Dövlət Neft Şirkəti

SOCAR (ing. SOCAR - State Oil Company of Azerbaijan Republic) və ya tam adıyla Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti — Azərbaycanın milli neft şirkəti. Neftin çıxarılması, daşınması, emalı və istehlakında ixtisaslaşan inteqrasiya olunmuş şirkətdir.

SOCAR
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi dövlətə məxsus müəssisə
Sənaye neft sənayesi[d]
Məhsulu neft
Təsis tarixi 13 sentyabr 1992
Baş qərargahın yeri Bakı Bakı
İqtisadi göstəriciləri
Ümumi gəliri 20 milyard ABŞ Dolları
Struktur
İşçi sayı 66 234 nəfər (2013) [1]
Rəhbərlik
Rəhbərlik Mikayıl Cabbarov (Müşahidə Şurasının sədri)
Rövşən Nəcəf (prezident)
vakant (birinci vitse-prezident)
socar.az/az/home
sgp.ge
socarenergy.ch
socar.ge
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycan Respublikasının neft sərvətlərindən istifadəni vahid dövlət siyasəti əsasında həyata keçirmək, neft sənayesinin idarəetmə strukturunu təkmilləşdirmək, yanacaq-enerji kompleksinin inkişafını təmin etmək məqsədilə Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 13.09.1992-ci il Fərmanı ilə Azərineft Dövlət Konserninin və Azərnefkimya İstehsalat Birliyininin bazasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti yaradılmışdır.

Ayrı-ayrı vaxtlarda Azərbaycanda neft sənayesini özündə birləşdirən Azərneft birləşdirdiyi və idarə etdiyi müəssisələrin xüsusiyyətindən asılı olaraq İttifaq əhəmiyyətli trest və ya birlik kimi müxtəlif ittifaq və respublika təşkilatlarına (Azərbaycan SSR Xalq Komissarları Soveti, SSRİ Ali Xalq Təsərrüfatı Şurası, SSRİ Ağır Sənaye Nazirliyi, Azərbaycan SSR Xalq Təsərrüfatı Şurası) tabe olmuş və "Azərneftkomitə", "Azərneftkombinat" (sonralar "Azərneft", "Azərneftzavodlar" və "Azərneftmaşınqayırma" birliklərinə ayrılmış), "Azərneftçıxarma" Birliyi adlanmışdır.[2] Şirkətin nəzdində iki neftayırma zavodu, bir neçə beynəlxalq neft-qaz boru kəməri və bir neçə mühəndislik şirkəti var. Hal-hazırda ARDNŞ kapital həcminə görə dünyanın 68-ci ən böyük şirkətidir.[3]

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir.[4]

Azərneftin əsasında Azərbaycan SSR Neft Sənayesi Nazirliyi (1954–1959), Azərbaycan SSR Neftçıxarma Sənayesi Nazirliyi (1965–1970) yaradılmışdır. 1970-ci ilin avqustunda yenidən "Azərneft" adlandırılmışdır. Azərneft Azərbaycanın neft sənayesinə rəhbərliyi həyata keçirmək, dağıdılmış neft təsərrüfatını bərpa etmək, neft və neft məhsulları istehsalını artırmaq üçün yaradılmış bir təşkilatdır. ARDNŞ 1992-ci il sentyabrın 13-də Azərbaycan Respublikasının keçmiş prezidenti Əbülfəz Elçibəyin fərmanı əsasında qurulmuşdur. Fərmana əsasən iki dövlət müəssisəsi, "Azərneft" və "Azərneftkimya" Azərbaycan Respublikası Dövlət Neft Şirkəti kimi birləşdirilib. ARDNŞ yarandığı vaxtdan onun strukturunda bir sıra dəyişikliklər edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1994-cü il tarixli ARDNŞ-nin strukturunun təkmilləşdirilməsi haqqında 50 saylı Sərəncamına əsasən Dövlət Neft Şirkətinin strukturunda Dənizdə və Quruda Neft və Qazçıxarma İstehsalat Birlikləri yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin ARDNŞ-nin strukturunun təkmilləşdirilməsi haqqında 24 yanvar 2003-cü il tarixli 844 saylı Fərmanına əsasən isə Dənizdə və Quruda Neft və Qazçıxarma İstehsalat Birlikləri birləşdirilərək "Azneft" İstehsalat Birliyi yaradılmışdır.

Şirkətin funksiyası

[redaktə | mənbəni redaktə et]

ARDNŞ respublikanın bütün ərazisində, o cümlədən quru və dəniz ərazilərində neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neftin, qazın, qaz kondensatının hazırlanması, emalı və nəqli, həmçinin onlardan alınan məhsulların daxili və xarici bazarlarda satışı ilə məşğul olur. O, həmçinin, böyük həcmdə elmi-tədqiqat və layihə işləri yerinə yetirir. Hazırda Azərbaycanda neftlə zəngin 57 yataq mövcuddur ki, bunun da 18-i Xəzər dənizinin Azərbaycan sektorunda, qalanı isə qurudadır. Ümumiyyətlə, Xəzər hövzəsi 30 milyard tona yaxın neft, 18–20 trilyon kub metr həcmində qaz ehtiyatına malikdir ki, bu da dünyanın karbohidrogen resurslarının 15%-ni təşkil edir. Xəzər hövzəsinin Azərbaycana aid bölgəsində isə 3–5 milyard ton neft, 5 trilyon kub metr həcmində qaz ehtiyatı mövcuddur. Azərbaycanda neft hasilatının 2005-ci ildən başlayaraq sürətlə artacağı gözlənilir. Proqnozlara görə, Azəri-Çıraq-Günəşli layihəsi üzrə neft hasilatının ən yüksək səviyyəsi 2010-cu ildə olub. Belə ki, həmin il neft hasilatı 54,9 milyon tona çatdırılib. Şahdəniz layihəsi üzrə isə 2010-cu ildə 2,1 milyon ton kondensat hasil olunacaq. Hazırda ARDNŞ-də 58.945 nəfər, o cümlədən 50 nəfəri elmlər doktoru, 392 nəfəri elmlər namizədi elmi dərəcəsinə malik olan 17.500 mühəndis, texnik və mütəxəssis çalışır. ARDNŞ respublikanın neft və neft məhsullarına olan tələbatını ödəmək, daxili tələbdən artıq hissəni isə ixrac etmək imkanına malikdir. Bunu təmin etmək üçün ARDNŞ müvafiq istehsal güclərinə, inkişaf etmiş xidmət sektoruna, böyük elmi və texniki potensiala malikdir. ARDNŞ həm quru, həm də dəniz neft yataqlarının kəşfiyyatı, işlənməsi və abadlaşdırılması ilə bağlı bütün məsələləri həll etmək qabiliyyətinə malik yüksək ixtisaslı mühəndis, texnik və fəhlə kadrlara malikdir.

2012-ci il yanvarın 27-də dünyanın aparıcı maliyyə nəşrlərində və internet saytlarında ARDNŞ-nin Avrobond buraxmaq niyyətində olduğu barədə açıqlama verilmişdir. Avrobondların yerləşdirilməsi və tədavülü Azərbaycan Respublikasının və Amerika Birləşmiş Ştatlarının hüdudlarından kənarda həyata keçirilməklə, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Listinq Orqanının (UK Listing Authority) və London Fond Birjasının (London Stock Exchange) listinqinə daxil ediləcək. Buraxılışın hüquqi rejimi ABŞ-nin 1933-cü il tarixli "Qiymətli kağızlar" haqqında qanununun "Regulation S" hissəsinə uyğundur. Bu işlərin həyata keçirilməsində Birgə Baş İdarəçilər (Joint Lead Managers) qismində Citi Group Global Markets Limited, Deutsche Bank AG (London filialı) və The Royal Bank of Scotland Plc., Birgə İdarəçilər (Co-Managers) qismində Nomura International Plc. və Société Générale S. A., İnvestorların təmsilçisi (Trustee) qismində Deutsche Trustee Company Limited, Əsas Ödəniş və Köçürmə Agenti (Principal Paying and Transfer Agent) qismində isə Deutsche Bank AG (London filialı) çıxış edirlər. Avrobondların buraxılması ilə bağlı müvafiq qaydalara əsasən, dünyanın aparıcı reytinq şirkətləri buraxılacaq qiymətli kağıza reytinq dərəcəsi şamil etməlidir. Artıq Fitch RatingsMoody’s şirkətləri tərəfindən ARDNŞ Avrobondlarına müvafiq olaraq BBB-(exp) və Ba1 reytinq dərəcələri şamil olunmuşdur.[5]

ARDNŞ-nin fəaliyyəti əsas olaraq 6 sahəyə bölünmüşdür. Bunlar:

  • Neft-qaz yataqlarının kəşfiyyatı
  • Neft-qaz hasilatı
  • Neftin və təbii qazın emalı
  • Neft kimyası
  • Enerjidaşıyıcıların nəqli
  • Xidmətlər

ARDNŞ-yə tabe olan Azərneftyağ Neft Emalı Zavodu yanacaq və yağların istehsalı üzrə ixtisaslaşmışdır. Burada neftin emalı nəticəsində benzin, kerosin, dizel distillatları, mühərrik, sənaye, turbin, transformator, digər müxtəlif yağlar və bitum istehsal olunur. Son 2 ildə burada istehsal olunmuş bütün yanacaq distillatları təkrar emal üçün Heydər Əliyev adına BNEZ-ə nəql olunur. 2010-cu ildə zavodda 215,2 min ton ilkin emal benzini, 174,9 min ton kerosin, 599,8 min ton dizel distillatları, 1,3 min ton mühərrik yağı, 27,6 min ton sənaye yağı, 7,9 min ton turbin yağları, 14,1 min ton transformator yağı, 36,2 min ton digər yağlar və 241,4 min ton bitum istehsal olunmuşdur. Heydər Əliyev adına BNEZ-də xam neftin emalı yanacaqların üstün istehsal sxemi ilə aparilir. Azərbaycan neftinin 24 çeşidindən 21-i Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal olunur ki, bunlardan da öz növbəsində 15 adda neft məhsulu, o cümlədən avtomobil benzinləri, aviasiya kerosini, dizel yanacağı, mazut, neft koksu və s. istehsal olunur. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Bundan əlavə, istehsal olunan neft məhsullarının 45%-i xarici ölkələrə ixrac edilir. Qaz Emalı Zavodu Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq ARDNŞ-in strukturuna aid edilmişdir. Qaz Emalı Zavodunda "Azneft" İB-də hasil olunmuş təbii və səmt qazları emal edilir. Zavodun istehsal olunmuş məhsullarına təmizlənmiş qaz, maye qaz və qaz benzini aiddir. 2010-cu ildə müəssisədə 4,030 milyard m³ təmizlənmiş qaz, 24,8 min ton maye və 26,7 min ton qaz benzini istehsal olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin "Neft-kimya sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında" 2 aprel 2010-cu il tarixli Sərəncamına əsasən, "Azərikimya" Dövlət Şirkəti ARDNŞ-nin tabeliyinə verilmişdir. "Azərikimya" İB-nin strukturuna "Etilen-Polietilen" zavodu, "Səthi Aktiv Maddələr" zavodu, "Üzvi Sintez" zavodu, "Mexaniki Təmir" zavodu, "Kimyalayihə" institutu, Təmir-Tikinti idarəsi, Nəqliyyat və Xüsusi Texnika idarəsi, Anbar Təsərrüfatı daxildir. "Azərikimya" İB-in istehsal olunmuş məhsullara — propilen, polietilen, butilen-butadien fraksiyası, propilen oksidi, propilen qlikol, izopropil spirti, pirokondensat, maye xlor və qələvi aiddir.

Şirkətin inzibati binası

[redaktə | mənbəni redaktə et]
SOCAR Tower

Dövlət Neft Şirkətinin aparatının yerləşdiyi bina Bakı şəhərindəki qədim tikililər arasında öz əzəməti və gözəlliyi ilə diqqəti xüsusi olaraq cəlb edir. Ş. S. Fətullayevin "XIX əsrin sonu — XX əsrin əvvəllərində Azərbaycanda memarlıq və şəhərsalma" adlı kitabında bu binanın inşası ilə bağlı deyilir: "Bağça küçəsi Azneft meydanından başlayaraq şəhərin mərkəzi hissəsini tamamlayırdı. Tikililər bu meydandan Bayıla tərəf uzanırdı. Meydan getdikcə öz memarlıq simasını dəyişməyə başlayırdı. Bu dəyişikliklər meydanın əsas hissələrindən biri olan Kakarev sahəsi adlandırılan ərazidə 1890-cı illərin əvvəllərində Tiflis memarı P. Şternin layihəsi əsasında üçmərtəbəli bina inşa edilməsindən sonra daha da sürətləndi.

Binanın layihəsi 1893-cü il may ayının 25-də təsdiq olunur, ayın sonlarında isə binanın tikintisinə başlanır. Fransa intibah üslubunda inşa edilən fasad sahilin qərb tərəfinə baxırdı. Üzü Azneft meydanına tərəf tikilən və rahat mənzillərdən ibarət bina şəhərin layihələndirmə strukturunda çox mühüm əhəmiyyət daşıyırdı. Binanın daxili dəhliz boyu yerləşdirilmiş otaqlarında şüşəbəndlər həyətə açılırdı".

İngilis dilində çıxan "Azərbaycan memarlığının inkişafı" jurnalında isə bu möhtəşəm tikili barədə digər faktlar verilib. Məqalədə binanın tanınmış milyonçu Mir Tağı Babayevə məxsus olduğu bildirilir: "Tikilinin sahibi Mir Tağı Babayevin ilkin peşəsi heç də neft sahəsi ilə bağlı deyildi. O, xalq musiqisinin, xüsusilə muğamın vurğunu olan çox istedadlı və tanınmış xanəndə idi. Onun taleyi bir gecənin içində dəyişir. Belə ki, həmin gün Mir Tağı tanınmış ailələrdən birinin toy məclicində oxumalı imiş. Onun sənətinin pərəstişkarı olan bəyin qohumlarından biri xanəndəyə torpaq sahəsi hədiyyə edir. Bundan sonra Mir Tağı Babayevin neft sahəsində karyerası başlanır. 1912-ci ildə o, neftlə zəngin 3 böyük sahə alır və neft hasilatına başlayır. Onun 70 nəfər işçidən ibarət kontoru 18 buruqdan ildə 150000 barrel neft hasil edirdi.

Mir Tağı Babayev bu möhtəşəm binanı da neft gəlirləri hesabına alır. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra bolşeviklər onun bütün mülklərini müsadirə edir. Mir Tağı Babayevin özü isə Fransaya mühacirət etməli olur. Bəzi məlumatlara görə, o, Fransada ömrünün sonuna qədər müflis vəziyyətdə yaşayır. Digər məlumatlara əsasən isə, hobbisi hələ lap əvvəllərdən zinət əşyalarını kolleksiya etmək olan Mir Tağı özü ilə Fransaya gətirdiyi daş-qaşların satışından əldə etdiyi vəsait hesabına yaşayıb. Sovet hakimiyyəti illərində bu bina "Azneft"in sərəncamına verilmiş, Azərbaycan müstəqillik əldə etdikdən (1991-ci il) sonra isə burada Dövlət Neft Şirkətinin aparatı yerləşdirilmişdir. Son illərdə binada təmir-bərpa işləri aparılmışdır".

2010-cu ilin oktyabr ayında Prezident İlham Əliyev şirkətin yeni inzibati binasının təməlqoyma mərasimində iştirak etdi.

Bina 42 mərtəbədən ibarət olacaq (2 — yeraltı, 40 — yerüstü). Binanın hündürlüyü 200 metr olacaq və 5 hektar ərazini əhatə edəcək. Bina rixter cədvəli üzrə 9 ballıq zəlzələyə davamlı olacaq. Binanın layihəsi Kanadadakı xüsusi beynəlxalq laboratoriyada saatda 190 kilometr külək sürətinə hesablanan virtual şəraitdə sınaqdan keçirilib. Binanı Koreya Respublikasının "Heerim Architects & Planners Co. Ltd" şirkəti layihələşdirib. İnşaat işləri ilə isə Heerim Architects & Planners Co. Ltd şirkəti məşqul olacaq. Binanın ümumi dəyəri 235 milyon dollar təşkil edir. İnşaat işlərinin 32 aya başa çatması gözlənilir. Yeni inzibati binada bir neçə konfrans zalı, qonaq otaqları, sosial-məişət obyektləri, yerüstü və yeraltı dayanacaqlar, texniki sahələr və idman zalı fəaliyyət göstərəcək. ARDNŞ artıq Heydər Əliyev prospektində yeni binanın inşası üçün yer alıb.[6][7]

ARDNŞ-nin 2005–2022-ci illərdə rəhbəri Rövnəq Abdullayev olub.[8]

21 iyul 2022-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Rövşən Nəcəf ARDNŞ-nin prezidenti təyin edilib.[9]

Hal-hazırda Birinci vitse-prezident vəzifəsi vakant, digər vitse-prezidentlər isə Kənan Nəcəfov, Elşad Nəsirov, Zaur Qurbanov, Arzu Cavadova, İsmayıl Zərgərli, Ziba Mustafayeva, Babək Hüseynov, Əfqan İsayev, Anar Məmmədov, Fuad Musayevdir.

28 iyul 2023-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Yaşar Lətifov,[10] Süleyman Qasımov,[11] Daşqın İskəndərov,[12] Bədəl Bədəlov,[13] Xalik Məmmədov[14], 1 avqustda isə Rəfiqə Hüseynzadə ARDNŞ-nin vitse-prezidenti vəzifəsindən azad edilib.[15][16]

3 oktyabr 2023-cü ildə Birinci vitse-prezident Xoşbəxt Yusifzadə vəfat etmişdir.[17]

BTC neft kəməri

ARDNŞ istər dənizdə, istərsə də quruda neftin və təbii qazın daha səmərəli hasil olunması məqsədilə dünyanın bir çox şirkətləri ilə birgə layihələr həyata keçirir. Bu günə qədər ARDNŞ dünyanın 20-dən artıq ölkəsinin 30-dan yuxarı şirkəti ilə Azərbaycanın neft və qaz yataqlarının birgə işlənməsinə dair 26 saziş imzalamışdır. Öz mühümlüyünə, qlobal əhəmiyyətinə görə "Azəri-Çıraq-Günəşli", "Şahdəniz", Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz qaz kəməri layihələri çox böyük önəm kəsb edir. Hazırda bütün dünyanın diqqət mərkəzində olan "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" kimi layihələr məhz dənizdə, Xəzərin Azərbaycan sektorunda həyata keçirilir. Sazişə əsasən, yataqların tammiqyaslı işlənməsi 3 faza (mərhələ) üzrə həyata keçirilir. Faza-1 layihəsi "Azəri" yatağının mərkəzi hissəsinin, Faza-2 layihəsi "Azəri" yatağının qərb və şərq hissələrinin, Faza-3 layihəsi isə "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin tammiqyaslı işlənməsini əhatə edir.

"Azəri-Çıraq-Günəşli" layihəsi çərçivəsində hasil olunan neft dünya bazarlarına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Neft Kəməri vasitəsilə ixrac olunur. Bakıdan Türkiyənin Ceyhan limanına çəkilən və uzunluğu 1770 km-ə qədər olan bu kəmər Xəzər dənizindən Aralıq dənizinə qədər 3000 metr hündürlüyündə dağlardan, 1500 çay keçidindən və 7 seysmik zonadan keçir. Neftin nəql surəti saniyədə 2 metrdir. Bu kəmərin çəkilməsi iqtisadi cəhətdən sərfəli olmaqla yanaşı, region üçün həm də strateji əhəmiyyət kəsb edir. Kəmərin tikintisi 2005-ci ildə başa çatdı və 2006-cı ilin may ayının 28-də, Azərbaycanın Respublika günü ərəfəsində kəmərə vurulmuş ilk neft Ceyhan limanına çıxarıldı. Kəmərin tikintisi 3 milyard dollara hesablansa da, tikinti real olaraq daha baha dəyərə, 4 milyard ABŞ dollarına başa gəlmişdir.[18] İyulun 4-də BTC kəməri ilə Səngəçal terminalından Ceyhana qədər 1768 km məsafə qət etmiş Azərbaycan nefti ilə yüklənmiş ilk tanker Aralıq dənizinin Türkiyə sahilindən yola salındı. Kəmərin təntənəli açılış mərasimi iyulun 13-də Türkiyənin Ceyhan limanında və İstanbul şəhərində, 98 ölkənin yüksək səviyyəli təmsilçilərinin iştirakı ilə keçirildi. Azərbaycan, TürkiyəGürcüstan prezidentləri BTC-nin müstəsna əhəmiyyətinin rəmzi olaraq, kəmərin maketinə qızıldan sonluq əlavə etdilər. BTC kəməri iqtisadi cəhətdən çox sərfəli olduğundan bəzi dövlətlər bu kəmər vasitəsilə öz neftini nəql etmək niyyətindədirlər. Belə ki, artıq Azərbaycanla Qazaxıstan arasında Qazaxıstan neftinin BTC vasitəsilə nəql olunmasına dair saziş imzalanmışdır.

4 iyun 1996-cı il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Layihə İştirakçıları olan BP, Lukoyl, NİCO, Statoil, TPAO, TOTAL şirkətləri arasında dünyanın ən iri qaz və qaz-kondensat yataqlarından olan və Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş imzalanmışdır. "Şahdəniz" yatağının təbii qaz ehtiyatı 1 trilyon kubmetrdən çox, kondensat ehtiyatı isə 300 milyon tondan çox qiymətləndirilir. Yatağın işlənməsinin 1-ci mərhələsi çərçivəsində ("plato dövrü"ndə) ildə 8 milyard kubmetr təbii qaz hasilatı proqnozlaşdırılır. Hasil olunacaq qazın müvafiq müqavilələr üzrə Türkiyəyə (ildə təqribən 6 milyard kubmetr), Gürcüstana (ildə 0.3 milyard kubmetr) və Azərbaycana (ildə 1.5 milyard kubmetr) təchizatı nəzərdə tutulub. "Şahdəniz" yatağının tam işlənməsi üzrə Faza-1 layihəsi çərçivəsində qazın satışının və marketinqinin idarə edilməsi məqsədilə Norveçin "Statoyl" şirkətinin operatorluğu ilə Azərbaycan Qaz Təchizatı Şirkəti yaradılmışdır. Bu yataqdan hasil olunacaq qaz ilk növbədə Azərbaycanın daxili tələbatının ödənilməsinə sərf ediləcək. Eyni zamanda Faza-1 dövründə hasil olunacaq qazın Türkiyənin "Botaş" şirkətinə və Gürcüstanın Beynəlxalq Əməliyyat Şirkətinə satılması haqqında sazişlər bağlanmışdır. Azərbaycan-Türkiyə, Azərbaycan-Gürcüstan, Azərbaycan-Türkiyə-Yunanıstan arasında bağlanmış sazişlər "Şahdəniz" qazının Avropaya nəqlinə imkan yaradacaqdır. Yatağın işlənməsinin 2-ci mərhələsində isə proqnozlara görə, ildə təxminən 12 milyard kubmetr təbii qaz hasil olunmalıdır. 2015-ci ilə kimi "Şahdəniz" yatağından ildə təqribən 20 milyard kubmetr qazın hasilatı gözlənilir. Dünyanın ən zəngin qaz-kondensat yataqlarından sayılan "Şahdəniz" yatağından hasilat 2006-cı ilin dekabrında başlanmışdır. 2010-cu il aprel ayının 1-dək bu yataqdan 18,8 milyard kubmetr qaz hasil edilmişdir. 2007-ci il mart ayından etibarən Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" yatağından hasil olunan təbii qaz Bakı-Tbilisi-Ərzurum boru kəməri vasitəsilə Gürcüstana nəql olunmağa başlanıb. 2007-ci il iyulun 3-də isə "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən təbii qaz Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Cənubi Qafqaz qaz boru kəməri ilə Türkiyə sərhədlərini aşaraq, qardaş ölkənin qaz kəmərləri sisteminə daxil olmuşdur. Cənubi Qafqaz qaz boru kəmərinin ötürücülük qabiliyyəti ildə 20 milyard kubmetr həcmində ölçülür. Azərbaycan ərazisində kəmərin uzunluğu 442 km, Gürcüstan ərazisində isə 248 km-dir. Diametri 42 düymdür (105 sm). Kəmərin son çatdırılma nöqtəsi Gürcüstan-Türkiyə sərhədində yerləşir. Türkiyə ərazisində isə qaz kəmərinin uzunluğu 280 km təşkil edir. Kəmərin Gürcüstan-Türkiyə sərhədindən Ərzuruma qədər olan hissəsi BOTAŞ şirkətinin qaz kəmər sisteminin bir hissəsi hesab edilir.

BTƏ qaz kəməri təkcə Azərbaycanın deyil, Qazaxıstan və Türkmənistanın da maraq dairəsindədir. Belə ki, bu ölkələr də gələcəkdə Cənubi Qafqaz boru kəməri ilə öz qazını nəql etməyi planlaşdırırlar. Bundan əlavə, Yunanıstan ilə Türkiyə arasında imzalanmış sazişə əsasən, Ankaradan Komotiniyə qədər qaz boru kəmərinin çəkilməsinə dair saziş imzalanmışdır. Bu isə "Şahdəniz" qazının Türkiyədən əlavə, Yunanıstana, İtaliyaya, Balkan yarımadası dövlətlərinə və digər Avropa ölkələrinə nəql olunmasına zəmin yaradıb.

Xarici ölkələrdəki fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

ARDNŞ bir neçə şəhərdə öz nümayəndəliklərini açıb. Bu şəhərlər arasına İstanbul, Tehran, Astana, Buxarest, Frankfurt, Cenevrə, London, Vyana, Tbilisi, Kiyev şəhərləri aiddir.[19] Rumıniyada ARDNŞ neft-kimya emalı kompleksi tikməyi nəzərdə tutur. Bu zavodda istehsal olunan məhsullar Avropa ölkələrinə göndəriləcək. ARDNŞ-nin AlmaniyaAvstriyadakı nümayəndəlikləri Nabukko layihəsinin reallaşdırılması istiqamətində Avropa şirkətləri ilə əməkdaşlıq edirlər. İsveçrədə ARDNŞ-nin törəmə şirkəti olan SOCAR Trading SA 2008-ci ildə açılmışdır. Onun əsas funksiyası Avropada Azərbaycan neftinin satışını təşkil etməkdir. Şirkətin maliyyə fondu 5 milyon İsveçrə frankıdır.

2007-ci ildə Türkiyə hökuməti ölkədə ən böyük neftayırma zavodlarından biri olan Petkim zavodunu özəlləşdirməyə çıxarıb. Tenderin qalibi ARDNŞ, Türkiyənin TurcasSəudiyyə Ərəbistanının İnjas şirkətlərinin qurduğu konsorsium olub. Müəssisənin özəlləşdirilməsinin dəyəri 1,6 milyard dollar olub. Konsorsium 2015-ci ilə qədər zavodun yerləşdiyi ərazidə daha böyük gücə malik ikinci bir neftayırma zavodu tikməyi və mövcud müəssisənin emal gücünü artırmağı planlaşdırır. Konsorsium bu məqsədlə 10 milyard dollar xərcləməyi nəzərdə tutur.[20]

Azərbaycan Dövlət Neft Şirkəti 2011-ci ilin sonunadək Ukraynada 17 yanacaqdoldurma məntəqəsi açmaq niyyətindədir. 2015-ci ilə qədər isə şirkət Rumıniyada 300 yanacaqdoldurma məntəqəsi işə salacaq.[21]

16 noyabr 2011-ci ildə ARDNŞ Exxon Mobil şirkətinin İsveçrə filialı olan Esso Schweiz GmbH-ı satın alır[22].

2019-cu ildə SOCAR və "Sberbank"ın ortaq müəssisəsi olan "SOCAR Enerqoresurs" Rusiyanın Tümen şəhərində müflis olmaq ərəfəsində olan Antipinsk neft emalı zavodunun səhmlərinin 80%-ni əldə edib. "Antipinsk" neft emalı zavodunun istehsal gücü 9 milyon tondur. 2016-cı ildə bu zavod Rusiyanın 200 böyük özəl müəssisəsi arasında gəlir həcminə görə 43-cü yeri tutub.[23] SOCAR tərəfindən satın alınan zavod yenidən fəaliyyətini bərpa edib.[24] SOCAR Enerqoresurs həmçinin bu zavoda məxsus olan, Rusiyanın Orenburq vilayətində yerləşən neft mədənlərini də alıb.[25]

SOCAR Energy Georgia MMC

[redaktə | mənbəni redaktə et]

ARDNŞ-nin daha bir törəmə şirkəti olan SOCAR Energy Georgia MMC 2006-cı ildə qurulmuşdur. Şirkətin bütün fəaliyyəti Gürcüstanda həyata keçirilir. SOCAR Energy Georgia MMC-nin əsas fəaliyyət sahəsi Gürcüstanda neftin topdan və pərakəndə satışı, neft və neft məhsullarının, həmçinin mayeləşdirilmiş qazın ölkəyə idxalı, neft terminalı və anbarlarının tikintisidir. Şirkət Gürcüstandakı neft satışının 72%, dizel satışının isə 61%-nə nəzarət edir, bundan başqa Kulevi neft terminalı da şirkətin ixtiyarındadır. ARDNŞ Gürcüstana hər ay 20.000 ton neft məhsulu, həmçinin 15.000 ton benzin idxal edir. Şirkətin indiyə kimi Gürcüstan iqtisadiyyatına yatırdığı investisiyanın həcmi 700 milyon ABŞ dollarıdır,[26] bundan başqa ARDNŞ 3 il dalbadal (2008, 2009, 2010-cu illərdə) Gürcüstanda ən böyük həcmdə vergi ödəyən şirkət olub. Təkcə 2010-cu ildə ARDNŞ Gürcüstan büdcəsinə 100 milyon ABŞ dolları miqdarında vergi ödəyib.[27] Bundan başqa ARDNŞ Gürcüstanda bir neçə yanacaqdoldurma məntəqəsi də açıb. Hal-hazırda Gürcüstanda ARDNŞ-ə məxsus yanacaqdoldurma məntəqələrinin sayı 60-a çatıb.[28] Həmçinin 2010-cu ildə əldə edilən razılaşmaya əsasən SOCAR Energy Georgia şirkəti Gürcüstan Futbol Federasiyasının baş sponsoru olmuşdur.[29]. 2013-cü ilin dekabr ayında ARDNŞ Gürcüstanda 114-cü yanacaqdoldurma məntəqəsini istifadəyə verdi.[30]

Törəmə şirkətləri

[redaktə | mənbəni redaktə et]
  • Umeo — Azərbaycan neftinin Bakı-Novorossiysk boru kəməri vasitəsilə Novorossiysk limanına daşınmasını təmin edir.
  1. Azneft İB
  2. Azərbaycan Neft Təsərrüfatı Jurnalı
  3. Azərikimya İB
  4. Azəriqaz İB
  5. Bakı Ali Neft Məktəbi
  6. Ekologiya İdarəsi
  7. Sənaye Təhlükəsizlik İdarəsi
  8. Geofizika və Geologiya İdarəsi
  9. Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu
  10. Heydər Əliyev adına Neft Emalı Zavodu
  11. Karbamid Zavodu
  12. Kompleks Qazma İşləri Tresti
  13. Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi
  14. Neft Qaz Emalı Neft Kimya Kompleksi
  15. Neft Kəmərləri İdarəsi
  16. Neftqazelmitədqiqatlayihə İnstitutu
  17. Neftqaztikinti tresti
  18. Nəqliyyat İdarəsi
  19. Qaz Emalı Zavodu
  20. Qaz İxrac İdarəsi
  21. Sosial İnkişaf İdarəsi
  22. Təhlükəsizlik İdarəsi
  23. Təlim Tədris və Sertifikatlaşdırma İdarəsi
  24. İnformasiya Texnologiyaları və Rabitə İdarəsi
  25. Əmək şəraiti normalarının işlənməsi İdarəsi

Birgə müəssisələr

[redaktə | mənbəni redaktə et]
  1. Atəşgah Sığorta Şirkəti QSC
  2. AzFen BM
  3. AzGerneft MM
  4. AzLab MMC
  5. Azneftqaztikinti MMC
  6. Azərbaycan Con Braun QSC
  7. Azəri Drillinq Kompani MMC
  8. Azəri M İ Drillinq Fluids BM
  9. Bakı Gəmiqayırma Zavodu MMC
  10. BosŞelf MMC
  11. Caspian Pipe Coatings MMC
  12. Ekol Mühəndislik Xidmətləri QSC
  13. Karlina Oversiz Korporeyşn MM
  14. Kaspian Drillinq Kompani MM
  15. Kaspian Geofizikal Kompani MM
  16. Kaspian Şipyard Kompani Limited
  17. Kros Kaspian Oyl and Qaz Lojistiks MMC
  18. SOCAR Fuqro MMC
  19. İnterfaks Azərbaycan MMC
  20. Enerci Solujnz Qrup QSC
  21. Oyl and Qaz ProSev MMC
  22. SARMATİA MMC
  23. SOCAR Construction MMC
  24. SOCAR Foster Viler Mühəndislik Xidmətləri
  25. SOCAR Gas İmport Export
  26. SOCAR Turkey Enerji A. Ş.
  27. SOCAR AQŞ MMC
  28. SOCAR Bağlan MMC
  29. SOCAR Dovnstream Management MMC
  30. SOCAR Energy Georgia MMC
  31. SOCAR KPŞ MMC
  32. SOCAR Petroleum MMC
  33. SOCAR ÜMİD MMC
  34. SOCAR DALĞIC MMC
  35. SOCAR KBR MMC
  36. SUPRA Holdinq MMC
  37. SOCAR CAPE MMC

Beynəlxalq Şəffaflıq Təşkilatı (Transparency İnternational) və Gəlirlərə Nəzarət İnstitutunun (Revenue Watch Institute) 2011-ci ildə açıqladıqları hesabatda ARDNŞ şəffaflığa görə ən aşağı dərəcəni, "0" balını alıb. ARDNŞ ilə yanaşı ən aşağı dərəcəni Rusiyanın Qazprom şirkəti də alıb. Hesabata görə ARDNŞ antikorrupsiya proqramları barədə ümumiyyətlə ictimaiyyətə məlumat vermir. Təşkilat kimi açıqlıq baxımdan isə ARDNŞ-nin göstəricilərinin bir qədər yaxşı, təxminən 50 faiz olduğu göstərilib, amma bu da ümumi dünya göstəricisindən aşağı nəticədir. Açıqlıq baxımdan dünyada neft-qaz şirkətlərinin orta göstəricisi 65 faizdir.[31]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "ARDNŞ işçilərinin sayını optimallaşdırıb". 2013-07-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-07-08.
  2. "ARDNŞ Tarixi". 2011-01-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-03-13.
  3. "ARDNŞ — Dövlət Şirkətinin Transmilli Şirkətə Çevrilməsi Və Ya Zamanın Tələbi?". 2012-01-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-03-12.
  4. "Çap mediası subyektinin təsisçisi ola bilən dövlət orqanlarının (qurumlarının) Siyahısı". Azərtac. 2022-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-14.
  5. "Fitch" ARDNŞ-nin istiqrazlarına BBB- səviyyəsində reytinq verib Arxivləşdirilib 2012-01-30 at the Wayback Machine Milli.az
  6. "ARDNŞ-in yeni inzibati binasının təməlqoyma mərasimi keçirilib — anspress.ws". 2011-08-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-04-13.
  7. "Arxivlənmiş surət". 2010-07-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-04-13.
  8. "R.İ.Abdullayevin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-28.
  9. "R.Ç.Nəcəfin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-28.
  10. "Y.A.Lətifovun Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-28.
  11. "S.M.Qasımovun Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-28.
  12. "D.Ə.İskəndərovun Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-28.
  13. "B.Ş.Bədəlovun Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-28.
  14. "X. R. Məmmədovun Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-28.
  15. "R.A.Hüseyn-zadənin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-02.
  16. "Rəfiqə Hüseyn-zadə SOCAR-ın vitse-prezidenti vəzifəsindən azad edilib". 2023-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-01.
  17. "SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə VƏFAT ETDİ". Oxu.Az (az.). 2023-10-03. 2023-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-03.
  18. "Arxivlənmiş surət". 2012-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-03-13.
  19. "ARDNŞ Nümayəndəlikləri". 2011-02-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-03-13.
  20. "ARDNŞ "Petkim"ə 10 milyard dollar sərmayə yatıracaq" (az.). deyerler.org. 27 sentyabr 2010. 2011-04-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2021.
  21. "ARDNŞ xaricdə yanacaqdoldurma məntəqələrinin sayını artırır — anspress.com". 2011-04-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-04-13.
  22. "ГНКАР выкупила швейцарское подразделение Exxon Mobil" (rus). news.day.az. 16 noyabr 2011. 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2021.
  23. "SOCAR Rusiyanın ən böyük zavodlarından birini aldı" (az.). axar.az. 2020-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2021.
  24. "SOCAR Tümendə zavod işə salır" (az.). report.az. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2021.
  25. "SOCAR buys 80% of shares of Russia's Antipinsky Oil Refinery" (ingilis). menafn.com. 6 may 2019. 10 June 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2021.
  26. "ARDNŞ indiyədək Türkiyəyə 2 milyard, Gürcüstana 700 milyon dollar yatırıb" (az.). azadinform.az. 07.06.2012. 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2021.
  27. "ARDNŞ-IN TÖRƏMƏ ŞIRKƏTI GÜRCÜSTANIN ƏN IRI VERGI ÖDƏYICISI OLUB" (az.). icmal.az. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2021.
  28. "ARDNŞ Gürcüstanda daha 3 yanacaqdoldurma məntəqəsi açıb". 2010-11-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-03-15.
  29. "SOCAR Energy Georgia Gürcüstan Futbolunu İnkişaf Etdirəcək". 2020-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-03-18.
  30. "Arxivlənmiş surət". 2015-02-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-07-08.
  31. "Azərbaycan Dövlət Neft Şirkəti şəffaflığa görə "10 " alıb". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-03-15.