Lankasterli Filipa (ing. Philippa of Lancaster; port. Filipa de Lencastre) (31 mart 1360 – 19 iyul 1415) — Portuqaliya kralı I Conun xanımı, Portuqaliya kraliçası. O, İngiltərə kralı III Eduardın oğlu Gentli Conun və Lankasterli Blanşın qızı idi.
Lankasterli Filippa | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 31 mart 1360 |
Vəfat tarixi | 19 iyul 1415 (55 yaşında) |
Vəfat səbəbi | taun |
Atası | Gentli Con[1] |
Anası | Lankasterli Blanş[1] |
Həyat yoldaşı | |
Uşaqları | |
|
|
İmzası | |
Vikianbarda əlaqəli mediafayllar |
Filipa 31 mart 1360-cı ildə Lankaster hersoqu Gentli Con və Lankasterli Blanşın ən böyük qızı olaraq Lester qalasında dünyaya gəldi. Uşaqlıq illəri bacısı Elizabet və qardaşı Henriylə birlikdə ailəsinə aid müxtəlif mülklərdə keçən Filipanın anası 1368-ci ildə vəfat etdi. Atası Gentli Con 1371-ci ildə Kastilya kralı Pyotrun qızı Konstansa ilə evləndi ancaq o da, 1394-cü ildə vəfat etdi. İkinci xanımının ardından Gentli Con keçmiş məşuqəsi və Filipanın dayəsi olan Ketrin Svinfordla rəsmi nikah bağladı. Filipa, digər bacı və qardaşları ilə birlikdə ögey analarının himayəsinə girdi və Ketrin Svinfordun səyləriylə mükəmməl təhsil aldı.
Filipa Portuqaliya kralı I Conla evlənərək Portuqaliyanın konsort-kraliçası oldu. Bu evlilik Fransa-Kastiliya birliyinə qarşı İngiltərə-Portuqaliya ittifaqında atılan son addım idi. Cütlük 2 fevral 1387-ci ildə Porto kafedralında kilsə tərəfindən müqəddəs elan edildi və cütlüyün toy mərasimi 14 fevralda baş tutdu. Cütlüyün nikahı kral sarayında 15 gün boyunca dəbdəbəli şəkildə qeyd olundu. İlk başda 27 yaşlı Filipanın artıq ana olmaqla bağlı probleminin olması düşünülsə də, Filipanın bu evlilikdən 6-sı yetkinlik yaşına çatan 9 övladı dünyaya gəldi.
Ənənəyə əsasən cütlük bir-birini rəsmi nikahdan 12 gün sonra gördü. Filipanın saraya gəlişi olduqca səs-küylü oldu. Belə ki, o saraya gələndə kralın uzun müddətdir münasibət saxladığı İnes Peres adlı məşuqəsi və ondan dünyaya gələn 2 övladı vardı. Bunlardan Afonso 10 yaşında, Beatris isə 5 yaşında idi. Filipa uşaqları öz himayəsinə aldı və kral sarayında böyümələrinə icazə verdi. Ancaq kralın məşuqəsi dərhal saraydan qovuldu və daha sonra Filipanın əmriylə monastrda rahibə olaraq yaşamağa məcbur edildi.
Portuqaliya kralı ilə olan evliliyi Filipanın atası ilə Portuqaliya taxt-tacı arasında yeni bir ittifaqın qurulmasını hədəfləyirdi. Belə ki, Gentli Conun Kastilyalı Konstansa ilə olan ikinci evliliyindən Ketrin adlı bir qızı vardı və bu vasitəsilə Kastiliya krallığında taxt iddiası yaranmışdı. Bu halda I Con gələcək "qonşu"su ilə yaxın münasibət saxlamaq niyyətində idi. Bu səbəblə 1386-cı ildə Vindzor sarayında tərəflər arasında yeni bir ittifaq sənədi imzalandı. Bu uzunmüddətli ittifaq Napaleon dönəmi və II Dünya Müharibəsi illərinə qədər qüvvədə qaldı.
Filipa 55 yaşında ikən vəba xəstəliyinə tutuldu və bu səbəblə Lissabondan sahil şəhəri olan Sakavemə daşındı. Hər 3 oğlunu da yanına çağıran Filipa onlara nəsihət etdikdən sonra hər birinə qiymətli daş-qaşla bəzəli qılınc hədiyyə etdi. Bunun siyasi evlilik olmasına baxmayaraq I Con xanımını çox sevirdi və onun xəstəliyi boyunca yanından ayrılmadı. Filipa 19 iyul 1415-ci ildə Sakavemdə vəfat etdi.