Həbib Sahir (az.-əski. هبیب ساهیر) və ya Mir Həbib Qəvami (میر هبیب قوامی) (1895, Təbriz – 1985, Tehran) — azərbaycanlı şair, yazıçı, tərcüməçi və ədəbiyyat tədqiqatçısı. İranda Azərbaycan türkcəsində sərbəst şeirin banisi.
Həbib Sahir | |
---|---|
Doğum adı | Mir Həbib Qəvami |
Təxəllüsü | Ülkər |
Doğum tarixi | 1895 |
Doğum yeri | |
Vəfat tarixi | 1985 |
Vəfat yeri | |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | şair, tərcüməçi, yazıçı |
Əsərlərinin dili | Azərbaycan dili, fars dili, ərəb dili, fransız dili |
Tanınmış əsəri | Əsir ellərin şairiyəm |
sahir-turkce.blogspot.com | |
Həbib Sahir Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycan Milli Hökuməti qurulduqdan sonra da məktəblilər üçün "Ana dili" dərsliyini yazıb. Mətbuatda "Aydın", "Ülkər", "Ağ" kimi imzalarla yazılar yazıb.
Fəaliyyətinə görə dəfələrlə sürgün olunub. İran İslam İnqilabından sonra özünü asaraq intihar edib.
Mir Həbib Qəvami 1903-cü ildə Təbrizin Sırxab məhəlləsində anadan olub[1][2]. Əvvəlcə "Sərdabə üstü" molla məktəbində ərəb dilində yazıb-oxumağı öyrənib. Daha sonra isə "Mədaris-i Mötəmidə" və "Rüşdiyyə" məktəblərində ibtidai təhsil alıb. İbtidai təhsilini bitirdikdən sonra "Mədrəseyi Mübarək-e Məhəmmədiyyə" liseyinə daxil olub[3]. Və burada Məhəmmədhüseyn Şəhriyarla sinif yoldaşı olub[4].
Liseydə təhsil aldığı illərdə fransız dili və ədəbiyyatı müəllimi olan Mirzə Tağıxan Rafət Təbrizi onun müəllimi olub[5]. Mirzə Tağıxanın təsiri ilə Həbib Sahirdə Qərb ədəbiyyatına maraq oyanır. Türkiyədə nəşr olunan "Rəsmli ay" və "Sərvəti-fünun" nəşrləri ilə tanış olur[6]. Burada Cəlal Sahirin əsərlərini bəyəndiyi üçün özünə "Sahir" təxəllüsü götürüb. Tələbə yoldaşları ilə birlikdə "Əncümən-i Rəfət" və "Ədəb" qəzetlərini çap edirlər[7]. Şeyx Məhəmməd Xiyabani öldürüldükdən sonra və Azadıstan dağıldıqdan sonra isə hər iki qəzetin çapı dayandırılır[8].
Təhsilini bitirdikdən sonra bir müddət müəllimlik edir. Qazandığı pulun bir hissəsini Təbrizə ailəsinə göndərir, qalanını isə Türkiyədə ali təhsil almaq məqsədilə toplayır[9].
Həbib Sahir 1927-ci ildə Türkiyəyə gedir. Burada yaşayan iranlılar üçün açılmış "Dəbistane-İraniyan" məktəbində iki il fars dili və ədəbiyyatı müəllimi kimi işləyir[10]. 1929-cu ildə İstanbul Universitetinin tarix və coğrafiya fakültəsinə qəbul olunur[11][3]. Burada çağdaş türk və fransız poeziyası ilə yaxından tanış olur və fransız dilini öyrənir[12]. Təhsil aldığı müddətdə fransız şairi Şarl Bodlerin yeni şeirlərini ("Düşmən"), həmçinin Lamartinin məşhur "Göl" poemasını, Sədinin "Gülüstan" əsərini, Hafiz Şirazinin qəzəllərini Azərbaycan türkcəsinə tərcümə edib[13]. "İran Azərbaycanının təbii coğrafiyası" adlı diplom işini yazaraq müdafiə edib. Müəllimi Sədi bəyin məsləhəti ilə diplom işini "Azərbaycan yurd bilgisi" jurnalında silsilə şəkildə nəşr etdirib[10].
Təhsilini başa vurduqdan sonra 1933-cü ildə Təbrizə qayıdıb. Maarif İdarəsinin təyinatı ilə Təbrizdə məktəbdə coğrafiya müəllim işləməyə başlayıb. Bundan başqa şagirdlər üçün dərslik də yazır. 1936-cı ildə Təbriz Maarif Nazirliyinin qərarı ilə onun "Coğrafiyeyi Xəmsə" adlı dərsliyi Zəncanda nəşr edilir və mükafata layiq görülür[14]. Daha sonra müəllim kimi fəaliyyət göstərmək üçün Zəncana göndərilir[14][15].
1941-ci ildə Azərbaycan SSR nümayəndə heyətinin tərkibində Təbrizə gələn azərbaycanlı ziyalılar şəhərin ədəbi və mədəni mühitində müsbət dəyişikliklərə səbəb olurlar[16]. Bu dövrdə Həbib Sahirin şeirləri, tərcümələri və məqalələri "Azərbaycan", "Vətən yolunda", "Şəfəq", "Azad millət", "Yeni Şərq" kimi qəzet və jurnallarda çap olunur[17][18]. Təbrizdə yaşadığı illərdə farsca yazdığı "Şəqaiq", "Kölgələr", "Gecə əfsanəsi", "Seçilmiş şeirlər" adlı kitabları çap olunub[19]. 1945–1946-cı illərdə Azərbaycan Milli Hökuməti qurulduqdan sonra da məktəblilər üçün "Ana dili" dərsliyini yazır, mətbuatda "Aydın" imzası ilə çıxış edir[8].
Milli Hökumət dağıldıqdan sonra müəllimlik fəaliyyətini davam etdirir. "Aydın", "Ülkər", "Ağ" kimi gizli imzalarla ana dilində şeir və hekayələr yazmağa davam edir. Bu fəaliyyəti üzə çıxdıqdan sonra haqqında hökm çıxarılır və o, Ərdəbilə sürgün edilir[20]. Burada "Səfəviyyə" məktəbində müəllim işləməyə başlayır. Məktəbdə işlədiyi dövrdə dərsləri Azərbaycan dilində keçdiyi üçün ona daima xəbərdarlıq olunur. Nəticədə 3 il sonra Ərdəbildən çıxarılaraq Qəzvinə sürgün edilir. Burada da fəaliyyətində heç bir dəyişiklik olmadığı üçün Mazandaranda yerləşən Sari şəhərinə sürgün edilir[21]. Burada malyariya xəstəliyinə tutulduğu üçün geriyə Qəzvinə göndərilir və burada 13 il yaşayır[8]. Daha sonra isə Tehrana köçür.
1965-ci ildə ana dilində yazdığı ilk şeir kitabı "Lirik şeirlər" çap olunub[22]. "Səhər işıqlanır", "Sönməyən işıqlar", "Dağınıq xatirələr", "Kövşən" adlı kitabları İran İslam İnqilabından sonra nəşr olunub[23][24]. Bundan başqa o, fransızca şeirlər, ərəbcə kiçik hekayələr də yazıb[25].
Həbib Sahirin babası Təbrizə Miyanənin Tərk şəhərindən köçüb[26][27]Atası Mir Qəvam Sahir 1908-ci ildə Məşrutə hərəkatı dövründə, oğurlanaraq öldürülüb[28]. Anası Bayat tayfasından olub. Ailədə 4 qardaş 1 bacı olublar[1].
1946-cı ildə, 43 yaşında ikən Nüsrət ül-mülk Nuri xanımla ailə həyatı qurub[8]. Bu evlilikdən Həmid və Səid adlı oğulları, Mənisə və Sürəyya adlı qızları dünyaya gəlib[29].
1988-ci ildə İran–İraq müharibəsindən sonra yenidən həbs olunacağı xəbərini aldıqdan sonra[30][31] Tehran yaxınlığındankı Ariaşəhr şəhərində (indiki Sadeqiyyə) yaşadığı mənzilin pəncərəsindən özünü asaraq intihar edib[32]. Tehranın "Behişti-Zəhra" qəbiristanlığında dəfn olunub.[33][34][35]