Edinburqlu Mariya (ing. Marie Alexandra Victoria of Edinburgh; 29 oktyabr 1875[1][2][…], İstuell-Park[d], Kent qraflığı – 18 iyul 1938[2], Peleș qəsri[d]) — son Rumıniya kraliçası.
Edinburqlu Mariya | |
---|---|
ing. Marie of Edinburgh | |
10 oktyabr 1914 – 20 iyul 1927 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 29 oktyabr 1875[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 18 iyul 1938[2] (62 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Sirroz |
Dəfn yeri |
|
Fəaliyyəti | gündəlik yazıçısı[d], tibb bacısı, incəsənət xadimi |
Atası | Şahzadə Alfred (Saksen-Koburq-Qota hersoqu) |
Anası | Mariya Aleksandrovna (Saksen-Koburq-Qota hersoqinası) |
Həyat yoldaşı |
|
Uşaqları | |
Ailəsi | Saksen-Koburq-Qot sülaləsi, Vindzorlar sülaləsi |
Dini | Anqlikan kilsəsi, Rumın Pravoslav Kilsəsi[3][4][…], Bəhailik[5][6][…] |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Edinburqlu Mariya 1875-ci ildə Britaniya monarx ailəsində doğuldu. Atası Kraliça Viktoriyanın oğlu Alfred, anası isə II Aleksandrın qızı Mariya Aleksandrovnadır. İlk illəri Kent, Malta və Koburqda keçdi. Britaniya vəliəhdi Georqla evlənməkdən imtina etdikdən sonra 1892-ci ildə Rumıniya taxt-tacının vəliəhdi Ferdinandla evlənməsinə qərar verildi.
Birinci Dünya Müharibəsinin başlamasının ardından taxta çıxan əri I Ferdinandı Antanta birliyinə qoşulmağa və Almaniyaya müharibə elan etməyə təşviq etdi. Nəticədə 1916-cı ildə Rumıniya krallığı müharibəyə qatıldı. Müharibənin ilk illərində paytaxt Buxarest işğal olundu və I Ferdinand ailəsiylə birlikdə Moldovaya sığındı. Burada Edinburqlu Mariya və 3 qızı cəbhədən gələn yaralı və xəstə əsgərlərin saxlandığı hərbi hospitalda tibb bacısı kimi çalışdılar. Müharibənin ardından Bessarabiya, Transilvaniya və Bukovina bölgələrinin ölkəyə birləşdirilməsiylə Edinburqlu Mariya Böyük Rumıniya kraliçası oldu. 1919-cu ildə Paris sülh konfransına qatılan Edinburqlu Mariya həm ölkədə, həm də ölkə xaricində sevilən bir kraliça idi. 1926-cı ildə övladları Nikolay və İlena ilə birlikdə ABŞ-a diplomatik səyahət etdi. Bu səyahət əsnasında ərinin ani ölümü xəbərini aldı və dərhal Rumıniyaya qayıtdı.
Taxta çıxarılan nəvəsi I Mixailə nəzarət edən naib komissiyasına qatılmaqdan imtina edən Edinburqlu Mariya ölkənin siyasi həyatında aktiv iştirak etdi. Ancaq vaxtilə taxt hüququndan imtina edərək ölkədən qaçan oğlu Şahzadə Karolun geri dönərək taxtı zəbt etməsinin ardından siyasi səhnədən uzaqlaşdırıldı. Nəticədə Edinburqlu Mariya Buxarestdən göndərildi və qalan ömrünü cənubi Dobrucadakı Balçik sarayında keçirdi. 1938-ci ildə burada seroz səbəbilə vəfat etdi.
29 oktyabr 1875-ci ildə saat 10:30-da ailəsinin Kentdəki İstuell mülkündə dünyaya gəldi. Atası Kraliça Viktoriyanın oğlu Edinburq hersoqu Şahzadə Alfred, anası isə II Aleksandrın qızı Mariya Aleksandrovnadır. Dünyaya gəlişi səbəbilə Hayd-park və London qəsrindən top atəşi açıldı. Anası və nənələrinin şərəfinə Mariya Aleksandra Viktoriya adını aldı. 15 dekabr 1875-ci ildə Vindzor sarayının xüsusi kapellasında vəftiz edilən Mariyanın vəftiz anaları Rusiya imperatriçası Hesseli Mariya (ana nənəsi), Uels şahzadəsi Danimarkalı Aleksandra (əmisi arvadı) və Saksen-Koburq-Qota hersoqinası Aleksandrina (atasının əmisi arvadı), vəftiz ataları isə Çareviç Aleksandr Romanov (dayısı) və Şahzadə Artur (əmisi) oldu.
Mariya və bacı-qardaşları uşaqlıq illərini ailənin Kentdəki İstuell mülkündə keçirdilər. Atasının Krallıq donanmasında tutduğu vəzifəsi səbəbilə uşaqlar analarının nəzarətində böyüdülər. Analarının pravoslav olmasına baxmayaraq, uşaqlar Anqlikan ənənələriylə böyüdülər. 1885-ci ildə Mariya bibisi Şahzadə Beatrisin toy mərasimində gəlin nədimələrindən biri oldu. Ən yaxın oyun dostları isə dayısı Çareviç Aleksandrın uşaqları oldu.
1886-cı ildə atası Edinburq hersoqu Şahzadə Alfred vəzifə dəyişikliyi səbəbilə ailəsini də yanına alaraq Maltaya yollandı və Mariya digər ailə üzvləriylə burda San Antonio sarayında yaşamağa başladı. O əsnada atasının övladı olmayan əmisinə varis seçilməsiylə, ailə 1889-cu ildə Koburqa köçdü. Burada Mariya və bacılarının təhsilinə daha da diqqət ayrıldı. Rəsm və musiqi dərsləriylə yanaşı tez-tez tamaşa və operalarda iştirak etdilər.
Evlilik yaşına çatdıqdan sonra Mariya üçün çıxan ilk namizəd 1892-ci ildə əmisi Uels şahzadəsi Şahzadə Eduardın oğlu Georq oldu. Üstəlik nənəsi Kraliça Viktoriya, əmisi Şahzadə Eduard və atası Şahzadə Alfred də bu evliliyə razılıq verdilər. Ancaq Mariya həm öz anası, həm də əmisi arvadı Danimarkalı Aleksandranın etiraz etməsi səbəbilə bu evlilik təklifini geri çevirdi. O əsnada Rumıniya kralı I Karol varisi Şahzadə Ferdinand üçün gəlin namizədi axtarırdı. Üstəlik Bessarabiya bölgəsi uğrunda mübarizə apardığı Rusiya imperiyası ilə münasibətləri yaxşılaşdırmaq niyyətində idi. Bu səbəblə varisini eyni zamanda Rus imperatorunun nəvəsi olan Mariya ilə evləndirməyə qərar verdi. Cütlük tərtib olunan bir neçə ziyafətdə tanış oldu və söhbət etdilər. Ancaq Mariyanın hələ 17 yaşı tamam olmamışdı və bu səbəblə nənəsi Kraliça Viktoriya evliliyin gecikdirilməsini tələb etdi.
Mariyanın 17 yaşının tamam olmasının ardından, I Karol Kraliça Viktoriya və Şahzadə Alfredi evliliyə razı salmaq məqsədilə 1892-ci ilin sonlarında Londona səyahət etdi. Nəhayət, cütlüyün evlənməsinə qərar verildi və 10 yanvar 1893-cü ildə Ziqmaringendə keçirilən 3 fərqli - mülki, katolik və Anqlikan mərasimiylə cütlük evləndi. Mərasimdə şahid olaraq iştirak edənlər arasında Almaniya imperatoru II Vilhelm də vardı. Mərasimin ardından cütlük Bavariyadakı qəsrlərdən birinə göndərildi və bir neçə gün sonra Bavariya-Vyana-Buxarest istiqamətində yola çıxaraq Rumıniyaya gəldilər.
Adı | Doğum tarixi | Ölüm tarixi | Ailəsi |
---|---|---|---|
II Karol Rumıniya kralı |
15 oktyabr 1893 | 4 aprel 1953 | Üç dəfə evləndi və ilk 2 evliliyindən iki oğlu dünyaya gəldi. |
Yelizaveta Yunanıstan kraliçası |
12 oktyabr 1894 | 14 noyabr 1956 | Yunanıstan kralı II Georq ilə evlənsə də, övladı olmadı |
Mariya Yuqoslaviya kraliçası |
6 yanvar 1900 | 22 iyun 1961 | Yuqoslaviya kralı I Aleksandr ilə evləndi və 3 oğlu dünyaya gəldi. |
Nikolay Şahzadə |
18 avqust 1903 | 9 iyun 1978 | İki dəfə evlənsə də, övladı olmadı. |
İlena Şahzadə |
5 yanvar 1909 | 21 yanvar 1991 | İki dəfə evləndi və ilk evliliyindən 6 övladı dünyaya gəldi. |
Mirkeya Şahzadə |
3 yanvar 1913 | 2 noyabr 1916 | - |
1893-cü ilin oktyabrında ilk övladı Karolu dünyaya gətirdi. Doğuş əsnasında ağrıları azaltması üçün xloroform istifadə etməsinə icazə verilməsə də, nənəsi Kraliça Viktoriyanın təkid etməsinin ardından I Karolun müdaxiləsiylə dərmandan istifadəsinə icazə verildi. İlk övladları olan Şahzadə Karol və Şahzadə Yelizaveta kral I Karol və xanımı kraliça Noyvidli Yelizaveta tərəfindən böyüdüldü. Cütlük 1896-cı ildə yeni restavrasiya olunan Kotrokeni sarayına köçdülər. Ertəsi il əri Şahzadə Ferdinand tifus xəstəliyinə tutuldu və bu səbəblə nənəsi Kraliça Viktoriyanın Almaz yubileyinə qatıla bilmədilər. O tarixlərdə yerli əsilzadələrdən Şerban Kantakuzinlə sevgili olması barədə şayələr yayıldı. Hətta şayələrin yayılmasının ardından 1897-ci ildə Koburqdakı anasının yanına gedən Mariyanın burada bir övladının olduğu, bu körpənin ölü doğulduğu və ya dərhal bir yetimxanaya tərk edildiyi xəbəri yayıldı. Üstəlik bu Mariya haqqında yayılan ilk şayə deyildi. Bu illər ərzində onun bir çox mühüm dövlət xadimiylə eşq yaşadığı məlumdur.
29 iyun 1913-cü ildə Bolqarıstan çarlığının Yunanıstana müharibə elan etməsinin ardından İkinci Balkan müharibəsi başladı və 4 iyulda Rumıniya Yunanıstana dəstək verərək müharibəyə qatıldı. Bir aydan çox davam edən müharibə yayılan kolera epidemiyası səbəbilə daha ağır fəlakətlə nəticələndi. Bu müddət ərzində sərhəd boyunca yerləşən hərbi hospitalları ziyarət edən Mariya tibb bacısı kimi fəaliyyət göstərdi.
28 iyun 1914-cü ildə Sarayevoda Avstriya hersoqu Frans Ferdinandın sui-qəsdlə öldürülməsi və Avstriya-Macarıstanın Serbiyaya müharibə elan etməsinin ardınan Birinci Dünya Müharibəsi başladı. 3 avqustda I Karol toplanan məclisdə Rumıniyanın müharibəyə girib-girməməsini müzakirəyə qoydu. Kral Almaniya və İttifaq dövlətlərini dəstəkləmək istəsə də, məclis ölkənin bitərəf qalmasına qərar verdi. Məclisin ardından səhhəti pisləşən I Karol çox keçmədən 10 oktyabr 1914-cü ildə vəfat etdi və vəliəhd Şahzadə Ferdinand taxta çıxdı.