Keşikçidağ Dövlət tarix-mədəniyyət qoruğu

Bertuban monastırı freskosu. Gürcüstan kralları təsvir edilib.

Keşikçidağ Dövlət tarix-mədəniyyət qoruğuAğstafa rayonu ərazisində Keşikçidağ silsiləsinin bir hissəsini əhatə edən mağaralar kompleksinində qoruq.[1]

Coğrafi mövqeyi

[redaktə | mənbəni redaktə et]

"Keşikçidağ" mağara-məbədlər kompleksi Ağstafa rayonunun mərkəzindən 75 km məsafədə, Böyük Kəsik kəndindən 28 km şimal istiqamətində yerləşir. Kompleks sərhəd zolağı boyunca 25 km-dək uzanır. "Keşikçidağ" mağara-məbədlər kompleksi ucsuz-bucaqsız Ceyrançöl adlanan ərazidə, Qatardağ silsiləsində, Candargöl gölündən 15 km şimal-şərq istiqamətindən başlayaraq dəniz səviyyəsindən 750–950 m hündürlükdə dağların cənub və cənub-şərq tərəfindəki sıldırım qayalıqlarda yerləşir.[2]

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Qoruğun ərazisində 100-ə qədər ilkin və orta əsrlər dövründə yaradılmış süni və təbii mağaralar, ulu əcdadlarımızdan bizə miras qalmış qədim yaşayış yerləri, 100-ə yaxın son tunc və ilkin dəmir dövrünə aid kurqanlar, Qafqaz Albaniyasının yerli əhalisi tərəfindən ilkin orta əsrlərdə sıldırım dik qaya üzərində müdafiə məqsədilə inşa edilmiş, 11 metr hündürlüyündə üçmərtəbəli bir qala, üzü cənub istiqamətinə baxan, bir birindən 1500 metr aralıda yerləşən və yerli daş materiallardan inşa olunmuş iki alban məbədi, “Keşikçidağ” mağaralar kompleksində yerləşən, yerli əhali tərəfindən “Qüdrət” bulağı kimi tanınan ziyarətgah yerli sakinlərin qədim tarixə malik olan mənşəyini, mədəniyyətini, dini-etnik xüsusiyyətlərini özündə əks etdirir.[2]

“Keşikçidağ” mağaralar kompleksinin ərazisi Azərbaycanın tarixi torpaqları olmaqla, buradakı qədim və orta əsrlər maddi-mədəniyyət nümunələri də ulu əcdadlarımızdan xalqımıza qalan mirasdır.[2]

Sovetlər dönəmində həmin abidələri tədqiq etmək mümkün olmamışdır.[2]

Freskaların çəkildiyi mağara divarlarının dağıntıları nə təbiətin, nə də zamanın müdaxiləsi nəticəsində baş verib.[2]

1948-ci ildən başlayaraq 1990-cı ilədək mağaraların çapıldığı qayaların yaxınlığında hərbi poliqon yerləşib. Uzun illər burada artilleriya təlimləri keçirilib. Zaman-zaman buralar baxımsız, yiyəsiz qalıb. Hərbi obyektdə nəinki elmi araşdırmalar aparmaq, adi gəzintiyə çıxmaq da yasaq olmuşdur.[2]

Qoruğun yaradılması

[redaktə | mənbəni redaktə et]

2005-ci il oktyabr ayının 12-də Prezident İlham Əliyev Azərbaycan-Gürcüstan dövlət sərhədlərinin mühafizəsi ilə şəxsən tanış olarkən bu əraziyə baş çəkmiş, 19 dekabr 2007-ci ildə 2563 saylı sərəncamı ilə mağaralar kompleksindəki zəngin tarixi-etnoqrafik, mədəniyyət abidələrinin daha da dərindən öyrənilməsi, qorunması və təbliği məqsədilə ərazidə tarix-mədəniyyət qoruğu elan edilmişdir.[2]

Maraqlı məlumatlar

[redaktə | mənbəni redaktə et]

Qoruğun ərazisindəki strateji cəhətdən ən hündür yüksəkliklərin biri Azərbaycan Prezidentinin şərəfinə "İlham Əliyev zirvəsi" adlandırılmışdır.[2]

Qoruq haqqında "Yaddaş" Sənədli Filmlər Studiyasının təşkilatçılığı ilə "Qədim yurdun daş kitabəsi" adlı bədii sənədli film hazırlanmışdır.[2]

  1. "Azərbaycan Respublikasının Quba rayonunun Xınalıq kəndinin tarixi ərazisinin Azərbaycan Respublikasının "Xınalıq" Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğu və Ağstafa rayonunun ərazisində Keşikçidağ silsiləsinin bir hissəsini əhatə edən mağaralar kompleksinin Azərbaycan Respublikasının "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğu elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2007-ci il tarixli Sərəncamı" (az.). president.az. 19 dekabr 2007. 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-20.
  2. 1 2 3 4 5 6 7 8 9 Musa Mursaqulov. "KEŞİKÇİDAĞ" (az.). keshikchidaq.az. 2010. 2015-12-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-20.