Devon dövrü - paleozoy erasının başlanğıcından etibarən dördüncü geoloji dövr. Davametmə müddəti ~50 mln. ildir. Əvvəlində kaledon qırışıqlığı nəticəsində yer qabığının geniş sahələrində qalxmalar baş vermiş və onlarda qədim qırmızı qumdaşı formasiyasının böyük qalınlıqlı qırmızı-rəngli laqun-kontinental çöküntüləri toplanmışdır. Orta və gec devonda isə platforma və geosinklinallarda çökəlmə və geniş dəniz transqressiyaları qeyd olunur, bütün dövr ərzində aktiv maqmatik (xüsülə effuziv) fəaliyyət baş vermiş və bəzi regionlarda isə halogen çöküntülər toplanmışdır. Dəniz hövzələrində tünd qırmızı yosunlar, habelə stromatoporatlar və mərcanlar (tabulatideyalar və dördşüalı mərcanlar) rif qurumları əmələ gətirmişdir. Devon dövrü braxiopodların inkişafı geniş vüsət almışdır. Bundan əlavə, qoniatitlər, klimeniyalar, mərcanlar, ostrakodlar, konodontlar, molluskalar, foraminiferlər, nəhəng xərçəngəbənzərlər, balıqların bütün sinifləri də geniş yayılmışlar. Gec devonda suda-quruda yaşayanlar meydana gəlmişdir. Bitkilərdən psilofitlər inkişaf etmişdir. Devon dövrü Atlantik və Sakit okean paleozoocoğrafi vilayətləri ayrılır.