LGBT tarixi - lezbi, gey, biseksual və transgender insanların tarixidir. Onların araşdırmaları Qədim Dünyada homoseksuallığın ilk qeydlərindən tutmuş günümüzə qədər hər dövrdə onlara təsir edən ictimai-siyasi vəziyyətləri, mədəniyyətlərini, adət-ənənələrini və həyat tərzini, eləcə də zamanla sosial mülahizələrini əhatə edir. İctimai hərəkatlar və onların keçirdikləri tarixi hadisələrlə yanaşı LGBT tarixi 1970-ci illərdən etibarən ciddi şəkildə araşdırılmağa başladı.[1]
Antik dövrdə tədqiqata yanaşarkən nəzərə almaq lazımdır ki, müasir homoseksuallıq anlayışı tətbiq edilə bilməz və ən çox yayılmış biseksuallıq olduğu üçün "homoseksual təcrübələrdən" danışmaq daha məqsədəuyğundur. Qədim dövrlərdə evlilik təkcə sevgi və emosional dəstəyə əsaslanan bir qurum deyil, həm də müavinət əldə etmək, qocalıqda gələcəyi təmin etmək üçün övlad sahibi olmaq, siyasi ittifaqlar qurmaq və miras ötürmək, eləcə də hərbi qüvvənin artırılması vasitəsi idi. Buna görə də, evlilik bir vəzifə idi, homoseksuallıq isə istisna halı kimi hər kəsin istifadə edə bilmədiyi dəbdəbəli bir vasitə idi.
Həm kişilər, həm də azyaşlı oğlanlar arasında homoseksual təcrübələr hələ Şumer dövründən təsvir edilmişdir. Şumer sivilizasiyasında (e.ə. 3000-ci illər) homoseksual kimi şərh edilən assinu adlandırılan bir qrup insanların varlığı qeyd edilmişdir.
Babildə (e.ə. 2100-560) homoseksuallığın mövcudluğunu və bunun qınanmayan adi hal olduğunu sübuta yetirən mənbələr var. Məsələn, Gilqameş dastanı qəhrəmanın yoldaşı Enkidu ilə erotik münasibətini göstərir. Cinsi təcrübələrlə (həmçinin homoseksual) din arasında müəyyən bir əlaqə var idi. İştarın bəzi keşişlərinin homoseksual olduqlarına və müəyyən rituallarda transvestit rəqslərində iştirak etdiklərinə dair sübutlar var.
Qonşularından fərqli olaraq assuriyalılar (e.ə.1800-1077) kişi homoseksuallığına dözümsüz idi. I Tiqlat-Pileserin hakimiyyəti zamanı, imperiyanın orta dövründə (e.ə. 12-ci əsr) bu hərəkət axtalama ilə cəzalandırılırdı və lövhədə belə bir qanuna rast gəlinir: "Əgər bir şəxs öz ortağını sodomize etsə və onlar (hakimlər) ittihamları sübuta yetirəcək və təqsirkar tanıyacaqlarsa, onu xədimə çevirəcəklər".
Qədim Misirdə homoseksuallığa dair tarixi sübutlar çox azdır və əksər hallarda birmənalı deyil.
Sakkara mastabasında təxminən e.ə. 2400-ci ildə firon Niuserranın dövründə 5-ci sülalənin iki yüksək rütbəli kral məmuru olan Xnumhotep və Nianxxnuma aid olan eyni dövrün digər məzarlarında tapılan adi heteroseksual evliliklərə çox oxşar vəziyyətlərdə qucaqlaşan təsvirləri ortaya çıxdı. Bu təsvirlər onların homoseksual cütlük olduğuna inanmağa vadar edir, lakin digər tarixçilər onların qardaş, bəlkə də əkiz ola biləcəyinə inanırlar.
Antik dövrdə homoseksual təcrübələri əks etdirən ilk yazılı sənədlər Qədim Yunanıstana aiddir. Yunanıstanda kişilərin homoseksual münasibətləri köklü bir adət idi. Belə bir adət heteroseksual evliliyi əvəz etmirdi, lakin evlilikdən əvvəl və ya eyni zamanda baş verirdi. Yetkin kişilər tez-tez bir-birləri ilə münasibət qurmazdılar (baxmayaraq ki, məsələn, Makedoniyalı İsgəndərin vəziyyətində olduğu kimi istisnalar var idi) və bir erast kişi adətən eromen oğlana qoşulurdu. Adətən münasibətlər yetkin sevgilinin təxminən iyirmi yaşı, digərinin isə yetkinlik yaşına yenicə çatdiğı dövrdə başlayırdi, otuz yaşına çatana və evlənənə qədər davam edirdi, baxmayaraq ki, bu qeyri-müəyyən müddətə davam edə bilər və ya daha əvvəl bitə bilərdi. Bu münasibətlər təkcə cinsi xarakter daşımırdı: erast kişi qohum və ya qəyyum kimi hüquqi status qazanırdı və himayəsində olan oğlanın təhsili və hərbi təliminə cavabdeh idi.
Homoseksual təcrübələr, ilk növbədə, aristokratik təbəqənin adəti idi, yuxarı siniflər öz dəyərlərini bu yolla ötürürdülər.
Kişilər arasında bəzən ömür boyu olan homoseksual qeydləri də var.
Qədim Romada homoseksuallığın sosial qavrayışı zamanla dəyişik olub. Respublika dövründə qanunla məhdudlaşdırılırdı və qeyri-adi yunan davranışı hesab edilirdi; amma imperiyanın birinci yarısında bu, hətta imperatorlar tərəfindən də tətbiq edilən tamamilə qəbul edilmiş bir davranışa çevrildi.
Romada homoseksual münasibətlərin ən çox yayılmış forması ağanın aktiv, kölənin isə passiv rol oynaması idi. Kişilərin fahişəliyi ilə bağlı da çoxsaylı məlumatlar var.
Qərbi Roma imperiyasının süqutu ilə onun qanunvericiliyinin tətbiq olunması da dayandırıldı, buna görə də homoseksuallıq günah sayılsa belə, erkən orta əsrlərdə Avropanın əksər ölkələrində sərbəst və kifayət qədər dözümlülüklə qəbul olunurdu. İstisna, kişi homoseksual təcrübələrini kastrasiya və sürgünlə cəzalandıran Vestqot İspaniyası olmuşdur.[2] Eləcə də Şərqi Roma İmperiyasında I Yustinian 538-ci il tarixli qanununda homoseksual hərəkətlərə görə ölüm cəzasından istifadə etməyə davam edirdi.
Homoseksuallıq Çində qədim zamanlardan məlumdur. Pan Quandan qədim mətnlərdəki homoseksuallığa dair sitatlar toplusunda göstərir ki, Han sülaləsinin demək olar ki, bütün imperatorlarının bir və ya bir neçə sevgilisi olub. Tarixi qeydlərdə lezbiyanların da adı çəkilir.
Çində homoseksuallıq təcrübəsi Min və Sun sülalərinin dövründən müasir dövrə, Tzin sülaləsinə qədər dəyişməz olaraq qalmışdı. Bu dövrlərdə eyhamlı rəsmlər yaradılmağa davam edirdi.
Yaponiyada Heyan dövrünə aid bir neçə ədəbi əsərdə homoseksual münasibətlərə və transseksualların mövcudluğuna istinadlar var, məsələn, bir neçə kişinin gəncləri cəlb etdiyi Gencinin hekayəsi romanı. Kociki bəzi imperatorların homoseksual təcrübələrini qeyd edir; məsələn, imperator tərəfindən cinsi məqsədlər üçün saxlanılan hansısa gözəl oğlana istinad edirlər. Orta əsrlərdə yapon ordularında şudo adlandırılan adət homoseksual münasibətlərin geniş yayılmasından xəbər verir.
Hindistanda Riqvedada (Hindistanda ən qədim mətn, eramızdan əvvəl 2-ci minilliyin ortalarında), ənənəvi mənbələrdə, Suşruta Samhita kimi tibbi mətnlərdə (e.ə. 600-cü ilə yaxın) və hüquqi, "üçüncü cins" (tritiya-prakriti, hərfi mənada "üçüncü təbiət") insanların varlığını qeyd edir. Bu qrupa həm transgenderlər, həm də intersekslər, həmçinin homoseksuallar və biseksuallar daxildir; yəni onun varlığında kişi və qadın təbiətinin qarışdığına inananların hamısı. 3-cü əsrdə yazılmış Kama Sutra həm kişilərin, həm də qadınların homoseksual təcrübələrini, xüsusən də kişilər arasında fellatio üsullarını təsvir edir.
1492-ci ilə qədər Şimali Amerikada yerləşən bir çox yerli mədəniyyətdə özlərini "Berdashi" , yəni iki ruhlu insanlar adlandıran insanlar var idi. Yəni kişi və qadın rollarını oynayan insanlar, doğulduqları cinsə uyğun gəlməyən geyimlər və tapşırıqları yerinə yetirmək kimi təcrübələr var idi. 130-dan çox qəbilədə transseksual kişilər və qadınlar haqqında məlumatlar mövcuddur.
Asteklər homoseksuallara qarşı dözümsüz və qəddar idilər. Meksika qanunu onları ölümlə cəzalandırırdı: homoseksual fəaliyyətə görə dirəyə vurulma, passivlik üçün anusdan bağırsaqların çıxarılması və lezbiyanlara isə çubuq vurulması kimi cəzalar var idi.
Mayyalılar homoseksuallığa nisbətən daha dözümlü idilər, baxmayaraq ki, bəzi hallarda onları ocaqda ölümlə cəzalandırırdılar. Amma mayya cəmiyyəti nikahdan əvvəl cinsi əlaqə üçün homoseksuallığı üstün hesab edirdi, buna görə də zadəganlar uşaqları üçün seks kölələri alırdılar.
Digər tərəfdən, Tolteklər homoseksuallığa son dərəcə dözümlü idilər və hətta erotik nümayişləri ilə mayyalıları təəccübləndirirdilər.
İntibah dövründə bir çox mədəni və siyasi dəyişikliklər baş verdi, lakin homoseksuallara qarşı təqiblər nəinki eyni intensivliklə davam edirdi, həm də bütün Avropada həm kilsə hakimiyyəti, həm də mülki şəxslər tərəfindən təqiblər o dövrdə də davam edirdi.17-18-ci əsrlərdə homoseksuallıq daha çox London, Paris və Amsterdam kimi böyük şəhərlərdə rast gəlinir. Bu submədəniyyətin meydana çıxması onları terror yolu ilə idarə etməyə çalışan dövlətlərin şiddətli reaksiyasına səbəb oldu, bəzi homoseksualları ibrət olaraq öldürdülər. Ən parlaq nümunə 1730-cu ildə Amsterdamda ən azı iyirmi dörd nəfərin edam edildiyi qırğındır. Bunu şəhvətdən qaynaqlanan əxlaqsızlıq ideyası kimi göstərməyə və bunun azlıqların xüsusi zövqü olduğuna inam yaratmağa çalışırdılar.
İkinci Almaniya İmperiyası dövründə homoseksual hüquqları uğrunda dünyada ən fəal hərəkat başladı. 1897-ci ildə Berlində homoseksuallığın, eləcə də geylərin dekriminallaşdırılması və onun sosial tanınması uğrunda mübarizə aparmaq üçün Elmi və Humanitar Komitə ( (alm.)Wissenschaftlich-humanitäres Komitee, WhK) yaradıldı və bununla da geylərin müdafiəsi üzrə dünyada ilk ictimai təşkilat yaranmış oldu.
Veymar Respublikasının bütün nailiyyətləri Adolf Hitler və Nasist Partiyasının gəlişi ilə süquta uğradı. Nasistlər dövründə homoseksuallıq ari irqinin davam etdirilməsinə mane olan genetik qüsur kimi qəbul edilirdi ki, bu da Almaniya Cinayət Məcəlləsinin 175-ci bəndinin tətbiqini sərtləşdirirdi.[3]
Homoseksual hesab edilən almanlar işğal olunmuş ərazilərdəki homoseksuallar kimi həbs edilmiş və ya həbs düşərgələrinə yerləşdirilmişdilər. Hesablamalara görə 1933-1945-ci illər arasında təxminən 100.000 homoseksual həbs olunub.[4]
15.000-dən 10.000-ə qədəri həbs düşərgələrinə göndərildi, onlardan yalnız 4.000-ə yaxını müharibənin sonunda sağ qaldı. Digər qruplarla müqayisədə işgəncələr nəzərə alınarsa bu çox yüksək faiz idi.
Nasistlərin təqibi ilə eyni vaxtda Sovet İttifaqında bu təqiblər mövcud idi. SSRİ-də homoseksuallığı korlanmış burjuaziyanın mənəvi və fiziki tənəzzülü hesab edirdilər. Homoseksuallıq təkcə təbiətə qarşı deyil, həm də sosialist cəmiyyətinə qarşı elan edilmişdi və beləliklə, bütün Sovet ərazisində məhv edilməli idi. 1934-cü ildə SSRİ Cinayət Məcəlləsinə 121-ci maddə daxil edilərək homoseksuallıq 5 ildən 8 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılırdı.
Oxşar qanunlar bütün Varşava Müqaviləsi ölkələrində və Çində də qəbul edilmişdir. Bundan əlavə, SSRİ-nin siyasi mübarizəsində homoseksuallıq tez-tez siyasi rəqibləri günahlandırmaq və onların təqibi üçün silah kimi istifadə olunurdu.
1960-cı illərdə Nyu York hakimiyyəti təzyiq vasitəsi kimi homoseksualların getdiyi barlarda içki içmək icazəsini rədd edərək dözümsüzlüklərini nümayiş etdirirdilər. Onsuz da orada spirtli içkilər verildiyi üçün bu, polis reydləri və müştərilərin incidilməsi üçün bəhanə oldu. 28 iyun 1969-cu ildə Qrinviç Villicin Kristofer küçəsindəki Stounvall İnn barında baş verən bu iğtişaşlardan biri homoseksualların polis qüvvələrinə qarşı üsyanına səbəb oldu, küçələrdə iğtişaşlar üç gün davam etdi.[5] Nyu-Yorkda polis reydləri Stounvaldakı iğtişaşlarla bitmədi.
Lakin bu hərəkət homoseksualların qısa müddətdə həmrəylik göstərərək LGBT azadlıq hərəkatının başlamasına gətirib çıxartdı və bir neçə gey təşkilatların yaranmasına səbəb oldu. Stounval iğtişaşlarının əsas cəhəti öz hüquqlarını müdafiə etmək üçün indi bütün dünyada yüz minlərlə insanı bir araya gətirən hər il Beynəlxalq LGBT Qürur Gününün yaranmasına səbəb olmasıdır. Beləliklə, Stounval iğtişaşları tarixdə bir mərhələ və gey hüquqları uğrunda mübarizənin başlanğıcının simvolu olaraq qalır.
1890-cı illərdə psixoanalizin meydana çıxması ilə Qərb cəmiyyətlərinin bir hissəsi tərəfindən homoseksuallıq qavrayışında dəyişiklik oldu, onlar ruhi xəstə olmaq üçün artıq homoseksualları pis, günahkar və ya cinayətkar kimi görmürdülər. Bu, bir irəliləyiş olmaq əvəzində vəziyyəti daha da pisləşdirdi, çünki bu, təkcə dini fanatikləri və repressiv siyasətçiləri deyil, həm də bir çox psixiatrları da tədqiqatlar aparmağa sövq etdi. Dünyada bir çox homoseksuallar könüllü və ya zorla psixiatriya xəstəxanalarına yerləşdirilib və 20-ci əsrin böyük bir hissəsində heç bir dəyişikliyə səbəb olmuyan travmatik reparativ terapiyaya məruz qalıblar.
Nəhayət, 17 may 1990-cı ildə ÜST homoseksuallığı Xəstəliklərin Beynəlxalq Statistik Təsnifatından və digər sağlamlıq problemlərindən çıxardı.[6] 1994-cü ildə Böyük Britaniya, 1999-cu ildə Rusiya Federasiyasının Səhiyyə Nazirliyi və 2001-ci ildə Çin Psixiatriya Cəmiyyəti də bunu etdi.
O vaxtdan bəri, homoseksuallar artıq xəstə və ya əsəbi olaraq ayrı-seçkiliyə məruz qala bilməzlər və təhlükəli cinsi yönləndirmə təcrübələrindən əziyyət çəkməməlidirlər, amma buna baxmayaraq homoseksuallığı hələ də xəstəlik hesab edənlər və onları təqib edənlər var.
LGBT hərəkatı 19-cu əsrin sonlarından bəri bərabər hüquqların təmin edilməsi üçün mübarizə aparır və çalışır. İnsan Hüquqları Haqqında Ümumi Bəyannaməsində isə bu tələb öz əksini tapmışdır:
Bütün insanlar azad və bərabər hüquqlu doğulurlar. Onlar ağıl və vicdan sahibidirlər və bir-birlərinə qarşı qardaşlıq ruhunda hərəkət etməlidirlər.
Hər kəs irqindən, rəngindən, cinsindən, dilindən, dinindən, siyasi və ya digər əqidəsindən, milli və ya sosial mənşəyindən, mülkiyyətindən, sinfindən və ya digər statusundan asılı olmayaraq, bu Bəyannamədə təsbit edilmiş bütün hüquq və azadlıqlara malikdir.
Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 1 və 2-ci maddələri.
Dünyada eynicinslilərin nikahını qanuniləşdirən ilk ölkə 2001-ci il aprelin 1-də Hollandiya oldu.
Hollandiyadan sonra eynicinsli nikahlara Belçika (2003), İspaniya və Kanada (2005), Norveç və İsveç (2009), Portuqaliya, İslandiya, Argentina (2010), Danimarka (2012), Uruqvay və Fransa (2013), həmçinin ABŞ-nın 6 ştatı və Mexikoda icazə verildi.