Daş kömür dövrü

Daş kömür dövrü və ya Karbon dövrü (C) — Paleozoy erasının beşinci geoloji dövrü. 354-290 milyon il bundan əvvəl mövcud olmuş Daş kömür dövrünün ən səciyyəvi xüsusiyyəti və ən məlum əlaməti külli miqdarda - dünya ehtiyatının 30%-dən çox daş kömür yataqlarının əmələ gəlməsidir. Karbon adını ilk dəfə 1822-ci ildə Viliyam Koniber və Viliyam Filips təklif etmişdir.[1]

Ümumi qəbul olunmuş bölgüsü yox­dur. Qərbi Av­ropa 2 şöbəyə bölünür: alt (dinant) şöbəyə turne və vize mərtəbələri; üst (silez) şöbəyə namyur, vestfal və stefan mərtəbələri daxildir. Şimali Amerikada yaşca daş kömür dövrünə müvafiq gələn çöküntülər iki sistemə ayrılır: təxminən alt şöbəyə uyğun gələn hissəsini Missisipi və üst şöbəyə uyğun gələn Pensilvaniya sistemləri. 1960-cı ildə Şimali Amerika sxeminin sistemləri Daş kömür sistemi şöbələri kimi qəbul edilmişdir. Keçmiş SSRİ-də 3 şöbəyə bö­lünürdü: turne, vize və namyur mərtəbələrini əhatə edən alt şöbə; başqır və moskva mərtəbələri - orta şöbə; qjel və orenburq mərtəbələri - üst şöbə.[2]

Paleocoğrafiyası

[redaktə | mənbəni redaktə et]
Orta Karbonda materiklərin düzülüşü

Daş- kömür dövrünün başlanğıcında şimal yarım kürəsində olan qitələr və kontinental bloklar yaxınlaşmağa başladı. Bu bloklar birləşərək Lavraziya materikinə çevrildi. Cənub supermateriki Qondvana hələ də çox nəhəng vahid kontinet olaraq qalırdı. Onun ümumi sahəsi qalan bütün kontinental blokların birlikdə sahəsindən iki dəfə çox idi. Qondvana şimal-qərb qurtaracağı ilə Lavraziyanın cənub kənarına yaxınlaşmağa başladı. Bu zaman tədricən Rey okeanı qapanmağa başladı və nəticədə bu hövzə Paleotetis okeanının qərb körfəzinə çevrildi. Daha sonra isə Yer kürəsinın ən böyük superkontinenti - Pangeya yarandı. Pangeya Lavraziya və Qondvananın birləşməsindən meydana gəldi. Toqquşma zamanı Qondvana saat istiqamətində çevrilərək onun şərq hissəsi cənuba doğru yönləndi.[3]

Su və qitə massivlərinin yenidən paylanması qlobal okean axınları sistemini yenidən dəyişdi, o cümlədən isti tropik suları Cənub yarımkürəsinə keçməsinə maneələr yarandı. Qondvanada kontinental buzlaq örtüyü yaranmağa başladı. Soyuq hava kütləsinin qütbdəki cəbhəsi atmosferdə isti havanın yüksək en dairəsinə keçməyə qoymurdu. Bütün istiliklər tropik zonada qalırdı. İqlim zonalığı formalaşırdı və bu, məhz daş kömür dövründə baş verdi. Yuxarı qalxan tropik zonanın isti hava seli çox tez soyuyurdu, bu da çoxlu yağıntıya səbəb olurdu. Bu, təbii ki, bitkilərin inkişafına təsir edirdi. Tropik və subtropik zonalarda yağış meşələri, iri ağacların cəngəllikləri əmələ gəldi. Qırılan, sınan, yıxılan ağaclar çürümürdü, eləcə biri-birinin üstünə yığılaraq, qalın qatlar əmələ gətirirdi. Onlar çökmə süxurlar altında basdırılaraq, daş kömür yataqları əmələ gətirirdi. Qondvanada qalın örtük buzlaqların olmasını Hindistan, Afrika, Avstraliyanın, Ərəbistanın, Cənubi Amerikanın ərazilərində aşkar edilmiş buzlaq çöküntüləri sübut edir. Lavraziyanın çox əhəmiyyətli hissəsi tropik və subtropik qurşaqlarda yerləşirdi. Mərkəzi AmerikaMeksika isə Cənub yarımkürəsində yerləşirdi.

Şimal yarımkürəsində oxşar vəziyyət Qərbi Avropada, Şərqi Avropanın cənubunda, Qafqazda, Qazaxıstanda olmuşdur. Qitənin bu hissəsi həm fiziki-coğrafi şəraitinə, həm də fauna, florasına görə çox rəngarəng idi. Qərbi Avropada erkən daş kömür dövründə dənizlərin dərin hissələrində qumlu-gilli çöküntülər (hazırda Reyin şistli dağları), çökəklərin ətəklərində isə əhəngdaşlarının qalın qalıqları (Belçikada) toplanmışdır. Epoxanın axırında burada tektonik aktivlik artır: süxurlar əzilir, bükülür, qırışıqlığa uğrayır, horstlarqrabenlər əmələ gəlir. Qraben və dağarası çökəklər qumlu çöküntülərlə dolmuş, gec daş kömür dövründə isə onların içərisində daş kömür yataqları əmələ gəlmişdir. Polşanın, Çexiyanın, Almaniyanın, Belçikanın, Fransanın, İngiltərənin kömürlü hövzələri belə formalaşmışdır.[4]

Bitki və heyvanat aləmi

[redaktə | mənbəni redaktə et]
Daş-kömür dövrünün bitki örtüyü

Daş kömür çöküntülərinin qazıntı florasını ilk dəfə XIX əsrin başlanğıcında Qərbi Avropada öyrənmiş və təsvir etmişlər. Onun ən səciyyəvi nümayəndələri plaunaoxşar lepidodendronlar , siqillyarilər və həmçinin müxtəlif növ ayıdöşəyilər olmuşdur. Onlar, hündürlüyü 40 metrə çatan, qalın qabığa və çox şaxəli budaqlar malik iri ağaclar olmuşlar.[5] Gövdələrinin diametri 1–2 m-ə çatırdı. Ağacın gövdəsində ensiz yarpağabənzər fırlar spıral, yaxud dairəvi şəkildə cərgə ilə düzülmüş olurdu. Lepodondendronların böyük, lakin çox da dərinə getməyən rizoforları gövdənin yeraltı qolbudaq atmış bərk hissələri idi.

Qərbi Avropa florasına oxşar flora Lavrasiyanın çox geniş ərazilərində Şimali Amerikada, Mərkəzi Rusiyada, Donbasda, Qafqazda geniş yayılmışdı və hakim mövqe tuturdu. Buna Avromeriya florası deyilir. Ağaclarda il halqaları yox idi, deməli, onlar temperaturun mövsüm dəyişikliyi olmayan şaxtasız iqlim şəraitində bitirdilər.

Digər tip bitkilər Sibirin ərazisində ayrılan Anqar florası üçün səciyyəvidir. Burada, demək olar ki, irigövdəli ağaclar olan lelidodendronlara, qatırquyruğunaoxşar pazyarpaqlılara və kalamitlər rast gəlinmir. İynəyarpaqlılar və bir çox ayıdöşəyinəbənzərlər demək olar ki, yox idilər. Əvəzində hündür gövdəli çılpaqtoxumlu, sadə yarpaqlı kordaitlər görünməmiş şəkildə inkişaf etmişdir. Görkəmli rus paleobotaniki Sergey Vitoroviç Meyen Anqar florasının yayıldığı vilayəti kordaitli tayqa adlandırmışdır.[6]

Qonvananın bitki örtüyü daş kömür dövrünün əvvəlində müəyyən qədər Avrameriya florasına uyğun olmuşdur. Qondvana bitkilərinin özünəməxsus, fərqli olması dövrün axırında gücləndi, bu zaman çılpaqtoxumlulardan qlossopteridiylərin nümayəndələri meydana gəldi. Bu alçaqboylu ağaclar və kolların tor şəkilli damarcıqları olan, dilə oxşayan yarpaqları vardı. Üst karbonun içərisində adları çəkilən bitki qalıqları olan çöküntülər səciyyəvi buzlaq əmələgəlmələrilə növbələşir, yəni bu bitkilər ekvatordan cənubda mülayim qurşaqda yayılır.

Daş kömür dövrünün sonunda yer qitələrinin "uzun səyahətiləri" sona çatdı. Onlar böyük bir materikidə - Pangeyada birləşdilər. Planetin fiziki görünüşünün və qütüblərin ətrafında buzlaq qalxanlarının dəyişmələri epikontinental dənizlərin qurumasına gətirib çıxardı: su buza çevrilərək yox oldu, yerin tarixində materiklərin növbəti durğunluq dövrü başlandı.

Braxiopodlar. Alt Karbon. Ohayo ştatı.

Bitkilərin belə qeyri-adi, gur inkişafı, öz növbəsində, heyvanların da bu ərazilərdə yayılıb yaşamasına zəmin yaradırdı. Quruya doğru ilk addımı onlar, məlum olduğu kimi, hələ silurun axırında atmişdılar: o vaxt yerüstü çoxayaqlılar və hörümçəklər peyda olmuşdu. Həşaratlar karbonda havaya qalxdılar. Qanadlarını açanda eni 1 m olan lepidodendron kimi nəhəng çırcıramalar da peyda oldu. Başızirehli suda-quruda yaşayanların steqosefalların müxtəlif növləri yarandı. Onların arasında kiçik kərtənkələyəoxşar heyvanlara, qısa ayaqları olan, nəhəng üçmetrlik çömçəquyruqlara və ayaqsız ilanabənzərlərə da rast gəlinirdi. Suda-quruda yaşayanlar suda çoxalıb artırdı, steqosefallar isə, əsas etibarilə, bataqlıqlarda, qatırquyruğular isə qıjıların yayıldığı yerlərdə məskunlaşırdı. Quruda çox ləng hərəkət etdiklərindən, onlar aktiv ov ovlaya bilmir və çox vaxt canlı tələyə bənzəyirdilər: çənələrini açıb gözləyirdilər ki, həşaratlar, çoxayaqlılar, yaxud ilbizlər uçub, ya da sürünüb onların ağzına düşəcək.Onlar suda daha cəld hərəkət edir, həm balıq, həm qurd və soxulcanla, həm də bu həşarat və cücülərin sürfələri qidalanırdılar.

Dördayaqlılar tədricən sudan uzaq sahələri də mənimsəməyə başladılar. Sürünənlər, yaxud reptilyalar meydana gəldi. Onlar sudan tam asılı deyildilər və bərq qabığı olan yumurtalarını quruya qoyurdular. İlk reptilyalar kiçik fəqərəsiz heyvanlarla qidalanırdı, ancaq daş kömür dövrünün ikinci yarısında onların arasından həm də əsil vəhşi heyvanabənzər yırtıcılar meydana gəldi.

Kəskin iqlim zonalığı təcə bitkilər deyil, həm də dəniz sakinlərinin tərkibinə və yayılmasına təsirini göstərdi. Ən zəngin fauna aləmi dənizlərdə, xüsusilə yaxşı qızan dayazsulu dənizlərdə inkişaf etmişdir. Belə dəniz indiki Rus ovalığı ərazisini bütünlükə örtmüşdür. Dəniz zanbaqlarının qalıqlarında uzun, ucu iti iynəli olan qədim dəniz kirpiləri sürünürdü. Braxiopodlar dayaz sularda, iri toplumlar şəklində sualtı yüksəkliklər əmələ gətiridi. Foraminiferler sinifindən füzulinidlər daş kömür və perm dövürlərinin dəniz faunasının ən səciyyəvi nümayəndələrindən biri olmuşdur.[7][8] Birhüceyrəli orqanizimlərin içərisində ilk dəfə əhəngli qabıq yaradaraq iri ölçüyə çatmışlar: miləoxşar, yaxud şarşəkilli qabığı böyüyüb buğda boyda olmuşdu.

Tullimonstrum (Karbon mıxı)

[redaktə | mənbəni redaktə et]
Tullimonstrum.

Pensilvaniya ştatında Meyson -Krik çayının deltasında orta daş kömür çöküntülərində (310 milyon il bundan əvvəl) qədim meduzaların qalıqları, balıq malkovları və kürülü köpək balığı kapsulları ilə bərabər suda yaşamış onurğazsızlar -tullimonstrum da aşkar edilmişdir. Adı yunan köklü "tulos" - mıx və latın sözü olan " monstrum" - möcüzə, əcaib sözlərindən götürülmüşdür. Bu ad qeyri-adi heyvan haqqında tam təsəvvür yaradır. Onun gövdəcikləri üzərində aral-aralı yerləşmiş gözləri və xortumlu başının qurtaracağında çənəliri varmış. Ayağı olmayan bu canlı uzunsov buğumlu gövdəyə və rombşəkilli quyruq üzgəcinə malik imiş. Təbiətdə buna oxşar heyvan nə əvvəl, nə də sonra mövcud olmuşddur.[9]

Foraminiferlər

[redaktə | mənbəni redaktə et]
Foraminifer

XIX əsrin əvvəlində xırda ölçülü (1 mm-dən kiçik) yastı, eninə arakəsmələri olan əhəngli qabıqlar aşkar edilmişdir. Onlar çox məşhur olan başıayaqlı molyuskaların nümayəndəsi nautilusun qabığına oxşayırdı və alimlər belə qərara gəldilər ki, bunlar da başıayaqlı molyuskalardı. Aşkar edilmiş qabıqlar sifonsuz idi, lakin arakəsmələrdə deşik, dəlik, pəncərə (yunanca " foramen") var idi. Ona görə də, onları foraminiferlər adlandırdılar - " deşiyi (pəncərəsi) olanlar". Sübut edildu ki, onların nə molyuskalara, nə də hər-hansı bir hüceyrəli heyvanlarla əlaqəsi var, onlar - bəsitlərə - sadə birhüceyrəli orqanizimlərə aiddirlər. Hazırda foraminiferləri amyöbün daxil olduğu tipin tərkibində sinif kimi, yaxud ayrıca müstəqil tip kimi qəbul edirlər.[10]

Çökmə süxurların yaşının təyin edilməsində foraminiferlərdən çox geniş istifadə olunur. Paleozoyda foraminiferlər artıq məhf olmuş, bir neçə qruplarla təmsil olunmuşdur: onlardan ən çox maraq doğuranı füzulinidlərdi. Bu orqanizimlərin adı yunan dilindəki "fuzus" - mil, ox sözündən götürülmüşdür. Onların qabıqları spiral şəklində burulmuş yastı borucuqdur. Formalarına görə ya şara, ya da oxa oxşar olurlar. Qabıqların uzunluğu 3 santimetrə çatır, ona görə də füzulinidləri, iri foraminiferlərə aid edirlər.

İstifadə olunmuş ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Andreas Braun: Das Karbon. Nicht nur Steinkohle. In: Biologie in unserer Zeit. 32, 5, 2002, ISSN 0045-205X, S. 286–293.
  • "Geologiya" Uşaqlar üçün ensiklopediya. Bakı. "Şərq-Qərb", 2008, s.314-320.
  1. Rev. W. D. Conybeare and William Phillips, Outlines of the Geology of England and Wales.Part I,(London, England: William Phillips, 1822). On page 323, Conybeare titles the chapter "Book III. Medial or Carboniferous Order." Arxivləşdirilib 2022-03-19 at the Wayback Machine
  2. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
  3. "Каменноугольный период". 2012-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-07.
  4. "Каменный уголь — Горная энциклопедия". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-12.
  5. "The Carboniferous coal swamp forests". 2012-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-20.
  6. ""Кордаитовая тайга". 1971. Мейен С.В." 2022-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-24.
  7. Systematics of modern foraminifera in Barun K. Sen Gupta (2002) Modern Foraminifera Arxivləşdirilib 2016-08-01 at the Wayback Machine
  8. "Большая советская энциклопедия. Фузулиниды это:". 2019-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-31.
  9. "State Symbol: Illinois State Fossil — Tully Monster (Tullimonstrum gregarium)". 2012-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-31.
  10. "Foraminifera". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-31.