa başlayır. Onun Azərbaycan xalqının qədim və zəngin maddi mədəni irsinə həsr olunmuş və işıq üzü görmüş elmi əsərləri həm böyük maraq doğurur, həm də öz əhəmiyyətinə görə diqqəti cəlb edirdi. 1923-cü ildə Davud bəyin "Əski mədəniyyət tarixi" adlı kitabı işıq üzü görür. Maarif Komissarlığı tərəfindən nəşr edilmiş bu kitab rus dilində yazılsa da, sonradan Əli Rahib tərəfindən Azərbaycan dilinə tərcümə edilmişdir. Birinci dərəcəli məktəblərin dördüncü qrupları üçün nəzərdə tutulmuş 61 səhifəlik həmin əsərə 6 tablo da əlavə edilmişdi. Tablolarda qədim daş, yeni daş və tunc dövrü alətləri, svay tikililəri, məbəd və ocaq qurğularının şəkilləri əks olunmuşdur. Bu əsər, arxeoloji materiallar əsasında Azərbaycanda yazılmış ilk elmi monoqrafiya idi. Davud bəy Şərifov 1924-cü ildə Ali və Orta Tədris Müəssisələrinin "Coğrafiya" fənni üçün "Azərbaycan coğrafiyası" adlı dərs vəsaiti çap etdirir. Davud bəy Şərifov bacarıqlı rəhbər olmaqla bərabər həm də gözəl təqdiqatçı idi. Onun rəsmi elmi fəaliyyətinin ilk mərhələsi 1922-ci ilə təsadüf edir. Onun keçən əsrin iyirminci illərdəki elmi fəaliyyətinin nəticələri 1927-ci ildə Azərbaycanı Tədqiq və Tətöbbə Cəmiyyəti tərəfindən çap olunmuşdur. Belə ki, 1926–1927-ci illərdə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin dəstəyi ilə D. Şərifovun Şəki qəzasındaQəbələdəki qazıntılara həsr olunmuş əsərləri işıq üzü görür. Həmin əsərlər "Крестьянская усадьба 3 и 4 районов Нухинского уезда", "Раскопки в Ялойлу-Тапа" , "Обследование развалин Кабалы" və "Некоторые памятники искусства и древности Нухинского уезда" adlanırdı. 1928-ci ildə isə Maarif Komissarlığı tərəfindən 1926-cı ildə Çovdarda aparılmış çöl tədqiqatlarının nəticələri "Раскопки близ села Човдар Гянджинского уезда (лето 1926 г.)" başlığı altında çap olunur. D. Şərifovun Şəki qəzasında 1926-cı ildəki çöl-tədqiqat işilərinin davamı olaraq 1927–1928-ci illərdə apardığı arxeoloji qazıntıların nəticələri 1930-cu ildə Tiflisdə çap olunmuş Qafqaz tarix-arxeologiya institutunun bülletenində işıq üzü görmüşdü . Həmin illərin əvvəllərində "Обычай "туман-тёкме" в Шемахинском уезде" çap olunmuşdu. Onun sonuncu iki əsərinin çapı isə keçən əsrin 40-cı illərinə təsadüf edir. Qeyd etmək yerinə düşərdi ki, D. Şərifovun çap etdirdiyi yuxarıda adları çəkilən əsərləri ilk tədqiqatlar olduğundan Azərbaycan tarixi və arxeologiyası üçün böyük əhəmiyyət kəsb edir. 1928-ci ildə muzeyin tədqiqat sahəsini genişləndirmək məqsədilə Azərbaycan Dövlət Muzeyi əməkdaşlarının aşağıdakı əsərlərin nəşrinə də böyük dəstək vermişdi. Onun təmənnasız dəstəyi ilə Şvann Quriyskinin "Az. SSR səhraları", "Tuberozlar", "İnciçiçəyi", "Rozmarin", Y. A. Paxomovun "Azərbaycan Dövlət Muzeyinin sikkə kolleksiyası" və digər görkəmli tədqiqatçıların elmi və elmi-kütləvi əhəmiyyət kəsb edən əsərləri işıq üzü görmüşdü.[4] Davud bəy Şərifov 1952-ci il avqustun 8-dəvəfat etmişdi.

  • 1902–1909-cu illər Bakıda gimnaziyada müəllim
  • 1909–1913-cü illərdə Qars realnı məktəbində müəllim
  • 1913–1919-cu illərdə Tiflisdə birinci oğlan gimnaziyasında müəllim
  • 1919–1920-ci illərdə Gürcüstandakı milli məktəbdən istifaya çıxmış
  • 1920–1922-ci illərdə Azərb. SSR Qazax rayonunda Torpaq Komitasinin sədri
  • 1922–1924-cü illərdə Bakıda Azərb. SSR Xalq Maarif Komissarları inspektoru 1923–1928-ci illərdə Bakıda Azərbaycan Dövlət Muzeyinin direktoru
  • 1928–1932-ci illərdə Bakıda Ali Pedoqoji İnstitutunda müəllim
  • 1937–1943-cü illərdə Bakıda Qiyabi Pedaqoji İnstitutda müəllim və Bakı Xalq Təhsil şöbəsinin müfəttiş metodisti
  • 1944–1951-ci illərdə Bakıda Qiyabi Pedaqoji İnstitutda baş müəllim və Statistika texnikomunda müəllim

Azərbaycan elminin arxeologiya, etnoqrafiyacoğrafiya sahələrinin inkişafına, eləcə də maddi və mənəvi mədəniyyət tariximizin öyrənilməsinə böyük töhfələr vermiş görkəmli, yenilikçi alimin – Davud bəy Şərifovun anadan olmasının 130-cu ildönümünə həsr olunmuşdur. Onun ən böyük xidmətlərindən biri isə XX əsrin 20-ci illərində Azərbaycanda muzey işinin təşəkkülü və inkişafına verdiyi töhfədir. Kitab-albom D. Şərifovun həyat və elmi yaradıcılığına həsr olunmuş xüsusi bölmələrdən, eləcə də foto təsvirlərdən ibarətdir. Mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu kitab-albom Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Dövlət Pedaqoji UniversitetininMilli Azərbaycan Tarixi Muzeyinin elmi arxiv sənədlərindən istifadə olunmaqla ərsəyə gətirilmişdir.

  1. M. Əmrahov, M. Salahov, N. Əsədov. Azərbaycanda ali məktəb quruculuğu, ali pedaqoji təhsilin təşkili və inkişafı tarixinin oçerkləri (1917–1941-ci illər). Bakı: Mütərcim, 2007. — səh. 54–55.
  2. "N. Əliyeva, N. Quluzadə, E. Məmmədov Davud bəy Şərifov. Kitab-albom. Bakı, 2017 S.5–9". 2023-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-17.
  3. "N. Əliyeva, N. Quluzadə, E. Məmmədov Davud bəy Şərifov. Kitab-albom. Bakı, 2017 S.54–56". 2023-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-17.
  4. "N. Əliyeva, N. Quluzadə, E. Məmmədov Davud bəy Şərifov. Kitab-albom. Bakı, 2017 S.56–59". 2023-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-17.