Cuğa — Culfa rayonunun Gülüstan kəndindən şimal-qərbdə, orta əsrlərə aid yaşayış yeri, şəhər xarabalığı olan arxeoloji abidə. Tarixi mənbələrədə adı Böyük İpək Yolu üzərində olan mühüm ticarət qovşaqlarından biri kimi çəkilən Cuğa şəhərinin əhalisinin əksəriyyətini xristian albanların təşkil etdiyi güman edilir. Şəhərin qəbiristanlığındakı qəbirlər bunu deməyə əsas verir. Cuğa nekropolundakı xaç daşlar alban xaç daşlarının xüsusi qrupunu təşkil etməklə böyük tarixi əhəmiyyətə malikdir.[1]
Cuğa şəhəri | |
Cuğa şəhəri | |
---|---|
| |
Ölkə | Azərbaycan |
Vilayət | Naxçıvan |
Salınma tarixi | erkən orta əsrlər |
Dağılma tarixi | son orta əsrlər |
Dağılma səbəbi | tərk edilib |
Milli tərkibi | Qafqaz albanları, ermənilər, İrandilli xalqlar, azərbaycanlılar |
Müasir yeri | Arazın sağ sahilində yerləşir |
Şəhər şimalda hündür dağ silsiləsi, cənubda Araz çayı, qərbdə qəbirsanlıqla məhdudlaşır. Şəhərin ərazisi Araz çayının sol sahilində ensiz zolaq şəklində qərbdən şərqə doğru uzanır. Şəhərin əksər yaşayış binaları və tarixi-memarlıq abidələri tamamilə dağılmış, tikinti qalıqları (xüsusilə bişmiş kərpic) ətrafa səpələnmişdir. Buradan müxtəlif kompozisiyalı ornamentlərlə naxışlanmış çəhrayı rəngli şirli və şirsiz saxsı məmulatı (fayansdan hazırlanmış kasalar xüsusilə diqqəti cəlb edir), mis sikkələr və külli miqdarda digər maddi mədəniyyət nümunələri aşkar olunmuşdur. Tapıntılara əsasən Cuğada şəhər həyatının aktiv dövrünün XI–XVII əsrlərə təsadüf etməsi fikri söylənmişdir.[2]
Cuğa şəhəri ərazisində yerləşən karvansara, Azərbaycanda bu tipli abidələrin ən gözəl nümunələrindən biridir. Cuğa karvansarasının qalıqları 1974-cü ildə çöl-tədqiqat işləri zamanı aşkar edilmişdir. 1978-ci ildə tədqiqatlar nəticəsində binanın planı tam üzə çıxarılmışdır. Bakı-Culfa dəmir yolu xətti çəkilərkən (1939–1940) karvansaranın təqribən yarısı dağılmışdır.[3]
Tədqiqatlar nəticəsində Cuğa karvansarasının Azərbaycanda yol karvansaraları içərisində ən görkəmli və möhtəşəm abidə olduğu müəyyənləşdirilmişdir. Ümumi uzunluğu 37 m olan Cuğa karvansarasının eni tipi Araz çayının sağ sahilində — Cənubi Azərbaycan ərazisində demək olar ki, bütünlüklə salamat qalmışdır. Karvansaraların Arazın hər iki sahilində üzbəüz yerləşməsi hələ Araz çayı üzərində Cuğa körpüsünün inşasından əvvəl burada çay bərəsinin işlədiyini göstərir və karvansaraların inşa dövrünü XIII əsrin əvvəllərinə aid etməyə imkan verir.
Karvansara çay daşından inşa edilmiş və gəc məhlulu ilə suvarılmışdır. Cuğa karvansarasının salamat qalmış hissəsində çoxlu yaşayış otaqları vardır. Otaqların örtük hissəsi maraqlı konstruksiyaya malikdir. Binanın şimal tərəfində sağ və solda tağ formasında dərin divar oyuqları olan böyük zal mövcuddur. Bu zalın təyinatı haqqında tədqiqatçıların qəti fikri yoxdur.[4] Lakin belə plan quruluşuna malik köhnə məscidlər də vardır.
Cuğa körpüsü böyük karvan yolu üstündə iri dayaq məntəqəsi yaradılmasının ən maraqlı örnəklərindən biridir. Bu körpü Arazın üstündə karvan yolu istiqamətində salınmış və iri ticarət qovşağı olan Cuğa şəhərinin ticarət həyatında böyük rol oynamışdır.
Körpü gözəlliyinə gorə tikildiyi dovrdən məşhurlamışdır. Həmdullah Qəzvini "Nüzhət əl Qülub" əsərində Mərənd tümənindəki ticarət şəhəri Gərgər haqqında qısa bildi verib yazmışdır ki, "…onun yanında, Araz çayı üstündə Ziyaülmülk Naxçıvani gözəl körpü tikmişdir. Bu xeyriyyəçilik sahəsində ən parlaq tikililərdən biridir." Gərgər şəhəri, indi Güney Azərbaycanda, Culfa şəhəri yaxınlığında, Mərənd-Culfa yolu üstündə yerləşən şəhərdir. Ziyaülmülkün tikdirdiyi körpü isə Cuğa körpüsüdür.[5]
Qırmızı qumdaşından, əhəng məhlulu ilə tikilən körpünün sahil dayağı doğrudan da körpünün inşaat texnikasının yuksəkliyindən soraq verir. Əmir Teymurun tarixcisi Şərafətdinin bu təsvirini araşdırmaçılar Cuğa körpüsünə aid edirlər: "Yonulmuş daşdan tikilmiş sarsılmaz möhkəmliyi olan yastı və düz körpü, dünya körpülərinin ən gözəlidir. Daşlarının gözəlliyi, möhkəmliyi və özümlü düzümü bütün memarları təəccübləndirir; iki tağbəndi çox ucadır və enlidir, su azalanda ölçülərkən biri 60 gəz (18,0 m), o biri 50 gəz (15,0 m) idi; kiçik tağbəndin aşağı qurtaracağında karvansara, körpünün iki ucunda isə qayalarda tayı olmayan gözəllikdə qapılar tikilmişdi."[6] Cuğa körpüsünün sahil dayağı içərisində bir sıra yerləşgələr indi də qalmaqdadır. Körpünün sahil dayağına bitişik tikinti qalıqlarını isə araşdırmaçılar karvansara hesab edirlər.
Culfa yaxınlığında, Arazın üstündə tikilməsi XIV yuzilin başlanğıcına aid edilən başqa bir körpünün yanında, çayın hər iki sahilində üz-üzə dayanan iki karvansara qeydə alınmışdır. Karvansaralar ayrılıqda tikilsələr də onların körpü ilə kompleks təşkil etdikləri və karvan yolunun iri dayaq məntəqələrindən birini yaratdıqları şübhəsizdir.[7]
Culfa rayonunun, Gülüstan kəndindən şimal-qərbdə, qədim Cuğa şəhərinin qərb qurtaracağında yerləşən orta əsrlərə aid arxeoloji, tarixi memarlıq abidələri kompleksi olan Cuğa qəbiristanlığı Azərbaycan mədəniyyətinin maraqlı abidələr qrupunu özündə cəmləşdirmişdir. Cuğa qəbiristanlığında müxtəlif dövrlərə aid məzarlar vardır ki, bunların da əksəri xristian məzarlarıdır. Məhz buna əsasən də şəhərə əhalisinin böyük əksəriyyətinin xristianlar olması gümün edilir. Bununla belə, qəbirsanlıqda az da olsa, müsəlman qəbirlərinə də rast gəlinməkdədir. Qəbir abidələrinin əksəri XI–XVII əsrlərə aid olsa da, məzarlıqda son dövr qəbir abidələri də vardır.
Qəbir abidələri müxtəlif dövrlərə aid olub qoç daşlar (tarixi Azərbaycan ərazisinin hər yerinə səpələnmiş bu cür məzar daşları və xatirə abidələri Ağqoyunlu və Qaraqoyunlu sülalələrinin hakimiyyət dövrünün yadigarlarıdır), daş sənduqələr, düzbucaqlı prizma formasında hazırlanmış sinə və baş daşılarından ibarətdir. Başdaşılarını üzərində müxtəlif süjetli təsvirlərə (xüsusilə əjdaha obrazlarına) təsadüf olunur. Cuğa qəbiristanlığındakı xristian abidələri alban xaç daşlarının xüsusi bir qolunu təşkil edir.
Maraqlı və özümlü həllə malik Cuğa xaçdaşlarının böyük əksəriyyətində eyni bir təsvir təkrar olunur: qarşı-qarşıya durmuş iki qanadlı əjdahanın bədəni buynuz zirehlə örtülmüşdür. Onların adətən açıq ağızları yana çevrilmişdir. İki əjdaha arasında qanadlı halə və ya haləyə oxşar saçı olan kişi başı təsvir edilmişdir. İkonoqrafik əlamətlərinə görə o, İsanın (ə. s.) başına oxşayır.[8] Ümumiyyətlə bu mürəkkəb kompozisiyalarda müxtəlif din və etiqadların (zərdüştilik, mitraizm, xristianlıq və islam) birləşməsindən yaranan simvolik qrup alban sənətkarları tərəfindən təsvir edilmişdir. Təsvirlər xristian qəbir daşlarında – xaçdaşlarda yerləşdirilib – bir xaç və ya xaçlar bunu təsdiq edir. Xaçdaşlardakı İsa (ə.s.) obrazını hələ də xalq arasında yaşayan obrazlar – xeyirxah əjdaha – nəhənglər mühafizə edirlər. Dişlərini qıcamadan ağızlarını bir az açmış əjdaha başlarının İsanın başına tərəf çevrildiyini əks etdirən təsvirlər buna sübutdur.
Bu xristian-bütpərəst kompozisiyalar bir xalq içərisində müxtəlif dinlərin mövcud olması nəticəsində yaranmışdır. Cənubi Qafqazda yegan belə xalq isə Qafqaz albanları idi.
Xaçdaşların yuxarısında İsanın başı göstərilən kompozisiyalar kimi eyni qanuna tabe olan bir neçə ikonoqrafik təsvirlər – özümlü sintez yolu ilə alınmış mitraist-xristian təsvirləri vardır. Onların birinci planında tanrı, ikinci öküz (bəzən maral), quş, üçüncü və dördüncü planlarda isə mələklər (əgər əshabələr olarsa) təsvir olunmuşdur. Xristian xaçdaşında Mitranın əbədi yol yoldaşları – şir, öküz və quşun təsvir edilməsi albanların bir hissəsinin xristianlığın yayıldığı dövrdə hələ də öz əsgi inamlarında qalmaları haqqında mənbələrdə verilən məlumatlarla üst-üstə düşür. İoanna Boqaslovun şərhində "…mələklər dörd canlı varlıq – qartal, buğa, şir və insan şəklində təsvir olunur. Qartal oxuyur, şir çığırır, buğa fəryad edir, insan danışır."[9] Lakin Cuğa xaç daşlarındakı təsvirlər göstərilən simvollarla uyğun gəlmir. Belə ki, Cuğa xaç daşlarında göstərilən quş və heyvan təsvirlərinin yanında mələklər də təsvir edilmişdir. Bundan başqa əksər xaç daşlarda quş əsasən tovuz quşu obrazında təsvir olunub, buğa isə tez-tez maralla əvəzlənir. Alban mədəniyyətində tovuzquşu təsvirləri çox tez-tez rastlaşılan obrazlardandır. Gəncəsər monastırında əsas monastır binasının fasadında bu obraza tez-tez təsadüf edilir, Mingəçevir kilsə kompleksində aparılan arxeoloji qazıntılar zamanı aşkarlanan və hazırda Azərbaycan Tarix Muzeyində sərgilənən xaç altlığında da (bəzi tədqiqatçılara görə bu daş qurbangahdır) həyat ağacını qoruyan iki tovuz quşu təsvir edilmişdir.
Mütəxəssislər tərəfindən tədqiq edilən Cuğa xaç daşlarında Mitranın bu atributları xristian tanrısının ayaqları yanında yerləşdirilmişdir. Xaçdaşlardan birində mərkəzi tanrı fiquru sol əlində su ilə dolu kasa tutaraq sağ əlinin iki barmağı ilə onu göstərir. Tanrının başı ətrafında üzərində üç kürə geydirilmiş (biri başının üstündə, ikisi isə üzünün yanlarında) elliptik halqa təsvir olunmuşdur. Ondan başa doğru işıq şüaları gedir. Meridional şəkildə kürələr yerləşmiş – ellips Böyük Mitranın səciyyəvi təcəssüümü, sonsuz fəzanın, kosmosun simvolik təsviridir.[10] Kosmos mifologiyanın zeniti və onu tamamlayan kateqoriyadır.[11] Təsvir olunmuş kompozisiyanın hər iki yanında iki çatmatağlı tağça yerləşir. Onlarda diz çökmüş, əlləri və baxışları mərkəzi tanrı fiquruna yönəlmiş mələklər təsvir olunmuşdur.
Cuğadakı başqa bir xaçdaşdakı təsvir birinci xaçdaşdakı təsvirə çox oxşayır. O da enli çatmatağlı tağçada yerləşdirilmişdir. Tanrının başı ətrafında kürələr, planetlərlə ellipsvari halə, solda ikinci planda şir, onun arxasında mələk, sağda isə öküz və quş təsvir olunub. Tanrının geyimi, onun bu xaçdaşın yanında yerləşən başqa bir xaçdaşdakı təsviri ilə anologiya təşkil edir və o, əlində su olan kasa deyil, dördüzlü sarma tutmuşdur.
Erməni alimləri Cuğadakı alban xaçdaşlarını erməni xaçkarları adlandıraraq onları XVII əsrə aid edir, bütün bu mürəkkəb dini-fəlsəfi təsvirlərin erməəni bədii şüurunun məhsulu olduğunu iddia edirlər. Lakin bu cür qarışıq dini təsvirlərin yaradılması üçün nə erməni mifologiyasında, nə də xristian erməni mədəniyyətində baza olmamışdır. Hələ SSRİ hakimiyyəti dövründə müxtəlif zamanlarda cuğa xaçdaşlarının bədii və elmi baxımdan ən dəyərliləri oğurlanaraq Ermənistana aparılmışdır və hal-hazırda da Üçmüədzin kafedralının həyətində erməni xaçkarları kimi sərgilənir. Üçmüədzinə aparılmış xaçdaşlar üzərində dəyişikliklər həyata keçirilmiş, onların alban yazılı hissələri silinmiş və ya tamamilə qırılmışdır. Lakin Cuğada qalan bir çox xaçdaşların üstündə alban yazıları indi də qalmaqdadır.[8]
Xristian dövrü alban xatirə stellalarında saxlanmış bir çox xristianlığa qədərki simvolların təsvirlərinin yaranma kökləri mütəxəssislər tərəfindən tədqiq edilmiş, onların müəyyən kanonlar əsasında yerləşməsinin səbəbləri və əhəmiyyəti müəyyənləşdirilmişdir. Br çox xaçdaşlarının aşağısında adətən planet tanrıları kultuna məxsus ulduz, günəş, haça (göyün simvolu), içində su olan qablar və sair əhatəsində, yuxarı qaldırılmış əlində xaça bənzər müxtəlif mitraist simvollar aparan atlı təsvir olunmuşdur. Bunlar bir növ yeraltl makrodünyadır. Bəzi atlıların başında çalma vardır, başqaları sxematik halə içərisindədir. Biri əlində svastikaya, ya da ki, parçalanmış ellipsə bənzər nə isə tutmuşdur, çalmalı başından ona yeraltı dünyanın şeytani əlamətlərini verən iki döyüşkən buynuz çıxmışdır. Görünür bu məqsədlə hazırda Üçmüədzində saxlanan Cuğa xaçdaşındakı xaçın əsasında insan kəlləsi təsviri yerləşdirilmişdir. Altıxaçlı Cuğa xaçdaşlarındakı orta xaçın əsasındakı xonçada da buna oxşar kəllə təsviri vardır.
Mitranın tanrılar panteonu həmrahlarından birinin obrazına aid edilən[8] və stelaların aşağı hissələrində yerləşən silahlı atlılar xristian simvolikasına maksimum yaxındır. Bunu onların əlində tutduqları Mitranın emblemindən (o həmişə kəsişən ellipslər və ya çox zaman dörd haça (dörd haça şəkilli xaçlar Kəlbəcər və Gədəbəy rayonlarının xaçdaşlarında da geniş yayılmışdır) şəklində həll olunurdu) görmək olur.
Qədim Cuğa şəhəri ərazisində yerləşən Cuğa türbəsi elmi ədəbiyyatda daha çox Gülüstan türbəsi adıyla tanınmışdır. XIII əsrin yadigarı olan türbə Azərbaycanın qülləvari türbələri qrupuna daxil olmaqla Mömünə Xatun türbəsinin təsiriylə inşa edilmişdir.[12]
Türbənin on iki üzlü gövdəsi qırmızı qumdaşıdan, orijinal quruluşlu kürsülüyü (küncləri kəsilmiş kub formalı) isə yonulmuş daşdan tikilmişdir. Azərbaycan memarlığında bəlli olan digər türbələrdən fərqli olaraq, Gülüstan türbəsinin sərdabəsi yerüstü hissədə — kürsülüyündə yerləşir. Türbənin səthləri oyma həndəsi ornamentlərlə bəzədilmiş, dekorativ tağlarla çərçivələnmişdir.
Gövdənin oturacaqla birləşən hissəsi, eləcə də günbəzə keçid yeri stalaktit şəkilli oyma qurşaqla əhatə edilmişdir. Ornamentlərlə digər bəzək elementlərinin üzvi surətdə birləşdirilməsi və əlaqələndirilməsi abidəyə qabarıq və elastik görkəm verir.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |