Hacı Molla Əhməd Hacı Piri oğlu Nuruzadə (rusca:Гаджи Молла Ахмед Хаджи Пири оглы Нуризаде; d. 1881, Düyərli, Yelizavetpol qəzası, Yelizavetpol quberniyası, Rus İmperiyası — ö. 1930, Düyərli, Şamxor rayonu, Azərbaycan SSR, ZSFSR, Sovet İttifaqı) — bir digər adı olan Hacı Axund adı ilə də tanınmaqdadır. Hacı Molla Əhməd Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentində deputat, Əhrar partiyasının və fraksiyasının üzvü olmuşdur.[1][2] O, Azərbaycanın bolşevik işğalına qarşı mübarizə aparmış, 1930-cu ildə ölmüşdür.[3][4]
Hacı Molla Əhməd Nuruzadə | |
---|---|
7 dekabr 1918 – 27 aprel 1920 | |
Fraksiya | Əhrar fraksiyası |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1881 |
Doğum yeri | |
Vəfat tarixi | 1930 |
Vəfat yeri | |
Partiya | |
Fəaliyyəti | axund, deputat, siyasətçi |
Hacı Əhməd Nuruzadə 1881-ci ildə Düyərli kəndində Hacı Pirinin ailəsində dünyaya gəlmişdir. O, ailədəki 5 övladdan dördüncüsü idi.[5] Əhməd dini təhsilini şiə elmi hövzəsinin mərkəzlərindən olan Nəcəfdə almış və təhsilini tamamladıqdan sonra kəndinə dönərək məscidin axundu təyin edilmişdir.[6] Kənd sakinlərinin Məkkə, Məşhəd və Kərbəlaya ziyarətini təşkil etmək üçün Hacı Axund İrandan Seyid Zəvvərbaşı Nizamini dəvət etmişdir.[7] 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti müstəqilliyini elan etdikdən sonra parlamentin deputatı və Əhrar fraksiyasının Gəncə qəzası üzrə nümayəndəsi olmuşdur.[8] Bolşevik-daşnaklarla mübarizə zamanı Hacı Molla Əhməd Nuruzadənin, Yeg Mustafanın və Kərbəlayi İsmayılın rəhbərliyi altında Düyərli sakinləri Qafqaz İslam Ordusu üçün maddi-texniki təminat ləvazimatlarının toplanmasına çalışırdılar.[9] Bu şəxslərdən bəziləri Molla Əhməd ilə birlikdə Qafqaz İslam Ordusuna qatılaraq Bakı uğrundakı döyüşlərə də qatıldılar.[10] 1920-ci ilin may ayına qədər Nuruzadə Gəncə şəhərində qalır.[11] Bolşevik işğalına qarşı Gəncə üsyanının başlamasından sonra Nuruzadənin dəstəkçiləri olan Məşədi Həsən və Məşədi Əli faytonla onu oradan götürməyə gəlirlər. Nuruzadənin gəncəli arvadı Ələviyyə də onlara qatılır. Onlar faytonla Gəncədən uzaqlaşarkən artilleriya atəşinə tutulurlar və faytonçular ağır yaralanırlar.[12] Yaralananlar Düyərliyə çatdıqdan iki gün sonra vəfat edirlər.[13]
Molla Əhməd yenə kəndin axundu olur. 1927-ci ilin sentyabrında NKVD onu saxlamağa Zəyəm kəndindən adamlar göndərir, bundan sonra o, qaçaq olur.[13] O, öz ətrafına tərəfdarlar toplayır və Azərbaycan Xalq Cümhuriyyətini bərpa etmək üçün Sovet hakimiyyətinə qarşı silahlı mübarizə aparır.[14] Onların arasında Dülyər kəndindən olan Bapban Mail öz dəstəsi ilə idi. Hacı Axund 200 qaçaqla birlikdə dağlara çıxıb, orada mətbəə təsis edib "Azadlıq" qəzetini nəşr etdirib. O, məqalələrində xalqı sovet hakimiyyətinə qarşı mübarizəyə, milli respublikanı dirçəltməyə çağırırdı.[15] Bapban Mailin ölümündən sonra Nuruzadənin qoşunları sovet infrastrukturuna daha fəal zərbələr endirməyə başladı.[16] Partizan həyatına başlayandan sonra həyat yoldaşı Ələviyyə Gəncəyə qayıtdı. Nuruzadə bundan sonra Gövhər adlı qadın ilə ailə həyatı qurdu ə bu evlilikdən bir oğlan dünyaya gəldi.[17]
1930-cu ilin əvvəlindən bolşeviklər Düyərli kəndinin ictimai mərkəzi olan poçtda hər gün mitinqlər keçirirdilər. Mitinqlərdə Hacı Axund və onun tərəfdarlarına qarşı təbliğat aparırdılar.[17] Nuruzadə və onun qoşunları ideoloji cəhətdən "İttihad" partiyasına yaxın olan "Allahlılar" təşkilatının üzvləri idi. Yayda Nuruzadə toplantı keçirdi və qərara gəldi ki, yerli əhaliyə qarşı quldurluq və ziyan vurma hallarına son qoyulmalıdır. Həmçinin Qarabağ partizanları ilə də əlaqələrin yaradılması barədə qərar qəbul edildi.[18] İyul ayında Nuruzadə, Sultanov qardaşları və Gədəbəy ətraflarına toplanan digərləri Dəstəfur bölgəsinə yola düşdüş Onların ümumi sayı 60–80 nəfər idi. Dəstənin məqsədi Dəstəfur bölgəsindəki Pirverdinin dəstəsi ilə birləşmək idi.[19] Sentyabrda onun dəstəsindən 13 nəfər Düyərli bölgəsində idi və türk tüfəngləri, revolverləri ilə silahlanmış vəziyyətdə idi. Son dövrlər ərzində partizan qrupları və dəstələri arasında daxili çəkişmələr də meydana çıxmışdı.[20] Nuruzadənin dəstəsini ortadan qaldırmaq üçün həm Bakıdan, həm Gəncədən dəstələr göndərilmişdi.[21] Bu birləşmələrin komandanı olaraq 24-cü alayın komandanı təyin edilmişdi. 17 noyabr gecəsində Nuruzadənin dəstəsi aktiv sabotaj fəaliyyətlərinə başladı. Onlar Sovet ordu birləşmələrinin yerləşdiyi yerə yaxın ərazilərdə 3 əsas əməliyyat həyata keçirdilər. Saat 22:00-də Nuruzadənin dəstəsi Zəyəm ilə Dülyər stansiyaları arasındakı teleqraf xəttini kəsdilər. Bundan başqa Bakı-Batumi kerosin kəmərini atəşə tutub, 4 metr uzunluğundakı dəmiryolu körpüsünü yandırdılar. Eyni zamanda, Zəyəm stasiyasından etibarən 5 kilometrlik kerosin xəttinə hücum etmək üçün cəhd edildi. 23:00-da Dəllər stansiyası yaxınlığındakı 2 metrlik dəmirrolu körpüsü yandırıldı, kerosin xətti ilk öncə atəşə tutuldu, daha sonra isə yandırıldı. Həmçinin, eyni zamanda oradakı dəstələr 10 metrlik dəmiryolu körpüsünü yandırdılar, bununla da, dəmiryolu əlaqəsi müəyyən müddətlik dayandırıldı.[18][22] İosif Stalinin əmri ilə Düyərli kəndi "quldur yuvası" hesab edilərək 3 gün ərzində tamamilə dağıdıldı.[23] Noyabrın 20-dən 21-ə keçən gecə əməliyyat həyata keçirilməyə başlandı və Düyərli döyüşsüz ələ keçirildi. Onlar kəndin içi ilə şimala doğru hərəkət edərkən, çekistlər partizanların yoxlama postunu gördülər. Nəticədə Çuqunda adlanan yerdə toplanmış 25 süvari partizan dərhal Kürə doğru geri çəkilməyə başladılar. Partizanların ikinci hissəsi təhlükəsizlik qüvvələri əməkdaşlarının Çuqunda istiqamətində getdiklərini gördükdən sonra öz istiqamətlərini dəyişdirdilər və Aşağı Əyyublu istiqamətinə yönəldilər. Düyərlinin ələ keçirilməsindən sonra təhlükəsizlik qüvvələri qrupu kənd camaatı ilə görüş təşkil etdi. Görüşdə bütün silahların təhvil verilməsi, quldur dəstəkçilərinin və partizanların da təslim olması tələb edildi. Silahları toplamaq üçün komissiya toplanıldı və qonşu ərazilərdə gizlənən partizanların da — "qulaq-banditlərdən" — təslim olması üçün troyka yaradıldı. Düyərlidə kollektiv ferma — kolxoz təşkil edildi və Nuruzadənin ərazisi də oraya daxil edildi. Qolçomaqların çoxu kənddən yoxa çıxdı.[24] 25 noyabrda Nuruzadə və təxminən 30 nəfərlik dəstəsi Quşçu Ayrım kəndində yerləşən körpünü yandırmağa çalışdı. 27 noyabr tarixində onlar Kürün sol sahilinə — Ceyrançöl ərazisinə keçdilər. Buraya gələn partizanların ümumi sayı təxminən 300 nəfərə çatmışdı.[25] Dekabrın əvvəllərində Cənubi Qafqaz GPU məruzə edirdi ki, Gəncə qəzasında üsyançılara qarşı döyüşlər baş vermişdir. Məruzədə üsyançıların sayı min nəfər olaraq göstərilir:[26]
Quldur hərəkatına keçmiş müsavatçı parlamentinin üzvü, keçmiş ittihadçı molla Hacı Axund rəhbərlik edir. Quldur dəstələrinin onun rəhbərliyi altında birləşməsinin qarşısında duran əsas tapşırıq ümumi üsyan başlatmaqdır. Bu məqsədə görə, Hacı Axund genişmiqyaslı propaqandaya başlamışdır. "Sovet hakimiyyətinin qaçınılmaz çöküşü, britaniyalıların, türk ordularının və s." gəlişi barədə durmadan şayiələr yayılır. Kəndlilərə kollektiv fermalara — kolxozlara qarşı döyüşmək üçün çağırışlar edilir, onlar "rus işğalçılarına qarşı, din və kasıblıqdan qurtulmaq" və s. məqsədlər üçün döyüşməyə çağırılırlar. Gədəbəydə də buna bənzər elanlar paylanılmışdır. Türk ordusunun gəlişi barədə gəzən şayiələri yaymaq üçün quldurlardan biri (Hacı Axundun əmri ilə) türk zabiti kimi geyinərək ətraf kəndləri gəzmiş, buralardakı quldur dəstələri onu "Paşa" adlandırmışdır. Eyni zamanda, qukdur təbliğatçılar kəndliləri əmin edirdilər ki, "sağçı çevrələr Hacl Axundu dəstəkləməkdədir".
Bu hazırlıq nəticəsində 1000-dən çox insan Nuruzadənin ətrafında birləşdi və nəticədə o, Şamxorda, Qasım-İsmayılovski rayonlarındakı kəndlərin xeyli hissəsini öz təsirinə saldı. Bu bölgələrdəki qolçomaqlar bu hərəkatın maddi-texniki təmin edilməsində və ona məlumat verilməsində mühüm rol oynayırdılar.[26] Döyüşlərin birində Nuruzadə ağır yaralandı və ayaqlarından birini itirdi. O, günlərlə gecələri Şimanlı tayfasına məxsus olan çoban dağmasında keçirməyə məcbur oldu. Sovet hakimiyyət dairələrinin infarmatorları bundan xəbər tutduqdan sonra aidiyyəti orqanlara bu barədə məlumat verdilər.[27] Nuruzadənin qaldığı daxmanın ətrafı təhlükəsizlik orqanları işçiləri tərəfindən mühasirəyə alındı. Nuruzadə çoban Məmməddən əsgərləra onun öldüyünü deməsini istəyir. Çoban belə etdikdən sonra bunu yoxlamağa gələn əsgərlərdən beşini öldürən Nuruzadə dərhal atına minərək uzaqlaşmağa çalışır.[28] At belində də bolşeviklərlə atışan Nuruzadə sonuncu gülləsini özünə vuraraq intihar edir.[29] Onun ölümündən sonra Qızıl Ordu Hacı Axundun qoşunlarının bir hissəsini əsir götürdü, onların arasında keçmiş polis zabitləri, Kommunist Partiyasının üzvləri və bolşeviklərin repressiv siyasətindən narazı olan keçmiş kənd partiya məmurları da var idi.[18] Onun tərəfdarlarından dördü pulu götürərək atışma yerini tərk etdilər, onların arasında qardaşı oğlu Həmid, Seyid Nizam, sağ əli Tat Fəttah və Kor Əlibəy də var. İrmaşlı kəndində gecələmək üçün dayandılar.[30] Onları görən çobanlardan biri bu barədə NKVD-ə məlumat verirlər. Qaçaqlar Qaratac kəndinə qaçmağa məcbur olsalar da, xilas ola bilmirlər və orada öldürülürlər.[31] Nuruzadənin dəstəsindən olan başqa 20 nəfər də ələ keçirilir və Bakıya aparılaraq qaz kameralarında öldürülürlər.[32] NKVD-nin üzvü Cəfərovun göstərişi ilə daha 12 nəfər kənd poçtu yaxınlığında güllələndi.[32] Onların arasında Məhəmməd Aslanalı oğlu, Kərbəlayi Əli Allahqulu oğlu, Məmməd Yusif oğlu, Arıx, Aslan Arıx oğlu, Qara Kazım, Adil Qəmbər oğlu, Əsəd Baba oğlu, Yekya Məhəmməd Piri oğlu (Nuruzadənin qardaşı), Topal İsa, Mustafa İmamqulu oğlu və Abdullah Hüseyn oğlu vardı.[33] Onların meyitləri Sarıtəpə kəndi yaxınlığındakı Qanlı Qova qəsəbəsindəki kütləvi məzarlıqda basdırılmışdır.[34] Nuruzadənin meyidi yandırılaraq Şəmkir stansiyasının yaxınlığındakı quyuya atılıb. Edam mərasimindən sonra partizanların arvadları və uşaqları kənd meydanına topladıldı. Toplananlar içindən 6 uşaq peyvənd edildilər və bir həftə sonra öldülər. Ölənlər Nuruzadənin oğlu, onun qardaşı Yekya Məhəmmədin oğlu və nəvəsi, Həsən, Hüseyn və Alaqan adlı partizanların oğulları daxil idi.[35]
Yazıçı Şəmistan Əsgərovun "Üç düşmən" romanında Hacı Molla Əhməd Nuruzadə və onun hərəkatından bəhs edilir.[29]