Ülviyyə Hasil qızı Fətəliyeva[2] (3 avqust 1996[3], Gəncə) — azərbaycanlı şahmatçı, beynəlxalq usta (2022).
Ülviyyə Fətəliyeva | |
---|---|
Ölkə | Azərbaycan |
Doğum tarixi | |
Doğum yeri | Gəncə, Azərbaycan |
Titulu | beynəlxalq usta (2022) |
Son reytinqi |
|
Maksimal reytinqi | 2.428 (noyabr 2022) |
FİDE nömrəsi | 13403052 |
Vikianbarda əlaqəli mediafayllar |
Ülviyyə Fətəliyeva 3 avqust 1996-cı ildə Gəncə şəhərində, Azərbaycan şərabçılığı tarixində ilk doktor və professor olan[4] Hasil Fətəliyevin ailəsində anadan olub.[5] Əslən Zərdab rayonunun İsaqbağı kəndindəndir.[5] Gəncə şahmat məktəbinin yetirməsidir.[6] Bakalavr təhsilini Azərbaycan Dillər Universitetində, magistr təhsilini isə İtaliyada almışdır.[7]
2010-cu ildə Batumidə keçirilən 14 yaşadək şahmatçılar arasında Avropa çempionatında bütün rəqiblərini üstələyərək birinci olub.[8][9]
2011-ci ildə 20 yaşlı qızlar arasında Azərbaycan çempionu olub.[10]
2014-cü ildə Batumidə təşkil olunmuş 18 yaşadək şahmatçılar arasında Avropa çempionatında qızıl medal qazanıb.[11]
2017-ci ildə qadınlar arasında Azərbaycan çempionatında Günay Məmmədzadədən 1 xal az toplayaraq gümüş medal qazanıb.[12] Eyni ildə həmçinin, Azərbaycanın "Odlar Yurdu" komandasının heyətində Türkiyənin Antalya şəhərində keçirilmiş klub komandaları arasında Avropa Kubokunda gümüş medal qazanıb.[13]
2022-ci ildə Çexiyanın paytaxtı Praqada keçirilən qadınların Avropa çempionatında 8 xalla brünc medala sahib olmuşdur.[14] 2024-cü ildə Yunanıstanda baş tutmuş Avropa çempionatında 8,5 xalla qalib olmuşdur. Beləliklə, Avropa çempionatında qızıl medal qazanmış ilk Azərbaycan qadın şahmatçısı olmuşdur.[15]
Ülviyyə Fətəliyeva qadınlardan ibarət şahmat üzrə Azərbaycan yığmasının heyətində dünya (2017, 2021) və Avropa çempionatlarının (2015, 2017, 2019, 2021, 2023) iştirakçısı olub. Bundan əlavə o, 2016-cı ildə Bakıda keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın ikinci komandasının heyətində mübarizə aparmışdır.[16]
2022-ci ilin 28 iyul-9 avqust tarixləri arasında Hindistanın Çennai şəhərində keçirilmiş 44-cü Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın qadınlardan ibarət yığma komandasının heyətində beşinci lövhədə mübarizə aparmış və şəxsi göstəricidə gümüş medal qazanmışdır.[17]