Harutyun Canqulyan (erm. Յարութիւն Ճանկիւլեան; 1855, Van, Van vilayəti, Osmanlı imperiyası – 15 iyun 1915, Diyarbəkir, Diyarbəkir vilayəti, Osmanlı imperiyası) Osmanlı ermənisi tarixçisi və siyasətçisidir. 1890-cı ildə baş vermiş olan Qumqapı nümayişinin təşkilatçısı olmuşdur. 1915-ci ildəki erməni soyqırımları zamanı öldürülmüşdür.[1]
Harutyun Canqulyan | |
---|---|
q.erm. Յարութիւն Ճանկիւլեան | |
Doğum tarixi | 1855 |
Doğum yeri | |
Vəfat tarixi | 15 iyun 1915 |
Vəfat yeri | |
Vəfat səbəbi | erməni soyqırımı |
Fəaliyyəti | tarixçi, siyasətçi |
Partiyası | |
Vikianbarda əlaqəli mediafayllar |
Harutyun Canqulyan 1855-ci ildə Vanda anadan olmuşdur. Sosial Demokrat Hnçak Partiyasına qoşulduqdan sonra 1884-cü ildən Konstantinopolda məskunlaşmışdır. Orada Saimbəylidən olan Hamparsum Boyacıyanla tanış olmuşdur.[1]
27 iyul 1890-cı ildə Qumqapıda yerləşən Erməni Patriarxlığının qarşısında bir nümayiş təşkil etmiş və Ulduz Sarayının qarşısına doğru yürüş etmişdir. Məhz buna görə də Harutyun Canqulyan edam cəzasına məhkum edilmiş, lakin Osmanlı sultanı olan II Əbdülhəmid bunu ömürlük həbs cəzası ilə dəyişdirmişdir. Canqulyan Fələstinin Akka şəhərində yerləşən bir qəsrdə həbs edilir. 1896-cı ildə (Həmidiyyə qırğınları zamanı) amnistiyaya düşür.[1]
Bundan sonra əvvəlcə Kiprdə, daha sonra isə Misirdə məskunlaşır. Qahirədə çap edilən Timaqavor qəzetində yazıçı olur. 1908-ci ildə baş vermiş olan Gənc türklərin inqilabı nəticəsində Konstantinopola geri qayıtmış və 1913-cü ildə "Erməni böhranının xatirələri" (ermənicə: Հիշատակներ հայկական ճգնաժամեն) adlı kitabını nəşr etdirmişdir.
24 aprel 1915-ci ildə Harutyun Canqulyan 2345 dostu ilə bərabər Konstantinopoldakı evində həbs edilərək Ankara vilayətinin Ayaş şəhərinə aparılır. Diyarbəkirdəki hərbi məhkəmədə mühakimə olunması bəhanə gətirilərək həbsxanadan çıxarılaraq Karacura (Siverek) aparılmış və 15 iyun 1915-ci ildə Təşkilati Məxsusənin üzvü olan Hacı Onbaşı tərəfindən işgəncələrə məruz qoyularaq öldürülmüşdür.[1]