Gövhər Kamran qızı Beydullayeva (23 aprel 2003, Əl-Zülfi[d], Ər-Riyad regionu[d]) — azərbaycanlı şahmatçı, ikiqat dünya (20 və 18 yaş qrupunda) və Avropa çempionu (14 yaş qrupunda), qadınlar arasında qrosmeyster (2022).[2]
Gövhər Beydullayeva | |
---|---|
| |
Ölkə | Azərbaycan |
Doğum tarixi | 23 aprel 2003 (21 yaş) |
Doğum yeri |
|
Titulu | Qadınlar arasında beynəlxalq qrosmeyster (2022) |
Son reytinqi |
|
Maksimal reytinqi | 2.417 (iyun 2024) |
FİDE nömrəsi | 13413015 |
Vikianbarda əlaqəli mediafayllar |
Gövhər Beydullayeva 23 aprel 2003-cü ildə Səudiyyə Ərəbistanının Əl-Zülfi şəhərində, həkim-transplantoloq Kamran Beydullayevin ailəsində dünyaya göz açıb. Ailə əslən Azərbaycanın Ağsu şəhərindəndir. 5 yaşınadək Səudiyyə Ərəbistanında yaşayan Gövhər, şahmatın ilk sirlərinə elə bu ölkədə olduğu müddətdə, atasının sayəsində yiyələnib. Bakıya qayıtdıqdan qısa müddət sonra isə kiçik bacısı ilə birgə Həmkarlar İttifaqı Respublika Şahmat və Dama klubuna yazılaraq, əməkdar məşqçi Xanlar Allahverdiyevin qrupunda peşəkar dərslər almağa başlayıb.[3]
Gövhər Beydullayeva müxtəlif yaş kateqoriyalarında Azərbaycanı şahmat üzrə Dünya və Avropa çempionatlarında təmsil etmişdir.
2013-cü ildə 10 yaşadək qızlar arasında sürətli şahmat üzrə Avropa çempionu olub.[4] Həmin ildə blitz üzrə keçirilən Avropa çempionatının gümüş medalını qazanıb.[5]
2014-cü ildə Gürcüstanın Batumi şəhərində keçirilən 12 yaşadək qızlar arasında Avropa çempionatında gümüş medal qazanıb[6].
2015-ci ildə 12 yaşlı qızlar arasında keçirilən Avropa çempionatında ikinci dəfə gümüş medal qazanıb.[7]
2017-ci ildə Rumuniyanın Mamaia şəhərində 14 yaşlı qızlar arasında keçirilən Avropa çempionatında bütün rəqiblərini üstələyərək müvafiq yaş qrupunda Avropa çempionu olub.[8]
2021-ci ildə 18 yaşadək qızlar arasında keçirilən Dünya şahmat Kubokunun qalibi olub.[9] Gövhər Beydullayeva bu nəticə ilə yaşıdları arasında Fide Dünya çempionatının onlayn Super Finalına vəsiqə qazanıb. Həmin ilin dekabr ayında keçirilən Super Finalda 10 oyundan 8 xal toplayaraq 1-ci yerə layiq görülüb.[10]
2022-ci ildə Sloveniyanın Çatej şəhərində keçirilən Avropa çempionatında 11 oyundan 7 xal toplayaraq qadınlar arasında ən yüksək nəticə göstərmiş, həmçinin qadınlar arasında qrosmeyster adını qazanmışdır.[11]
2022-ci ilin oktyabr ayında İtaliyanın Sardiniya adasında keçirilən 20 yaşadək qızlar arasında dünya çempionatında birinci olub və bununla da bu yaş kateqoriyasında qalib olan ilk azərbaycanlı şahmatçı kimi tarixə düşüb.[12]
2023-cü ilin oktyabr ayında İtaliyanın Sardiniya adasında keçirilən 20 yaşa qədər gənclərin rapid dünya çempionatında 11 oyundan 9 xal yığaraq çempionatı birinci pillədə başa vurub.[13]
2016-cı ildə Bakıda keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın qadınlardan ibarət üçüncü komandasının heyətində mübarizə aparmışdır.[14][15]
2019-cu ilin noyabr ayında Azərbaycanın gənclərdən ibarət şahmat üzrə yığma komandasının heyətində Türkiyənın Çorum şəhərində keçirilmiş 16 yaşadək şahmatçılar arasında Dünya Şahmat Olimpiadasının qalibi olub.[16][17]
Gövhər Beydullayeva 2021-ci ildən etibarən Azərbaycanın qadınlardan ibarət milli yığma komandasının üzvüdür.
2021-ci ilin noyabr ayında Azərbaycanın qadınlardan ibarət şahmat üzrə milli yığmasının heyətində Sloveniyanın Çatej şəhərində keçirilmiş Komanda Avropa çempionatında bürünc medalın sahibi olub.[18]
2023-cü ildə isə Qadınlar ibarət milli komandanın tərkibində Montoneqronun Budva şəhərində keçirilən Komanda Avropa çempionatının gümüş mükafatçısı olmuşdur.
2012, 2013, 2015, 2016-cı illərdə yaşıdları arasında Azərbaycan çempionatının qalibi olub.
2019-cu ildə qadınlar arasında Azərbaycan çempionatının bürünc,[19] 2020 və 2021-ci illərdə gümüş[20][21], 2022 və 2023-cü illərdə isə qadınlar arasında Azərbaycan çempionatında qızıl medalın sahibi olub.[22]
Avropa və Dünya çempionluqlarından başqa Gövhər Beydullayeva müxtəlif beynəlxalq və milli turnirlərdə yüksək nəticələr göstərib.
2011, 2012, 2013-cü illərdə Baku open festivalının C qrupunda iştirak edərək 8 və 10 yaşadək qızlar arasında qızıl medalın sahibi olub. 2014-cü ildə "Baku open 2014" festivalının B qrupunda uğurla çıxış edərək 5-ci yerə layiq görülüb və elo əmsalını 180 vahid artırıb.[23]
2017-ci ildə Rusiyanın Moskva şəhərində keçirilən Dünya çempionu Mixail Botvinnikin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 10 oyundan 10 xal yığaraq turnirin qalibi olub.[24][25] Eyni ildə "Baku open" beynəlxalq festivalında Qadınlar arasında 1-ci yerə layiq görülüb.[26]
2021-ci ildə "Serbia Open" beynəlxalq yarışının "Masters" qrupunda qadınlar arasında yüksək nəticə göstərərək 2-ci yerə layiq görülüb.[27]